Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-324/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Tərcüməçi- X3 iştirakları ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatında olan, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlayıb, daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 10:20 radələrində ünvan 3 saylı ünvanın qarşısında olarkən Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, Polis idarəsində xidməti otaqda onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı sol əlində saxladığı, üzərində “Mələk” yazısı olan göy rəngli polietilen torbada şəxsi istehlak miqdarından artıq miqdarda, 480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cnayət əməlini törətmişdir Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən, «Yasamal qəbirstanlığı» adlanan ərazidə piyada gəzərkən yerdə olan göy rəngli selofan torba diqqətini cəlb etmişdir. O, həmin selofan torbanı əyilib yerdən götürmüş və içərisində başqa bir ağ rəngli selofan torbanın olduğunu görmüşdür. Həmin selofan torbanın içərisinə baxdıqda isə orada qurudulmuş marixuananın olduğunu aşkar etmişdir. Uzun müddət qurudulmuş marixuanadan istifadə etdiyi üçün həmin torbanın içərisində məhz həmin narkotik vasitənin olduğunu dərhal başa düşmüş və həmin selofan torbanı götürərək yaşadığı evə aparmışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında o, içərisində qurudulmuş marixuana olan göy rəngli selofan torbanı özü ilə götürərək gəzmək üçün Nərimanov rayonu ərazisinə gəlmişdir. Saat təxminən 10:20 radələrində o, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 82 ünvanının qarşısında piyada gəzərkən ona, iki nəfər şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, xidməti vəsiqələrini göstərmişlər və Nərimanov rayon Polis idarəsinin 17-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onu Nərimanov rayon Polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Polis bölməsində o, əlində saxladığı, üzərində «Mələk» yazısı olan göy rəngli selofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Sonra o, polis əməkdaşlarına səmimi olaraq etiraf edərək, təqdim etdiyi selofan torbanın içərisində qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl Yasamal rayonu ərazisində tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxlayaraq daşıdığını bildirmişdir. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə kiçik inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 10:20 radələrində Nərimanov rayon Polis idarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidməti zərurətlə əlaqədar ünvan 4 ünvanının yaxınlığında olduqları zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını müşahidə etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etməyərək ona verilən suallara qeyri-müəyyən cavab verməyə başlamış və onlar həmin şəxsin hərəkətlərindən şübhələnərək, eləcə də onun şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə onu Nərimanov rayon Polis idarəsinə dəvət etmişlər. Nərimanov rayon Polis idarəsində onlar həmin şəxsin şəxsiyyətini müəyyənləşdirmişlər və məlum olmuşdur ki, həmin şəxs xx xxxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, əvvəllər qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsinə görə dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxsdir. Onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər güclü təsiredici maddələr gəzdirməkdə şübhəli olmasını nəzərə alaraq onun barəsində müvafiq tədbirlər görülməsi üçün Nərimanov RPİ-nin rəhbərliyinə raportla müraciət etmişlər. Raportun icrası idarənin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Orxan Məmmədova həvalə edilmişdir. Daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi və tərcüməçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra Nərimanov rayon Polis idarəsinin inzibati binasında, 48 nömrəli xidməti otaqda, videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və ya əşyalar varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sol əlində saxladığı, üzərində “Mələk” yazısı olan göy rəngli selofanı təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin selofan açıldıqda onun içərisində, digər ağ rəngli selofana bükülmüş, tünd yaşıl rəngli, spesifik qoxuya malik, qurudulmuş ot kütləsinin olması aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın arxa sağ cibindən bir ədəd 5 manatlıq pul əskinasını və bir ədəd açarı, sağ yan cibindən isə bir ədəd alışqan çıxararaq təqdim etmiş və üzərində başqa əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həqiqətən də başqa heç bir əşyanın olmadığı müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi, üzərində “Mələk” yazısı olan selofan torbanın içərisindəki ot kütləsi narkotik vasitə olan marixuanadır və o, həmin narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə, axşam saatlarında Yasamal rayonu ərazisində yerləşən qəbirstanlıqda olarkən təsadüfən yerdən taparaq istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qablaşdırılmış, həmin qablaşma möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərində axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, həmçinin Şahid2 hazırkı məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 078-HK-1/521 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Sergeyeviçin....” yazıları və imzalar olan göy rəngli polietilen bağlamadakı 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 480,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 480,0 qram, tədqiqata istifadə olundu -0,1 qram, qalıq - 479,9 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69,82 manatdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(005)- 951/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 3 ay həddində, həbs etmənin əvvəli isə xx.xx.2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş çəkisi 480,0 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və maddi sübut kimi tanınan və tədqiqatdan sonra qalan təmiz çəkisi 479,9 qram çəkidə qurudulmuş marixuana saxlanılması üçün Nərimanov Rayon Polis İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2020-cu il tarixli 2353 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin olunmuş cəzadan 05 ay 01 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında da qeyd olunur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Göründüyü kimi işdə olan sübutlarla isə təsdiq olunur ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə ittiham olunduğu cinayəti törətdiyi müddətdə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həmçinin narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatlarının dəyəri 69 (altmış doqquz) manat, 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan narkotik vasitənin qalığı- 479,9 qram çəkidə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir . Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan narkotik vasitənin qalığı- 479.9 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat, 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-324/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-324/2020
22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver