Məhkəmə qərarları › İş №1(005)-322/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-322/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-322/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, narkotik vasitəyə olan təlabatını ödəmək məqsədi ilə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil olmuş külli miqdarda təmiz çəkisi 2.400 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış və o, 31 mart 2022-ci il tarixdə saat 22 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4şən Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş və orada xidməti otaqların birində saat 23-20-də üzərinə video çəkilişlə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş 2.400 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, mütəmadi olaraq 9-cu mikrorayonda üzdən tanıdığı, anket məlumatlarını və yaşadığı ünvanı bilmədiyi şəxsdən narkotik vasitələr alıb özü üçün istifadə etmişdir. Son dəfə o, həmin şəxsdən 50 manata narkotik vasitə olan “kokos” almış və istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, evdə atası ilə mübahisə etmişdir. Atası onu sakitləşdirməyə çalışmış, lakin o, çox əsəbi olmuşdur. Bu səbəbdən atası 102 xidmətinə zəng edib onun evdə mübahisə yaratdığı barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş və onu idarəyə aparmışlar. O, səmimi olaraq narkotik vasitə aludəçisi olduğunu etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 31 mart 2022-ci il tarixdə o və Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi Şahid2 ilə birlikdə Polis Şöbəsində növbədə olduqları zaman saat 20-55-də növbətçi hissəyə DİN-nin 102 zəng xidmətindən Şahid3 narkotik vasitə aludəçisi olan oğlunun evdə münaqişə yaratması barədə məlumat daxil olduğu onlara bildirilmiş və həmin məlumat əsasında onlar birlikdə ünvan 6 ünvanın qarşısına gəlmişlər. Bu zaman həmin evin yaxınlığında əvvəllər tanımadığı sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə rastlaşmış, onun hərəkətləri, gözlərinin forması, bədən quruluşu və davranışı onun narkotik vasitə alüdəçisinə bənzədiyi onlarda müəyyən şübhələr yaratdığı üçün həmin şəxsə yaxınlaşaraq özlərini ona təqdim edib, hüquq və vəzifələrini ona izah etdikdən sonra birlikdə 18-ci PŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul etdikdən sonra birlikdə 18-ci PŞ-nə gəlmişlər və həmin şəxslə bağlı müvafiq araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra onunla bağlı araşdırma aparılması üçün raport şöbənin baş təhqiqatçısı Emin Quliyevə tapşırılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və sonra ona hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. O, buna etiraz etmədikdə müdafiəçinin və onların iştirakı ilə onun üzərində şəxsi axtarışa başlanılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində olan əşyaları könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etmişdir. Bundan əlavə əynindəki şalvarın sağ yan cibindən istifadə etdiyi “Samsung” markalı mobil telefon aşkar edilmiş və götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdəki maddənin narkotik vasitə “Kokos”, yəni heroin olduğunu, narkotik vasitəni özü üçün istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitəni o, üzdən tanıdığı bir şəxsdən öz istifadəsi üçün aldığını qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd olunanlardan savayı başqa heç bir əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm maddə onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə boş zərfə qoyaraq möhürlə möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol oxunulmuş, protokolun doğruluğu imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Tutulmazadan bir-iki ay əvvəl o, oğlu Seymurun narkotik vasitə qəbul etdiyini hiss etmişdir. Bundan sonra o, oğlu ilə bir neçə dəfə söhbətlər etmiş və ona narkotik vasitələrin qəbul etməsinə son qoymasını bildirmişdir. O, hər dəfə ona bir daha narkotik vasitə qəbul etməyəcəyinə söz vermişdir. 31 avqust 2022-ci il tarixdə axşam saatlarında evdə olarkən oğlu ondan 20 manat pul istəmiş, o, da səs-küy yaranmasın deyə özündə olan 20 manat pulu oğluna vermişdir. Bundan sonra o, çıxıb harasa getmiş və təxminən 2 saat sonra-evə qayıdıb gəlmiş və oğlu ondan yenə də 20 manat məbləğində pul istəmişdir. O, Seymurdan pulu nəyə görə istədiyini soruşanda o, lazımdır demişdir. O, Seymura pulunun olmadığını bildirmiş və bundan sonra Seymur evdə mübahisə etməyə başlamışdır. Xoşagəlməz sözlərlə onu söyüb təhqir etmişdir. O, da vəziyyəti belə görüb əlacsız qalıb DİN-nin 102 xidmətinə zəng etmiş və onun barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra, oğlu Seymur küçəyə çıxmış və bir az keçmiş ona polisdən Seymurun polislər tərəfindən saxlanıldığı və Polis şöbəsində onun üzərindən şəxsi axtarış zamanı narkotik vasitə heroin aşkar edildiyi bildirilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin sahə rəisi Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 26-27-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 33-34-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanının qarşısından Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞnə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni könüllü olaraq təqdim etdi. Bundan əlavə əynində olan qara rəngli şalvarın sağ yan cibində istifadə etdiyi “Samsung” markalı mobil telefon var idi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “kokosdur”. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi. Cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01aprel 2022-ci il tarixli, 6/1750 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,400 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 81-85-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-393/2022 saylı qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 31 mart 2022-ci il tarixədək müəyyən edilməsi qərara alınmışdır. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş Ambulator X1 dair xx.xx.2022-ci il tarixli, 1862 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 111-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 112-120-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 17 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılan zaman çəkilmiş video görüntülərin əks olunduğu 1 ədəd DVD-R formatlı diskin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,400 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı qalığı 2,350 qram narkotik vasitə heroinin Nərimanov RPİ-nin müvəqqəti saxlama anbarına təhvil verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 11 fevral 2017-ci il tarixli, AZ-İİİ seriyalı 904172 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 atası kimi Təqsirləndirilən şəxs, anası kimi isə X5 göstərilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə heroini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 2,400 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 31 mart 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 31 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,350 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92,00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar