Məhkəmə qərarları › İş №1(005)-333/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-333/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-333/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «Arbitrium» Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,183 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla ünvan 2 ünvanında yerləşən “Metropark” ticarət mərkəzinin yaxınlığına daşımış, 22 mart 2024-cü il tarixdə saat 15 radələrində həmin ünvanın yaxınlığında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra, xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,183 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, olanda psixotrop maddələrdən və narkotik vasitələrdən istifadə edir. Həmin maddələri Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alıb istifadə edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzinin yaxınlığında olan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata özü istifadə etmək üçün bir ədəd sellofan bükümdə “kokos” kimi tanınan narkotik vasitə və bir ədəd kağız bükümdə “Patı” kimi tanınan psixotrop maddə olan metamfetamin almışdır. Həmin bükümləri bir ədəd kağız bükümün içərisinə qoyub əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur ki, istifadə edər. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində “Metropark” ticarət mərkəzinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin zaman üzərində psixotrop maddə və narkotik vasitə olduğundan həyəcanlanıb şübhəli hərəkətlərlə polis əməkdaşlarının yanından uzaqlaşmaq istəmişdir. Bundan sonra polis əməkdaşları ondan şübhələnib onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Nərimanov RPİ-nin 17-ci PŞ-də müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı o, üzərində gəzdirdiyi bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin tanımadığı şəxsdən öz istifadəsi üçün bir ədəd kağız bükümdə psixotrop maddə metamfetamin və bir ədəd sellofan bükümdə narkotik vasitə heroin istəyib almışdır. Həmin sellofan bükümdə olan qəhvəyi rəngli maddənin “kokos” kimi tanınan narkotik vasitə heroin olduğunu güman etmişdir. Lakin, həmin tanımadığı şəxs onu aldadıb həmin sellofan bükümdəki maddəni ona “kokos” kimi tanınan narkotik vasitə heroin adı ilə satmışdır. Özü də həmin maddədən istifadə etmədiyi üçün “kokos” olduğunu güman etmişdir. Sonda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 mart 2024-cü il tarixdə saat 15 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106 ünvanında yerləşən “Metropark” ticarət mərkəzinin yaxınlığında xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etmək istəməyərək verdikləri suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışmışdır. Onlar həmin şəxsin rabitəsiz danışığından narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olmasından və üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamasından şübhələnmişlər. Bundan sonra həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirmişlər və şöbədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gətirilməsi barədə raportla bölmə rəhbərliyinə məruzə etmişlər və raportun icrası bölmənin təhqiqatçısına həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zərurəti yarandığından onun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuşdur, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Kgtel” markalı mobil telefonu və əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümü çıxardaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisinə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan bükümün içərisindən 01 ədəd sellofan büküm və 01 ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur. Həmin bükümlər də açılarkən, sellofan bükümün içərisindən qəhvəyi rəngli, toz halında maddə, kağız bükümün içərisindən isə ağ rəngli, kristallardan ibarət maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bükümdə olan qəhvəyi rəngli maddə “kokos”, kağız bükümdə olan ağ rəngli maddə isə “patı”dır. Həmin maddələri “Metropark” ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 15 manata almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində ağ rəngli, kristallardan ibarət maddə olan büküm və içərisində qəhvəyi rəngli toz halında maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır, həmin zərfin üzəri o və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır və zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Kgtel” markalı mobil telefonu və əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümü çıxarıb masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm açılarkən, içərisində bir ədəd sellofan büküm və bir ədəd gümüşü rəngli kağız büküm olması aşkar olunur. Həmçinin sellofan büküm açılarkən içərisində qəhvəyi rəngli, toz halında, gümüşü rəngli kağız büküm açılarkən isə içərisində ağ rəngli, kristal halında maddə olması aşkar olunur. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ilkin sorğu zamanı sonuncu üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin “kokos” olduğunu, gümüşü rəngli kağız bükümdə olan maddənin isə “patı” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə olan maddələr içərisi boş olan ağ rəngli zərfə bükülərək qablaşdırılmış və DİN-in 219 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 mart 2024-cü il tarixli, 3-16- 16/2-6/1624 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №219” möhür əksi, “Şübhəli şəxs:..Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,183 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,405 qram qəhvəyimtil-boz rəngli maddə kütləsinin tərkibində Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahıları”na daxil olan maddələr müəyyən edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. “Diskə baxış keçirilməsi barədə” 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videoçəkiliş həyata keçirilmişdir və həmin videoçəkilişin əks olunduğu 01 ədəd diskə baxış keçirilərkən aşağıdakılar aşkar edilmişdir: Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Kgtel” markalı mobil telefonu və əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümü çıxarıb masanın üzərinə qoyur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm açılarkən, içərisində bir ədəd sellofan büküm və bir ədəd gümüşü rəngli kağız büküm olması aşkar olunur. Həmçinin sellofan büküm açılarkən içərisində qəhvəyi rəngli, toz halında, gümüşü rəngli kağız büküm açılarkən isə içərisində ağ rəngli, kristal halında maddə olması aşkar olunur. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ilkin sorğu zamanı sonuncu üzərindən aşkar edilmiş sellofan bükümdə olan maddənin “kokos” olduğunu, gümüşü rəngli kağız bükümdə olan maddənin isə “patı” olduğunu və “Metropark” ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 15 manata aldığını bildirmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs video görüntüdə üzərindən yuxarıda qeyd olunan psixotrop maddə metanfetamin aşkar olunan şəxsin özü olduğunu bildirmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 24 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Fuad Babayev tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” 24 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 aprel 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Axtarışda olan şəxsin tutulması barədə” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş və saat 17:00-da Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-681/2024 nömrəli, 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəti 01 ay 18 gün həddində, 04 iyul 2024-cü il tarixədək müəyyən edilmişdir, həbsetmənin əvvəli 16 may 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 17 may 2024-cü il tarixli, 3405 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,183 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmışdır. Tədqiqatdan sonra qalan təmiz çəkisi 0,133 qram psixotrop maddə metamfetamin saxlanması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işi üzrə şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülər olan 01 ədəd “CD” disk maddi sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İİ siyahının 5-ci qrafasına əsasən 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 22 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixədək tutulduğu 02 gün, 16 may 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək həbsdə olduğu 01 ay 24 gün - cəmi 01 ay 26 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 03 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1 -ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının ümumi dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlama yerində saxlanılan psixotrop maddənin qalığı – 0,133 qram metamfetamin məhv edilməli və 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Arbitrium» Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixədək tutulduğu 02 gün, 16 may 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək həbsdə olduğu 01 ay 24 gün, cəmi 01 ay 26 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 03 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 02 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı - 0,133 qram çəkidə metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. «Arbitrium» Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Arbitrium» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar