Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-320/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.1 və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 26 mart 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Ziya Bünyadov prospekti 67 C ünvanın qarşısında, idarə etdiyi, “Kia” markalı **-FE-*** dövlət nömrə nişanlı avtomobildə olan zaman əvvəllər tanıdığı Zərərçəkmiş şəxs Məsimovnaya məxsus bir ədəd “Samsung” markalı, “A71” modelli mobil telefonu əlindən alıb açıq yolla talamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 1155 manat dəyərində ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, tanışı X4 adlı şəxsdən hədiyyə kimi, satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, psixotrop maddə metamfetamin əldə edib, saxlayaraq daşımış, 01 aprel 2021-ci il tarixdə, saat 19:20 radələrində Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanda, istirahət parkının qarşısında şübhəli şəxs qismində saxlanılıb Nərimanov rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd avtomobil lampasına yerləşdirilmiş təmiz çəkisi 0,423 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. Daimi olaraq ailə üzvləri ilə birlikdə ünvan 2 yaşayır. Zərərçəkmiş şəxs 2020-ci ilin dekabr ayında taksi fəaliyyəti ilə məşğul olduğu zaman tanımışdır. Belə ki, Sahilə taksi sifariş vermiş və o, həmin sifarişi qəbul edərək Sahiləni aparmışdır. Həmin vaxtdan aralarında münasibət yaranmış və daha sonra mütəmadi olaraq görüşməyə başlamışlar. Sahilənin atası və anası da onu tanıyır. Bir neçə dəfə Sahilə yaşadığı evə getmədiyindən ata və anası onunla əlaqə saxlayaraq qızları Sahilənin evə gəlmədiyini və harada olması barədə ondan soruşmuşlar. Əvvəllər də Sahilə ilə onun arasında müxtəlif səbəblərdən, daha çox Sahilənin tüfeyli həyat tərzi keçirməsi ilə bağlı münaqişələr olmuşdur. 2021-ci ilin mart ayının ortaları Sahiləyə pul lazım olduğundan, borclu olduğu şəxslər də ondan pullarını təkidlə istədiyindən Sahiləyə 350 manat borc pul vermişdir ki, borcunu bağlasın və daha sonra 10-15 gün ərzində onun pulunu qaytarsın. Bir müddət keçməsinə baxmayaraq Sahilə onun pulunu qaytarmamışdır. Sonuncu dəfə 26 mart 2021-ci il tarixdə saat 22 radələrində Sahilə ilə görüşmüş, avtomobildə olan zaman aralarında borcunu qaytarmadığına görə problem yaranmış və ondan borcunu istədikdə Sahilə verə bilmədiyini demişdir. Özünün də başqa şəxslərə borcu olduğundan Sahilədən təkidlə telefonunu istəmiş və özünə də bildirmişdir ki, telefonu lombarda qoyaraq pul götürəcək, sonradan o özü lombardın pulunu qaytararaq telefonunu geri götürər. Lakin, Sahilə mobil telefonunu verməkdən imtina etmiş, bu zaman Sahilənin üstünə qışqıraraq telefonu verməsini bildirmişdir. Bundan sonra Sahilə telefonu maşına ataraq qapını bərk vurub avtomobildən düşmüş və oradan uzaqlaşmışdır. Daha sonra həmin mobil telefonu öz vəsiqəsi ilə 28 mart 2021-ci il tarixdə Neftçilər metrostansiyasının yaxınlığında yerləşən lombarda girov qoyaraq 250 manat pul götürmüşdür. Özünə məxsus “Samsung A10” markalı mobil telefonu da həmin gün orada girov qoymuş və əlavə olaraq 70 manat da pul götürmüşdür. Daha sonra həmin pulla borclarını bağlamışdır. Zərərçəkmiş şəxs məxsus mobil telefonu götürərkən ona zor tətbiq etməmiş, zor tətbiq etməklə hədələməmiş, sadəcə olaraq Sahilənin üstünə qışqırmış və o da küsərək mobil telefonu avtomobilə ataraq düşüb getmişdir. Həmin telefonu götürməkdə məqsədi Sahiləyə borc verdiyi pulu ondan geri alıb öz borclarını qaytarmaq olmuşdur. Sonradan Zərərçəkmiş şəxs ona məxsus mobil telefonu götürdükdən sonra onu lombarda qoyması barədə məlumat vermiş və ondan lombardın pulunu istəmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, bir müddətdir psixotrop maddə metamfetamindən istifadə edir. Əvvəllər istifadə etmiş olduğu narkotik maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. 01 aprel 2021ci il tarixdə, təxminən saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olduğu zaman tanışı Orxan Məmmədov ona ağ rəngli salfet kağızına bükülmüş, arxa hissəsinə dəmir boru birləşdirilərək üzəri qara rəngli yapışqan lentlə bağlanmış, içərisində metamfetamin olan 01 ədəd avtomobil lampasını hədiyyə olaraq vermişdir ki, ehtiyacı olduğu zaman istifadə etsin. O da həmin lampanı əynində olan gödəkçəsinin cibinə qoyub özündə saxlamışdır ki, ehtiyacı olan zaman istifadə etsin. 01 aprel 2021-ci il tarixdə, təxminən saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinin yaxınlığında yerləşən istirahət parkının qarşısında dayanıb tanışını gözlədiyi zaman mülki geyimdə olan 2 nəfər ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını və hansı ünvanda yaşadığını soruşmuşlar. O, da üzərində metamfetamin maddəsi olması səbəbindən narahat olaraq müxtəlif bəhanələrlə onlardan uzaqlaşmağa çalışmış, lakin həmin şəxslər ondan şübhələndiklərini deyərək onu polis idarəsinə dəvət etmişlər. Bundan sonra o, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan idarəyə, polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə polis idarəsinin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra ora tanımadığı mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı, həmin şəxsin vəkil olduğunu ona bildirərək hüquq və vəzifələrini izah etmişdir. Sonra ona üzərində olan əşyaları çıxarıb təqdim etmək təklif olunanda, artıq hər şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən Orxan Məmmədovun ona hədiyyə verdiyi 1 ədəd avtomobil lampasını könüllü təqdim etmişdir. Bundan əlavə üzərində olan şəxsiyyət vəsiqəsini və pulu da təqdim etmişdir. Onun təqdim etdiyi 1 ədəd avtomobil lampası zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son olaraq əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Məsimovna ifadəsində göstərmişdir ki, 2010-cu ilədək Rusiya Federasiyasında valideynləri ilə birlikdə yaşamış, 2010-cu ildə Azərbaycana qayıtmışdır. Son zamanlar tanışlarının yaşadığı Bakı şəhəri, Səbail rayonunda yerləşən “Bəy hamamı” adı ilə tanınan yerin yaxınlığındakı evdə Təranə və Ülviyyə ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayında taksi sifariş verərkən tanımışdır. Nihadla tanış olduqdan sonra onunla mütəmadi olaraq görüşmüşdür. Sonradan Nihadla aralarında münaqişələr olmuşdur. Nihadın bir neçə dəfə onun yanında narkotik çəkməsinin də şahidi olmuşdur. Daha sonra Nihad özünə pul lazım olduğundan ondan mobil telefonunu sataraq ona pul verməyi istədikdə bunun mümkün olmayacağını demişdir. 26 mart 2021-ci il tarixdə axşam saatlarında Nihad onunla yenidən görüşmək istədiyini bildirmişdir. O, Nihada Yasamal rayonu ərazisində olduğunu bildirdikdə, Nihad taksi sifariş verib onun olduğu yerə gəlməsini demiş və o da taksiyə əyləşərək Nihadın olduğu yerə gedib onunla görüşmüşdür. Nihadın avtomobilində olan zaman aralarında yenidən münaqişə yaranmışdır. O, həmin vaxt Nihadın avtomobilinin arxa sağ oturacağında əyləşmişdir. Münaqişə zamanı Nihad avtomobili idarə edə-edə əlini arxa oturacağa tərəf uzadaraq onun sözünə baxmadığına, valideynlərinin yanına evə getmədiyinə, tüfeyli həyat yaşadığını bildirmiş və onu vurmağa başlamışdır. Daha sonra Nihad avtomobili saxlamış və onlar münaqişə etməyə başlamışlar. Münaqişə zamanı Nihad borcları olduğunu və bu səbəbdən ondan mobil telefonu alıb lombarda qoyacağını bildirmişdir. O, Nihada telefonu vermək istəmədiyini deyib avtomobildən düşüb qaçmaq istəmişdir. Bu zaman Nihad onun arxasınca gələrək qolundan tutub onu avtomobilin qabaq oturacağında əyləşdirmişdir. Daha sonra Nihad ondan özünə məxsus olan “Samsung A71” markalı mobil telefonunu istəmişdir ki, aparıb lombarda girov qoyaraq pul əldə etsin. O, imtina etdikdə Nihad qəfil əlindən mobil telefonu almış, daha sonra özü sürücü otucağına tərəf keçəndə o, qorxaraq avtomobildən düşüb qaçmışdır. Sonrakı günlərdə Nihadla whatsapp yazışmalarında Nihad ondan mobil telefonunu qaytarmasının müqabilində 470 manat pul istəmişdir. Ona həmin pulu verməyəcəyini dedikdə o da telefonu qaytarmayacağını bildirmişdir. 03.04.2021-ci il tarixdə isə DİN-in 102 Xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrək onunla birlikdə hadisə baş verən yerin fotoşəkillərini çəkmişdir. Əvvəllər də aralarında belə münaqişələr olmuş, lakin həmin münaqişə zamanı Nihad onu vurmamışdır. 26 mart 2021-ci il tarixdə hadisə baş verən vaxt Nihadın əlində hər hansı alət olmasını görməmişdir. Onun Təqsirləndirilən şəxs borcu olmamış və o, telefonu özü avtomobilə atıb getməmişdir. Nihad bu barədə yalan danışır. Nihad münaqişə zamanı telefonu onun əlindən qəsdən almışdır. Həmin mobil telefonun hazırki qiyməti 1155 manatdır. Zərərçəkmiş şəxs Məsimovna talanmış əmlakın ona qaytarıldığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 aprel 2021-ci il tarixdə saat 19:25 radələrində Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid2 Nurəddir oğlu ilə birgə ünvan 7 ünvanın yaxınlığında xidmətdə olarkən bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını müşahidə etmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, ona da özünü təqdim etməyi təklif edəndə həmin şəxs davranışı və hərəkətləri ilə, eləcə də verilən suallara qeyri-müəyyən cavab verməklə şübhələri daha da artıraraq oradan uzaqlaşmağa cəhd göstərmişdir. Həmin şəxsi saxlayaraq Nərimanov RPİ-nin növbətçi hissəsinə təqdim etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Onun narkotik maddələrdən istifadə etmələrindən şübhələndiklərindən müvafiq araşdırma aparılması üçün raportla rəhbərliyə müraciət etmişdir. Daha sonra idarənin təhqiqatçısı Rafiq Ağəliyev tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. İlk növbədə Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamasında şübhəli bilindiyi izah olunmuş və ona üzərində olan əşyaları çıxarıb təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən, salfet kağızına bükülmüş, arxa hissəsinə dəmir boru birləşdirilərək üzəri qara rəngli yapışqan lentlə bağlanmış 1 ədəd avtomobil lampasını çıxardıb təqdim edərək bildirmişdir ki, həmin lampanın içərisindəki maddə metamfetamindir. Həmin lampanın içərisinə baxıldıqda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə olduğu aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini və 4 manat pulu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd lampanın içərisindəki metamfetamini həmin gün saat 02 radələrində tanışı Orxan Məmmədov ona hədiyyə olaraq vermiş və o da özünün istifadəsi üçün üzərində saxlamışdır. Təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və möhürlənmişdir. Bununla bağlı tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 4 manat pul isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 01 aprel 2021ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X8, Nərimanov RPİ-nin NMB üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 , Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqda şəxsi axtarış və götürmə aparmışdır. İştirakçılara və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs izah olundu ki, şəxsi axtarış və götürmə zamanı Nərimanov RPİ-nin PPXB-nin polis serjantı X6 tərəfindən “HONOR 20 PRO” modelli mobil telefonla çəkiliş aparılır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 01 aprel 2021-ci il tarixdə saat 19:25 radələrində ünvan 7 ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri əvəzləyici materialdan tikilmiş gödəkçəsinin sol yan cibindən ağ rəngli salfet kağızının içərisindən, arxa hissəsinə dəmir boru birləşdirilərək üzəri qara rəngli yapışqan lentlə bağlanmış 01 (bir) ədəd avtomobil lampasını çıxarıb könüllü təqdim edərək bildirdi ki, təqdim etdiyi 01 (bir) ədəd lampanın içərisində olan maddə metamfetamindir. Həmin lampanın içərisinə baxdıqda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə olduğu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 (bir) ədəd avtomobil lampasının içərisində olan metamfetamin maddəsini ona 01 aprel 2021-ci il tarixdə, təxminən saat 02 :00 radələrində tanışı X7 hədiyyə olaraq vermişdir. O da həmin maddəni əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoyaraq özündə saxlamışdır ki, ehtiyacı olduğu zaman istifadə etsin. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırıldı və DİN-in 44 nömrəli möhürü ilə möhürləndi. Şəxsi axtarış və götürmə zamanı iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı; “Şübhəli şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 02 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2021-ci il tarixli, 6/1306 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: şübhəli şəx: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd ağ rəngli salfet bükümdə təmiz çəkisi 0,423 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və arxa hissəsində dəmir boru birləşdirilərək üzəri qara rəngli yapışqan lentlə bağlanmış 01 ədəd avtomobil lampasının içərisində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetaminin təmiz çəkisi 0,423 qramdır. Tədqiqat zamanı 0,05 qram sərf edilmiş, 0,373 qram qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 114,00 (yüz on dörd) manatdır; “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 05 aprel 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Əli Sevdimovun 05.04.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,423 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Ekspertiza tədqiqatı zamanı 0,05 qram çəkidə psixotrop maddə metamfetaminin sərf edilməsi nəzərə alınmış və maddi sübut kimi tanınmaqla zərfdə yerləşdirilmiş, tədqiqatdan sonra qalıq qalmış 0,373 qram çəkidə psixotrop maddə metamfetamin məhkəmənin yekun qərarınadək saxlanılması üçün Nərimanov RPİ-nin məsul saxlanışına təhvil verilmişdir; “Baxış keçirilməsi haqqında” 09 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə 09 aprel 2021-ci il tarixdə, saat 16:30 dəqiqədə təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilən bir ədəd mobil telefon aparatının baxışını aparmışdır. Baxış zamanı müyyən edildi ki, təqdim edilən mobil telefon “Samsung” markalı “A71” modelli mobil telefon aparatıdır. Təqdim edilən telefonun arxa tərəfi ağ rəngli materialdandır. Telefonun korpusu saz vəziyyətdədir. Həmin mobil telefon aparatı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülərək cinayət işinə əlavə edildi. Baxış zamanı mobil telefonun korpusunun fotoşəkili çəkildi və protokola əlavə edildi. Baxış gündüz vaxtı, otaq şəraitində aparılmaqla saat 16:47 dəqiqədə başa çatdı; “Baxış keçirilməsi haqqında” 09 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə 09 aprel 2021-ci il tarixdə, saat 16:50 dəqiqədə təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilən bir ədəd mobil telefon aparatının və onun yaddaşının baxışını aparmışdır. Baxış zamanı müyyən edildi ki, təqsirləndirilən şəxs tərəfindən təqdim edilən mobil telefon “Samsung” markalı “A3” modelli mobil telefon aparatıdır. Təqsirləndirilən şəxs mobil telefonun şifrəsini açdıqdan sonra telefonun baxışı aparılmağa başlandı. Təqdim edilən telefonun arxa tərəfi qara rəngli materialdandır. Telefonun korpusu saz vəziyyətdədir. Mobil telefon yandırıldıqdan sonra telefonun yaddaşında olan mobil nömrələrə, həmin şəxslərin adlarına, eləcə də “Whatsapp” vasitəsilə aparılan danışıqlara və həmin şəxslərə məxsus mobil nömrələrə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonun üzərində ***-***-**-** mobil telefon nömrəsinin olduğunu bildirdi. Qeyd edilən nömrələr, eləcə də aparılan danışıqların fotoşəkilləri çəkildi və protokola əlavə edildi. Baxış gündüz vaxtı, otaq şəraitində aparılmaqla saat 17:20 dəqiqədə başa çatdı; “Diskin baxışının aparılması haqqında” 09 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zəruri olduğundan, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə 09 aprel 2021-ci ildə, saat 17:30-da cinayət işinin ilkin mərhələsində şübhəli şəxs qismində tutularaq 01 aprel 2021-ci il tarixdə, saat 19 radələrində Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş, şəxsi axtarış və götürmənin aparılması haqqında protokola əlavə edilmiş 1 ədəd DVD-R formatlı diskə baxış keçirtmişdir. Həmin diskdə olan videogörüntüyə baxılarkən aydın oldu ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynindəki qara rəngli gödəkçənin sol yan cibindən ağ rəngli salfet kağızının içərisindən, arxa hissəsinə dəmir boru bərləşdirilərək, üzəri qara rəngli yapışqan lentlə bağlanmış 01 ədəd avtomobil lampasını çıxarıb könüllü təqdim edərək bildirir ki, təqdim etdiyi lampanın içərisində olan maddə metamfetamindir. Həmin lampanın içərisinə baxdıqda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə olduğu aşkar olunur. Bundan başqa öz adına olan şəxsiyyət vəsiqəsini və 4 ədəd manatlıq əskinasları da təqdim edir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi 01 ədəd avtomobil lampasının içərisində olan metamfetamin maddəsini ona 01 aprel 2021-ci il tarixdə, təxminən saat 02 radələrində tanışı X7 hədiyyə olaraq vermişdir. O da həmin maddəni əynində olan gödəkçəsinin sol yan cibinə qoyaraq özündə saxlamışdır ki, ehtiyacı olduğu zaman istifadə etsin. Bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib edir, avtomobil lampası zərfə qoyularaq bağlanır, möhürlənir və orada olan şəxslər, həmçinin Təqsirləndirilən şəxs protokolu və zərfin üstünü imzalayırlar; Zərərçəkmiş şəxs tərəfindən yazılaraq imza edilmiş 12 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, o, özünə məxsus “Samsung” markalı “A3” modelli mobil telefonu saz vəziyyətdə təhvil almışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05.06.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 29 may 2021-ci il tarixli, 1646 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2020ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsə məxsus “Samsung” markalı “A71” modelli mobil telefon aparat maddi sübut kimi tanınmış və zərərçəkmiş Zərərçəkmiş şəxs saxlanca verilməsi nəzərə alınmışdır. “Şəxsi axtarış və götürmənin aparılması haqqında protokol”a əlavə olunan 1 ədəd DVD-R formatlı disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in: 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, CM-in 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə qeyd edir ki, mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən mühüm iqtisadi və hüquqi kateqoriyadır. Maddi nemətlərə sahiblik, onlardan istifadə və onların barəsində sərəncamla əlaqədar yaranan ictimai münasibətlərdən ibarət olan mülkiyyət münasibətləri hüquqla tənzimlənərək hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barədə sahiblik, istifadə və sərəncam səlahiyyətini əks etdirən hüquq münasibətinə çevrilir. Mülkiyyət münasibətləri mülki-hüquqi aktlarla müfəssəl tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin üç formasını nəzərdə tutur: 1) xüsusi mülkiyyət; 2) dövlət mülkiyyəti; 3) bələdiyyə mülkiyyəti. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit edir. Ona görə də yeni cinayət qanununda sovet cinayət qanunvericiliyindən fərqli olaraq, bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmamalıdır. Soyğunçuluq cinayəti obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bili rvə bu cinayət bir çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq etməklə müşayiət olunur ki, bütün bunlar talamanın digər formalarına nisbətən soyğunçuluğun ictimai təhlükəliliyini artırır. Məhkəmə iclasında müəyyən edildiyi kimi, hadisə günü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Məsimovna ilə aralarında yaranan münaqişə zamanı sonuncuya ondan mobil telefonu alıb lombarda qoyacağını, borcları olduğunu bildirmiş, zərərçəkmiş şəxs ona telefonu vermək istəmədiyini deyib avtomobildən düşüb qaçmaq istəyən zaman Nihad Zərərçəkmiş şəxs arxasınca gələrək qolundan tutub sonuncunu avtomobilin qabaq oturacağında əyləşdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qəfil zərərçəkmiş şəxsin əlindən mobil telefonu almış, daha sonra özü sürücü otucağına tərəf keçəndə Zərərçəkmiş şəxs qorxaraq avtomobildən düşüb qaçmışdır. Təqsirləndirilən şəxs təqsirini etiraf etsə də, ifadəsində zərərçəkmiş şəxsin ona borcu olduğunu, Zərərçəkmiş şəxs mobil telefonu məhz onun avtomobilinə ataraq qaçdığını bildirmişdir. Lakin, onun bu dəlilləri əsassız olmaqla məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Məsimovna ifadəsində Təqsirləndirilən şəxs hər hansı borcunun olmadığını, sonuncunun mobil telefonu onun əlindən zorla aldığını və sonradan da qaytarmaqdan imtina etdiyini, əvəzində pul tələb etdiyini bildirmiş və bu dediklərini ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti prosesində Təqsirləndirilən şəxs üzünə söyləmişdir (cinayət işi, iş vərəq 114-117). Məhkəmə, baş vermiş hadisənin yuxarıda təsvir olunan hallarına və məhkəmə istintaqında araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə məxsus əmlakı sonuncunun özünün ona olan borcu müqabilində verməsi barədə dəlilləri özünümüdafiə xarakteri daşımaqla tam əsassızdır, onun zərərçəkmiş şəxsə psixi təsir göstərməklə ona məxsus olan özgə əmlakını açıq surətdə talaması tam sübuta yetirilir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın “İ siyahı. “Psixotrop maddələr” fəslinin 67-ci qrafasına əsasən psixotrop maddə sayılan metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi isə 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,423 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 180.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; törətdiyi əməli etiraf edərək peşman olmasını; talanan əmlakın zərərçəkmiş şəxsə qaytarılmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; himayəsində bir azyaşlı (06.05.2016-cı il təvəllüdlü), bir yetkinlik yaşına çatmayan (31.07.2013-cü il təvəllüdlü) uşaqlarının olmasını (əsas: iş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətləri). Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 180.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanılmaqla qəti cəza müəyyən olunmalı, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (01-02 aprel, 04-05 aprel 2021-ci il) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin məsul saxlanışına təhvil verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli, “Samsung” markalı “A71” modelli mobil telefon aparatının Zərərçəkmiş şəxs Məsimovnanın saxlancına verilməsi nəzərə alınmalı, “Şəxsi axtarış və götürmənin aparılması haqqında protokol”a əlavə olunan 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatı üçün cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin məsul saxlanışına təhvil verilmiş 0,373 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - “Samsung” markalı “A71” modelli mobil telefon aparatının Zərərçəkmiş şəxs Məsimovnanın saxlancına verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut - “Şəxsi axtarış və götürmənin aparılması haqqında protokol”a əlavə olunan 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-320/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-320/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver