Məhkəmə qərarları › İş №1(005)-327/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-327/2022

26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-327/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, Atatürk prospekti 237, bina 3, mənzil 69-da qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 42-də kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radəbrində tanışı Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 1 ünvanda olarkən Zərərçəkmiş şəxs evin digər otağında yatmasından istifadə edərək yataq otağında çarpayının üzərinə qoyulmuş sonuncuya məxsus şalvarının cibində olan 1815 manat məbləğində nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ziyan vurmaqla oğurluq elmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ildən Bakı şəhərində yaşayır, sonuncu dəfə Binəqədi rayonu ərazisində yerləşən “Elita” kafesində kassada işləmişdir. Lakin orada işləyən Anar adlı şəxslə aralarında narazılıq olduğu üçün kafedən işdən çıxmış, lakin buna baxmayaraq kafeyə Anarın yanına gedib gəlmişdir. Sonradan həmin kafedə kababçı işləyən Xəyal adlı şəxslə tanış olmuş və Xəyala kömək lazım olduğu anda ona alış-veriş işlərində köməklik etmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində kafeyə gəlmiş və Xəyal ona bildirmişdir ki, kafedə lotoreya satan Azər adlı şəxsə köməklik etsin, o da sonuncunun sözlərinə etiraz etməmiş, həmin günü kafedə Xəyal və Azər birlikdə yeyib araq içmiş, sonra Xəyal onlarla birlikdə qalmağı bildirmişdir. O, yoldaşına zəng vurmuş və bildirmişdir ki, Xəyalgil ilə gecəni qalır ki, səhər lotoreyaları aparıb təhvil versinlər. Bundan sonra Xəyal və Azərlə birlikdə onların kirayə yaşadıqları ünvan 2 ünvana gəlmiş, birlikdə evə gəldikdə Xəyal cibində olan lotoreyaları stolun üstünə tökmüş, evdə satılan və qalan lotoreyaların sayını bilmək üçün saymışlar. Sonra silinmiş lotoreyaları ayırmışlar ki, səhər Azər ilə birlikdə aparıb yenisi ilə əvəz etsinlər. Bundan sonra evdə hərəsi ayrı-ayrı otaqlarda yatmış, gecə saat 02 radələrində yuxudan ayılmış, evdə olan hər kəs yatmış olmuşdur. Xəyalın yatdığı otağın qapısı açıq olmuş, o, həmin otağa girdikdə görmüşdür ki, şalvarını otaqda çarpayının yanına qoyub. O, Xəyalın yatmasından istifadə edib yatağın yanına yaxınlaşmış və oraya qoyduğu şalvarını götürüb cibinə əlini salmış, cibində olan pulları götürüb otağı cəld tərk etmişdir. Sonra evdən çıxıb birbaşa kirayə yaşadığı Yasamal rayonu ərazisindəki evinə gəlmiş, yolda gələrkən Xəyalın cibindən oğurladığı pulları saymış, Xəyalın cibindən 1815 manat pul götürmüşdür. Bu barədə evdə heç kəsə bildirməmiş və səhər tezdən əynini dəyişib oradan Gəncə şəhərinə getmiş, Gəncə şəhərində olarkən Xəyalın cibindən oğurladığı pulları yeyib içməyə xərcləmişdir. Əlavə olaraq göstərmişdir ki, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 1(005)-327/2022 saylı qərarı ilə Zərərçəkmiş şəxs məcburi qaydada Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilən 55 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli, 031799 nömrəli Arayışından görünür ki, Həsənov X2 rayonu, Z.Bünyadov prospekti, PYUA 38\9\10, ev 10 ünvanında yaşamır. Cinayət işinin 44-46-cı vərəqələrində olan Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, təxminən 3-4 ay olar ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “Elita” kafesini icarə əsasında işlədir. 21 yanvar 2021-ci il tarixdə əvvəllər tanıdığı və işlədiyi kafeyə gəlib gedən Təqsirləndirilən şəxs işlədiyi kafeyə gəlmiş və söhbət zamanı Davud gecəni qalmaq üçün yeri olmadığını bildirmişdir. Onun Davuda yazığı gəldiyi üçün onu yanında saxlamış və bildirmişdir ki. axşam onun kirayə qaldığı evə gedib orada qalsınlar. Həmin gün kafedə Davud və tanışı Azərlə yeyib içdikdən sonra 21 yanvar 2022ci il tarixdə saal 23:45 radələrində kafeni bağlayıb Davud və Azərlə birlikdə yaşadığı ünvan 4 ünvanına getmiş və həmin gecəni orada qalmışlar. 22 yanvar 2022-ci il tarixdə səhər saat 07:15 radələrində yuxudan oyanıb qalxdıqda Davudun evdə olmadığını görmüş, bundan sonra əynini geyinmək istədikdə şalvarının cibində olan 1815 manat nağd pulun olmadığını görüb onların Davud tərəfindən oğurlandığını başa düşmüşdür. Bundan sonra Davudun istifadəsində olan ***-***-**-** saylı GSM mobil nömrə ilə əlaqə saxlamış, lakin sonuncunun telefonuna zəng çatmamış, bir qədər gözləyib yenidən bir neçə dəfə həmin nömrə ilə əlaqə saxlamaga cəhd etmiş, lakin telefona zəng çatmadığı üçün 17-ci PŞ-nə gəlmiş və əmlakının Davud tərəfindən oğurlanması ilə bağlı şikayət ərizəsi yazmışdır, həmin vaxt tanışı Azər yanında olmuşdur. Əlavə olaraq göstərmişdir ki, ilkin araşdırma zamanı şalvarının cibindən 1815 manat pulu ilə yanaşı şəxsiyyət vəsiqəsinin də götürülməsi ilə bağlı izahat versə də, hadisədən sonra şəxsiyyət vəsiqəsini çarpayının altına düşmüş vəziyyətdə tapıb götürmüşdür, hazırda şəxsiyyət vəsiqəsi özündədir, yalnız Davud tərəfindən 1815 manat nağd pulu oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, həmkəndlisi Xəyal bir neçə müddət olar ki, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “Elita” kafesini icarə əsasında işlədir, həm də kafedə kababçı işləyir. 21 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onların işlədiyi kafeyə gəlmiş və qalmağa yeri olmadığını bildirmişdir. Xəyalın Davuda yazığı gəldiyi üçün onu yanında saxlamış və bildirmişdir ki. axşam onun kirayə qaldığı evə gedib orada qalsınlar. 21 yanvar 2022-ci il tarixdə saat 23:45 radələrində kafeni bağlayıb Davud ilə birlikdə Xəyalın yaşadığı evə getmiş və həmin gecəni orada qalmışlar. 22 yanvar 2022-ci il tarixdə səhər saat 07:15 radələrində yuxudan oyanıb qalxdıqda Davudun evdə olmadığını görmüş, bundan sonra Xəyal əynini geyinmək istədikdə şalvarının cibində olan 1815 manat nağd pulunun cibində olmadığını görüb pulunun Davud tərəfindən oğurlandığını başa düşmüş, sonra Xəyal Davudun istifadəsində olan mobil nömrə ilə dəfələrlə əlaqə saxlamış, lakin onun telefonuna zəng çatmamışdır. Bir qədər gözləyib Xəyal yenidən bir neçə dəfə həmin nömrə ilə əlaqə saxlamağa cəhd etmiş, lakin Davudun telefonuna zəng çatmadığı üçün Xəyal pulunun Davud tərəfindən oğurlanması ilə bağlı 17-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı X4 Azərbaycan Respublikası CM-nin 51 və 236-cı maddələrinə əsasən Zərərçəkmiş şəxs ərizəsi əsasında hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu: Hadidsə yeri Nərimanov rayonu, Z.Bünyadov prospekti, PYUA 38/9/10 ev 10 ünvanıdır. Vətəndaş Zərərçəkmiş şəxs şalvarının olduğu yeri göstərir. Hadisə yeri fərdi yaşayış evidir. Ev bir mərtəbəli həyət evidir. Evin giriş qapısı taxtadandır. Girişdə otağın sol tərəfində bir ədəd masa, 2 stol, yeri taxta döşəmədən, divarlar rəngli boyadan ibarətdir. Sol tərəfdə bir ədəd yataq dəsti vardır. Evə daxil olduqda sol tərəfdə başqa yataq otağı vardır. Orada iki yataq dəsti, bir ədəd paltar şkafı yerləşir və yeri taxta döşəmədən ibarətdir. Zərərçəkmiş şəxs şalvarını otaqda olan sol tərəfdəki yatağın üstünə qoyduğunu göstərdi. Hadisə yerində protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 27-ci vərəqində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 57-ci vərəqində olan “Təqsirləndirilən şəxsin saxlanıldığı MSY-dən buraxılması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 26 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 66-67-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.1, 70-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 1 il şərti sınaq müddəti tətbiq edilməklə məhkum edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, həmçinin göstərir ki, Təqsirləndirilən şəxs öz ifadəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsinə dair göstərdiyi xüsusat barəsində hər hansı təsdiqedici sənəd məhkəməyə təqdim edilməmiş, habelə qeyd edilən halı aydınlaşdırmaqdan ötrü zərərçəkmiş şəxsin bütün mümkün tədbirlərin görülməsinə baxmayaraq məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə, cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsini yüngülləşdirən hal kimi qiymətləndirilməsini və ya Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsini mümkün hesab etmir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal (cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar