Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-326/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X4 Etibar qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Babaşov Vurğun Sitam oğlunun və onun nümayəndəsi və vəkili “LCG” Vəkil Bürosunun vəkili Nümayəndə1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Babaşov Nəbi Dilavər oğlunun və onun müdafiəçisi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Babaşov Dilavər Stam oğlunun və Babaşov Nəbi Dilavər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmələri haqqında Babaşov Vurğun Sitam oğlunun xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş Babaşov Vurğun Sitam oğlu Babaşov Dilavər Stam oğlunun və Babaşov Nəbi Dilavər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmələri haqqında xüsusi ittiham qaydasında şikayətlə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Xüsusi ittihamçı Babaşov Vurğun Stam oğlu, onun nümayəndəsi və vəkili Nümayəndə1 xüsusi ittiham qaydasında şikayətlə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, qardaşı Babaşov Dilavər Stam oğlu və qardaşı oğlu Babaşov Nəbi Dilavər oğlunun Vüqar Tofiq oğlunun “Youtube” sosial platformasında “Hürriyyət_tv” adlı kanalında müsahibə verərkən hər ikisinin müsahibənin ikinci saatının 16-cı dəqiqəsindən sonra barəsində mərhum qardaşı Babaşov Adışirinin Hacıqabul Quşçuluq fabrikində işləyən zaman 4 milyon manata yaxın gömrük rüsumunu mənimsəməsi, eyni saatın sonuncu dəqiqələrində Babaşov Dilavərin 200 min manat müqabilində yalançı şahidlik etməsi, daha sonra həmin platformada Ləman Əşrəf qızının “Live_tv” kanalında yayımlanan yayımın 26-cı dəqiqəsində, Babaşov Nəbi Dilavər oğlunun barəsində pul qarşılığında yalan şahidlik etməsi ilə bağlı ifadələr səsləndirib ona böhtan atdığını bildirmişdir. İttiham tərəfi məhkəmə hazırlıq iclasında vəsatətlə müraciət edərək, böhtan xarakterli məlumatların yayımlandığı media resurslarının məxsus olduğu hüquqi şəxslərin (“X1” MMC və "xxxx" MMC) hüquqi ünvanlarının müvafiq olaraq Bakı şəhəri Nərimanov və Abşeron rayonlarında yerləşdiyini əsas gətirmiş və işə aidiyyəti üzrə Bakı şəhərinin birinci instansiya məhkəmələrində baxılması üçün aidiyyəti üzrə göndərilməsini məhkəmədən xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 1(056)-78/2025 nömrəli, 25 iyun 2025-ci il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət baxılması üçün ehtimal edilən əməlin törədildiyi yer üzrə, yəni “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İşin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Sabirabad Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığı yaranır. Belə ki, Xüsusi ittiham qaydasında bu qəbildən olan işlər üzrə ərazi aidiyyətinin müəyyən edilməsində rəhbər tutulmalı olan əsas sənəd Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarıdır. Bu Qərar CPM-nin aidiyyətə dair normalarını məhz böhtan və təhqir işləri üzrə təfsir edir və bütün məhkəmələr üçün imperativ xarakter daşıyır. Sabirabad Rayon Məhkəməsi öz qərarını Plenum qərarının 12-ci bəndindəki əsas qaydaya, yəni şikayətə məlumatı yayan KİV-in hüquqi ünvanı üzrə baxılması tələbinə əsaslandırmışdır. Lakin məhkəmə həlledici bir faktı – məlumatların hansı platformada yayılmasını nəzərdən qaçırmışdır. İş materiallarından göründüyü kimi, mübahisəli videolar "Hürriyət_tv" və "LAF-Tv"nin “YouTube” platformasındakı kanallarında paylaşılmışdır. “YouTube” platformasının ("youtube.com") hüquqi ünvanı və qeydiyyat yeri Azərbaycan Respublikasının hüdudlarından kənardadır (ABŞ). Bu platformada kontent yerləşdirən Azərbaycan şirkətləri, o cümlədən KİV-ləri ("X1" MMC və "xxxx" MMC) isə xaricdə qeydiyyatda olan bir internet informasiya ehtiyatının istifadəçiləri qismində çıxış edirlər. Bu halda Plenum qərarının 12-ci bəndində nəzərdə tutulmuş istisna qayda tətbiq olunmalıdır: “Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.” Bu yanaşma Bakı Apellyasiya Məhkəməsinin formalaşmış təcrübəsi ilə də tam uyğunluq təşkil edir. Belə ki, məhkəmə aidiyyəti ilə bağlı oxşar mübahisələrə dair çıxarılmış bir sıra qərarlarda (məsələn, 1(103)-1032/2025, 1(103)-2074/2024, 1(103)- 980/2024, 1(103)-2384/2023 saylı qərarlar) məhz məlumatın yayıldığı sosial şəbəkənin ("YouTube", "TikTok", "İnstagram" və s.) xaricdə qeydiyyatda olması faktı əsas götürülərək, işin aidiyyətinin KİV-in hüquqi ünvanı üzrə deyil, məlumatı yayan şəxsin yaşayış yeri üzrə müəyyən edilməli olduğu qənaətinə gəlinmişdir. Belə ki, analoji işlərdə də, KİV-lərin Bakı şəhərində qeydiyyat ünvanları olsa da, faktiki olaraq yayılmış məlumatlar hüquqi ünvanları xaricdə qeydiyyata alınmış sosial şəbəkələrdə paylaşılmışdır. Beləliklə, Plenum qərarının imperativ göstərişi və formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla, hazırkı işin aidiyyəti məlumatı yaydığı iddia edilən şəxslərin, yəni Babaşov Dilavər Stam oğlu və Babaşov Nəbi Dilavər oğlunun Azərbaycandakı yaşayış yerləri üzrə müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, barələrində şikayət verilən şəxslərdən Babaşov X2 rayonunda, Babaşov Nəbi Dilavər oğlu isə Bakı şəhəri Yasamal rayonunda qeydiyyatdadır. Bu isə o deməkdir ki, işə baxılması səlahiyyəti Sabirabad Rayon Məhkəməsinə və ya Yasamal Rayon Məhkəməsinə aid ola bilər. Bu halda onlara qarşı vahid bir şikayət üzrə icraatın aparılmasının mümkünlüyü məsələsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən "Yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər". Hazırkı işdə iki şəxs faktiki olaraq eyni məzmunlu və vahid niyyətlə əhatə olunduğu iddia edilən böhtan əməllərində iştirakçı kimi ittiham olunurlar. Bu, onların əməllərinin birgə icraatda araşdırılmasına prosessual əsas yaradır. Lakin, bu şəxslərin yaşayış yerlərinin fərqli olması və Ali Məhkəməsi Plenumunun müvafiq qərarına əsasən aidiyyətin yaşayış yeri üzrə müəyyən edilməsi zərurəti, işə hansı məhkəmənin baxmalı olduğu məsələsini ortaya çıxarır. CPM-nin 74.8-ci maddəsi eyni səviyyəli məhkəmələrə aid olan iki və ya daha çox cinayət üzrə işə məhkəməyədək icraatın başa çatdığı yer üzrə baxılmasını müəyyən etsə də, bu norma daha çox ictimai ittiham qaydasında aparılan işlərə şamil edilir. Xüsusi ittiham qaydasında isə məhkəməyədək icraat aparılmır. Belə bir prosessual kolliziya vəziyyətində, cinayət mühakimə icraatının səmərəliliyi, prosesə qənaət və iş üzrə ziddiyyətli qərarların çıxarılmasının qarşısının alınması prinsipləri rəhbər tutulmalıdır. Xüsusi ittihamçı bu halda aidiyyəti məhkəmələrdən (Sabirabad və ya Yasamal) birinə müraciət etmək hüququna malikdir. Məhz bundan sonra məhkəmələr arasında yaranan aidiyyət mübahisəsi CPM-nin 77.1-ci maddəsinə əsasən həll edilməlidir. Beləliklə, iki fərqli yurisdiksiyada yaşayan şəxsə qarşı birgə şikayətin verilməsi mümkündür və bu, son nəticədə aidiyyət məsələsinin yuxarı məhkəmə instansiyası tərəfindən müəyyənləşdirilməsini zəruri edir. Bundan əlavə, Sabirabad Rayon Məhkəməsi qərarında "xxxx" MMC-nin hüquqi ünvanının Abşeron rayon olmasını qeyd etməsinə baxmayaraq, həmin xüsusata qərarda münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını öyrənərkən müəyyən etmişdir ki, “Şok!, .......... 8 milyon arada necə itdi?- LAF TV” başlığı ilə paylaşılmış video 21 may 2025-ci il tarixdə həmin KİV-in “Youtube” platformasında yerləşən kanalında paylaşılmışdır. Göründüyü kimi, son əməlin törədildiyi yer Abşeron rayonu olaraq müəyyən edilmişdir. Yuxarıda şərh edilən hüquqi və faktiki əsaslara istinadən Nərimanov Rayon Məhkəməsi belə nəticəyə gəlir ki, xüsusi ittihamçı Babaşov Vurğun Stam oğlunun şikayətinə dair 1(056)-78/2025 saylı iş üzrə materiallar bu məhkəmənin səlahiyyətinə aid deyil və aidiyyət yuxarı instansiya məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlər Sabirabad Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 77-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Babaşov Dilavər Stam oğlunun və Babaşov Nəbi Dilavər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmələri haqqında Babaşov Vurğun Sitam oğlunun xüsusi ittiham qaydasında şikayəti ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-326/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-326/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver