Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-320/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Astara rayonu Sım kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu Sım kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 özünü falçı kimi təqdim edərək, edəcəyi cadu yolu ilə Bakı şəhərində və Quba rayonunda olan evlərinin satılacağına, həmçinin ona və ailəsinə “şər qüvvələr" tərəfindən edilmiş caduları təmizləyəcəyinə, oğlunun gələcəkdə baş verəcək bədbəxt hadisə nəticəsində bıçaqlanmasının qarşısını alacağına və qızının bəxtinin açılacağına dair yalan vəd verib aldadaraq, 2021-ci ilin avqust ayının ortalarından 2022-ci ilin iyun ayının əvvəllərinədək olan müddət ərzində hissə-hissə, sonuncu dələ 2022-ci ilin iyun ayının əvvəllərində ünvan 1 ünvanında 1360 manat məbləğində olmaqla, ümumilikdə 22.050 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdərək, Zərərçəkmiş şəxs1 22.050 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 həmyerlisi Şahid2 vasitəsilə tanımışdır. 2021ci ilin avqust ayında Nurlan ona zəng vurub bildirmişdir ki, qayınanası Məhbubəgilin Bakı şəhərində və Quba rayonunda evləri vardır, həmin evləri xeyli vaxtdır ki, satmaq istəyirlər, lakin sata bilmirlər, dua-cadu yolu ilə həmin evlərin satılmasında köməklik göstərə bilərmi deyə soruşduqda ona edəcəyi dua-cadu yolu ilə həmin evlərin satılacağını bildirmişdir. Lakin əslində evlərin satılması üçün hər hansı cadu və ya əməl etmək bacarığı yox idi. Daha sonra Nurlana zəng vurub həmin evlərin satılması ilə bağlı edəcəyi dua- cadular üçün müəyyən ləvazimatlar lazım olduğunu, həmin ləvazimatların alınması üçün 400 manat pul lazım olduğunu bildirmişdir. Həmçinin evlər satıldıqdan sonra hər ev üçün 300 manat pul alacağını demişdir. Sonra Nurlan ona qardaşı Raminin vasitəsilə 400 manat pul göndərdiyini demiş və gedib Astara rayonu Ojakəran kəndində qardaşı Raminlə əlaqə saxlayıb pulu ondan götürməyini istəmişdir. O, pulu götürdükdən sonra Nurlanla əlaqə saxlayıb pulu götürdüyünü bildirmişdir. Nurlanın vasitəsilə Məhbubəyə bildirmişdir ki, edəcəyi duacadu ilə həmin evlər 2021-ci ilin noyabr ayınadək satılacaqdır. Təsadüfən Məhbubənin Bakı şəhərində olan evi 2021-ci ilin noyabr ayında 85.000 manata satılmış, onlara həmin evin etdiyi dualar, cadular nəticəsində noyabr ayında satıldığını demişdir. Buna görə də, Məhbubəgil ona daha da inanmışlar. Əvvəlcədən razılaşdıqları kimi evlərdən biri satıldığı üçün Məhbubə Nurlanın vasitəsilə ona 300 manat pul göndərmiş, həmin 300 manat pulu yenə də Ojakəran kəndində Nurlanın qardaşı Ramindən götürmüşdür. 2022-ci ilin dekabr ayında Nurlan onunla əlaqə saxlayıb Məhubənin Quba rayonunda olan evinin nə üçün satılmadığını soruşduqda ona bildirmişdir ki, narahat olmasınlar, Qubadakı evin də satılması üçün cadu yolu ilə müəyyən məhlullar hazırlayıb göndərəcək, həmin məhlulların içərisində necə istifadə olunması barədə də bildirişlər də qoyacaqdır. Məhbubə ilə də özü mobil telefonla əlaqə saxlayıb ona Nurlanın vasitəsilə göndərdiyi dua-cadu edilmiş məhlulları aparıb Quba rayonundakı evinin divarlarına sürtməsini bildirmişdir. Bu yolla onları həqiqətən də müəyyən işlər gördüyünə inandırmaq istəmişdir. 2022-ci ilin mart ayınadək təxminən 10-15 dəfə Məhbubəyə guya dua-cadu edilmiş məhlulları göndərmiş və həmin məhlulları Quba rayonundakı evinə aparıb evin divarlarına sürtməsini, həyətə səpməsini və s. demişdir. Bir müddət sonra Məhbubə onunla əlaqə saxlayıb artıq xeyli vaxt keçməsinə baxmayaraq evin satılmadığını demiş, həmin zaman ona kitab açıb nə üçün satılmadığını müəyyən edib deyəcəyini bildirmişdir. Təxminən yarım saat sonra Məhbubəyə zəng vurub kitab açıb baxdığını, Quba rayonundakı evo mürəkkəb bir əməl olunduğunu və evin buna görə satılmadığını demişdir. Həmin əməlin, cadunun pozulması üçün ondan 1500 manat pul istəmişdir. Səhəri günü yəni, xx.xx.2022-ci il tarixdə Məhbubə onun 523915******5387 nömrəli kart hesabına 1500 manat pul göndərmiş, Məhbubədən əlavə pullar almaq üçün bir neçə gün sonra ona zəng vurub demişdir ki, kitab açıb baxmışam, evə daha fərqli əməl və cadular edilibdir, gərək həmin evə özü gedib baxa. Məhbubə də birlikdə gedib evə baxa biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gəlib Məhbubəyə məlumat vermiş, sonuncu da taksi ilə onu Quba rayonunda yerləşən evə aparmışdır. Məhbubə və taksi sürücüsü Quba rayonundakı evin qapısını açmağa çalışsa da, aça bilməmişlər. Bundan sonra yaxınlaşıb qapıya doğru guya dua oxumuş, sonra isə təsadüfən açarla yoxladıqda qapını açmışdır. Evə girdikdən sonra bir neçə saniyə baxmış, guya evə cadu olunduğunu hiss edib Məhbubədən uşaqlarını da həmin evə gətirib-gətirmədiyini soruşduqda Məhbubə demişdir ki, oğlunu və qızını da həmin evə gətirib. Bundan sonra ona evə edilmiş caduların onun, həmçinin oğlunun və qızının da üzərinə oturduğunu demişdir. Məhbubə isə qorxub nə etmək lazım olduğunu soruşduqda ona çox çətin məsələ olduğunu, lakin cadu yolu ilə həll edə biləcəyini, xüsusi maddələr gətizdirib hazırlamalı olduğunu, bunun üçün isə 1500 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Məhbubə də ona inandığı üçün razılaşmışdır. Sonra Məhubəyə Bakı şəhərində yaşadıqları mənzilə də baxmalı olduğunu demiş, beləliklə Bakı şəhərinə qayıdıb Məhbubənin yaşadığı evə getmişlər. Evə girdikdən sonra guya cadu olunduğunu hiss edib Məhbubəyə bildirmişdir ki, evdə ağırlıq hiss edir, oğluna və qızına da cadular edilibdir. Həmin günü yəni, xx.xx.2022-ci il tarixdə axşam radələrində Məhbubə ona yaşadığı ünvan 1-də 1500 ABŞ dolları pul vermişdir. Bir neçə gün aralıqlarla ara-sıra sudan guya cadu edilmiş məhlul hazırlamış kimi Məhbubənin evinə gedib evinə müxtəlif yerlərinə sürtmüşdür ki, sonuncu ona inansın. Həmin ərəfələrdə Məhbubə bildirmişdir ki, qızı Nərmin Nurlanla ayrılıbdır. Özü də ona guya kitaba baxdığını və qızına cadu edildiyi üçün 4 dəfə nişanının pozulacağını, oğlunun isə başında iş olduğunu, bir hadisə nəticəsində oğlunun bıçaqlanacağını bildirmişdir. Məhbubədən qızının maykasını alıb üzərinə ərəb hədləri ilə guya dua cadu yazıb ona vermişdir ki, qızı bir gün geyinib üzərində saxladıqdan sonra dolabında saxlasın, bu üsulla ona edilmiş cadular pozulacaqdır. Bundan başqa Məhbubədən ona, övladlarına və Qubadakı evinə edilmiş caduların təmizlənməsi üçün xx.xx.2022-ci il tarixdə 510307******9361 nömrəli kart hesabıma köçürmə yolu ilə 300 manat, 2022-ci ilin aprel ayının ortalarından 2022-ci ilin iyun aymadək olan müddət ərzində hər dəfə Məhubənin yaşadığı ünvan 1 ünvanında hissə-hissə olmaqla ümumilikdə 10.000 ABŞ dolları pul almışdır. Məhbubə ona hissə-hissə olmaqla 10.000 ABŞ dollarını verəndə hər dəfə yanlarında onun qızı Nərmin olmuşdur. Bir müddət sonra Məhbubənin evi satılmadığı üçün sonradan artıq ona inanmamağa başlamış və ona verdiyi ümumulikdə 22.050 manat pulunu geri tələb etmişdir. Həmçinin Nurlan da ona zəng vurub Məhubənin pulunu geri qaytarmağını tələb edirdi. Nurlanın kart hesabına 4600 manat pul göndərmişdir ki, Məhbubəyə versin. Daha sonra isə Məhbubəyə 3.400 manat da bir qaytarmaqla, ümumilikdə Məhbubəyə 8.000 manat pul qaytarmış, geri qalan pulu isə qaytara bilmədiyi üçün Məhbubə onun barəsində şikayət etmişdir. O, Zərərçəkmiş şəxs1 ilə barışdığını, ona dəyən 22.050 manat ziyanı tam, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin əvvəllərində qızı Şahid1yla Şahid2 arasında ailələrin razılığı ilə el arasında “həri” adlanan nişandan öncə razılıq olmuşdur. Həmin ərəfədə Bakı şəhərində və Quba rayonunda evləri var idi və qızının nişanına hazırlaşdıqları üçün pul lazım idi. Quba rayonunda yerləşən evində heç kim yaşamadığından 10 ilə yaxın idi ki, həmin evi satmaq istəyirdi, lakin sata bilmirdi. Həmçinin Bakı şəhərində olan evini də satışa qoymuşdur ki, əldə etdiyi pullarla qızının nişan və evlilik xərclərini qarşılasın. Daha sonra bu barədə tanışlarına, eləcə də Nurlana məlumat vermişdir. Həmin vaxt Nurlan ona bildirmişdir ki, Astara rayonunda onun bir tanışı var. Həmin şəxs baxıcı, falçıdır və dua yazmaqla onun Qubadakı evinin də satılmasına köməklik edə biləcəkdir. Qubada olan evini sata bilmədiyi üçün Nurlana demişdir ki, həmin şəxslə danışıb ona məlumat versin. Nurlan da əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə danışıb ona bildirmişdir ki, Alim ondan qeyd etdiyi evləri satmaq üçün əvvəlcədən 400 manat pul istəyir. Belə ki, həmin 400 manata dua, cadu yazmaq üçün lazım olan maddələri, ləvazimatları alacaq, daha sonra yazacağı dua ilə, edəcəyi əməllərlə onun evlərinin satışını tezləşdirəcəkdir. Ev satıldıqdan sonra isə hər ev üçün ona əlavə 300 manat pul verməli olacaqdır. Bundan sonra onunla razılaşmış və 2021-ci ilin avqust ayının ortalarında Nurlanın vasitəsilə 400 manat pulu Alimə göndərmişdir. Həmin pulu yaşadığı evdə Nurlana vermişdir. Alim söz vermişdir ki, həmin evlər 2021-ci ilin noyabr ayına kimi satılacaqdır. Maraqlısı o idi ki, Alimin dediyi kimi Bakı şəhərində yerləşən evini 2021-ci ilin noyabr ayında 85.000 manata satmışdır. Lakin, həmin evinin satışında Alimin hər hansı bir iştirakı olmamışdır, eyni zamanda evinin satışı ilə bağlı müştərini də Alim tapmamışdır. Qonşuluğunda yaşayan vasitəçinin köməyi ilə həmin ev satılmışdır. Alim də ona bildirmişdir ki, onun etdiyi dua cadular nəticəsində Bakı şəhərində olan evi satılmışdır. Bundan sonra onun Alimə olan inamı daha da artmışdır. Danışdıqları kimi dərhal 2021-ci ilin noyabr ayında yaşadığı evdə Nurlana 300 manat pul vermişdir ki, Alimə çatdırsın. Nurlan da həmin pulu Alimə vermişdir. Daha sonra Quba rayonunda olan evin satılmasını gözləməyə başlamışdır. Bunun üçün arada Nurlanın vasitəsi ilə Alimə xəbər göndərmiş, Alim isə Nurlanın vasitəsi ilə ona guya cadu olunmuş su, yağ və s. bu kimi məhlullar göndərir və tələb edirdi ki, Qubaya gedib həmin maddələri evin divarlarına, həyətə vursun. Alimə inanaraq qışın soyuğunda hər dəfə taksi tutub Qubaya getmiş və Alimin göndərdiyi maddələri evin divarlarına sürtrmüşdür. Təxminən 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək olan müddət ərzində Alimin tələbi ilə 17 dəfə Qubaya gedib onun göndərdiyi maddələri evin divarlarına sürtmüş, eyni zamanda evin həyətinə səpmişdir. Lakin, ev satılmamışdır. Artıq bezdiyi üçün Nurlandan Alimin nömrəsini istəmişdir ki, onunla özü danışsın. Çünki yollarda qalmışdı və heç bir nəticə yox idi. Alimlə danışan zaman o, kitab açıb baxaraq onunla yenidən əlaqə saxlayacağını demişdir. Təxminən 20-30 dəqiqə sonra Alim ona geri zəng edərək evə nəisə cadu olunduğunu, buna görə evin satılmadığını, bu işin çətin və mürəkkəb bir iş olduğunu demişdir. Daha sonra Alim evə olunmuş cadunun pozulması üçün ondan 1500 manat pul istəmişdir. Özü də çarəsiz qaldığı üçün və cadu işindən qorxduğu üçün, həmçinin Alimə inandığından onunla razılaşmışdır. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Alimin ona göndərdiyi 523915******5387 nömrəli kart hesabına ünvan 2 ünvanında yerləşən Sərxan marketdə eManat ödəmə terminalı vasitəsilə 1500 manat pul köçürmüşdür. Aradan bir neçə gün keçdikdən sonra Alim bildirmişdir ki, guya başqa bir kitabla baxıb, o ev çox pis gündədi. Həmin evin cadusunu təmizləmək üçün mütləq özü o evə getməlidir. Təxminən xx.xx.2022-ci il tarixdə Alim Bakı şəhərinə gəlmiş və özü taksi ilə onu Qubaya aparmışdır. Evə çatdıqda açarla evin qapısını açmağa çalışsa da, aça bilməmişdir. Sanki qapının kilid yeri ilişmişdir. Bundan sonra onları gətirən tanımadığı taksi sürücüsü də nə qədər çalışdısa evin qapısını aça bilməmişdir. Həmin vaxt Alim həyətdə dayanıb ətrafa tamaşa edirdi. Alim onların qapını aça bilmədiklərini görüb özü qapıya yaxınlaşıb əlini qapıya qoyub nəisə dua oxumuş və elə birinci dəfədən qapını açmışdır. Onun bu hərəkətini görüb daha da təəccüblənmişdir. Alimin həqiqətən də qeyri adi istedadının, baxıcılıq qabiliyyətinin olduğunu düşünmüşdür. Alim evə daxil olduqdan sonra “Vay, vay, vay...! Siz bu evdə özünüzü necə hiss edirsiz?” deyə ondan soruşduqda Alimə adi hiss etdiyini demiş, daha sonra Alim övladlarını da bu evə gətirib-gətirmədiyini soruşduqda ona həm oğlunun, həm də qızının həmin evə gəlib-getdiklərini demişdir. Bundan sonra Alim evə edilən caduların onların ailəsinin, yəni oğlunun və qızımın da üstünə oturduğunu, artıq təmizlənməsinin çox çətin olacağını, demək olar ki, mümkünsüz olduğunu, hətta ola bilsin ki, bu cadunu hazırda yaşadıqları evə də yayıldığını demişdir. Alimin danışıqlarından daha da həyəcanlanıb qorxmuş, buna görə də ondan nə etmək lazım olduğunu soruşmuşdur. Alim isə bu cadunu təmizləmək üçün 1500 ABŞ dolları pul istəmişdir. Onun deməsinə görə guya həmin pulla xüsusi maddələr gətizdirib cadular, dualar yazmalıdır. Həmin maddələr isə bahalı olduğundan pul da çox çıxır. Daha sonra Bakı şəhərinə qayıtmışlar və Alim yaşadığı evə baxmalı olduğunu deyib onlara gəlmişdir. Evə baxdıqdan sonra Alim demişdir ki, guya evində də ağırlıq var, həm qızına, həm də oğluna cadular edilib. Elə həmin gün yəni, xx.xx.2022-ci il tarixdə axşam radələrində yaşadığı ünvan 1-də Alimə caduları təmizləməsi və Qubadakı evin satışını tezləşdirməsi üçün 1500 ABŞ dolları pul vermişdir. Həmin zaman yanlarında kənar heç kəs olmamışdır. Bundan sonra da Alim hər dəfə müxtəlif bəhanələr gətirir, ara-sıra nəisə maddələr, su qatqıları gətirirdi ki, guya caduların təmizlənməsi üçün nələrsə edir. Artıq həmin ərəfədə Nurlanla qızının hərisi pozulmuşdu. Lakin, Nurlanla münasibəti qalmışdı. Alim isə deyirdi ki, guya qızına elə cadu olunub ki, onun 4 dəfə nişanı qayıdacaqdır. Oğlunun isə başında iş olduğunu, onun bıçaqlanacağını bildirmişdir. Hətta qızına olan cadunun pozulması üçün ona məxsus ağ maykanı ondan almış və elə onun yanında maykanın üzərinə ərəb həriləri ilə nəsə yazıb tapşırmışdır ki, qızı bu maykanı bir gün geyinib üzərində saxlasın, daha sonra çıxarıb şkafda bir yerdə saxlasın. Guya bu qızını cadulardan qoruyacaqdır. xx.xx.2022-ci il tarixdə Alimin ona göndərdiyi 510307******9361 nömrəli kart hesabına ünvan 2 ünvanında yerləşən Sərxan marketdə e.Manat ödəmə terminalı vasitəsilə 300 manat pul göndərmişdir. Həmçinin dəqiq tarixlər yadında deyil, 2022-ci ilin aprel ayının ortalarından 2022-ci ilin iyun ayınadək olan müddət ərzində hissə-hissə olmaqla hər dəfə yaşadığı ünvan 1-də ümumilikdə 10.000 ABŞ dolları Alimə pul vermişdir. Alimə hissə-hissə olmaqla 10.000 ABŞ dollarını hər dəfə yaşadığı evdə verdiyi zaman yanında qızı Nərmin olmuşdur. Bundan başqa Alimin onu Qubaya göndərməsi, həmçinin onun özü ilə dəfələrlə Quba rayonuna gedibgəlməyi nəticəsində təkcə yol puluna 2300 manat pul xərcləmişdir. Sonradan işin uzandığını, heç bir nəticənin olmadığını görüb Alimdən bu barədə maraqlanmış, Alim isə sonda bildirmişdir ki, onunla intim münasibətdə olmasa bu işlər alınmayacaqdır, ancaq bu yolla cadulardan təmizlənə bilərlər. Elə bil bu söhbətdən sonra ayılmış və Alimin onu aldatdığını, müxtəlif bəhanələrlə onu doladığını başa düşmüşdür. Alimə rədd cavabını verib ondan verdiyi pulları tələb etməyə başlamışdır. Bundan sonra birtəhər Alimdən pullarını almağa başlamışdı. Alim ona hissə-hissə olmaqla ümumilikdə 8.000 manat pul qaytarmışdır. Qalan məbləği qaytarmadığı üçün məcbur olub onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsi ilə bağlı mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə maddi ziyana görə 13.180 manat tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsi barədə bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin əvvəllərində Şahid2 ilə aralarında sevgi münasibətləri olduğu üçün ailələrin razılığı ilə el arasında “həri” adlanan nişandan öncə razılıq olmuşdur. Nişan və toy mərasimləri, eləcə də cehiz və s. xərclər üçün pul lazım olduğundan, anası Zərərçəkmiş şəxs1 qərarlaşdırmışdır ki, Bakı şəhərində və Quba rayonunda olan evləri satıb həmin pullarla lazım olan xərcləri qarşılasın. Quba rayonunda yerləşən evində heç kim yaşamadığından 10 ilə yaxın idi ki, həmin evi satmaq istəmişlər, lakin sata bilməmişlər. Bu barədə Nurlana məlumat vermişlər. Həmin vaxt Nurlan bildirmişdir ki, Astara rayonunda onun bir tanışı var, həmin şəxs baxıcı, falçıdır və dua yazmaqla Bakı şəhərində və Quba rayonundakı evimizin satılmasına köməklik edə biləcək. Bundan sonra anası Məhbubə Nurlana demişdir ki, həmin şəxslə danışıb məlumat versin. Nurlan da əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxslə danışmış və bildirmişdir ki, Alim evləri satmaq üçün əvvəlcədən 400 manat pul istəyir. Belə ki, həmin 400 manata dua, cadu yazmaq üçün lazım olan maddələri, ləvazimatları alacaq, daha sonra yazacağı dua ilə, edəcəyi əməllərlə evlərin satışını tezləşdirəcəkdir. Ev satıldıqdan sonra isə hər ev üçün ona əlavə 300 manat pul verilməlidir. Anası Məhbubə də razılaşmış və 2021-ci ilin avqust ayının ortalarında Nurlanın vasitəsilə 400 manat pulu Alimə göndərmişdir. Alim söz vermişdir ki, həmin evlər 2021-ci ilin noyabr ayına kimi satılacaqdır. 2021-ci ilin noyabr ayında Bakı şəhərində olan evi qonşuluğunda yaşayan evlərin alqı-satqısı ilə məşğul olan tanımadığı vasitəçinin vasitəsilə 85.000 manata satılmışdır. Alim də anasına bildirmişdir ki, onun etdiyi dua cadular nəticəsində Bakı şəhərində olan ev satılmışdır. Bakı şəhərində ev satıldığı üçün 2021-ci ilin noyabr ayında anası Məhbubə Nurlanın vasitəsilə Alimə 300 manat pul göndərmişdir. Daha sonra Quba rayonunda olan evin satılmasını gözləməyə başlamışlar. Bunun üçün arada Nurlanın vasitəsi ilə anası Alimə xəbər göndərmiş, Alim isə Nurlanın vasitəsi ilə anasına guya cadu olunmuş su, yağ və s. bu kimi məhlullar göndərir və tələb edirdi ki, Qubaya gedib həmin maddələri evin divarlarına, həyətə vursun. Anası Məhbubə də ona inanaraq hər dəfə taksi tutub Qubaya getmiş və Alimin göndərdiyi maddələri evin divarlarına sürtürmüş. Təxminən 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayınadək olan müddət ərzində anası Alimin tələbi ilə 17 dəfə Qubaya gedib onun göndərdiyi maddələri evin divarlarına sürtmüşdür. Lakin, ev satılmamışdır. Buna görə də, anası X3 nömrəsini istəmişdir ki, onunla özü danışsın. Sonra Alim anasına zəng edərək evə nəisə cadu olunduğunu, buna görə evin satılmadığını, bu işin çətin və mürəkkəb bir iş olduğunu demişdir. Daha sonra Alim evə olunmuş cadunun pozulması üçün anasından 1500 manat pul istəmiş, anası Məhbubə də Alimin kart hesabına 1500 manat pul göndərmişdir. Aradan bir neçə gün keçdikdən sonra Alim anasına bildirmişdir ki, guya başqa bir kitabla baxıb, o ev çox pis gündədir. Həmin evin cadusunu təmizləmək üçün mütləq özü o evə getməlidir. 2022-ci ilin aprel ayının əvvəllərində anası Məhbubə ilə Alim Quba rayonundakı evə getmiş, orada Alim anasına caduların onların ailəsinin, yəni oğlunun və qızının da üstünə oturduğunu, artıq təmizlənməsinin çox çətin olacağını, demək olar ki, mümkünsüz olduğunu, hətta ola bilsin ki, bu cadunu hazırda yaşadıqları evə də yayıldığını demişdir. Alim isə bu cadunu təmizləmək üçün 1500 ABŞ dolları pul istəmişdir. Həmçinin Alim Bakı şəhərinə gəlib yaşadıqları evə baxanda bildirmişdir ki, evlərində də ağırlıq var, həm ona, həm də qardaşına cadular edilibdir. Anası da qorxduğu üçün həmin caduların təmizlənməsi məqsədilə yaşadıqları ünvan 1-də Alimə 1500 ABŞ dolları pul vermişdir. Bundan sonra da Alim hər dəfə müxtəlif bəhanələr gətirir, ara-sıra nəisə maddələr, su qatqıları gətirirdi ki, guya caduların təmizlənməsi üçün nələrsə edir. Həmin ərəfədə Nurlanla ev almaq üstündə aralarında anlaşılmamazlıq olmuş və qərara gəlmişlər ki, ayrılsınlar. Alim isə onlara deyirdi ki, guya ona elə cadu olunub ki, 4 dəfə nişanı qayıdacaqdır. Qardaşının isə başında iş olduğunu, onun bıçaqlanacağını bildirmişdir. Hətta ona olan cadunun pozulması üçün ona məxsus ağ maykanı anasından almış və onların yanında maykanın üzərinə ərəb hərfləri ilə nəisə yazıb tapşırdı ki, həmin maykanı bir gün geyinib üzərində saxlasın, daha sonra çıxarıb şkafda bir yerdə saxlasın, guya onu cadulardan qoruyacaqdır. Bu cür yollarla Alim onları aldatmış və anasından müxtəlif bəhanələrlə, 300 manat kart hesabına köçürtdürməklə, həmçinin dəqiq tarixlər yadında deyil, 2022ci ilin aprel ayının ortalarından 2022-ci ilin iyun ayınadək olan müddət ərzində hissə-hissə olmaqla hər dəfə yaşadıqları ünvan 1-də ümumilikdə anasından 10.000 ABŞ dolları pul almışdır. Alimə hissə-hissə olmaqla 10.000 ABŞ dollarının verilməsində özü də iştirak etmişdir. Sonradan anası bildirmişdir ki, işin uzandığını, heç bir nəticənin olmadığını görüb Alimdən bu barədə maraqlanmış, Alim isə anasına onunla intim münasibətdə olmağı təklif etmişdir. Ancaq bu yolla cadulardan təmizlənə biləcəklərini bildirmişdir. Anası da ona etiraz etmiş və bundan sonra məlum olmuşdur ki, Alim onları aldatmışdır. Bundan sonra anası Alimdən pullarını tələb etmiş, Alim hissə-hissə olmaqla ümumilikdə anasına 8.000 manat pul qaytarmışdır. Geri qalan məbləği qaytarmadığı üçün məcbur olub anası onun barəsində şikayət etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizələrdən görünür ki, ona dəyən ziyanın ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin ADM Baş Ofis filialının xx.xx.2024-cü il tarixli, 9232 nömrəli və xx.xx.2024-cü il tarixli, 25993 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin 25 faizi, yəni 5.515 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki cavabdeh) Zərərçəkmiş şəxs1 ilə barışdığını və ona vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (22.050 manat-25 faizi 5515 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Mülki iddiadan imtina etmişdir. Ona görə də zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası üzrə icraata xitam verilsin. Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-320/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-320/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver