Məhkəmə qərarları › İş №1(005)-324/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-324/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-324/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Lənkəran rayonunun Şürk kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Siyavar kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasıı Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, silah qismində istifadə olunan əşyadan istifadə edib zərərçəkmiş şəxsin sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi 10-14 ünvanında yerləşən yaşayış binasının qarşısında, Ağakişiyev Nihat Murad oğlu ilə aralarında yaranmış mübahisə nəticəsində, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, yəni Nihat Ağakişiyevin ona yediyi şokoladdan verməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafda olan vətəndaşların gözü qarşısında, eləcə də uzun müddət ərzində cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının pozulmasına səbəb olan qərəzli hərəkətlər edərək, üzərində olan bıçaqla Nihat Ağakişiyevin sol diz nahiyyəsindən vuraraq ona sol diz oynağının ön səthinin deşilmiş-kəsilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü qismən, yəni zərərçəkmiş şəxsi vurmaqla xəsarət yetirməsi hissəsində təqsirli bilərək göstərmişdir ki, Nihat ilə eyni məhəllədə yaşıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Həmçinin Nihat ondan 6 yaş balacadır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində hamının "Miri" kimi çağırdığı dostu Mirələmlə birlikdə “Araz’’ marketə gedərkən Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsində Nihatla rastlaşmış, Nihata yaxınlaşıb onunla salamlaşmışlar. Nihatla söhbətləşən zaman onların sözü düz gəlməmiş və Nihat ona aqresiv cavab vermişdir. Bundan sonra onlar arasında mübahisə yaranmış və o da Nihatı bıçaqla zədələmişdir. Həmin zaman Nihatın əlində şokolad olmuşdur. Nihat şokoladın bir hissəsini Mirələmə vermiş, qalanını isə özü yemişdir. O, Nihata niyə ona da şokoload verməməsini soruşduqda ilkin olaraq Nihat ona söyüşlə cavab vermişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Hadisə zamanı Nihatın əlində heç bir əşya və ya predmet olmamışdır. O, ümumiyyətlə həmişə üzərində mətbəxdə istifadə edilən yağ bıçağını hər hansı dava yaranarsa özünü müdafiə üçün daşıyırmış. Hadisə baş verən ərazi ilə yaşadığı evin arasında məsafə azdır. Hadisə zamanı hadisə yerində çox adam olmamışdır. Ümumiyyətlə həmin saatda orada Nihat, o və dostu Mirələm olmuşlar. Emil isə kafedə olmuşdur. Nihatla arasındakı mübahisə ümumlikdə 3-4 dəqiqə davam etmişdir. Hadisədən sonra o, dərhal Nihata ilkin tibbi yardım göstərmiş və Nihatı yaşadığı evə aparmışdır. Nihatla dalaşan zaman Nihat ona bir neçə dəfə yumruq atmışdır və daha sonra o, üzərindəki bıçaqla Nihatı dizindən vurmuşdur. O, Nihatı bıçaqla vurduqdan sonra mübahisə dayanmışdır və dərhal ona tibbi yardım göstərmişdir. Aralarında mübahisə yaranan zaman oraya heç kim yığılmamış və kənar şəxslər olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs Ağakişiyev Nihat Murad oğlu çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında olan kafenin qarşısında dayanıb tanışı Emini gözləmişdir. Belə ki, Emin həmin kafedə ofisiant işləyir. Bir az keçdikdən sonra məhəllədən tanıdığı İdrak və "Miri" deyə tanıdığı oğlan onun yanına gəlmişlər. İdrak uzaqlaşarkən yerdə olan şokoladın kağızını görmüş və ona “şokoladı mış-mış yeryirsən” dedikdə o, həmin vaxt əsəbi olduğundan İdraka söyüş söymüşdür. Daha sonra İdrak iki dəfə ona söyüşü onun ünvanına səsləndirdiyini soruşmuş, o da təsdiq etmişdir. Aralarında mübahisə yaranmış və İdrak onun üzərinə hücum çəkərək onu sillə ilə vurmuşdur. Bu zaman o, İdrakı yumruqla vurmaq istəmişdir, lakin yumruq İdraka dəyməmişdir. Bundan sonra İdrak anidən bıçaq çıxararaq onu dizindən yaralamışdır. Mirələm onları ayırmağa çalışmamışdır. Çünki İdrakın onu bıçaqla vurması və üzərinə hücum çəkməsi anidən olmuşdur. Hadisədən sonra İdrak dərhal aptekdən dərman alaraq onun dizini bağlamışdır. Mübahisə səs-küylü olmamışdır və ətrafa heç kim toplaşmamışdır. Hadisə kafenin qarşısında baş vermişdir. Mübahisədən sonra İdrakın köməkliyi ilə oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən 1 il əvvəl Nərimanov rayonu, Çapayev adlanan ərazidə qalarkən İdrak, Nihat və Emin adlı şəxslərlə həmin müddətdə tanış olmuşdur, onlarla aralarında normal münasibətləri vardır. Oradan köçməyinə baxmayaraq onlarla münasibəti qalmış və arasıra zəngləşib görüşmüşlər. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində tanışı İdrakla birlikdə Nərimanov rayonu, F.Məmmədov küçəsində yerləşən Eminin işlədiyi kafenin qarşısından keçən zaman Nihatın yolun kənarında dayandığını görüb ona yaxınlaşıb salamlaşıb onunla söhbət etmişlər. Nihatlada İdrak arasında mübahisə məhz Nihatın əlində olan şokoladını paylaşmamasına görə olmuşdur. O, İdrakın üzərində bıçaq gəzdirməsini bilməmişdir. Nihat əlində olan şokoladdan birazını ona vermiş, qalanını isə özü yemişdir. Hadisə baş verən zaman kafedə heç kəs olmamışdır. İdrakla Nihat əvvəlcə əlbəyaxa olmuşlar və daha sonra İdrak üzərindəki bıçaqla Nihatı dizindən vuraraq yaralamışdır. O, Nihatın yaralandığını görən kimi ona köməklik etməyə çalışmışdır. Hadisə yerinə heç kim toplaşmamışdır. Ümumi söz-söhbət cəmi 5-6 dəqiqə çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, əvvəllər Nərimanov rayonu, F.Məmmədov küçəsində yerləşən kafedə kababçı işləmişdir. Nihat da ara-sıra onun yanına gəlib-getmişdir. xx.xx.2023-cü il tarixdə həmişəki kimi saat 09:00 radələrində işlədiyi kafeyə getmiş, həmin gün axşam saatlarında Nihat onun işlədiyi kafeyə gəlib onu çağırmışdır. Söhbət zamanı Nihat xahiş etmişdir ki, onunla birlikdə paltar almağa getsinlər. Nihat kafenin qarşısında onu gözləmişdir. O, kafedə işləyən zaman içəriyə səs-küy səsləri gəlməmişdir. Mirələm gəlib ondan əski parçası istəyərək Nihatla İdrakın dalaşdığını demişdir. Lakin həmin vaxt müdiri onu çağırdığından o, əski parçasını verərək geri qayıtmışdır. O, bıçaqlanma anını, ümumiyyətlə Nihatla İdrakın mübahisə etmələrini görməmişdir. Kafedən çölə çıxan zaman Nihatın ayağından qan axdığını görmüşdür. Müdiri çağırdığından geri qayıtmışdır. Növbəti günü polis şöbəsində İdrakın Nihata bıçaqla xəsarət yetirdiyini öyrənmişdir. Eyni zamanda işlədiyi kafenin qarşısında yerdə qan izlərini də görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanda yerləşən ikimərtəbəli ümumi həyəti olan binanın qarşısında baş vermişdir. Binanın girişində sağ tərəfdə kafe fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X2” X3 30 mart 2023-cü il tarixli, 281 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Ağakişiyev Nihat Murad oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol diz oynağının ön səthinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “İfadənin yerində yoxlanması haqqında” 09 aprel 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Ağakişiyev Nihat Murad oğluna istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları göstərməsi təklif edilmişdir. Bundan sonra Ağakişiyev Nihat Murad oğlu Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi 10-14 saylı ünvanının qarşısını göstərərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində həmin yerdə dayanmışdır. Həmin zaman idrakla Mirələm onun yanından keçərkən İdrak ona şokolad verməməsinə görə söyüş söymüşdür. İdrakın söyüşlərini ona geri demişdir və İdrak ona bir neçə dəfə əli ilə baş və bədən nahiyyəsindən vurmuşdur. Daha sonra İdrak cibindən bıçaq çıxararaq onu dizindən yaralamışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 4(005)- 497/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsidə 02 ay həddində, yəni 08 iyun 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X1” X5 xx.xx.2023-cü il tarixli, 1232 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. “Diskə baxış keçirilməsi barədə” 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, diskin yaddaşında olan fayllar açılan zaman videomüşahidə qurğusunun kamerasının xx.xx.2023-cü il tarixli saat 19:57-dən 20:05-dək olan müddətdəki görüntülərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi 10-14 saylı ünvanının qarşısında Ağakişiyev Nihat Murad oğlu tək dayanarkən Təqsirləndirilən şəxs və Şahid1 ona yaxınlaşırlar. Bir neçə saniyə söhbət etdikdən sonra sonuncular bir neçə metr aralarında dayanırlar. Daha sonra Təqsirləndirilən şəxs geri qayıdaraq Nihat Ağakişiyevin üzərinə hücum edərək ona əsasən baş nahiyəsindən yumruq zərbələri vurur və eyni zamanda üzərindən çıxardığı bıçaqla diz nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirir. Sonuncu aldığı zərbədən binanın divarına yaxınlaşaraq söykənir, həmçinin İdrak da ona yaxınlaşaraq şalvarını qaldırıb dizinə baxır. Bu zaman kafedən bir nəfər şəxs çıxaraq onlara yaxınlaşır, daha sonra Mirələm və İdrak Nihatı hadisə yerindən aparırlar. “Sübutların qiymətləndirilməsi haqqında” 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, müşahidə kameralarının qeydə aldığı videogörüntülər olan bir ədəd CD disk maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs Ağakişiyev Nihat Murad oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan mətbəx bıçağından istifadə etməklə zərərçəkmiş şəxs Ağakişiyev Nihat Murad oğlunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibinin olmadığı, onun əməlində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin aşkar müəyyən edildiyi halda ibtidai istintaq orqanı iş üzrə düzgün nəticəyə gəlinməsi və təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 07 mart 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Ağakişiyev Nihat Murad oğluna silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsi həm təqsirləndirilən şəxsin özünün, həm zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həm də iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” X3 30 mart 2023-cü il tarixli, 281 nömrəli rəyi ilə təsdiq olunur. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxs Ağakişiyev Nihat Murad oğlu xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi 10-14 saylı ünvanının qarşısında dostu Şahid2 gözləyərkən Təqsirləndirilən şəxs və Şahid1 ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs ona yediyi şokoladdan verməməsi ilə bağlı fikir bildirmiş və bunun qarşılığında zərərçəkmiş şəxs X4 Həsənova söyüş söymüşdür. Bununla da onların arasında mübahisə yaranmış və daha sonra onlar əlbəyaxa olmuşlar. Daha sonra Təqsirləndirilən şəxs cibindən mətbəx bıçağını çıxararaq bir dəfə Nihat Ağakişiyevin diz nahiyyəsindən vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Ümumilikdə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında hadisə 3-5 dəqiqə çəkmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun müvafiq əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. İşin hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs Nihat Ağakişiyev ilə aralarında yaranmış mübahisədən sonra əlbəyaxa olmuş və daha sonra üzərində olan mətbəx bıçağı ilə sonuncunun diz nahiyyəsindən bir dəfə vuraraq xəsarət yetirmişdir. Bundan sonra isə dərhal ona yaxınlaşaraq ilkin tibbi yardım etmiş və ona köməklik göstərmişdir. Hadisə zamanı ətrafda əlavə heç kəs olmamışdır. Belə olan halda təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsindən söhbət gedə bilməz. Belə ki, məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, onunla zərərçəkmiş şəxsin arasında olan mübahisə Nihatın onun ünvanına nalayiq söz işlətməsi səbəbindən başlamış, mübahisənin davamı olaraq o, Nihata yumruq zərbələri vurmuş və Nihat da ona eyni qaydada yumruq zərbələri ilə cavab vermişdir. Bundan sonra o, cibindən bıçağı çıxarıb zərərçəkmiş şəxsi bir dəfə diz nahiyyəsindən vurmuşdur. Həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, o, Nihatı vurmaq istəməmiş, hər hansı hadisə olarsa özünü qoruması məqsədi ilə bıçağı daimi olaraq üzərində saxlamış, lakin Nihat onu söydüyündən və onu yumruqla vurduğundan o da Nihatı bıçaqla vurmuşdur. Həmçinin zərərçəkmiş şəxs Ağakişiyev Nihat Murad oğlu da həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki,onlar arasında mübahisə yarandıqdan sonra onlar əlbəyaxa olmuş və ani olaraq İdrak cibindən bıçaq çıxararaq onu dizindən yaralamışdır. İş üzrə dindirilmiş Şahid2 isə hadisəni birbaşa görmədiyindən, yalnız hadisədən sonra Şahid1 onu çağıraraq Nihatın xəsarət almasını demiş və o da çölə çıxaraq Nihatın dizinin qanadığını görmüşdür. Eyni zamanda kafenin qarşısında Nihatla İdrak arasında olan mübahisə ilə bağlı heç bir səs-küy olmadığını bildirmişdir. O, yalnız Mirələmin çağırışından sonra belə bir hadisənin olduğunu öyrənmişdir. Bundan əlavə Nihatın İdrak tərəfindən bıçaqla xəsarət almasını da polis şöbəsində öyrənmişdir. Həmçinin məhkəmə qeyd edir ki, istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi 10-14 saylı ünvanında yerləşən ikimərtəbəli binanın qarşısı ilə ifadə olunmuş (hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol), lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi 10-14 saylı ünvanda yerləşən kafenin qarşısında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması (halbuki yuxarıda qeyd olunan ünvanda baş vermiş hadisədə yalnız zərərçəkmiş şəxs N.Ağakişiyev və şahid qismində ifadə vermiş təqsirləndirilən şəxsin dostu Şahid1 olmuşdur), hansı kənar şəxslərin toplaşması, mübahisənin aradan qaldırılması məqsədi həmin şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxslər olmuşlarsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Hadisə yerinin görüntülərini özündə əks etdirək diskə məhkəmə tərəfindən keçirilən baxış zamanı müəyyən edilir ki, hadisə yerində Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs Ağakişiyev Nihat Murad oğlu və Şahid1 var. Saat 19:59:12-də başında papaq olan Təqsirləndirilən şəxs və dostu Şahid1 görünür və onlar Nihata yaxınlaşaraq söhbət etməyə başlayırlar. 19:59:49-da Təqsirləndirilən şəxs anidən Nihat Ağakişiyevin üzərinə hücum çəkir və onlar əlbəyaxa olurlar. Hadisənin davamı olaraq 20:00:00-da Təqsirləndirilən şəxs cibindən çıxardığı bıçaqla Nihat Ağakişiyevi bir dəfə diz nahiyəsindən vurur və zərbənin təsirindən Nihat Ağakişiyev divara doğru gedərək divara söykənir. Şahid1 20:00:34-da kafeyə daxil olaraq bir nəfər şəxsi çağırır. Həmin şəxs kafedən çıxır və onlarla danışmağa başlayır və 20:02:14-də kafeyə geri qayıdır. 20:03:03-də onlar kafenin qarşısından birlikdə uzaqlaşırlar. Beləliklə diskə baxış zamanı aydın olmuşdur ki, ümumilikdə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə ümumilikdə 2 dəqiqə davam etmişdir. Hadisə yerində ilk öncə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və iş üzrə Şahid1 olmuş, daha sonra isə Şahid1 kafedən çağırdığı Şahid2 gəlmişdir. Hadisə zamanı ətrafda əlavə kənar şəxslər toplaşmamış və ya hər hansı ictimai qayda pozulmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsindən ibarət hərəkətlərin olub-olmaması istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməsi zərurəti olduğu halda bunu etməyərək Təqsirləndirilən şəxs əməlin əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Ağakişiyev Nihat Murad oğluna qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, habelə Təqsirləndirilən şəxs tərəfindən silah qismində bıçaqdan istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Ağakişiyev Nihat Murad oğluna dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Ağakişiyev Nihat Murad oğlu ilə barışdığından, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidi. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.8, 43.1.2, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar