Məhkəmə qərarları › İş №1(005)-331/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-331/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-331/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1978-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıları»na salınmış, ayrı-ayrı bükümlərdə ümumi çəkisi 10,360 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram olan 06 ədəd metadon təkibli dərman preparatı həblərini əldə edib saxlamaqla daşıyarkən 10 fevral 2023-cü il tarixdə saat 13:15-də Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılıb, ünvan 3da yerləşən Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülünün içərisində 10 ədəd ayrı-ayrı bükümlərdə 6,946 qram, 0,889 qram, 0,322 qram, 0,351 qram, 0,384 qram, 0,341 qram, 0,365 qram, 0,273 qram, 0,352 qram və 0,137 qram olmaqla, ümumi çəkisi 10,360 qram narkotik vasitə olan qurudulmuş marixuana və əynində olan təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram olan 06 ədəd metadon təkibli dərman preparatı həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 10 fevral 2023-cü il tarixdə günorta saatlarında Nərimanov rayonu, Aşıq Qərib küçəsi ev 14 saylı ünvanın qarşısında hərəkət edərkən 2 nəfər şəxs yaxınlaşıb, özlərini təqdim edərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib onu həmin 18-ci Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinin xidməti otağında üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunsuz olaraq saxladığı nə varsa, könülü olaraq təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində olan 06 ədəd metadon təkibli həbləri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun üzərinə baxış keçirən zaman üzərində başqa narkotik vasitə olmamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin X2 əməliyyat müvəkkili Şahid1 oğlu ifadəsində göstərdi ki, 10 fevral 2023-cü il tarixdə saat 13:15 radələrində həmkarı ilə birlikdə Nərimanov rayonu, Aşıq Qərib küçəçi 14 ünvanda xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb, ona yaxınlaşaraq özlərini təqdim edib, ondan da özünü təqdim etməsini tələb etdikdə onun uzaqlaqşmaq istədiyini görüb onu saxlayaraq uzaşlaqma səbəbini soruşduqda o, bildirmişdir ki, üzərində narkotik vasitə vardır. Odur ki, onu 18-ci PŞ-nə gətirib barəsində araşdırma aparılması üçün raportla müraciət edib, onu növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra onun şəxsiyyəti müəyyən edilmiş, onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Onun barəsində araşdırmanın aparılması bölmənin təhqiqatçısı Vüqar Ələkbərliyə tapşırılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl həmin şəxsə hüquq və vəzifələrini izah etmiş və vəkil dəvət edib, baxışın videoçəkiliş vasitəsilə keçiriləcəyini izah etmişdir. Baxış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd selofan paketin içərisində olan 02 ədəd selofan kəsiyinə və 08 ədəd kağız parçasına bükülmüş, içərisində yaşıl rəngli ot halında kütləni və 06 ədəd həbləri könüllü olaraq çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, təqdim etdiyi bükülülərin içərisindəki «nəşə» və metadondur. Həmin maddələri Həsən adlı İran vətəndaşı ilə əlaqə saylayaraq 153 manata özünün istifadəsi üçün alıb özündə saxlamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükülü zərfə qoyularaq iştirak edən polis əməkdaşlarının və onun özünün iştirakı ilə möhürlənmiş və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili (əvvəllər Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili) Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 24-25-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-27-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında” 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı X4 həmin protoklu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51 və 246.2.1-ci maddələrinin tələbinə əsasən Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və vəkil X5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti həyata keçirilmişdir. 10 fevral 2023-cü il tarixdə saat 13:15 radələrində Nərimanov RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. İştirakçıların iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan paketin içərisində olan 02 ədəd sellofan kəsiyinə və 08 ədəd kağız parçasına bükülmüş, içərisində yaşıl rəngli, ot halında kütləni və 06 ədəd həbləri könüllü olaraq təqdim etmişdir. Əlavə olaraq əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd kağız parçası, digər gödəkçənin sağ iç cibindən 01 ədəd kağız parçası və 01 ədəd qəbz təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddələr narkotik vasitə hesab olunan “nəşə” və “metadondur”. Üzərindən aşkar edilmiş maddələri “Həsən” adlı şəxsdən ümumilikdə 153 manata almışdır. 10 fevral 2023-cü il tarixdə saat 13:15 radələrındə isə ünvan 6 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində heç nə olmamışdır. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatmışdır, iştirakçılar tərəfindən heç bir şikayət, vəsatət daxil olmamışdır. Protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, imzalarla təsdiq olunmuşdur. Cinayət işinin 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2023-cü il tarixli, 6/845 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №224” dairəvi möhür əksi və «...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; şübhəli şəxs-imza, iştirak etdi:-iki imza, tərtib etdi:V.Əkbərli-imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə «Methadone 40» əmtəə göstəricisi olan konvalyutda içərisində ümumilikdə 06 ədəd yazı əlavəli qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibi dərman preparatıdır və 06 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı-0,24 qramdır. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2023-cü il tarixli, 7/206 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Vət.Təqsirləndirilən şəxs üzərindən...» yazıları və imzalar olan kağız paketdəki 02 (iki) ədəd sellofan bükümlərdə və 08 (səkkiz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 6,946 qram, 0,889 qram, 0,322 qram, 0,351 qram, 0,384 qram, 0,341 qram, 0,365 qram, 0,273 qram, 0,352 qam, 0,137 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 10,360 qramdır. Cinayət işinin 71-73-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 12 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Məhəmməd Tağıyevin xx.xx.2023cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 74-75-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçiləsi barədə” 12 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 90-92-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin 95-98-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(004)-214/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müdətinin başlanğıcının 15 may 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 103-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisi yaxınlığında saxlanılaraq Nərimaov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş və zəruri istintaq hərəkətlərinin davam etdirilməsi üçün Nərimaov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 117-ci vərəqində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 4(005)-662/2023 saylı qərarından olan çıxarışdan görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 2 (iki) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 07 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 2776 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin 131-136-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi, xx.xx.2023-cü il tarixdə ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 (iki) ədəd sellofan bükümlərdə və 08 (səkkiz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 6,946 qram, 0,889 qram, 0,322 qram, 0,351 qram, 0,384 qram, 0,341 qram, 0,365 qram, 0,273 qram, 0,352 qam, 0,137 qram olmaqla ümumi çəkisi 10,360 qram narkotik vasitə olan qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram olan 06 ədəd metadon tərkibli dərman preparatının iş üçün müstəsna əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd “DVD” diskə baxış keçirilərkən, onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülünün içərisində 10 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuananın və 06 ədəd metadon təkibli dərman preparatı həblərinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 07 may 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə marixuana və metadon təkibli dərman preparatı həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 07 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 9,860 qram narkotik vasitə qurudulmuş marixuana və 05 ədəd metadon təkibli dərman preparatı həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 170 (yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar