Məhkəmə qərarları › İş №1(005)-32/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-32/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-32/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2 qızının, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 18 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün Zərərçəkmiş şəxs etibarından sui istifadə edib özünü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim etməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışlarının olduğunu bildirib sonuncunun qardaşı Şahid1 əlil kimi sosial müavinət düzəldəcəyini yalandan vəd etməklə aldadaraq, Zərərçəkmiş şəxs 12.08.2019-cu ildə ünvan 3 ünvanın qarşısında 1000 manat, həmin ilin avqust ayının sonlarında eyni ünvanda 1000 manat, 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 33 ünvanın qarşısında Zərərçəkmiş şəxs tanışı Murad adlı şəxs vasitəsi ilə 300 manat, 2019-cu ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 ünvanında yerləşən “İmperial” satış mərkəzinin qarşısında 300 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2.600 manat pulu ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs ilə 2019-cu ilin avqust ayının əvvəllərində Azadə vasitəsilə tanış olmuşdur. Azadə adlı xanımı isə o, Güney adlı qadının vasitəsi ilə tanımışdır. Həmin vaxtı o, hazırda xatırlamadığı işlə bağlı Azadəyə kömək etmiş və bildiyi qədəri ilə də Güney onun haqqında Azadəyə bildirmişdir. Özü əslən Lerik rayonundan olduğu üçün Azadə ilə tanış olan zaman Azadənin də Azərbaycanın cənub bölgəsindən olduğu məlum olmuşdur. Danışıq əsnasında Azadəyə sosial müavinət və ya digər işlər düzəldə bildiyini, bununla bağlı dövlət orqanlarında tanışlarının olduğunu yalandan bildirmişdir. Azadə də ona tanışı Sakit adlı şəxsin qardaşına sosial müavinət düzəldə bilib-bilmədiyini soruşmuş və onun da həmin vaxtı maddi ehtiyacı olduğu üçün pul müqabilində düzəldə biləcəyini bildirmişdir. Bir müddət sonra yəni 2019-cu ilin yay aylarında Azadə onu tanışı Sakit ilə tanış etmişdir. Sakit qardaşı Şahid1 sosial müavinat düzəltməkdə ona köməklik edə biləcəyini soruşmuşdur. O, Sakitə qardaşı Bəhrama sosial müavinat düzəldə biləcəyini, yalandan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən tanışının olduğunu, qardaşını əlil kimi qeydiyyata saldırıb sosial müavinət düzəldə biləcəyini bildirmiş və əvəzində Sakitə bu iş üçün ümumilikdə 3000 manat pul lazım olduğunu demişdir. Lakin, onlar 2600 manata razılaşmışlar. Belə ki, razılıqlarına əsasən Sakit ona 2600 manat pulu əvvəlcədən verməli, guya iş alındıqdan sonra isə yerdə qalan 400 manatı da verəcəkmiş. Sakit onunla razılaşmışdır. Sabahısı gün, yəni 2019-cu ilin avqust ayının 11 ya da 12-də Sakit qardaşına məxsus sənədləri və 1000 manat pulu Biləcəri qəsəbəsində yaşayan Azadə adlı xanımın evinin yaxınlığında ona vermişdir. Həmin vaxtı Azadə də orada olmuşdur. Bundan sonra o, Sakitə narahat olmamağı və pulu tam ödədikdən sonra işinin düzələcəyini bildirmişdir. Təxminən 15 gün sonra, yəni avqust ayının sonlarında yenidən Sakitlə eyni ünvanda Azadənin iştirakı ilə görüşmüş və həmin görüş vaxtı Sakit ona 1000 manat da vermişdir. Bundan bir neçə gün sonra 2019-cu ilin sentyabr ayının əvvəllərində Sakit ona 300 manat pulu Nizami rayonu Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı kafedə Murad adlı bir ofisianta verdiyini və pulu həmin şəxsdən götürməyini bildirmişdir. O, işlərini qurtardıqdan sonra 300 manat pulu həmin şəxsdən Qara Qarayev metrostansiyasının yaxınlığında almış və bu barədə zəng vurub Sakitə bildirmişdir. Təxminən bir nüçə gün sonra, yəni 2019-cu ilin sentyabr ayının ortalarında o, Sakitlə əlaqə saxlıyaraq yerdə qalan 300 manatı nə vaxt verəcəyini soruşmuş, Sakit ona «Koroğlu» metrostansiyasının yaxınlığında görüşərək pulu verəcəyini bildirmişdir. Təxminən bir neçə saat sonra o, X9 prospektində yerləşən “İmperial” satış mərkəzinin yaxınlığında görüşərək pulu Sakitdən almış və narahat olmamağını, tez bir zamanda işinin həll ediləcəyini bildirmişdir. O, Sakitdən qardaşına sosial müavinat düzəltmək üçün 1 ay vaxt verməsini bildirmişdir. Əldə etdiyi pulları öz şəxsi problemlərinə xərcləmişdir. 1 aydan sonra Sakit ondan pulunu tələb edən zaman işi alındıra bilmədiyini və pulu qaytaracağını bildirmişdir. Bugünədək o, Sakitə ümumilikdə 600 manat pul qaytarmışdır. Yerdə qalan 2000 manat pulu da söz vermişdir ki, ödəyəcək. O, Azadədən sosial müavinət düzəltmək adı ilə 400 manat deyil, yalnız 200 manat almış, lakin sonradan, yəni pulu aldıqdan 15 gün sonra o, həmin pulu Azadəyə geri qaytarmışdır. Həmin pulu verdikdən sonra o, Azadədən borca pul istəmiş və Azadə də ona 200 manat borca pul vermişdir. Həmin pulu da qaytarmışdır. Azadəyə heç bir borcu yoxdur. Şahid3 yoldaşı Muxtar adlı şəxsi «Socar» neft şirkətində işə düzəltmək adı ilə 2019-cu ilin avqust ayının 17-də 300 manat pulunu almamışdır. O, heç vaxt Güneydən hansısa işə görə pul almamışdır. Zərərçəkmiş şəxs 2600 manat pulu qardaşı Bəhrama sosial müavinət düzəltmək adı ilə almış və həmin vaxtı Zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə işləyən tanışının olduğunu bildirmişdir. O, bunları Sakitə yalandan bildirmişdir ki, Sakitdən pul ala bilsin. Həqiqətdə isə onun Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə işləyən heç bir tanışı yoxdur. O, Ədliyyə Nazirliyində heç vaxt işləməmişdir. Sakitə və digər şəxslərə Ədliyyə Nazirliyində işləyən tanışlarının yalandan olduğunu ola bilsin bildirsə də, o, heç vaxt onlara həmin nazirliyin əməkdaşı olduğunu bildirməmişdir. O, Sakitdən 2600 manatı alan zaman da tanışlarının olduğunu, lakin işi özü həll edəcəyini, gələcəkdə nəsə problem olarsa özü cavabdeh olacağını söyləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin avqust ayında tanışı Azadənin vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Azadə ilə ailəvi yaxın olduğu üçün danışıq əsnasında qardaşı Bəhram üçün sosial müavinət düzəltmək istədiyini bildirmişdir. Azadə də ona Şəmşir adlı tanışının olduğunu və həmin şəxsin pensiya, iş düzəltdiyini bildirmişdir. Buna görə də Azadə vasitəsilə Şəmşirlə tanış olmuşdur. Danışıq əsnasında Şəmşir özünü ona Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edib pul müqabilində qardaşını əlil kimi qeydiyyata saldırmaqla ona sosial müavinət düzəldə biləcəyini və bu işi həll etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışlarının olduğunu bildirmişdir. Şəmşir həmin işin düzəlməsi üçün 5000 manat pul lazım olduğunu, lakin Azadəyə görə onun işini 3000 manata həll edəcəyini söyləmişdir. O da Şəmşirin təklifi ilə razılaşmışdır. 12 avqust 2019-cu il tarixdə o, Şəmşir ilə Azadənin yaşadığı Biləcəri qəsəbəsindəki evinin qarşısında görüşmüş və Şəmşirə Azadənin iştirakı ilə 1000 manat pul vermişdir. Həmin vaxtı o, Şəmşirə qardaşına aid yaşayış yerindən, ailə tərkibi haqqında arayışlar, şəxsiyyət vəsiqəsinin surətlərini də vermiş, yerdə qalan pulu isə qısa müddətdə verəcəyini bildirmişdir. Şəmşir də pulu aldıqdan sonra onun işini artıq danışdığını, pul tamlıqla verildikdən sonra 1 ay müddətində qardaşı Bayramın sosial müavinətinin düzələcəyini vəd vermişdir. Təxminən 15 gün sonra, yəni həmin ilin avqust ayının sonlarında o, yenidən eyni ünvanda Şəmşirə Azadənin iştirakı ilə 1000 manat da vermişdir. Sonradan 2019-cu ilin təxminən sentyabr ayının əvvəllərində o, pul vermək üçün Şəmşirlə əlaqə saxlamışdır. Şəmşir isə guya türmələrdə yoxlamada olduğunu, buna görə pulu «Q.Qarayev» metrosunun yaxınlığında harasa qoymağını bildirmişdir. O da həmin 300 manat pulu «Qara Qarayev» metrostansiyasının yaxınlığında yerləşən «Şuşa» kafesində işləyən tanışı Murad adlı şəxsə vermişdir ki, Şəmşir gəlib götürəcəkdir. Səhv etmirsə həmin gün Şəmşir onunla əlaqə saxlayıb 300 manat pulu götürdüyünü bildirmişdir. 2019-cu ilin sentyabr ayının ortalarında ona Şəmşir zəng vurub artıq sənədlərin hazır olduğunu, imzalanmağa göndərildiyini və axırıncı 300 manat pulu gətirib verməyini bildirmişdir. O da buna görə həmin gün yenidən Şəmşirlə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən «İmperial» mağazasının qarşısında görüşüb ikilikdə 300 manat pulu Şəmşirə vermişdir. Həmin vaxt Şəmşir ona sənəd imzalandıqdan sonra artıq 3 gün ərzində qardaşı Bəhrama mesaj gələcəyini və sosial müavinət kartını müvafiq bankdan götürəcəyini, 6 aydan sonra pulunu hər ay almağa başlayacağını, qardaşı sosial müavinət aldıqdan sonra yerdə qalan 400 manatı da ondan götürəcəyini bildirmişdir. Bundan sonra o, Şəmşirin dediyi müddəti gözləsə də Şəmşirin dedikləri olmamış və hər dəfəsində Şəmşirə zəng vuran zaman müxtəlif bəhanələr gətirməyə, vaxtı uzatmağa başlamışdır. Buna görə o, Şəmşirdən pulunu tələb etmiş və Şəmşir ona aldığı puldan bugünədək ümumilikdə 600 manat qaytarmış, 2000 manatı isə verməmişdir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən 2019-cu ilin avqust ayında qardaşı Sakit Şəmşir adlı şəxsin köməkliyi ilə ona sosial müavinət düzəldəcəyini bildirmişdir. Belə ki, qardaşı Sakit ona Şəmşirin Ədliyyə Nazirliyində işlədiyini, həmin şəxsin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən tanışının olduğunu, onu əlil kimi qeydiyyata alıb sosial müavinət veriləcəyini bildirmişdir. Sakit bildirmişdir ki, bunları ona Şəmşir vəd etmişdir. Sakit ona bu işə görə Şəmşir adlı şəxsin ondan 3000 manat istədiyini, həmin puldan 2600 manat verildikdən sonra 3 gün ərzində ona mesaj gələcəyini və sosial müavinət kartını müvafiq bankdan götürəcəyini, 6 aydan sonra pulunu hər ay almağa başlayacağını, sosial müavinət aldıqdan sonra yerdə qalan 400 manatı da Şəmşirə verəcəyini bildirmişdir. Onun həmin ərəfədə pulu olmadığı üçün qardaşı Sakit onun yerinə Şəmşirə aparıb 2019-cu ilin avqust-sentyabr aylarında hissə-hissə 2600 manat vermiş, lakin Şəmşirin qardaşına bildirdiyi vaxt gəlib çatsa da heç bir iş alınmamışdır. X5 pulunu tələb etmiş və Şəmşir ümumilikdə 600 manat qaytarsa da 2000 manatı qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, təxminən 2019-cu ilin may ayında sosial şəbəkədə həmyerli kimi Şəmşir adlı şəxslə tanış olmuşdur. Sosial şəbəkədə danışıq əsnasında Şəmşir ona özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edib sosial müavinət və müxtəlif dövlət işləri düzəldə biləcəyini bildirmişdir. Şəmşir bununla bağlı ona hansısa xidməti vəsiqə göstərməmiş və ya Şəmşiri formada görməmişdir. Buna görə o, Şəmşirdən həmin ərəfədə xahiş etmişdir ki, yoldaşı Muxtar üçün iş düzəltsin. Şəmşir də ona yoldaşı üçün «Socar» neft şirkətində mühəndis işi düzəldə biləcəyini, orada işləyən tanışının olduğunu bildirmişdir. O da Şəmşirin sözlərinə inanmış və təsadüfən tanışı, həmyerlisi Azadə adlı qadına Şəmşir adlı şəxsin olduğunu və sosial müavinət, iş düzəldə biləcəyini bildirmişdir. Azadə də ondan Şəmşirin telefon nömrəsini istəmişdir ki, öz işləri ilə bağlı lazım olarsa müraciət etsinlər. O da Azadəyə Şəmşirin telefon nömrəsini vermişdir. Sonradan baş verənlərdən onun məlumatı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, Şəmşir ondan yoldaşını neft şirkətində işə düzəltmək üçün ilkin olaraq sənədlərin hazırlanması məqsədi ilə 300 manat pul istəmiş və o da həmin pulu 2019-cu ilin avqust ayının 17-də yaşadığı ünvan 6 ünvanının qarşısında Şəmşirlə görüşüb vermişdir. Şəmşir həmin vaxtı ona yoldaşını «Socar» neft şirkətində işə düzəldəcəyini, yoldaşı X1 işə düzəldikdən sonra, əlavə olaraq 1700 manat da alacağını bildirmişdir. O da Şəmşirlə razılaşmışdır. Şəmşir bu işin 2019-cu ilin oktyabr ayına həll olunacağını vəd etmişdir. Lakin, oktyabr ayı gəlsə də heç bir iş alınmamış və sonradan o, Şəmşirdən dəfələrlə pulunu istəsə də, Şəmşir onun pulunu qaytarmamışdır. Sonradan Azadədən ona məlum olmuşdur ki, Şəmşir Azadəni və Azadənin tanışı olan Sakit adlı şəxsi də aldadıb pullarını ələ keçirmişdir. Azadənin tanışı Sakitin Şəmşirdən şikayət etdiyini və yenə də pulunu qaytarmadığını eşitdiyi üçün Şəmşirdən şikayət etməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 74-75-ci vərəqələrində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 30 aprel 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2020-ci il tarixdə saat 15:20 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 101-102-ci vərəqlərində olan “Təqsirləndiirlən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə və tutulmuş şəxsin MSY-dan azad edilməsi haqqında” 02 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Binəqədi RPİ-nin MSY-dan buraxılması qərara alınmışdır. Cinayət işinin 140-142-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 29.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01.05.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-178.2.2, 178.2.4, 69.4, 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 10 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 08.08.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 01 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3500 manat cərimə cəzası təyin edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli qərarı ilə 10 ay 29 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. 21.01.2020-ci il tarixdə şərti cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 152-153-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 28 may 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X6 Azərbaycan Respublikası CPM-nin 85, 260, 261-ci maddələrinə əsasən həmin protokolu Təqsirləndirilən şəxs, müdafiəçi X3 iştirakları ilə ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini yerində yoxlamış və fotoşəkilləri iş materiallarına əlavə etmişdir. Cinayət işinin 174-cü vərəqində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 30.05.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 179-cu vərəqində olan Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsinin 02.06.2020-ci il tarixli, 69487/2020 nömrəli məktubundan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 (on) ay 29 (iyirmi doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs şəxsi işi 21.01.2020-ci il tarixdə Suraxanı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 184-188-ci vərəqələrində olan Bakı Apelyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 1(103)-877/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il 3 (üç) aya endirilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 1 (bir) ay 14 (on dörd) gün nəzərə alınaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3500 manat cərimə cəzasının hazırki qərarla təyin edilmiş cəza ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəlinin 04 dekabr 2017-ci il tarixdən hesablanmaqla 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının və 3500 manat cərimə cəzasının təyin edilməsi qərara alınmışdır. Cinayət işinin 189-190-cı vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli, 7(003)-215/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 10 (on) ay 29 (iyirmi doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. Cinayət işinin 191-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 01.06.2020-ci il tarixli, 06113-363 nömrəli məktubundan görünür ki, sorğuya əsasən bildirilmişdir ki, ədliyyə orqanları işçilərinin reyestr məlumatlarında Təqsirləndirilən şəxs adlı şəxs müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin 09.11.2020-ci tarixli məktubundan görünür ki, 1(005)-240/2020 nömrəli qərara əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində Axtarış işi olan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 4(060)- 233/2020 nömrəli qərarı ilə 20 oktyabr 2020-ci il tarixdə həbs edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 4(060)-233/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay 20 (iyirmi) gün müddətinə, 10 dekabr 2020-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 20 oktyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 1(011)-127/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş və icra edilməmiş 300 (üç yüz) saat ictimai işlər cəzasının bir günü azadlıqdan məhrum etmənin səkkiz saat hesabı ilə hesablanmaqla 37 (otuz yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 03 (üç) il 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi və ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni 20 oktyabr 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və vurulmuş ziyanın bir qismini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, o əvvələr məhkum edilsə də, hazırda törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən əməl olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 1(103)-877/2018 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli, 7(003)-215/2019 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 10 (on) ay 29 (iyirmi doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 12 avqust 2019-cu il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs olmuşdur. Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmağını nəzərə alır və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli, 7(003)-215/2019 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 10 (on) ay 29 (iyirmi doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinin saxlanımasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 1(011)-127/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə cinayət işi üzrə mövcud halları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 1(011)- 127/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması müəyyən edilərək, onun təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 80 (səksən) iş saatına görə 480 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 1(011)-127/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 20 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 80 (səksən) iş saatına görə 480 (dörd yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar