Məhkəmə qərarları › İş №1(005)-321/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-321/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-321/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, 14 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, "xxxx" MMC-nin təsisçisi və direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikinti işlərinə rəhbərlik edən zaman təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 24.09.2018-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edərək həmin cəmiyyətin direktoru vəzifəsində işləyən zaman Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospekti ilə İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsində "xxxx" Mənzil 1-Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış kompleksinin 1 (bir) saylı binasının tikintisi ilə əlaqədar "xxxx" MTK ilə "xxxx" MMC ilə arasında suvaq və hörgü işlərinin görülməsi barədə 01.02.2020-ci il tarixdə bağlanmış KTTİ-01/2020 nömrəli Tikinti Podrat Müqaviləsinin icrası ilə əlaqədar rəhbərlik etdiyi tikinti işlərinə müqavilələr əsasında müxtəlif şəxsləri bənna, usta və fəhlə vəzifələrinə cəlb etməklə həmin ünvanda suvaq və hörgü işləri görməyə başlamış, həmin vaxt texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət etməyərək, 01.02.2020-ci il tarixli müqavilənin 2.4-cü bəndində göstərilən “tikintisi aparılan obyektlərdə yanğın təhlükəsizliyi, sanitariya-gigiyena və işçilərin texniki təhlükəsizliyə riayət olunmasına təmin etməsi və tikintidə işəyən fəhlələrin xüsusi geyim və adanlıqlarla təhciz etməsi” və həmin müqavilənin 4.4.2-ci bəndində göstərilən “tikinti işlərini yerinə yetirərkən ətraf mühitin mühafizəsinə, tikinti işlərinin təhlükəsizliyinə və sanitar-gigiyenik qaydalara dair hüquqi aktların tələblərini təmin etməsi” barədə üzərinə düşən vəzifələri səhlənkarlıq edərək lazımınca icra etməyib pozaraq “Hündürlükdə iş zamanı X6nın 4.11.4, 16.4.6 və 16.5-ci bəndlərinin tələblərini pozaraq tikilən yaşayış kompleksinin 1 saylı binasının 7-ci mərtəbəsində suvaq və hörgü işlərinin təhlükəsiz görülməsi üçün hündürlük düşgüsü sərhəddindən 2m-dən az məsafədə yerləşən iş meydançasının kənarlarının müvəqqəti qoruyucularla çəpərlənməsini, eləcə də həmin mərtəbədə işləyən 05.02.2020-ci il tarixli müqavilə əsasında tərəfindən rəhbərlik etdiyi cəmiyyətdə bənna vəzifəsinə qəbul etdiyi X2 hündürlük düşgüsü olan sahənin kənarında olarkən qoruyucu kəmərdən istifadə etməsini təmin etməmiş, bunun nəticəsində 22.02.2021-ci il tarixdə saat 17:00 radələrində X5 inşa edilən yaşayış kompleksinin 1 saylı binasının 7-ci mərtəbəsində suvaq və hörgü işləri görən zaman müvazinətini itirib binadan tikinti meydançasının həyətinə yıxılaraq baş beyin toxumasının əzilib dağılması və hissəvi evakuasiyası, kəllə sümüklərinin qəlpəli sınıqları, yuxarı və aşağı ətraf sümüklərinin, qabırğaların və döş sümüyünün sınıqları, kəskin qanitirmə ilə müşayiət olunan ağ ciyərlərin, qara ciyərin və sağ böyrəyin cırılması, hər iki əlin ovuc səthlərinin əzilmişcırılmış yaraları, bədənin çoxsaylı sıyrılmış-cırılmış yaraları və qansızmaları kimi, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış və aldığı xəsarətlərdən - kəllə tağı sümüklərinin açıq sınıqları ilə müşayiət olunan baş beynin əzilib dağılması və xaricə tökülməsi nəticəsində hadisə yerində ölmüş, yəni o, tikinti işlərinə rəhbərlik edən zaman təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsi ilə verilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmiş və həmin vaxtdan cəmiyyətin direktorudur. "xxxx" MMC inşa edilən və inşa edilmiş binaların tikintisi və təmiri ilə məşğul olur. Bununla əlaqədar cəmiyyət çox vaxt digər şirkətlərlə bağlanılan podrat müqavilələri əsasında binaların tikintisini və təmirini həyata keçirir. "xxxx" MMC-nin direktoru kimi onun vəzifəsi zəruri sənədləri toplamaqdan, müvafiq müqavilələri bağlamaqdan, tikintinin aparılmasını həyata keçirməkdən, işçiləri texniki-təhlükəsizlik qaydalarına riayət etmələri barədə təlimatlandırmaqdan, görüləcək işlər barədə tapşırıqlar verməkdən, iş zamanı işçilərin təhlükəsiz işləmələrinə nəzarət etməkdən və ümumi işə rəhbərlik etməkdən ibarətdir. 01.02.2020-ci il tarixdə rəhbərlik etdiyi "xxxx" MMC ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yaşayış kompleksinin bir binasının inşası ilə əlaqədar binada hörgü və suvaq işlərinin görülməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. Yaşayış kompleksinin bir hissəsi təhvil verilmiş və təhvil verilən hissəyə İ.Dadaşov küçəsi 57 nömrəsi verilmiş, digər hissəsinin inşası başa çatmadığından ona nömrə verilməmişdir. Müqavilə bağladıqdan sonra tərəfindən inşa edilən binada hörgü və suvaq işlərinin icrasına başlanılmışdır. Layihədə binanın 14 mərtəbəli olması nəzərdə tutulmuşdur. Razılaşmaya görə binanın layihəsini və tikinti materiallarını "xxxx" MTK təqdim etmiş, hörgü və suvaq işlərinin görülməsini isə "xxxx" MMC-nin işçiləri həyata keçirmişlər. Görülən işlərlə əlaqədar cəmiyyət işə qəbul etdiyi şəxslərin əmək haqqlarını ödəmiş, "xxxx" MTK isə görülən işlərlə əlaqədar müvafiq ödənişlər etmişdir. İşlər başlandıqdan sonra işlərə o, rəhbərlik etmişdir. Görülən işlərlə əlaqədar tərəfindən işçilərə ayda bir dəfə texniki-təhlükəsizlik qaydalarına riayət olunması barədə təlimat keçirilmiş və işçilər tərtib olunmuş jurnalda bunu öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə işçiləri gündəlik olaraq texniki-təhlükəsizlik qaydalarına riayət olunması barədə şifahi təlimatlandırmış, onlara işə başlamamışdan əvvəl görüləcək işlər barədə tapşırıqlar vermiş və görülən işlərə nəzarət etmiş, görülən işlərlə əlaqədar işçilər fərdi mühafizə vasitələri ilə təchiz edilmişdir. Rəhbərliyi ilə hörgü və suvaq işlərinin görülməsinə başlayarkən bənna Şahverdi Nurullayev, fəhlələr Şahid2 və Şahid3la əmək müqavilələri bağlanmış və bundan sonra həmin şəxslər inşa edilən binada işləməyə başlamışlar. Belə ki, X5 ilə 05.02.2020-ci il tarixdə əmək müqaviləsi bağlamaqla onu bənna vəzifəsinə işə qəbul etmiş və Şahverdi buna uyğun olaraq hörgü və suvaq işlərini həyata keçirmişdir. 22.02.2021-ci il tarixdə o, səhər saatlarında işə gəlmişdir. Saat 09:00-da işçilər işə gəldikdən sonra işçilərə şifahi olaraq texniki-təhlükəsizlik qaydalarına riayət etmələri barədə təlimat keçmiş, sonra isə görüləcək işlər barədə tapşırıqlarını vermişdir. Bundan sonra işçilər öz işləri ilə məşğul olmağa başlamış, o isə gün ərzində onların işlədiyi mərtəbələri gəzib, işçilərin təhlükəsiz işləmələrinə və işi keyfiyyətlə yerinə yetirib-yetirmədiklərinə nəzarət etmişdir. Həmin gün onun tapşırığı ilə fəhlələr Şahid2 və Şahid3 inşa edilən binanın 1-ci mərtəbəsində təmizlik işləri görmüş, bənna Şahverdi Nurullayev isə binanın 7-ci mərtəbəsində suvaq işləri görmüşdür. Saat 17:00 radələrində binanın mərtəbələrini gəzib növbəti günlərdə hansı işlərin görüləcəyini dəqiqləşdirərkən tikinti meydançasında səs eşitmiş və dərhal pilləkanlarla aşağı düşüb nə baş verdiyini öyrənmək istəyən zaman Vahab və Şahini görmüşdür. Həmin vaxt binanın qarşısına baxan zaman binanın girişindən 5-6 metr qabaqda yerdə uzanmış vəziyyətdə insan olduğunu görmüşdür. Diqqətlə baxdıqda paltarlarından və bədən quruluşundan həmin şəxsin Şahverdi Nurullayev olduğunu bilmiş və yaxınlaşdıqda həmin şəxsin həqiqətən də Şahverdi Nurullayev olduğuna əmin olmuşdur. Ətrafda olan şəxslər X22 Stansiyasına zəng vurub məlumat vermiş, az müddət keçdikdən sonra hadisə yerinə həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək hadisə olan yerə və meyitə baxış keçirmişlər. X5 "xxxx" MMC-də işə qəbul olunan zaman onunla əmək müqaviləsi bağlanmış, tərəfindən bütün işçilərə X6 barədə təlimat keçirilərək müvafiq jurnalda qeydlər aparılmış, aparılan işlərlə əlaqədar işçilərə fərdi mühafizə vasitələri olan qoruyucu eynək, qoruyucu əlcək və dəbilqə verilmiş, aparılan bütün işlərə özü rəhbərlik etmiş və nəzarət etmişdir. Eyni zamanda X2 işlədiyi yerdə qoruyucu kəmərə ehtiyac olmadığından sonuncuya kəmər verilməmişdir. Şahverdi Nurullayevin ölümündə heç kimin təqsiri yoxdur, çünki hadisə Şahverdi Nurullayevin öz ehtiyatsızlığından baş vermşidir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, nəticədə bir insan ölümü baş verdiyindən böyük təəssüf hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ailə üzvləri ilə birilkdə yaşayır və X5 onun doğma atasıdır. X15 uzun illər müxtəlif tikinti işlərində fərdi qaydada usta olaraq işləmiş, son vaxtlar "xxxx" MTK-nın sifarişi və podrat müqaviləsi əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində inşa edilən yaşayış binasının tikintisində bənna kimi işləmişdir. 22.02.2021-ci il tarixdə saat 17 radələrində evdə olan zaman istifadəsində olan mobil telefona tanımadığı nömrəsdən zəng gəlmiş və X15in inşa olunan binanın 7-ci mərtəbəsindən yerə yıxılaraq ölməsi bildirilmişdir. Bundan sonra o, dərhal hadisə yerinə getmiş və orada bir daha ona məlum olmuşdur ki, X15 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində inşa olunan binanın 7-ci mərtəbəsində iş görən zaman yıxılaraq ölmüşdür. X1 ölümü ilə əlaqədar onun və ailə üzvlərinin şikayətləri yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən "xxxx" Mənzil-Tikinti Kooperativin sədridir. Onların kooperativi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi ilə Z.Bünyadov prospektinin kəsişməsində 5 yaşayış binasından ibarət 13-15 mərətəbli yaşayış kompleksi tikilmiş və yaşayış kompleksinin bir hissəsinə 57 nömrəsi verilmişdir. Binalar istifadəyə verildikdən sonra mənzillər müxtəlif şəxslərə satılmışdır. Buna baxmayaraq onların kooperativi tərəfindən həmin binaların istismarına nəzarət edilmiş və bununla əlaqədar mənzil sahibləri müvafiq ödənişlər etmişdir. 2019-cu ildə onlar kompleksin 6-cı binasının tikintisinə başlamışlar. Yaşayış kompleksi 6 binadan ibarətdir. Onlar nömrə hesabı ilə 2-ci binadan başlayaraq 6-cı binaya kimi tiksələr də, texniki səbəblərə görə 1 nömrəli binanı tikə bilməmişlər. 2019-cu ildə texniki səbəblər aradan qalxdığından sonra onlar sayca 6-cı, sıra nömrəsi ilə 1-ci binanı tikməyə başlamışlar. 2020-ci ilin əvvəlində inşa edilən binada hörgü və suvaq işlərinin aparılması məqsədi ilə onların kooperativi ilə "xxxx" MMC arasında 01.02.2020-ci il tarixli “KTTİ-01/20202” nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlandıqan sonra cəmiyyət tərəfindən blokun tikintisi ilə əlaqədar hörgü və suvaq işlərinin aparılmasına başlanılmışdır. 2020-ci ildə pandemiya ilə əlaqədar işlərdə ləngimə olsa da, 2021-ci ildə işlər yenidən surətlə davam etməyə başlamışdır. 22.02.2021ci il tarixdə saat 17:00 radələrində o, işdə olan zaman xəbər tutmuşdur ki, kooperativdə işləyən işçilərin biri tikinti meydançasına yıxılaraq xəsarət alıb ölmüşdür. Dərhal həmin yerə getdikdə ona məlum olmuşdur ki, "xxxx" MMC-də bənna işləyən X5 inşa edilən binanın 7-ci mərtəbəsində işləyən zaman yıxılaraq xəsarət alıb ölmüşdür. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmiş və müvafiq sənədləşmə aparmağa başlamışlar. O, əvvəllər X3 tanımamış və sonuncu ilə heç bir münasibəti olmamış, inşa edilən binada suvaq və hörgü işlərinə podrat müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. Bağlanmış müqaviləyə əsasən işlərə rəhbərlik edən zaman fəhlə və bənnalara qoruyucu vasitələrin və ya avadanlıqların verilməsi podrat müqaviləsi əsasında Təqsirləndirilən şəxs üzərinə düşmüşdür. Təqsirləndirilən şəxs işə başlayan zaman fəhlə və qəlibçilərə təhlükəsizlik texnikası üzrə təlimat keçmiş və bununla əlaqədar müvafq jurnallarda qeyd aparılması vəzifəsi bağlanmış podrat müqaviləsi əsasında Təqsirləndirilən şəxs üzərinə düşür. ünvan 3 ünvanında inşa edilən yaşayış kompleksinin 1 saylı binasının tikintisi ilə əlaqədar orada istifadə edilən cihazlar və avadanlıqlar həm onların kooperativinə, həm də "xxxx" MMC-yə məxsusdur və həmin cihazlar və avadanlıqlar "xxxx" MMC tərəfindən şifahi razılıq əsasında istifadə edilmişdir. Bağlanmış müqavilə əsasında bütün cavabdehlik "xxxx" MMC-nin üzərində olduğundan texniki-təhlükəsizlik qaydalarına cəmiyyətin rəhbəri nəzarət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid5 dediklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ildən "xxxx" MMC-nin hörgü və suvaq işlərini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi inşa edilən yaşayış kompleksinin tikintisində fəhlə işləyir. İnşa edilən bina 14 mərtəbəlidir, hazırda qeyd olunan ərazidə müəyyən hörgü, suvaq və təmizlik işləri aparılır, fəhlə kimi vəzifəsi ona verilən tapşırıqları icra etməkdən və binanın müxtəlif mərtəbələrində təmizlik işlərini həyata keçirməkdən, yəni ilkin təmir işləri zamanı mərtəbələrdə qalan lazımsız və yararsız ləvazimatları yığmaqdan ibarətdir. İş rejimi həftənin 5 günü olmaqla hər gün saat 09:00-dan 18:00-a qədərdir. İnşa edilən binada işləyən zaman “Konstruktor Təmir-Tikinti İnşaat" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən onlara texniki-təhlükəsizlik qaydalarına riayət olunması barədə təlimat keçirilmiş, bu barədə müvafiq jurnalı imzalamışlar, bundan sonra Təqsirləndirilən şəxs işə başlamamışdan əvvəl görüləcək işlər barədə tapşırıqlarını vermiş və gördükləri işə nəzarət etmişdir. Görülən işlərlə əlaqədar fərdi mühafizə vasitələri ilə təchiz edilmişdir. Əmək haqları "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. X3 2020-ci ilin fevral ayından tanımışdır. Belə ki, sonuncu onunla eyni vaxtdan işə başlamış, mehriban və pozitiv insan olmuş, onunla iş yoldaşı kimi yaxın münasibəti olmuşdur. Şahverdi Nurullayev əmək müqaviləsi əsasında "xxxx" MMC-nin hörgü və suvaq işlərini gördüyü Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində inşa edilən binada bənna vəzifəsinə işə götürülmüşdür. Bənna kimi onun işi hörgü və suvaq işlərini həyata keçirməkdən ibarət olmuşdur. 22 fevral 2021-ci il tarixdə həmişəki kimi saat 09 radələrində işə gəlmişdir. Binanın birinci mərtəbəsində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən ona tapşırılan təmizlik işlərini görməyə başlamışdır. Həmin zaman binada o, bənna Şahverdi Nurullayev və fəhlə Şahid2 işləmişlər və MMC-nin direktoru Təqsirləndirilən şəxs onların işlərinə nəzarət etmişdir. Həmin gün saat 13 radələrində o, Şahverdi və Vahab birlikdə nahar etmişlər. Nahar fasiləsi bitdikdən sonra işlərinin başına qayıtmışlar. Saat 17:00 radələrində siqaret çəkmək üçün binanın həyətinə çıxan zaman binanın 5-6 metr qabağında yerdə uzanmış vəziyyətdə insan olduğunu, həmin şəxsin baş nahiyəsində və yerdə qanlar olduğunu görmüşdür. Diqqətlə baxdıqda paltarlarından və bədən quruluşundan həmin şəxsin Şahverdi Nurullayev olduğunu bilmişdir. Həssas insan olduğundan və qan gördükdə halı pisləşdiyindən Şahverdiyə tərəf getməmişdir. Bir neçə dəqiqə sonra "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs oraya gəlmiş və ətrafda olan şəxslərdən kimsə X22 Stansiyasına zəng vurub məlumat vermişdir. Həmin vaxt ona məlum olmuşdur ki, bənna Şahverdi Nurullayev "xxxx" MMC tərəfindən hörgü və suvaq işləri həyata keçirilən binanın 7-ci mərtəbəsindən yerə yıxılaraq ölmüşdür. Aparılan işlərə nəzarəti, işçilərə göstərişləri "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qədirov X21 oxşar məzmunlu ifadə verərək Şahid3 dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 22 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon prokurorunun böyük köməkçisi X12, "xxxx" MTK-nın təsisçisi Şahid1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti, İİ dərəcəli ədliyyə qulluqçusu X8, məhkəmə-tibb eksperti Şahin Fəttayevin, hal şahidlərinin iştirakı ilə 22 fevral 2021-ci il tarixdə, saat 17 radələrində X2 "xxxx" MTK tərəfindən ünvan 4 ünvanda inşa edilən yaşayış binasının 7-ci mərtəbəsindən yerə yıxılaraq ölməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda istintaq olunan ********* saylı cinayət işi üzrə cinayətin izlərini, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədilə hadisə yerinə baxış keçirtmişdir. Hadisə yeri ünvan 5 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasıdır. Binanın həyətinə daxil olduqda həyətdə qum-çınqıl və kərpiclər vardır. Kərpiclər binanın qarşısında binadan 1-2 metr məsafədə bir-birinin üzərinə ikinci mərtəbə səviyyəsinə qədər yığılmış haldadırlar. Kərpiclərin yaxınlığında bir ədəd qaldırıcı qurğu vardır. Qaldırıcı qurğu binanın hündürlüyü boyunca binaya bərkidilmiş metal profillərin üzəri ilə aşağı-yuxarı hərəkət etdirilir. Qaldırıcı qurğunun iş meydançası binanın ikinci mərtəbəsində dayandırılmış haldadır. Qaldırıcı qurğunun iş meydançasının uzunluğu 3 metr, eni isə 1 metrdir. Bina 14 mərtəbəli olmaqla binada dəmir-beton işləri tamamlanmışdır. Baxış zamanı müəyyən edildi ki, binanın daxilində mənzillərin arakəsmə divarlarının tikintisi davam etdirilir. Baxışda iştirak edən Şahid1 bildirdi ki, fəhlə Şahverdi Nurullayev binanın 7-ci mərtəbəsindən binanın qarşısı tərəfinə kərpiclər olan hissəyə yıxılmışdır. Həmin hissəyə baxış zamanı torpağın üzərində qanabənzər ləkələr aşkar edildi. Binanın pilləkanlarının məhəccəri quraşdırılmamışdır. Pilləkan meydançasının kənarlarına məhəccər qurulmamışdır. Pilləkan meydançasının uzunluğu 6 metr, eni isə 1.6 metrdir. Pilləkanlarla yeddinci mərtəbəyə qalxdıqda sağ və sol tərəfdə mənzillər vardır. Baxış zamanı mənzillərdə arakəsmə divarlarının inşa edildiyi müəyyən olundu, yeddinci mərtəbənin pilləkan meydançasında taxta (dikt) karton və kərpiclər vardır. Meyitin üzərində sarı fəhlə kombinzonu, qara ipli çəkmə, boz yun corab, boz rəngli kalson dəsti vardır. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi qidalıdır. Boyunun uzunluğu 170 sm-dir. Meyit əllədikdə soyuqdur, dəri örtüyü solğundur. Meyit ləkələri bədənin arxa və yan səthlərində olmaqla zəif inkişaf etmişdir, solğun çəhrayı rəngdədir, barmaqla təzyiq etdikdə itir, bir neçə saniyədən sonra öz əvvəlki rəngini alır. Meyit qacıması çeynəmə əzələlərində zəif inkişaf etmişdir, ətraf qrup əzələlərdə müşahidə olunmur. Saçları qara rəngdə olub, ağ tüklərlə qarışıqdır, uzunluğu 1 sm-ə qədərdir. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5 sm-dir. Hər iki qulaq və burun keçəcəkləri sərbəstdir, qana bulaşmışdır. Burun və üz skelet sümükləri tamdır. Ağzı yarımaçıqdır, hər iki çənədə dişləri təbiidr. Boynu bədənə müvafiqdir, hərəkətlidir. Döş qəfəsi çəlləkvaridir, simmetrikdir, əllədikdə hər iki tərəfdə patoloji hərəkətlilik qeyd olunur. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, xəstəlik əlamətləri yoxdur. Arxa keçəcək ətrafı təmizdir, zədəsizdir. Yuxarı və aşağı ətrafların müayinəsi zamanı sağ bazunun orta 1/3-də, sağ mil-bilək oynağında, sol baldırın orta 1/3-də, sağ bazunun yuxarı 1/3-də, sağ budun orta 1/3-də sınıqlar qeyd olunur. Qalan ətraf sümükləri tamdır. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olundu: Başın alın-təpə nahiyəsində ortada 12,0 x 8,0 sm ölçüdə əzilmiş-cırılmış yara vardır, yara ətrafı tünd qırmızı qansızamlıdır, yaranan sümük qəlpələri və beyin toxumasının dağılmış hissələri çölə çıxmışdır. Üzün sağ yarısında alt çənənin orta hissəsindən başlayaraq sağ çənə bucağına qədər uzanan 12,0x0,8 sm ölçüdə uzunsov formalı əzilmiş-cırılmış yara var. Qarnın sol ön-bayır səthində 35,0x20,0 sm sahədə paxlava qansızma sahəsi, sağ bazunun aşağı 1/3-ni bayır səthində 7,0x3,0 sm ölçüdə, sol budun aşağı 1/3-nin bayır səthində 7,0x2,0 sm, sağ diz oynağının iç səthində 6,0x1,0 sm, sol bazunun aşağı 1/3-nin bayır səthində 8,0x5,0 sm, sol çiyin qurşağının ön səthində 3,0x2,0 sm ölçülərdə xətvari və qeyri-müəyyən formalı sıyrılmış yaralar, sol əlin l-ll barmaqarası sahədən başlayaraq ovuc içinə qədər uzanan 7,0x2,0 sm ölçüdə, sağ əlin ovuc səthində 6,0x2,5 sm ölçüdə qeyri-müəyyən formalı əzilmiş-cırılmış yaralar qeyd olunur. Baxış zamanı meyitin bədən səthində başqa xəsarət və xəsarət izi aşkar olunmadı. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya götürülmədi; Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X17 Qeydiyyatı İdarəsi tərəfindən 24 sentyabr 2018-ci il tarixdə təsdiq edilmiş "xxxx" MMC-nin nizamnaməsinin surətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazə (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər; "xxxx" MTK-nın sədri Şahid5 (sifarişçi) ilə “Konstruktor Təmir-Tikinti İnşaat" MMC-nin direktoru Təqsirləndirilən şəxs (podratçı) arasında bağlanmış 01.02.2020-ci il tarixli “KTTİ- 01/2020” nömrəli podrat müqaviləsindən görünür ki, müqavilənin predmetini Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasında podratçı "xxxx" MMC tərəfindən hörgü və suvaq işlərinin yerinə yetirilməsi təşkil edir; "xxxx" MMC-nin Texniki Təhlükəsizlik təlimatının qeydiyyat jurnalından görünür ki, iş yeri Nərimanov rayonu, İbrahimpaşa Dadaşov 57 ünvan olan bənna Nurullayev Şahverdi 01.02.2021-ci il tarixdə 29 nömrəli təlimatla bağlı mövzunun mənimsənilməsinə görə imza etmişdir; Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə bənna kimi işə götürülmüş X5 arasında bağlanmış 05 fevral 2020-ci il tarixl müddətli əmək müqaviləsi 06 fevral 2020-ci il tarixdə elektron informasiya sisteminə daxil edilmişdir; Zərərçəkmiş şəxs notariat qaydada təsdiq edilmiş 01 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, o, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hal-hazırda heç bir iddia və tələbi yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 publik hüquqi şəxsin 17.03.2021-ci il tarixli, 22 nömrəli rəyindən (meyitin ekspertizası) görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: baş beyin toxumasnıın əzilib dağılması və hissəvi evakuasiyası, kəllə sümüklərinin qəlpəli sınıqları, yuxarı və aşağı ətral sümüklərinin, qabırğaların və döş sümüyünün sınıqları, kəskin qanitirmə ilə müşayiət olunan ağ ciyərlərin, qara ciyərin və sağ böyrəyin cırılması, hər iki əlin ovuc səthlərinin əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı sıyrılmış-cırılmış yaraları və qansızmaları. Qeyd olunan xəsarətlər xəsarətlər həyati olub, Ş.A.Nurullayevin ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 22.02.2021-ci il tarixdə hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq bərk küt əşyalar üzərinə düşməsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb kəllə tağı sümüklərinin açıq sınıqları ilə müşayiət olunan baş beyinin əzilib dağılması və xaricə tökülməsi olmuşdur. Ölüm meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 19.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1227 nömrəli, 08 may 2021-ci il tarixli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı X6”nın 4.11.4, 16.4.6, 16.5 bəndlərinin və 01 fevral 2020-ci il tarixli “Tikinti Podrat Müqaviləsi-KTTİ-01/2020”nin 2.4, 4.4.2 bəndlərinin tələbələri pozulmuşdur. Bu da hadisənin texniki səbəbi olmuşdur. Binanın 7-ci mərtəbəsində hündürlük düşgüsu sərhəddindən 2m-dən az məsafədə yerləşən iş meydançasının kənarları müvəqqəti qoruyucularla çəpərlənmədiyinə, həmin mərtəbədə işləyən X5 hündürlük düşgüsü olan sahənin kənarında olarkən (iş görərəkən) qoruyucu kəmərdən istifadə etməsi təmin olunmadığına görə, “Hündürlükdə iş zamanı X6”nın 4.1 1.4, 16.4.6, 16.5 bəndlərinin və 01.02.2020-ci il tarixli “Tikinti podrat müqaviləsi-KTTİ- 01/2020”nin 2.4. 4.4.2 bəndlərinin tələbləri "xxxx" MMC tərəfindən aparılan işlərə rəhbərlik edən, əməyin mühafizə və təhlükəsizlik texnikası cavabdeh olan MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Aparılmış tədqiqatın dəyəri 102 (yüz iki) manatdır; “Sübutların qiymətləndirilməsi haqqında” 11 iyun 2021-ci tarixli qərardan görünür ki, X4 məxsus bir ədəd kombinizon, bir ədəd jilet, bir ədəd kolson (alt şalvarı), bir ədəd alt paltarı, üç ədəd sviter, bir ədəd mayka, bir cüt corab, bir tək ayaqqabı iş üçün əhəmiyyət kəsb etdiiyndən sübut növü kimi tanınmış və Nərimanov rayon prokurorluğunda saxlanılır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin izahatını və şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli CM-in 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, CM-in 222.3-cü maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 222-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti tikinti, mədən işlərinin və sair işlərin aparılması zamanı ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı olan münasibətlərdir, əlavə obyektini insanların həyat və sağlamlığı, ayrı-ayrı hallarda isə mülkiyyət münasibətləri təşkil edir. Göstərilən cinayət əməli obyektiv cəhətdən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulmasının insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmasında ifadə olunan əməllə törədilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.9-cu maddəsinə əsasən tikinti fəaliyyəti - tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması o halda cinayət məsuliyyətinə səbəb olur ki, həmin təhlükəsizlik qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmış olsun. CM-in 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli obyektiv cəhətdən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükənin yaranması və bunun nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmasında ifadə olunur. Belə ki, şəxsin əməlinin CM-in 222.3-cü maddəsi ilə tövsif edilməsi üçün təhlükəsizlik qaydalarının pozulması ilə yanaşı, həmin pozuntunun nəticəsində ehtiyatsızlıqdan insan ölümünün baş verməsindən ibarət olan nəticə olmalıdır. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunvericiliyinin təhlilindən görünür ki, şəxsin CM-in 222.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun törətdiyi əməldə aşağıdakı tərkib əlamətləri olmalıdır: - tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması; - həmin qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünün baş verməsi; - həmin pozuntunun bu qaydalara riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən törədilməsi. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs podrat müqaviləsi əsasında hörgü və suvaq işlərinin aparılmasına rəhbərlik edən zaman üzərinə düşən vəzifələri qabaqcadan icra etməyərək kifayət qədər vaxtı və imkanı olmasına baxmayaraq texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarını pozması nəticəsində aparılan işləri düzgün təşkil etməmiş, tabeliyində olan işçilərə hündürlükdə işlərin görülməsi üçün müvafiq xüsusi geyimlərin və hündürlükdən düşmələrinə qarşı mühafizə vasitələri ilə təmin etməmiş, tikilən yaşayış kompleksinin 1 saylı binasının 7-ci mərtəbəsində aparılan işlərin təhlükəsiz görülməsi üçün həmin mərtəbənin kənarlarının tam şəkildə çəpərlənməsini, çəpərlənməsi mümkün olmayan yerlərdə isə təhlükəsizlik kəmərdən istifadə edilməsini təmin etməmiş və məhz bu səbəbdən Şahverdi Nurullayev 22.02.2021-ci il tarixdə bənna kimi işləyən zaman inşa edilən 1 saylı binanın 7-ci mərtəbəsindən tikinti meydançasına yıxılaraq xəsarət alıb ölmüşdür. Belə ki, "xxxx" MTK-nın sədri Şahid5 (sifarişçi) ilə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs (podratçı) arasında bağlanmış 01.02.2020-ci il tarixli “KTTİ-01/2020” nömrəli podrat müqaviləsinin 2.4-cü bəndinə əsasən tikintisi aparılan obyektdə yanğın təhlükəsizliyi, sanitar-gigiyena və işçilərin texniki təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək və tikintidə fəhlə işləyən fəhlələri xüsusi geyim və avadanlıqla təchiz etmək podratçı kimi Təqsirləndirilən şəxs öhdəliyi olmuşdur. Göstərilən müqavilənin 4.4.2-ci bəndinə uyğun olaraq tikinti işlərini yerinə yetirərkən ətraf mühitin mühafizəsinə, tikinti işlərinin təhlükəsizliyinə və sanitar-gigiyena qaydalarına dair hüquqi aktların tələblərini təmin etmək də Təqsirləndirilən şəxs vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən müəssisənin müdiriyyəti, mülkiyyətçi, yaxud onun səlahiyyət verdiyi idarəetmə orqanı müəssisədə əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyi; rəhbər işçilərin və vəzifəli şəxslərin əməyin mühafizəsi məsələlərində vəzifə və məsuliyyətinin müəyyən edilməsi; hər bir iş yerində sanitariyagigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi; işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təhsili, təlimatlandırılması, biliklərinin yoxlanılması, əməyin mühafizəsinin təbliği; kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi və s. vəzifələrin icrasını təmin edirlər. Qeyd edilənlər əsasında məhkəmə, Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini etiraf etməməsi, mərhum X2 öz ehtiyatsızlığından yıxılaraq xəsarət alıb ölməsi barədə ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Onun bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 222.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 03.06.2021-ci il tarixli xasiyyətnamə); - zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və həmin cəzanın şərti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə sübut - Nərimanov rayon prokurorluğunda saxlanılan X4 məxsus bir ədəd kombinizon, bir ədəd jilet, bir ədəd kolson (alt şalvarı), bir ədəd alt paltarı, üç ədəd sviter, bir ədəd mayka, bir cüt corab, bir tək ayaqqabı məhv edilməli, iş üzrə məhkəmə məsrəfi olan 102 (yüz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə cəzanın təyin edilərək onun müəyyən müddətə tikinti işlərinin aparılmasında rəhbər vəzifə tutma hüququndan məhrum edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil X13 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə tikinti işlərinin aparılmasında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut - Nərimanov rayon prokurorluğunda saxlanılan X4 məxsus bir ədəd kombinizon, bir ədəd jilet, bir ədəd kolson (alt şalvarı), bir ədəd alt paltarı, üç ədəd sviter, bir ədəd mayka, bir cüt corab, bir tək ayaqqabı məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 102 (yüz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X9, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab Z34CTRE********************). X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar