Məhkəmə qərarları › İş №1(005)-323/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-323/2020

01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-323/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Mustafayev Sərxan Ziyad oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2 və onun vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, X2 X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X3 CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X6 xx xxxxxx 2020-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinə onun barəsində yalan, uydurma, şər böhtan xarakterli ərizə ilə müraciət edərək guya 2017-ci ildə onunla tanış olduqdan sonra onu Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən ofisində içirdib, halsız vəziyyətə saldıqdan sonra onun bakirəliyini pozduğunu bildirmişdir. Bu barədə Nərimanov RPİ-nin İstintaq Şöbəsində aparılan araşdırma zamanı o, izahat verərək X3 ərizəsində göstərdiklərinin böhtan olduğunu bildirmişdir. Lakin X6 ərizə ilə hüquq mühafizə orqanına müraciət etsə də, ərizəsində göstərdiyi xüsusatlarla əlaqədar izahat vermək və məhkəmə tibbi-ekspertizadan keçmək üçün dəfələrlə telefon əlaqəsi saxlanılmaqla və çağırış vərəqəsi göndərilməklə Nərimanov RPİ-yə dəvət edilməsinə baxmayaraq, istintaq orqanının çağırışına gəlməmiş, izahat verməmiş və məhkəmə tibbi ekspertizasından tibbi müayinədən keçməmişdir. F.M.Baxışovanı həqiqətən o, 2017-ci ildən tanıdıqdan sonra onunla bir müddət əlaqəsi olsa da, sonradan ondan pul əldə etmək üçün istifadə etdiyini başa düşüb münasibətlərə son qoymuşdur. Bundan sonra F.M.Baxışova ondan əl çəkmir, mütəmadi olaraq ona zəng edir, whatsappda özünün soyunmuş halda fotoşəkillərini göndərir, onu sevməsinə dair yazılar yazır, o, cavab verməyəndə isə ünvanına nalayiq sözlər yazıb, hətta ondan pul tələb etməyə başlamış, yazışmaları mərhum arvadının istifadəsində olan mobil telefonuna göndərmişdir. X6 özü ərizə ilə Nərimanov RPİ-yə müraciət etdiyi halda Nərimanov RPİ-nin çağırışlarına məhəl qoymayaraq, öz qanunsuz əməllərini davam etdirib, eyni məzmunlu yalan, uydurma, şər böhtan xarakterli, ziddiyyətli ərizələrlə barəsində Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dəvəti ilə o, xx xxxxxx 2020-ci il tarixdə orada izahat vermiş və ona məlum olmuşdur ki, F.M.Baxışova xx xxxxxx 2020-ci il tarixli ərizə ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək 2017ci ildə X8 filialında işlədiyi dövrdə onunla tanış olduğunu və onun 2017-ci ilin yanvar ayında ona spirtli içki içirdərək sərxoş vəziyyətə saldıqdan sonra zorladığını və bakirəliyini pozduğunu, heç bir yerə şikayət etməməsi üçün öldürəcəyi ilə hədələdiyini, qorxduğu üçün heç bir yerə şikayət etmədiyini, onun düşdüyü vəziyyətdən sui-istifadə edərək dəfələrlə onu zorladığını, hazırda da onu təqib etdirdiyini bildirmişdir. Bundan əlavə, F.M.Baxışova xx xxxxxx 2020-ci il tarixli ərizə ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək həmin ərizəsində 2015-ci ildən onu tanıdığını və 2017-ci ilin yanvar ayında ona qarşı zor tətbiq etdiyini bildirmişdir. Bundan əlavə, F.M.Baxışova xx xxxxxx 2020-ci il tarixdə DİN-in BMCMİ-yə teleqram da vurmuşdur. Lakin DİN-in BMCMİ-də də aparılan araşdırma dövründə F.M.Baxışova izahat verməmişdir. X3 Nərimanov RPİ-yə ünvanladığı ərizəsində göstədiyi xüsusatlar öz təsdiqini tapmadığından həmin ərizəsi əsasında toplanmış ilkin yoxlama materialları üzrə xx xxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o, Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət edilmiş və həmin vaxt ona məlum olmuşdur ki, F.M.Baxışovanın ərizəsi əsasında AR DİN-in BMCMİ-də toplanmış ilkin yoxlama materialı aidiyyatı üzrə Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinə, oradan 16-cı PBnə göndərilmişdir. Göründüyü kimi X6, xx xxxxxx 2020-ci il tarixdə Nərimanov RPİ-yə ərizə ilə barəsində müraciət etdikdən sonra Nərimanov RPİ-nin çağırışlarına məhəl qoymayaraq izahat verməkdən və tibbi ekspertizadan keçməkdən yayınmış, barəsində eyni məzmunlu ərizə və teleqramla Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş, onun ərizəsi əsasında toplanmış ilkin yoxlama materialı araşdırmanın davam etdirilməsi üçün Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinə, daha sonra Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə göndərilmişdir. X3 özünün ərizəsində göstərdiyi hadisədən 3 il sonra hüquq mühafizə orqanlarına müraciət etməsi, iddia etdiyi hadisənin baş verdiyi vaxtda hüquq mühafizə orqanlarına müraciət etməməsi, ərizə ilə müraciət etdikdən sonra izahat vermək və tibbi müayinədən keçmək məqsədilə istintaq orqanının çağırışlarına məhəl qoymayaraq istintaqdan yayınması faktının özü onun məqsədli şəkildə barəsində həqiqətə uyğun olmayan, yalan, şər və böhtan atdığını göstərir. Onun məqsədi isə onu bu yolla təhqir və şantaj edib ondan pul əldə etməkdir. O, yaşlı, ailəli şəxs kimi hər bir vaxt ailəsində, qohum və qonşular arasında, cəmiyyətdə öz şərəf və ləyaqətini, nüfuzunu qoruyub saxlamışdır. X3 əsassız şikayətlərinə görə isə o, istər Nərimanov RPİ-yə, istərsə də Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduğundan adı müxtəlif sənədlərdə qeyd olunduğundan, araşdırma aparan, həmçinin prosessual rəhbərliyi həyata keçirən orqanların əməkdaşları və həmin idarələrə gedib-gələrkən rastlaşdığı hər hansı şəxslərin onu cinayətkar kimi qəbul etmə ehtimalı olduğunu fikirləşdiyindən, ahıl yaşında ağır və cəmiyyətdə xüsusi nifrətlə qarşılanan cinayətdə itiham olunduğuna görə şərəf və ləyaqətinin alçaldığını, nüfuzuna xələl gəldiyini hesab edir, özünü təhqir edilmiş hesab etdiyinə görə həyəcan keçirmiş, stress yaşamışdır. Beləliklə, hesab edir ki, X6, sosial şəbəkədə onun ünvanına nalayiq sözləri yaymaqla, müxtəlif dövlət orqanlarına guya onu halsız vəziyyətə salaraq, bakirəliyini pozmağı, dəfələrlə zorlamağı, onu hədələməyi, təhdid etdirməyi barədə heç bir həqiqətə uyğun olmayan ərizələr ünvanlamaqla, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan məlumatlar yaymış, ağır cinayət törətməkdə ittiham elməklə böhtan atmış, habelə sosial şəbəkədə onun şərəf sə ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. X3 CM-in 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 vəkili X9 şikayəti müdafiə edərək məhkəmədən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdən və iş materiallarından göründüyü kimi X1 Tahir Hüseyn oğlu barədə səsləndirdiyi fikirləri müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə göstərmiş, eyni zamanda “Whatsapp” sosial şəbəkəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə təklikdə bildirmişdir. Qanunvericiliyin məzmunundan göründüyü kimi məlumatların bu tərzdə yayımlanması kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. CPM-in: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmaqla həmin şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar