Məhkəmə qərarları › İş №1(005)-324/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-324/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-324/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının 20-də, saat 23:00 radələrində kirayə yaşadıqları ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən bir neçə dəfə yumruq və şillə ilə sonuncunun baş və sifət nahiyyələrinə vuraraq ona alın nahiyəsinin hematoması əzilmiş yarası, sağ gicgah nahiyyəsinin, boyunun sağ yarısının qançırları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildən ailə qurmuşlar və birgə nikahdan 3 övladları dünyaya gəlmişdir O, şəhərdə meyvə-tərəvəz mağazasında satıcı işləyir, Gülbəniz isə atası Cavidanla birlikdə səyyar qaydada meyvətərəvəzin satışı ilə məşğul olur. Gülbəniz onun qazandığı puldan ailəsinə xərcləmədiyini deyərək ona böhtan atır. O isə qazandığı pulu ailəsinə xərcləyir. Gülbənizdən pulunu ona verməyi tələb etməmiş, sadəcə qazandıqları pulları bir yerə qoymağı təklif etmişdir. Lakin aralarında mütəmadi olaraq mübahisələr və münaqişələr baş vermişdir. Odur ki, son zamanlar münasibətləri korlanmışdır. Onunla son zamanlar kobud rəftar etdiyini bəhanə edərək bir evdə yaşamağın qeyri-mümkün olduğunu deyərək onunla münaqişə edir. 20.04.2022-ci il tarixdə saat təxminən 23:00 radələrində kirayə yaşadığı ünvan 4 ünvandakı evə gəlmişdir. Gülbənizdən çay süzməyi istədikdə, atası Cavidan narazılığını bildirmişdir. Gülbəniz ona çay süzməyib, yataq otağına keçmişdir. O da Gülbənizin arxasınca yataq otağına keçmiş və ona qarşı nə üçün saymamazlıq etdiyini soruşsa da, Gülbəniz ona cavab verməmişdir. O, bundan daha da əsəbləşmiş və Gülbənizə yaxınlaşıb yumruqla baş nahiyyəsindən vurmuşdur. Gülbəniz isə çarpayının yanında yerə yıxılmış, sonra yerdə Gülbənizin başına yumruqla bir neçə dəfə vurmuşdur. Bu zaman qayınatası Cavidan səs-küyə yataq otağına gəlmiş və onları ayırmışdır. Sonra qayınatası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildən ailə qurmuşlar və birgə nikahdan 3 uşaqları dünyaya gəlmişdir. Samir özü şəhərdə meyvə-tərəvəz mağazasında satıcı işləyir, o isə atası ilə birlikdə səyyar qaydada meyvə-tərəvəz satışı ilə məşğul olur. Samir qazandığı puldan ailə büdcəsinə heç bir köməklik etmir, qazandığı pulları yalnız özünə xərcləyir. O isə qazandığı pul ilə özünün və uşaqlarının tələbatlarını ancaq ödəyir. Samir onun çətinliklə qazandığı cüzi məbləğdə pulu ona verməyi tələb etsə də o, pulları Samirə verməyə etiraz etdiyi üçün aralarında mütəmadi olaraq mübahisələr və münaqişələr baş verir. Odur ki, son zamanlar Samirlə münasibətləri korlanmışdır. Samir onunla son zamanlar kobud rəftar etdiyi ücün onunla bir evdə yaşamaq qeyri mümkün hala gəlmişdir. 20.04.2022-ci il tarixdə saat təxminən 23:00 radələrində kirayə yaşadığı ünvan 4 ünvanda evdə olan zaman həyat yoldaşı Samir evə gəlmişdir. Samir ondan çay süzməyi isdədikdə, atası Cavidan Samirə narazılığını bildirmişdir. O da Samirdən incidiyi ücün ona çay süzməyib, yataq otağına keçmişdir. Samir də arxasınca yataq otağına gəlmiş və ona qarşı nə ücün saymamazlıq etdiyini soruşmuşdur. O isə Samirə cavab vermək istəməmişdir. Samir bundan daha da əsəbləşib, onun üstünə gəlmişdir. Onun baş nahiyyəsindən vurmuş və o, çarpayının yanında yerə yıxılmışdır. Sonra yerdə onun başına şillə və yumruqlar vurmağa başlamışdır. Bu zaman atası Cavidan səs küyü eşidib yataq otağına gəlib, onu Samirin əlindən almışdır. Sonra atası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o qızı Gülbəniz, yeznəsi Samir və onların uşaqları ilə birlikdə kirayə yaşayırlar. Samir özü şəhərdə meyvə-tərəvəz mağazasında satıcı işləyir, qızı isə onunla birlikdə səyyar qaydada meyvə-tərəvəz satışı ilə məşğul olur. Samir qazandığı puldan qızına kömək etmir və qazandığı pulları yalnız özünə xərcləyir. Qızı isə qazandığı pul ilə özünü və uşaqlarını çətinliklə saxlayır. Samir qızının qazandığı pulu da ona verməyi tələb etsə də, qızı Gülbəniz ona pul vermir. Bu səbəbdən də aralarında həmişə mübahisələr baş verir. Odur ki, son zamanlar münasibətləri də yaxşı deyil. Son zamanlar Samirin hərəkətlərinə görə qızı evinə də gəlmək istəmirmiş. 20.04.2022-ci il tarixdə saat təxminən 23:00 radələrində kirayə yaşadıqları evdə olan zaman Samir evə gəlmişdir. O, Samirlə söhbət edərək nə üçün özünü belə apardığını soruşmuş, o isə Gülbənizdən çay istəmişdir. Gülbəniz ona çay süzməmiş və yataq otağına keçmişdir. Samir də onun arxasınca yataq otağına getmişdir. Bir müddət sonra otaqdan səs-küy eşidib, onların yanına getmiş və yataq otağına daxil olduqda Gülbənizin yerdə uzanmış vəziyyətdə olduğunu, Samirin isə onu döydüyünü görüb, onlara yaxınlaşmış və Gülbənizi Samirin əlindən almışdır. Sonra DİN-nin 102 xidmətinə zəng edib, hadisə barədə məlumat vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 8-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21.04.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Mirsaleh Cavadov vətəndaş Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar hadisə yerinə gələrək baxış keçirmişdir. Hadisə yeri ünvan 4 ünvanında yerləşən bir mərtəbəli evdir. Qeyd olunan mənzilə ağ rəngli taxta qapıdan daxil olduqda ensiz dəhliz vardır. Dəhlizdən sol tərəfdə qonaq otağı və həmin otaqdan sağ tərəfdə isə 2 yataq otağı vardır. Sol tərəfdəki yataq otağına daxil olduqda divarlar göy rənglə boyandığı müəyyən olunur. Sol divarda kiçik dolab, onun yanında isə stul vardır. Daha sonra isə paltar asılqanı və küncdə dolab, üzərində isə paltarlar vardır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 18-19-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 21.04.2022-ci il tarixli, 391 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: alın nahiyəsinin hematoması - əzilmiş yarası, sağ gicgah nahiyəsinin, boynun sağ yarısının qançırları küt əşyanın (əşyaların) təsirində törənmişdir; qərarın təsviri hissəsində göstərilən 20.04.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 54-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28.04.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 18 fevral 2009-cu il tarixli, 202299 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 02.06.2008-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxs, anası isə X1r. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 05.06.2010-cu il tarixli, 454906 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 11.01.2010-cu il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs, anası isə Zərərçəkmiş şəxsdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 17.08.2012-ci il tarixli, 900185 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 21.04.2012-ci il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxs, anası isə Zərərçəkmiş şəxsdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində 3 azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddəti saatla hesablanır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun ictimai işlərə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 360 (üç yüz altmış) saat ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar