Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-328/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsində, daşınmasında saxlanılmasında şübhəli bilindiyinə görə 20 aprel 2021-ci il tarixdə saat 22:15 radələrində ünvan 3 ünvanın qarşısında Nərimanov RPİ-in CAŞ-nin və həmin RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə istintaqa məlum olmayan mənbədən əldə etməklə satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşıyıb, saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,416 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 aprel 2021-ci il tarixdə, təxminən saat 21:30 radələrində yaşadığı evin yaxınlığında gəzinərkən yerdə bükülü vəziyyətdə şəffaf rəngli sellefon torba olduğunu görüb ona maraqlı olduğu üçün yerdən götürmüşdür. Həmin torbanın içərisinə baxanda içərisində “kakos” adı ilə tanıdığı heroin olduğunu görüb əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyaraq özündə saxlamışdır ki, ehtiyacı olduğu zamanlar istifadə etsin. 20 aprel 2021-ci il tarixdə, təxminən saat 22:10 radələrində Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 35 saylı ünvanın yaxınlığında olduğu zaman ona mülki geyimdə olan 2 nəfər yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib adını, soyadını və hansı ünvanda yaşadığını xəbər almışlar. O da üzərində narkotik vasitə olmasından narahat olaraq onlardan uzaqlaşmağa çalışmış, lakin həmin şəxslər ondan bir daha adını, soyadını və yaşadığı ünvanı xəbər alaraq onlarla Nərimanov RPİ-nə getməyini bildirmişlər. O da həmin şəxslərlə Nərimanov RPİ-nə getmişdir. İdarədə ona bildirilmişdir ki, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasında şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlar. Dəvət olunmuş vəkilin, onun və polis əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona təklif etmişdir ki, əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da yaşadığı evin yaxınlığından tapdığı içərisində narkotik vasitə olan 01 ədəd bükülünü çıxararaq könüllü təqdim etmişdir. Bundan əlavə əynində olan qısa qol gödəkcənin sağ yan cibindən 01 ədəd alışqanını və həmin gödəkcənin sol yan cibindən üzərində “Ventolin” yazılmış asma xəstəliyilə bağlı istifadə etdiyi dərman balonunu da könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində narkotik vasitə olan 01 (bir) ədəd bükülünü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib etmişdir. O, vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Bundan sonra, 01 ədəd alışqanını və dərman balonunu özünə qaytarmışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 20.04.2021-ci il tarixdə saat 22:15 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin Cinayət Axtarış üzrə kiçik inspektoru Şahid2 ilə birlikdə inzibati ərazidə olan zaman Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 35 ünvanın qarşısında bir nəfər şəxsin yerişi, hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslə danışarkən özünü təqdim etməyini bildirsələr də, həmin şəxs suallara qeyri-müəyyən cavab verməyə başlamış və danışarkən gözlərinin axmasını müşahidə etmişlər. Həmin şəxsə narkotik vasitələrin və ya digər maddələrin istifadəsində şübhələndiklərini bildirib onlarla birlikdə Nərimanov RPİ-nə gəlməsini bildirmişlər. Həmin şəxsin isə onlardan uzaqlaşmağa cəhd etmək istədiyini görüb tərəflərindən saxlanılaraq RPİ-nə gətirilmiş və Növbətçi Hissəyə təqdim etmişlər və RPİ-nin rəhbərliyinin adına bu barədə raport yazmışlar. İdarədə müəyyən edilmişdir ki, tərəflərindən Nərimanov RPİ-nə gətirilən şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan 01 ədəd şəffaf sellefon bükülünü könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə “kakos” adı ilə tanınan heroindir və həmin heroini bir gün əvvəl yaşadığı ünvanın yaxınlığında tapmış və gələcəkdə öz istifadəsi üçün idman şalvarının sağ yan cibinə qoymuşdur. Bundan başqa davam edən axtarış zamanı Təqsirləndirilən şəxs qara qəngli qısa qol gödəkcəsinin sağ yan cibindən 01 ədəd alışqanı və həmin gödəkcənin sol yan cibindən üzərində “Ventolin” yazılmış balonuda könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş şəffaf sellefona bükülmüş içərisində qəhvəyi rəngli maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş, həmin zərfin üzəri tərəflərindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o, və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 16-17-ci vərəqələrində olan “Tutma haqqında” 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-27-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X9, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 246.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid1, Şahid2 və 15 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqda şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinin tələbinə əsasən iştirakçılara və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs izah olundu ki, şəxsi axtarış və götürmə zamanı Nərimanov RPİ-in CAŞ-nin baş əməliyyat müvəkkili X3 tərəfindən “HONOR 20 PRO” modelli mobil telefonla çəkiliş aparılır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq, təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan 01 (bir) ədəd şəffaf rəngli sellefon bükülünü könüllü olaraq çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində olan maddə kakos adı ilə tanıdığı narkotik vasitə heroindir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi, içərisində narkotik vasitə heroin olan bükülünü 19 aprel 2021-ci il tarixdə, təxminən saat 21:30 radələrində yaşadığı evin yaxınlığında gəzərkən tapmış və gələcəkdə özü üçün istifadə etmək məqsədi ilə əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyaraq özündə saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qol gödəkcəsinin sağ yan cibindən üzərində “Shelby” yazısı olan 01 (bir) ədəd alışqanı və həmin gödəkcəsinin sol yan cibindən üzərində “Ventolin” yazılmış balonu da könüllü olaraq təqdim etmişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmışdı və DİN-nin 44 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi üzərində “Shelby” yazısı olan 01 (bir) ədəd alışqan və üzərində “Ventolin” yazılmış balon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığı üçün onun özünə qaytarılmışdır. Bununla da şəxsi axtarış və götürmə başa çatdı və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır. Cinayət işinin 36-37-ci vərəqələrində olan “Şübhəli şəxsin saxlanıldığı X5 azad edilməsi haqqında” 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin X5 azad edilməsi qərara alınmışdır. Cinayət işinin 41-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2021-ci il tarixli, 6/1571 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,416 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi- 0,416 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq- 0,366 qram. Cinayət işinin 69-70-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 22 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 75-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 22.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 80-81-ci vərəqələrində olan “Maddi sübut qismində tanımaq haqqında” 05.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,416 qram narkotik vasitə heroinin maddi sübut qismində tanınması və tədqiqatlardan sonra qalan qalıq, yəni 0,366 qram narkotik vasitə heroinin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc kamerasına verilməsi qərara alınmışdır. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 12.06.2021-ci il tarixli, 1881 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-102-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 11 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD diskin maddi sübut kimi tanınması və iş materiallarına əlavə olunmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitənin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,416 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (20-21 aprel 2021-ci il) 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 02 avqust 2021-ci il – 22 sentyabr 2021ci il tarixlərdə keçirilmiş 5 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 18 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,366 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-328/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-328/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver