Məhkəmə qərarları › İş №1(005)-322/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-322/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-322/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" MMC-nin direktoru X3 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru Najafzadeh Mania xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X6 (FİN: 13AVH50) xx.xx.2025-ci il tarixindən 13AVH50001900 saylı əmək müqaviləsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində logistika üzrə direktor kimi fəaliyyət göstərməyə başlamışdır. X11 iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verdiyi üçün xx.xx.2025-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X5 bildirilmişdir ki, xx.xx.2025-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinin müddəti yekunlaşacaq və müddət "xxxx" MMC tərəfindən uzadılmayacaqdır. Buna səbəb isə, Elçin Süleymanovun bu müddət ərzində olan aqressiv davranışları olmuşdur. Elçin Süleymanov 02 aprel 2025-ci il tarixdə iş yerinə şirkətin hesabları mövcud olan banka getməsi barədə bilgi verir. Bu məsələ ilə bağlı şirkətin maliyyə direktoru Elçin Süleymanovun vəzifə səlahiyyətlərini aşaraq şirkətin maliyyə işlərini incələmək məqsədilə atdığı addımla bağlı izahat tələb edir. Belə ki, Elçin Süleymanov səlahiyyəti olmadan şirkətin bank hesablarına müdaxilə etmək istəmişdir. Bu tələb maliyyə direktoru tərəfindən ona yazılı formada təqdim edilir. Eyni zamanda e-mail vasitəsilə də ona rəsmi məlumat verilir. Cavab olaraq Elçin Süleymanov səhv etdiyini və şirkətə hər hansı bir zərər vermək məqsədinin olmamasını rəsmi olaraq bildirir. Daha sonra Elçin Süleymanov şirkətin təsisçisi X13 irad olaraq bu məlumatı niyə şirkətin maliyyə direktoruna bildirdiyini və onun üzündən danlanıldığını bildirir. Təsisçi ona cavab olaraq şirkətin maliyyə direktorunun bu mövzuda məlumatlı olmalı olduğunu və E.Süleymanovun şirkətin maliyyə bilgilərinə gizli məlumat almaq üçün yiyələnmək cəhdinin pozuntu olduğunu bildirir. Belə ki, sözügedən hadisə xx.xx.2025-ci il tarixində baş vermişdir. Lakin, hadisədən bir gün əvvəl "xxxx" MMCnin təsisçisi X14 həmin gün işdə olmamışdır və Elçin Süleymanov isə bu fürsətdən istifadə edərək iş saatı ərzində işdən kənar mövzulara yönəlmiş, iş yerinə uyğun olmayan davranışlar göstərmiş, digər işçilərə narahatlıq törətmişdir və şirkət və təsisçi haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirmişdir. Daha sonra bununla kifayətlənməyərək o iş yerini icazəsiz tərk edərək polisə ona əmək haqqının verilməməsi ilə bağlı şikayət etmişdir. Halbuki, onun əmək müqaviləsinə 04 aprel 2025-ci il tarixində xitam veriləcəyi ona bildirilmişdir. Əmək haqqını da ona müqavilə xitam olunan gün vermək nəzərdə tutulmuşdur. Bu haldan xəbəri olan "xxxx" MMC-nin təsisçisi Elçin Süleymanova telefon vasitəsilə dəfələrlə xəbərdarlıq etmişdir. Elçin Süleymanov isə bu xəbərdarlıqları nəzərə almamış və yenidən iş yerinə uyğun olmayan şəkildə davranmışdır. Həmin gün saat 10:30-da heç kimə məlumat vermədən ofisi tərk etmiş və təxminən 2 saat sonra geri qayıtmışdır. Növbəti gün yəni, xx.xx.2025-ci il tarixində "xxxx" MMC-nin təsisçisi işdə olduğu zaman Elçin Süleymanov onu və şirkəti təhqir etmişdir. X1 həyat yoldaşının narkotik vasitələrin satışı səbəbilə həbsdə olması və s. kimi böhtanlar atmışdır. Bu zaman bütün bu hadisələri gizli kamera ilə çəkməyə cəhd etmişdir. Bu hadisə baş verən zaman ofisin həmin hissəsində digər işçilər (Aslan Zeynalov, Zeynəb Pirəliyeva və Nigar Muradəliyeva) olmuşdur və Elçin Süleymanovun bu davranışları işçilər tərəfindən müsbət qarşılanmamış, narazılığa səbəb olmuşdur. İşçilər - Aslan Zeynalov, Zeynəb Pirəliyeva və Nigar Muradəliyeva akt tərtib edərək sözügedən məsələ ilə bağlı şahidlik etmişdirlər, (qoşmada əlavə olunur) Hətta, işçilər Elçin Süleymanovun yaratdığı narahatlıq səbəbilə icazə alıb işdən getmişdirlər. Elçin Süleymanov təhqirlərə davam etdiyi üçün 102-yə məlumat verilmiş, iki nəfər polis və iki nəfər mühafizə xidməti əməkdaşı tərəfindən iş yerindən çıxarılmışdır. Elçin Süleymanov işdə olduğu vaxtlarda kütləvi formada çıxış edərək "xxxx" MMC-yə və onun təsisçisi X13 təhqirlər ünvanlamış, onların şərəf və ləyaqətini alçaltmış, hər ikisinin işgüzar nüfuzuna xələl gətirəcək ifadələr işlədərək müxtəlif hərəkətlər etmişdir. Daha sonra şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X7 məhkəməyə ərizə ilə müraciət edərək X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148ci maddələri ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında qəbul etdiyi qərarlardan biri də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə şikayət vermiş tərəf şikayətinin geri qaytarılmasını xahiş etdiyindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina ediməli, şikayət və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" MMC-nin direktoru X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin, xüsusi ittiham qaydasında şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar