Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-33/2025 23.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri De Fendo Vəkil Bürosunun vəkili Müdafiəçi tərcüməçi-X4 oglunun iştirakları ilə, xx.xx.1993-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsi olan avtomobil ələ keçirib qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs, 03 fevral 2024-cü il tarixdə saat 19 radələrində yuyucu işlədiyi ünvan 2 ünvanında yerləşən “Avtoyuma Baku” avtoyuma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs yuyulmasını ona həvalə edərək açarını verdiyi ağ mirvari dam qara rəngli “FAW” markalı, “Bestune T77 minik” modelli **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini açarla işə salıb avtomobili idarə etməklə talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçıraraq ünvan 3 ünvanında həmin avtomobillə hərəkətdə olan zaman “BMW İX” markalı,**-CK-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prado” markalı,**-EX-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı,**-VB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı,**-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşub yol nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs 15.790 (on beş min yeddi yüz doxsan) manat məbləğində xeyli midarda maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ay olmuşdur ki, ünvan 2 ünvanında yerləşən “Avtoyuma Baku” adlı avtoyuma məntəqəsində yuyucu kimi işləmişdir. Həmin avtoyuma məntəqəsinə tez-tez gələn bir neçə müştərini tanımışdır. Həmin müştərilərdən biri də Zərərçəkmiş şəxs olub. 03 fevral 2024-cü il tarixində saat 19:30 radələrində işlədiyim avtoyuma məntəqəsində olan zaman Fidan idarə etdiyi “FAW” markalı, “Bestune T77” modelli, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoyuma məntəqəsinə gələrək avtomobili üst və iç tərəfdən təmizlənməsi üçün ona təhvil vermişdir. Həmin gün səhər saatlarında Rasim adlı şəxs işlədiyi avtoyuma məntəqəsinə yaxınlaşaraq işləmək istədiyini və işçi lazım olarsa Azərbaycan Diplomatik Akademiyası ilə üzbəüz kafedə onu tapa biləcəyini bildirmişdir. Fidan xanım avtomobili səhər tezdən təhvil almalı olduğu üçün o, düşünmüşdür ki, Rasimi tapsın ki, ona avtomobili təmizləməkdə köməklik etsin. Buna görə də, Fidan xanımın ona təmizləmək üçün verdiyi “FAW” markalı, “Bestune T77” modelli, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşərək mühərriki işə salmış və avtoyuma məntəqəsindən çıxaraq Azərbaycan Diplomatik Akademiyası ilə üzbə-üzdə yerləşən kafenin qarşısına getmişdir. Həmin vaxt o, Rasimin kafenin qarşısında dayanaraq siqaret çəkdiyini görüb sonuncunu avtomobilə çağırmışdır. Rasim avtomobilə əyləşdikdən sonra avtomobili təmizləməkdə ona köməklik etməsini xahiş etmişdir. Rasim də etiraz etməmiş və birlikdə “FAW” markalı, “Bestune T77” modelli, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə düzünə hərəkət edərək işlədiyim avtoyuma məntəqəsinə qayıtmaq üçün hərəkət etməyə başlamışdır. O, Bakı şəhərində avtomobil yollarını yaxşı tanımadığı üçün naməlum istiqamətə gedərək yolu itirmişdir. Rasimlə birlikdə “FAW” markalı, “Bestune T77” modelli, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ilə hərəkətdə olan zaman “DYPX”-nin avtomobilinin onun təqib etdiyini görüb həyəcanlanmışdır. Onun sürücülük vəsiqəsi olmadığından həyəcanlanmış və “DYPX”-nin avtomobilindən yayınmaq üçün idarə etdiyi avtomobilin sürətini artırmışdır. Həmin vaxt o, idarə etməni itirmiş və qarşıda hərəkətdə olan bir neçə avtomobilə çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisədən dərhal sonra Rasim avtomobildən düşüb qaçdığı üçün o da hadisə yerində qalmayıb qaçaraq yaşadığı ünvana getmişdir. Səhəri gün avtoyuma məntəqəsini işlədən Etibar ona zəng edərək polis əməkdaşlarının onu axtardığını bildirmiş və o, Nərimanov RPİ-nin 18ci PŞ-nə gedərək hadisə barədə izahat vermişdir. O, Fidanı avtoyuma məntəqəsində işlədiyi müddətdə müştəri kimi görüb tanımışdır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, avtomobili qaçırıb idarə edərkən yanında Rasim adlı şəxs olmuşdur. Rasim adlı şəxsin heç bir anket məlumatlarını və istifadəsində olan mobil nömrəsini bilməmişdir. O, həmin gün günorta saatlarında yemək yeyərkən 01 ədəd “Yaquar” markalı spirtli içki qəbul etmişdir. Zərərçəkmiş şəxs ona qeyd olunan avtomobili ancaq üst və iç tərəfdən yumağı tapşırmışdır. Fidan ona avtomobili işə salaraq avtoyuma məntəqəsinin ərazisini tərk etməyə icazə verməmişdir. O, Fidanın icazəsi olmadan avtomobili işə salaraq idarə edib avtoyuma məntəqəsinin ərazisini tərk etmişdir. Onun sürücülük vəsiqəsi yoxdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı nə o, nə də ki, Rasim heç bir xəsarət almamışdır. Etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun özünə məxsus 2021-ci il buraxılışlı “FAW” markalı, “Bestune T77 minik” modelli **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2024-cü il tarixdə özünə məxsus “FAW” markalı, “Bestune T77 minik” modelli **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanında yerləşən “Avtoyuma Baku” adlı avtoyuma məntəqəsinə yuyulması üçün təhvil vermişdir. Həmin avtoyuma məntəqəsində əvvəllər də avtomobil yuduzdurduğu üçün orada yuyucu işləyən Təqsirləndirilən şəxs adını bilməsə də, üzdən tanımışdır və avtomobili yuması üçün ondan Qılınc təhvil almışdır. Həmin vaxt Qılınc ona avtoyuma məntəqəsində növbədə olduğunu və avtomobili təmizləyib ona zəng vurub məlumat verəcəyini bildirmişdir. O da yaşadığı ünvanın yanı olduğu üçün etiraz etməyib yaşadığı ünvana getsə də, bir neçə saat ərzində Qılınc ona zəng etməmişdir. Həmin gün saat 23:10 radələrində yaşadığı ünvanda olan zaman polis əməkdaşları onunla əlaqə saxlayaraq idarə etdiyi “FAW” markalı, “Bestune T77 minik” modelli **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində qəza törətməsi barədə məlumat vermişlər. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yumaq üçün verdiyi “FAW” markalı, “Bestune T77 minik” modelli **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili onun icazəsi olmadan idarə edərək qəza törətmiş və həmin hadisə nəticəsində avtomobil tam yararsız hala düşmüşdür. Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsində yuyucu kimi tanmışdır. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Avtomobili avtoyuma məntəqəsində yuyucu işləyən Təqsirləndirilən şəxs yuyulması üçün təhvil vermişdir. Avtoyuma yerində həmin vaxt başqa avtomobillər olduğundan o, orada gözləməmək üçün avtomobilin açarını Qılınca verib yalnız yuyulmasını tapşırıb oradan getmişdir. Həmin vaxt Qılınc avtomobili idarə edəcəyini və ya başqa niyyəti olduğunu ona bildirməmişdir. Avtomobili əvvəllər də yuyulması üçün həmin avtoyuma məntəqəsinə təhvil versə də bu cür hal ilk dəfədir ki, baş vermişdir. Təqsirləndirilən şəxs ona məxsus olan “FAW” markalı, “Bestune T77 minik” modelli **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilimi qaçırılması nəticəsində təxminən 25.000 manat ziyan dəymişdir. Qılınc onun icazəsi olmadan ona məxsus avtomobili avtoyuma məntəqəsinin qarşısından qaçırmışdır. Hazırda zərər ödənilməyib, lakin aralarında razılaşma var, Təqsirləndirilən şəxs azadlığa çıxarsa ona dəyən zərəri ödəyəcək.Ona görə şikayəti və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2, X2, Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “hadisəsi yerinə baxışı keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus “FAW” markalı, “Bestune T77 minik” modelli **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanında yerləşən “Avtoyuma Baku” avtoyuma məntəqəsindən qaçırmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “hadisəsi yerinə baxışı keçirilməsi barədə” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi ünvan 4 ünvanının qarşısında baş vermişdir. İş üzrə Təqsirləndirilən şəxs barəsində 04 fevral 2024-cü il tarixdə saat 17:45-də sərxoşluq vəziyyətinin tibbi müayinəsi keçirilmiş, təqdim edilmiş 2/6464 nömrəli aktla sonuncunun ayıq olması müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1719 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə tədqiqata təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 03 fevral 2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2021-ci il buraxılışlı mühərrik həcmi 1500 sm3, “Bestune” markalı, “T77” model, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 15790,00 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: -Dəyişilməli hissələrin qiyməti - 12560,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 3230,00 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 14342,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 11112,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 3230,00 manat. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İstintaq zamanı “Təhlükəsiz şəhər” sisteminin ərazidə quraşdırılmış TŞ6-52 nömrəli Təhlükəsiz Şəhər görüntü kameralarının vasitəsi ilə xx.xx.2024-ci il tarixdə saat 22:50-dən saat 23:04-dək olan müddətdə qeydə alınan video görüntülərin götürülməsi üçün sorğu verilmiş və sorğu əsasında təqdim olunmuş 1 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı 03 fevral 2024-cü il tarixdə saat 22:58-dən saat 23:04-dək Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsindən keçən avtomobil yolunun “TŞ” kamerası vasitəsi ilə qeydə alınmış görüntüləri əks olunmuşdur. Həmin video görüntülərə baxış keçirilən zaman saat 22:59-də Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində hərəkətdə olan ağ rəngli, dam hissəsi qara rəngli, “FAW” modeli avtomobilin yüksək sürətlə hərəkət edərək yol kəsişməsini keçdikdən sonra ondan qarşıda hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin yan hissəsindən çırpılaraq arxa hissəsinin yuxarı, ön hissəsinin isə asfaltın üzərinə toxunmuş vəziyyətdə sürüşərək dayanması, həmin vaxt qeyd olunan “FAW” markalı avtomobildən sürücü və sərnişin olan iki nəfər şəxsin düşərək qaçıb uzaqlaşması, hadisə yerinə polis əməkdaşlarının gəlməsi müşahidə olunmuşdur. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Axtarışda olan şəxsin tutulması haqqında 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə saat 15:50-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSYdən dərhal azad edilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 23 may 2024-cü tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Sübutların qiymətləndirilməsi haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə “Təhlükəsiz şəhər” sistemindın alınmış 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs idarə etdiyi Zərərçəkmiş şəxs məxsus “FAW” markalı, “Bestune T77 minik” modelli **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2024-cü il tarixdə saat 15:50-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 aylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş və xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X3 müharibə veteranıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 185.2.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxs, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilən maddədə nəzərdə tutulan cinayət əməlinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar bu əməli törətməklə təkcə avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarını pozmur, həm də yol hərəkəti qaydalarını təhlükə altına alır. Şərh edilən cinayətin obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin, talamadan fərqli olaraq burada avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, yalnız onun bəzi elementləri (daha çox sahiblik və istifadə hüququ) itirilir. Təhlil edilən cinayətin predmetini avtomobil və ya başqa nəqliyyat vasitəsi təşkil edir. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə əməli obyektiv cəhətdən avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada), yəni qaçırma başqasının avtomobilini və ya başqa nəqliyyat vasitəsini müvəqqəti ələ keçirmədə və onu dayandığı yerdən aparmada ifadə olunur. Avtomobil və ya başqa nəqliyyat vasitəsi onun sahibi və ya buna səlahiyyəti olan şəxs tərəfindən istənilən yerdə (küçədə, qarajda, dayanacaqda, müəssisənin ərazisində, digər yerdə) saxlanıla bilər. Qaçırılan avtomobil və ya başqa nəqliyyat vasitəsi özgəsinin olmalıdır, yəni təqsirkarın onlardan istifadə etməyə icazəsi və ya hüququ olmamalıdır. Nəqliyyat vasitəsi dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış sayılır. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə cinayətinin subyektiv cəhəti birbaşa qəsddən və talama məqsədinin olmamasından ibarətdir. Təqsirkar özgəsinin avtomobilini və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirdiyini dərk edir və bunu arzu edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını, qardaşının müharibə veteranı olması. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkün olmaması qənaətinə gələrək, ona CM-in 185.2.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 185.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, (Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsi) cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 26 dekabr 2024-cü il tarixdən hesablanmalı, iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-nin 69.3 maddəsi), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - “FAW” markalı, “Bestune T77 minik” modelli **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli, maddi sübut “Təhlükəsiz şəhər” sistemindın alınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 185.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş De Fendo vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə olduğu 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut – “FAW” markalı, “Bestune T77 minik” modelli **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut -“Təhlükəsiz şəhər” sistemindın alınmış 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-33/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-33/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver