Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-332/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 fevral 1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi, nömrəsiz ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,520 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 12 yanvar 2023-cü il tarixdə, saat 15:40-da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Novxanı bağları, 4-cü dalanın girişində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Sumqayıt şəhəri, ünvan 3 ünvanda yerləşən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,520 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 mart 2023-cü il tarixdə saat 04 radələrində tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 5 ünvanda yerləşən mərmər-qranit sexinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olub sexin həyətindən vətəndaş Zərərçəkmiş şəxs məxsus olan elektrik şitinə gedən ümumi uzunluğu 55 (əlli beş) metr olan və hər bir metrinin qiyməti təxminən 20 (iyirmi) manat olmaqla ümumi dəyəri 1100 (min yüz) manat təşkil edən elektrik naqili, 02 (iki) ədəd hər birinin dəyəri 230 (iki yüz otuz) manat olmaqla ümumi qiyməti 460 (dörd yüz altmış) manat təşkil edən laqonda, 03 (üç) ədəd ümumi uzunluğu 65 (altmış beş) metr olan və ümumi dəyəri 180 (yüz səksən) manat təşkil edən ötürücü elektrik naqili və sexin həyətində olan 01 (bir) ədəd qiyməti 200 (iki yüz) manat olan alüminium qapını gizli olaraq talayaraq nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 1940 (min doqquz yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 yanvar 2023-cü il tarixdə axşam saatlarında “20 Yanvar” metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən istifadə etmək üçün 10 manata 01 bükümdə narkotik vasitə heroin almışdır. Həmin heroinin kiçik bir hissəsini istifadə etmiş, qalan hissəsini isə şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cu il tarixdə saat 15:40-da Sumqatıt şəhəri, Novxanı bağları ərazisində yaşayan tanışı Anarın yaşadığı evə gedən zaman Novxanı bağları, 4-cü dalanın girişində bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər və onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməmiş və birlikdə 1-ci PB-nə getmişdir. Orada ilk öncə ona vəkil təqdim olunmuşdur. Bundan sonra ona üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onu təqdim etməyi təklif edilmişdir. O da əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə olan “kakos”u təqdim etmiş və 10 manata aldığını demişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə qablaşdırılmışdır. Bundan başqa, məişət tullantıları qablarından sellofan torbalar və dəmir qırıntıları toplayıb aidiyyəti üzrə təhvil verib pul almaqla gündəlik tələbatını bir təhər çətinliklə olsa da, təmin etmişdir. X5 tutulmamışdan təxminən 7-8 ay əvvəl tanımışdır. Belə ki, Yusif də onun kimi Rəşid Behbudov küçəsində məişət tullantıları qablarından sellofan və dəmir qırıntıları toplamaqla məşğul olmuş və o, Yusiflə bir yerdə bu fəaliyyətlə məşğul olmuşlar. 07 mart 2023-cü il tarixdə saat təxminən 04 radələrində o, Yusiflə məişət tullantıları yığan zaman ünvan 6 ünvanın qarşısından keçərkən qərara gəlmişlər ki, həmin ünvanda yerləşən mərmər-qranit sexinin hasarından içəri daxil olsunlar. Bundan sonra onlar həmin sexin hündürlüyü təxminən 1.5-2.0 metr olan hasarını aşaraq sexin həyətinə daxil olmuşlar. O və Yusif həmin sexin həyətinə daxil olduqdan sonra orada mərmər-qranit sexinin fəaliyyət göstərdiyini bilmişlər. Onlar həmin sahəyə daxil olana kimi orada mərmər-qranit sexinin fəaliyyət göstərdiyini bilməmişlər. Onlar sexin həyətinə daxil olandan sonra küçə işıqlarının işığı həyətə düşdüyü üçün həyət işıqlı olmuşdur. Bu zaman sexin həyətində olan bıçağı götürüb elektrik şitinə gedən elektrik naqilini kəsərək özləri ilə götürüb sexin hasarını küçə tərəfə aşaraq çıxıb onun kirayədə yaşadığı evə getmişlər. Həmin tarixdə gündüz vaxtı Yusif həmin kabeli 70 (yetmiş) manata tanımadıqları əlvan metal qəbul edən şəxsə satmış və həmin puldan ona 20 (iyirmi) manat vermişdir. O və Yusif həmin sexin həyətindən təxminən 10-12 metr uzunluğunda elektrik kabelindən başqa bir şey oğurlamamışlar. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanda yerləşən mərmər-qranit sexini icarəyə götürüb işlədir. Həmin sexdə iki nəfər usta işləyir. Sexin açarları ustalarda olmamış, yalnız özündə olmuşdur. O, hər gün səhər tezdən sexə gəlib qapısını açmış və ustalar işləməyə başlamışlar. Hər iş gününün sonunda sexin qapısını bağlayıb açarını özündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində həmin sexin qapısını bağlayıb evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində həmin sexə gəlib sexin qapısını açaraq içəri daxil olanda sexin işiğını yandırmaq istəmiş, lakin işığın yanmadığını görmüşdür. Baxanda sexin həyətində olan elektrik şitinə gedən elektrik kabelinin yerində olmadığını, kəsilib oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Nərimanov RPİ-nin 16-c PB- nə gedib bu barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizə ilə polis bölməsinə müraciət etdikdən sonra həmin sexə qayıdıb sexi nəzərdən keçirmiş və bu zaman məlum olmuşdur ki, sexin yardımçı sahəsində bağlı qapı arxasında saxladıqları 2 (iki) ədəd hər birinin dəyər 230 (iki yüz otuz) manat olan laqondanın, 3 (üç) ədəd ümumi uzunluğu 65 (altmış beş) olan ümumi dəyəri 180 (yüz səksən) manat olan ötürücü elektrik naqili və sexin həyətində olan 1 (bir) ədəd dəyəri təxminən 200 (iki yuz) manat olan alüminium qapı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Hadisə nəticəsində ona cəmi 1940 (min doqquz yüz qırx) manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 12 yanvar 2023-cü il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o, dərhal rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında bölmə rəisi tərəfindən müvafiq əmrlə ondan, əməliyyat müvəkkili Nahid Rəhimovdan, təhqiqatçı Şahid3 və KTB-nin kriminalisti Fərid Nəsimiyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə, saat 15:40-da Sumqayıt şəhəri, Novxanı bağları, 4-cü dalanın girişində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Müdafiəçi gələdən sonra Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və üzərində qeyri-qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 ədəd kağız büküm çıxarıb təqdim edərək içərisində “kakos” olduğunu demişdir. Təqsirləndirilən şəxs sorğu zamanı həmin heroini 20 yanvar metrosu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra həmin büküm müvafiq qaydada qablaşdırılmış, sonra bu barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyünü imzalayaraq təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş şahidlər Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin əməkdaşları X11 və Şahid3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid X7 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 6-8-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin PB-nin təhqiqatçısı Emin Səfərov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə ünvan 5 ünvana baxış keçirilmişdir. Baxış zamanı vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında əməliyyat qrupu ilə hadisə yerinə gəldikdə müəyyən olundu ki, ünvanda asfalt örtüklü bir tərəfli nəqliyyat yolunun kənarında yerləşən Mərmər qranit sexinin içərisində sol tərəfdə yerləşən yarımtikilinin daxilində olan elektrik şitində olan kabelləri olan yerdir. Hadisə yerində müxtəlif rəngdə olan mərmər və qranitlər vardır. Həmçinin dəmir parçaları və kubik daşlar görsənir. Hadisə yerinin fotoşəkilləri şəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdir. Hadisə yerinə baxış açıq hava şəraitində həyata keçirilmiş, heç bir əşya, predmet götürülməmiş, irad və ya təklif daxil olmamışdır. Cinayət işinin 40-41 vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 79-83-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-359/2023 nömrəli qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 15 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 89-91-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 180.2.2, və 29, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 66.3-cü maddəsi 66.2-ci maddəsi ilə əvəz edilməklə CM-nin 177.2.2, 177.2.3, 180.2.2 və 29, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci il tarixdə isə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 123-cü vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 126-127-ci vərəqələrində olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şahid3 Azərbaycan Respublikası CPM-nin 51, 86, 246-cı maddələrinə əsasən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Nihat Rəhimovun, Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Fərid Nəsimiyev, vəkil X4 iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat aparatına etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saat 15:40-da Sumqayıt şəhəri Novxanı bağlar ərazisi 4-cü dalanda yerləşən küçədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə, saat 16:35-də PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və vəkili X10 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü kağızda olan bükümünü təqdim etmişdir. Həmin büküm tərəfindən açılmış, bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitədir, həmin maddəni Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli kağızda olan büküm xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən heç bir digər əşya və ya predmet aşkar edilməmişdir. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Protokol iştiraklçılara ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Cinayət işinin 134-136-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/203 saylı, 13 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm..." yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0.520 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 163-165-ci vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt ŞPİ-nin İŞnin müstəntiqi Bəhram Təhməzlinin ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunması, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad olunması qərara alınmışdır. Cinayət işinin 166-167-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 192-ci vərəqində olan “Əşyaların maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında” 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən aşkar edilmiş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,520 qram (tədqiqatdan sonra qalıq qalan 0,470 qram) kustar üsulla hazırlanmış narkotik vasitə olna heroinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 197-199-cu vərəqələrində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(005)-851/2020 nömrəli qərarından görünür ki, ərizənin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 08 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Cinayət işinin 202-204-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2802 saylı, 25 aprel 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 394,00 manat müəyyən edilir. Cinayət işinin 224-225-ci vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X13, icraatında olan ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası CPM-nin 260 və 261-ci maddələrinin tələblərini rəhbər tutub həmin protokolu ondan ötrü tərtib etmişdir ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakları ilə onun istintaq orqanına verdiyi ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə verdiyi ifadəni yerində yoxlamışdır. Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları göstərməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilə əyləşib oğurluq etdiyi yeri göstərə biləcəyini bildirmiş və avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsinə sürməyi təklif etmişdir. Həmin küçədə 133 saylı ünvanın qarşısında dayanıb avtomobildən düşüb əli ilə həmin ünvanda yerləşən mərmər-qranit sexini göstərib bildirmişdir ki, 07 mart 2023-cü il tarixdə saat təxminən 04 radələrində o, Yusif Əhmədovla məişət tullantıları yığan zaman ünvan 8 ünvanın qarşısından keçərkən qərara gəlmişlər ki, həmin ünvanda yerləşən mərmər-qranit sexinin hasarından içəri daxil olsunlar. Bundan sonra onlar həmin sexin hündürlüyü təxminən 1,5-2,0 metr olan hasarını aşaraq sexin həyətinə daxil olmuşlar. O və Yusif həmin sexin həyətinə daxil olduqdan sonra orada mərmər-qranit sexinin fəaliyyət göstərdiyini bilmişlər. Onlar həmin sahəyə daxil olana kimi orada mərmər-qranit sexinin fəaliyyət göstərdiyini bilməmişlər. Onlar sexin həyətinə daxil olandan sonra küçə işıqlarının işığı həyətə düşdüyü üçün həyət işıqlı olmuşdur. Bu zaman sexin həyətində olan bıçağı götürüb elektrik şitinə gedən elektrik naqilini kəsərək özləri ilə götürüb sexin hasarını küçə tərəfə aşaraq çıxıb onun kirayədə yaşadığı evə getmişlər. Onlar oğurladıqları elektrik naqilini Nəsimi rayonu ərazisində binaların arasında gizlətmişlər. Sonradan isə Yusif həmin kabeli 70 (yetmiş) manata tanımadıqları əlvan metal qəbul edən şəxsə satmış və həmin puldan ona 20 (iyirmi) manat vermişdir. Cinayət işinin 230-231-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 dair verdiyi 2959 saylı, 16 may 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 234-245-ci vərəqələrində olan “Toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 16 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilməsi, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınması və cinayət işinə əlavə olunması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,520 qram qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllərə dair səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 23 iyun 2023-cü il – 11 dekabr 2023-cü il tarixlərdə keçirilmiş 13 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,470 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 138 (yüz otuz səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-332/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-332/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver