Məhkəmə qərarları › İş №1(005)-332/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-332/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-332/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1963-cü ildə Ermənistanın Novemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 450,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin və Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanında fəaliyyət göstərən “Metro Park” AVM-in qarşısında saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilib şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamarı sol əlində saxladığı sellofanda olan 450,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Bununla bağlı bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin cəzası 01 ilə endirilmiş, xx.xx.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında “Kubinka” adlanan ərazidə piyada gəzərkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq təcili pul lazım oduğu üçün narkotik vasitə olan qurudulmuş marixuana satdığını bildirmiş və həmin marixuananı almağı təklif etmişdir. Həmin şəxsdən 200 manat müqabilində sellofan torbaya bükülmüş marixuananı almış və bir müddət yaşadığı ünvanda saxlamışdır. Marixuananın bir qismini xx.xx.2020-ci il tarixədək hissə-hissə istifadə etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananı ailə üzvlərindən gizli şəkildə istifadə etdiyi üçün onu evdə saxlamamaq qərarına gəlmişdir. Bu məqsədlə narkotik vasitəni gizlətmək üçün Nərimanov metrostansiyası yaxınlığına gəlmişdir. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində ünvan 2 ünvanında fəaliyyət göstərən “Metro Park” AVM-in qarşısında piyada gəzən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ad və soyadını soruşmuş və onu Nərimanov RPİ-yə dəvət etmişlər. Polis əməkdaşlarının müşayiəti ilə həmin idarənin inzibati binasına getmiş və aradan bir neçə dəqiqə keçəndən sonra ora tanımadığı bir nəfər şəxs gəlmişdir. Daha sonra onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və ona üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymaq təklif olunmuşdur. O, əlində saxladığı, üzərində “Blue jeans” yazısı olan sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba polis əməkdaşları tərəfindən açıldıqda içərisində digər şəffaf sellofana bükülmüş tünd yaşıl rəngli, spesifik qoxuya malik, qurudulmuş ot kütləsi aşkar olunmuşdur. Həmin vaxt təhqiqatçının suallarına cavab olaraq torbanın içərisindəkinin marixuana olduğunu və onu xx.xx.2020-ci il tarixdə “Kubinka” adlanan ərazidə olarkən tanımadığı şəxsdən 200 manata aldığını demişdir. Bundan başqa əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon cihazını, şəxsiyyət vəsiqəsini, həmin şalvarın sol yan cibindən pul əskinaslarını, siqaret qutusunu, habelə sol əlində olan qol saatını çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarına təqdim etdiyi sellofan büküm qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, digər əşyalar isə onun özünə qaytarılmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılsa da, üzərindən digər hər hansı əşya aşkar olunmamışdır. Sonra təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, bütün iştirakçılar protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Tutularkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Nərimanov metrostansiyası yaxınlığında olarkən sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin özünü şübhəli apardığını görüb yaxınlıqda olduğunu bildiyi digər polis əməkdaşı Şahid2 zəng etmiş və bu barədə məlumat vermişdir. Turqay ilə birlikdə Nərimanov rayonu, Təbriz 106 ünvanında fəaliyyət göstərən “Metro Park” AVM-in qarşısına gələrək həmin şəxsə yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etmiş və həmin şəxsi Nərimanov RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs hər hansı etiraz bildirmədən Nərimanov RPİ-yə gəlməyə razılıq vermişdir. Daha sonra idarənin yerləşdiyi inzibati binaya gəlmiş və təhqiqatçı Orxan Məmmədovun qərarı ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymağı təklif etmiş və şəxsi axtarış keçiriləcəyi barədə məlumat vermişdir. Bu zaman Təqsirləndirilən şəxs sol əlində saxladığı, üzərində “Blue jeans” yazısı olan sellofan torbanı könüllü olaraq təhvil vermişdir. Təhqiqatçı həmin torbanın içərisində nəyin olduğunu soruşanda Təqsirləndirilən şəxs torbanın içərisində marixuana olduğunu, onu xx.xx.2020-ci il tarixdə “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 200 manata aldığını demişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon cihazını, öz adına olan şəxsiyyət vəsiqəsini, həmin şalvarın sol yan cibindən pul əskinaslarını, siqaret qutusunu, habelə sol əlindəki qol saatını çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya aşkar olunmamışdır. Sonda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin alğı-satqısı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərkən məlum oldu ki, o, iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” xx xxxxxx 2020-ci tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X2, Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid1, Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin inzibati binasında, 48 nömrəli xidməti otaqda şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində ünvan 2 ünvanda yerləşən “Metro Park” ticarət mərkəzinin yaxınlığında, özünü şübhəli apardığına görə Nərimanov RPİ-nin 17-ci PŞ-nin və 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı, üzərində “BLUE JEANS” yazısı olan sellofan torbanı təqdim etmişdir. Həmin selofan torba tərəfindən açıldıqda içərisində, digər şəffaf sellofana bükülmüş, tünd yaşıl rəngli, spesifik qoxuya malik, qurudulmuş ot kütləsi aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs, əynində olan qara rəngli cins şalvarının sağ yan cidindən, 01 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon cihazını, Təqsirləndirilən şəxs adına verilmiş 1 ədəd AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini, həmin şalvarın sol yan cibindən 01 (bir) ədəd C27673326 seriyalı 05 (beş) manatlıq, 01 (bir) ədəd A20035697 seriyalı 10 (on) manatlıq pul əskinasını, eləcə də, içərisində 05 (beş) ədədi siqaret və 01 (bir) ədəd boz rəngli alışqan olan 01 (bir) ədəd “SOBRANİE” markalı siqaret qutusunu çıxardıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sol əlinin bilək hissəsinə bağlanmış üzərində “WİNNER” yazısı olan 01 (bir) ədəd qara rəngli qol saatını çıxardıb təqdim etmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 (bir) ədəd bükümün içərisində narkotik vasitə olan marixuanadır. O, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə axşam saatlarında “Kubinka” adlanan ərazidən, tanımadığı şəxsdən 200 (iki yüz) manat müqabilində alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 15 (on beş) manat nağd pul vəsaiti, içərisində 05 (beş) ədəd siqaret və 01 (bir) ədəd boz rəngli alışqan olan 01 (bir) ədəd “SOBRANİE” markalı siqaret qutusu və 01 (bir) ədəd qol saatı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığından Təqsirləndirilən şəxs qaytarılmış, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi və 01 (bir) ədəd “Samsung” markalı mobil telefon aparatı, üzərindəki sim-kartla birlikdə araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/546 nömrəli məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş…” sözləri yazılmış polietilen torbada bir ədəd şəffaf sellofanda təmiz çəkisi 450,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 450 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 449,95 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2020-ci tarixədək həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm Diniyevin xx xxxxxx 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən dərhal azad edilməsi qərara alınmışdır; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanımaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və təmiz çəkisi 450,0 qram olan narkotik vasitə olan qurudulmuş marixuana göstərilən cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatı zamanı 0,05 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın sərf edildiyi nəzərə alınmış, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmaqla zərfdə yerləşdirilmiş 449,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana müvafiq məhkəmənin yekun qərarınadək Nərimanov rayon Polis İdarəsində məsul saxlanışa verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə cəzası 01 ilə endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə 03 ay 06 gün şərti cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxxxxxx 2020-ci il tarixli, 2436 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, habelə öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-139/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 1(103)-741/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 01 (bir) il müddətə endirilmişdir; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1127/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından azad edilməsi barədə ərizəsi təmin edilmiş və o, çəkilməmiş 3 (üç) ay 6 (altı) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi qiymətləndirilmişdir; Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən müəyyən olundu ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X2, Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid1, Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin inzibati binasında, 48 nömrəli xidməti otaqda şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində ünvan 2 ünvanda yerləşən “Metro Park” ticarət mərkəzinin yaxınlığında, özünü şübhəli apardığına görə Nərimanov RPİ-nin 17-ci PŞ-nin və 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı, üzərində “Blue Jeans” yazısı olan sellofan torbanı təqdim edir. Həmin selofan torba açıldıqda içərisində digər şəffaf sellofana bükülmüş, tünd yaşıl rəngli, spesifik qoxuya malik, qurudulmuş ot kütləsi aşkar olunur. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının ciblərindən digər əşyaları təqdim edir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi 01 (bir) ədəd bükümün içərisində narkotik vasitə olan marixuanadır. O, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə axşam saatlarında “Kubinka” adlanan ərazidən, tanımadığı şəxsdən 200 (iki yüz) manat müqabilində alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi 450 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsini və əməlindən peşman olmasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Nərimanov rayonu MKTB-nin 53 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli xasiyyətnamə). Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residvin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-139/2019 nömrəli, xx xxxxx 2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının həddi 01 ilə endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə 03 ay 06 gün şərti cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Beləliklə də, CM-in 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad edildiyi, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini xx xxxxxx 2020-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 gün müddət (21-xx xxxxxx 2020-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməli (CM-in 69.3), barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş narkotik vasitə marixuananın qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videoçəkiliş diski cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 50 (əlli) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 20 (iyirmi) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi X3 iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı iki gün (21-xx xxxxxx 2020ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və ona qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 449,95 qram marixuana məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. X5 tərəfindən ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar