Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-331/2025 27.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Qovşudlu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Əliyev küçəsi nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,719 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,772 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla 03 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 5 ünvanına daşımış və 03 iyun 2025-ci il tarixdə saat 05:00-da Bakı şəhəri Nərimanov RPİ-nin PPXBnin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3rləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş, orada videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,719 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,772 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edərək ifadəsində bildirmişdir ki, Ağdam rayonu ərazisində yol tikintisində qaynaqçı olaraq işləmişdir. 2019-cu ildən narkotik vasitələrdən istifadə edir. xx.xx.2025-ci ildə gecə saatlarında İranlı kimi bildiyi, lakin tanımadığı şəxslə əlaqə saxlayıb hər biri 1 qram narkotik maddə maddə olan “patı” və “kakos” sifariş etmiş, deyilən bank kartına bunların müqabilində 100 manat pul göndərmişdir. Sonra patını götürmək üçün Ağdam rayonundan taksi ilə ona göndərilmiş məkan göstəricisi əsasında Nərimanov rayonu ərazisində yerləşən parkın yaxınlığına getmiş, orada sifariş etdiyi bükümləri götürmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış, post-patrul xidməti əməkdaşları onu sorğu-sual etdikdən sonra birlikdə üzərindən aşkar edilmiş bükümü götürmüşlər və bundan sonra onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, hər biri ayrı-ayrı bükümlərdə olmaqla metamfetamin və heroin aşkar olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu səhərə yaxın saxlamışlar və polis şöbəsində üzərində videoçəkilişlə baxış keçirilmişdir. “Kokos” kimi tanıdığı heroin və “metamfetamin” satın almış, hər biri 1 qram olmaqla öz istifadəsi üçün sifariş etmişdir. Polis əməkdaşları onu saxlayarkən üzərində heç nə olmamış, müəyyən olunmuş konuma çatmağına 50-60 metr qalmış polis əməkdaşları onun olduğu taksini saxlamışlar. Polislər onun və sürücünün şəxsiyyətini əllərində olan planşetlə portalda məlumatlarından müəyyən etdikdən sonra, məhkumluğu çıxdığına görə ondan şübhələnmiş, avtomobili və onun üzərini yoxlamışlar. Heçnə aşkar edilməmişdir. Telefonunda “Whatsapp” proqramına baxış keçirərək mesajlardan narkotik vasitənin yerini müəyyən etmiş, sifariş verdiyi psixotrop maddə və narkotik vasitəni özləri götürmüşlər. Narkotik vasitəni tanımadığı şəxsdən almış, polis əməkdaşları onu səhərə yaxın saat 04:00-06:00 radələrində Nərimanov rayonu, A.M.Cümə küçəsində parkın yaxınlığında saxlamışlar. Polislər onun üzərinə və taksiyə baxış keçiriblər. Taksini “BOLT” tətbiqindən sifariş vermişdir. Taksi onu Ağdamda işlədiyi yerdən götürüb Bakıya gətirmişdir, polislərin yanında taksiyə 85 manat ödəniş etmişdir. Taksidən “20 Yanvar” yaxınlığında düşməli idi, amma narkotik vasitəni götürmək üçün Nərimanov rayonu ərazisinə gəlməli olmuş və taksiyə əlavə ödəniş etmişdir. Narkotik vasitə üçün 100 manat ödənişi mobil tətbiq vasitəsilə kartdan karta köçürmüşdür. Telefonu hal-hazırda nasaz olduğu üçün təmirdədir. ***-***-**-** saylı mobil nömrəni istifadə etmiş, 1 gecə şöbədə qalmışdır. Şöbədə olarkən müdafiəçi ilə təmin olunmuşdur. Əməlindən peşmandır, özünü təqsirli hesab edir və yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Nərimanov RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2025-ci ildə səhər saatlarında Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri Şahid5 birlikdə inzibati ərazidə xidmətdə olduqları zaman Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən el arasında “Kəpənək” parkı kimi adlanan, əsl adı “Həştərxan” olan parkda bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşıb, şəxsiyyəti və yaşayış yerini öyrənmək üçün suallar vermişlər. Təqsirləndirilən şəxs orada qalmadığını, buranın qeydiyyatında olmadığını bildirmişdir. Həmin şəxs verilən suallardan yayınaraq yalan danışmağa başlamışdır. Hərəkətləri və danışığı şübhəli olduğuna görə manqa komandiri Şahid3 məruzə etmişlər. Sonuncu ora gəldikdən sonra birlikdə PPX-nə məxsus xidməti avtomobilə əyləşdirib Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirib təhvil vermişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs qeyd etdiyi parkda saxlanılmış, orada saxlanılarkən gah bibisi gilə gəldiyini demiş, gah da başqa şeylər danışmışdır. Onlarda düşünmüşdür ki, gecənin bu saatında heç kəs bibisigilə gəlməz. Söhbətlər əsnasında Zaurun narkotik vasitə istifadəçisi olduğunu öyrənsələr də üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olması barədə Zaur onlara heçnə deməmişdir. Zauru taksidə saxlamamışlar, konuma gedib hər hansı narkotik vasitə və ya psixotrop maddə götürməmişlər. Zaurun parkda ağaclıq yerdə piyada hərəkətdə olduğunu, o yan bu yan gəzdiyini, özünü şübhəli apardığını müşahidə etdiklərinə görə Zaura yaxınlaşmışlar. Orada taksi görməmişdir və Zauru taksidən düşürməmişlər. Zaurun şəxsiyyətini portalla yoxlayıb müəyyən etməmişdir. Onsuzda onlara xidmətdə olarkən əl planşetlərinin verilməsi uzun müddətdir ki, dayandırılmış və planşetlər onlardan yığışdırılmışdır. Ona görə də Zaurun dedikləri yalandır. Əməliyyatçı olmadıqlarına görə şəxslərin üzərini yoxlamaq və çəkiliş aparmaq səlahiyyətləri də yoxdur. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri Nağıyev X1 Eltun Emil oğlu ilə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini təkzib etmişdir. Məhkəmə iclasında iştirak etməyən şahid - Bakı şəhəri Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid5 ibtidai istintaq orqanına verdiyi Şahid4 ifadəsi ilə oxşar məzmunda olan ifadəsi elan edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Yaşar oğlu ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2025-ci ilin iyun ayının əvvələrində səhərə yaxın Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs kimi 18-ci PŞ-nə gətirilmişdir. Polis şöbəsində xidməti otaqlarının birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamini təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi maddələr narkotik vasitə “kakos” və “patı”dır. Onları həmin gün İranlı kimi tanıyıb əlaqə saxladığı şəxsdən 100 manata sifariş etdiyini, “Həştərxan” parkının yaxınlığında məkan olaraq göndərilən yerdən götürüb üzərində saxladığını, götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onda hər-hansı bir məlumat olmamışdır. Məhkəmə iclasında iştirak etməyən şahid - Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞnin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq orqanına verdiyi Şahid2 Yaşar oğlunun ifadəsi ilə oxşar məzmunda olan ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaların təqdim edilməsi bildirilmiş və Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddəni və 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli maddələri çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlərin içərisində “kakos” və “patı” adlanan maddə olduğunu, “Həştərxan” parkının yaxınlığında məkan olaraq göndərilən yerdən 100 manata əldə etdiyini bildirmişdir. “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, görüntülər müvafiq olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokolun məzmunu həmin görüntülərlə eynilik təşkil edir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/2074 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün № 224” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs..” və s.soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,772 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,719 qram ağ rəngli, kristallik kütlə kustar üsulla haızrlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3367 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd “CD” formatlı disk və "xxxx" MMC-dən alınmış 01 ədəd “CD” formatlı disk, Təqsirləndirilən şəxs götürülmüş 0,719 qram psixotrop maddə metamfetamin və 0,772 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,619 qram psixotrop maddə metamfetamin və 0,672 qram narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağına təhvil verilmiş, 02 ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə aparılması, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısına əsasən narkotik vasitə olan heroinin aşağı həddi 0,15 qram olduqda xeyli, 2 qram olduqda külli, 800 qram olduqda isə xüsusilə külli, “Psixotrop maddələr” adlı İİ siyahısına əsasən isə psixotrop maddə olan metamfetaminin aşağı həddi 0,15 qram olduqda xeyli, 2 qram olduqda külli, 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaqdakı ifadəsindən fərqli olan “ona “Whatsapp” mobil tətbiqində göndərilən məkan göstəricisi üzrə həmin gün 100 manat pul qarşılığında şəxsi istifadəsi üçün hər biri 1 qram çəkidə olmaqla sifariş verdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etmək məqsədilə Ağdam rayonundan Bakı şəhərinə taksi ilə gəlməsi, polis əməkdaşları tərəfindən taksidə olarkən saxlanılması, qanunsuz predmetləri polislərin əvvəlcədən ona göndərilmiş məkandan götürmələri” məzmunlu ifadəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs bu ifadələri özünümüdafiə xarakteri daşımaqla məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Məhkəmə qeyd olunan ifadəni qismən etirafedici ifadə kimi qiymətləndirir və nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs ifadəsi özünün ibtidai istintaqa verdiyi ifadəsi, məhkəmə iclasında dindirilmiş, eləcə də iştirak etməyən şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin hərəkətləri özündə əks etdirən “CD” formatlı diskdə olan videogörüntülərlə tam təkzib edilir. Göstərilənlərə əsasən qeyd edilən əməlin tövsif edilməsi, onun cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Şübhəli olan şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə həmin gün saat 07:20-də tutulmuşdur. Nərimanov RPİ-nin 18-ci PŞ-nə verilmiş xx.xx.2025-ci il tarixli raportun məzmunundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 05:00 radələrindən məhdudlaşdırılmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi” haqqında Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və məhkəmə hökmündən görünür: Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 185.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 8 ay 3 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(005)-331/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməklə həbs qətimkan tədbiri seçilmiş və tutularaq dərhal həbs edilməsi, həbs müddətinin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il saat 22:00-da saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞnə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-17/42/2-7100/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə həbsdə saxlanması üçün 3 saylı İstintaq təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş “Yeni Başlanğıc” Reablitasiya Mərkəzinin xx.xx.2025-ci il tarixli 015 nömrəli arayışının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə mərkəzə müraciət etmiş və xx.xx.2025-ci il tarixdə qəbul edilərək 6 ay müddətə müalicə alması məqsədə müvafiq hesab olunmuşdur. Cəza təyini zamanı nəzərə alınmalı hallar və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini və səmimi peşman olması, narkomaniyadan müalicə olunmaq üçün təşəbbüs göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü müəyyən olunarkən məhkəmə cinayətin xarakteri və ictimai təhlükəliliyini, yəni şəxsin həm narkotik vasitə, həm də psixotrop maddə əldə etməsini, daşımasını və saxlamasını, qanunla dövriyyəsi qadağan edilmiş həmin predmetlərin çəkisinin xeyli miqdarın aşağı həddindən kifayət qədər çox olmasını nəzərə alaraq ona qeyd olunan əməlinə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin məqsədəmüvafiq olması, yalnız bu cəzanın təyin olunması ilə şəxsin islah olunmasına nail olmağın mümkünlüyü qənaətinə gəlir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin olunması məqsədəuyğun və ədalətli olar. Belə ki, məhkəmə təqsirləndilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini və səmimi peşmanlıq çəkməsini, narkomaniyadan məcburi müalicə alınmasına təşəbbüs göstərməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hallar kimi qiymətləndirir və cəza təyini zamanı bu əsasları nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı (iş materiallarından görünür ki, xx.xx.2025-ci il saat 05:00-da azadlığı faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan xx.xx.2025-ci il saat 10:55-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra Nərimanov rayon prokurorunun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina olunması haqqında xx.xx.2025ci il tarixli qərarı ilə tutulmadan azad edilmişdir. Prosessual hərəkətlərin növbəliliyinə əsasən Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 48 saatdan artıq müddətdə məhdudlaşdırıldığı müəyyən edildiyi üçün həmin müddət 3 gün kimi nəzərə alınmalıdır.) müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəza müddətinin əvvəli həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, iş üzrə maddi sübut - ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,619 qram psixotrop maddə metamfetamin və 0,672 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd “CD” formatlı disk və "xxxx" MMC-dən alınmış 01 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 45 iş saatı üçün 495 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdən 05 iyun 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli həbs olunduğu 06 dekabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,619 qram psixotrop maddə metamfetamin və 0,672 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd “CD” formatlı disk və "xxxx" MMC-dən alınmış 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 110 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 45 iş saatı üçün 495 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №1(005)-331/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-331/2025
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver