Məhkəmə qərarları › İş №1(005)-330/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-330/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-330/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 25 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,477 qram çəkidə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıları»na salınmış kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıyarkən 13 aprel 2023-cü il tarixdə saat 11:40 dəqiqədə Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb, Nərimanov rayonu, Müzəffər Nərimanov 1 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kağız bükülüsünün içərisində 0,477 qram çəkidə narkotik kustar üsullar hazırlanmış vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və ifadəsində bildirmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə heroindən istifadə edir. 13 aprel 2023-cü il tarixdə o heroin əldə etmək üçün tanımadığı şəxsə 30 manat pul köçürmüş və həmin şəxsin ona verdiyi məlumata əsasən o Bakı şəhəri Nərimanov rayonu M.Nərimanov küçəsində işarələnmiş yerdən 1 ədəd şəffaf rəngli bükümdə heroin götürmüş və sonradan istifadə etmək məqsədi ilə əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 11:40 radələrində ünvan 5 ünvanı qarşısında piyada yol gedərkən ona 2 nəfər mülki geyimli səxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirməklə sonuncudan özünü təqdim etməyini bildirmişlər. Üzərində narkotik vasitə olduğuna görə özünü itirmiş, cavab verməkdən yayınmaqla onlardan uzaqlaşmaq istəmişdir. Bu zaman həmin şəxslər ondan narkotik vasitə istifadəçisi olub-olmadığını soruşmuşlar və sonuncu istifadəçi olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu, Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra təqdim etdiyi həmin 1 ədəd bükümdə olan heroin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmış, üzəri imzalanmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroini 13 aprel 2023-cü il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri Nəriman rayonu M.Nərimanov küçəsində tanımadığı İran vətəndaşından 30 manat pul müqabilində əldə etdiyini və şəxsi istifadə üçün üzərində saxladığını, özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 17-ci PŞ-də Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 aprel 2023-cü il tarixdə saat 11:40 radələrində bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 6 ünvanın yaxınlığında yerləşən adsız zavodun qarşısında bir nəfər şəxsin yerişindən və hərəkətlərindən, özünü şübhəli aparmalarından şübhələnib ona yaxınlaşaraq özlərini təqdim edib, ona da özünü təqdim etməsini təklif etmişlər. O, isə danışarkən suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışdığını görüb, onu saxlayıb 17-ci PŞ-nə gətirib şəxsiyyəti müəyyən edilən zaman onun xx.xx.1999-cu il təvəllüldlü, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və onun barəsində araşdırma aparılması üçün raportla müraciət etmişlər. X3 Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl həmin şəxsə hüquq və vəzifələrini izah etmiş vəkil Cavid Abbasovu dəvət etmiş və baxışın videoçəkiliş vasitəsilə keçiriləcəyi izah etmişdir. Baxış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin, bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffav rəngli bükülüsünü könüllü olaraq çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki «kakos» adı ilə tanınan heroindir, həmin narkotik vasitəni 13 aprel 2023-cü il tarixdə Nərimanov rayonu, M.Nərimanov küçəsində üzdən tanıdığı anket məlumatını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 30 manata almışdlr. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü zərfə qoyularaq iştirak edən polis əməkdaşlarının və onun özünün iştirakı ilə möhürlənmiş və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:40-da şübhəli şəxs qismində tutulmuşdur; 13 aprel 2023-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan və həmin şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı çəkilmiş videogörüntülərdən görünür ki, öncə Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilir ki, o da Təqsirləndirilən şəxs olduğunu deyir, sonra ona üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif edilir və Təqsirləndirilən şəxs əynində olan qara rənglı şalvarın sag yan cibindən 1 ədəd şəffaf rəngli bükülünü könüllü olaraq çıxarıb masanın üzərinə qoyur. Sonra bükümdəkinin nə olması soruşulduqda o təqdim etdiyi bükülünün içərisindəki «kakos» adı ilə tanınan heroindir, həmin narkotik vasitəni 13 aprel 2023-cü il tarixdə Nərimanov rayonu, M.Nərimanov küçəsində üzdən tanıdığı anket məlumatını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 30 manata almasını bildirdi.Bundan sonra aşkar olunmuş narkotik vasitə - heroin boş zərfə qoyub möhürlənir. Bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2023cü il tarixli, 6/2185 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən....” sözləri və imzalar qeyd edilmiş zərfdəki bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,477 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyhılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağın edilən narktik vasitələr»-in siyahısına (Siyahı 1) daxildir.Heroinin təmiz çəkisi-0,477 qram, tədqiqata sərf edildi -0,05 qr., qalıq - 0,427 qram. Ekspertiza tədqiqatının dəyəri 55 manat təşkil edir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 may 2023-cü il tarixli, 2948 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “sübutların qiymətləndirilməsi” haqqında 28 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş təmiz çəkisi 0,477 qram narkotik vasitəheroinin və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri ilə olan 01 ədəd DVD diskin cinayət işi üzrə maddi sübut hesab edilməsi, heroindən ekspertiza tədqiqatına 0,5 qram sərf edildikdən sonra qalan 0,427 qram hissəsinin məhkəmə hökmünə qədər saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə verilməsi, diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,477 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsini və peşman olmasını, ilk dəfə cinayət törətməsini yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (13- 15 aprel 2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 0,427 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 25 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar