Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-334/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Tovuz rayonu, Bozalqanlı kəndində anadan olmuş, evli, işləməyən, ali təhsilli, məhkumluğu olmayan, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 5,971 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 fevral 2021-ci il tarixdə saat 09:50-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,136 qram və 2,825 qram olmaqla ümumi təmiz çəkisi 5,971 qram olan xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 fevral 2021-ci il tarixdə yaşadığı Xətai rayonu, Neapol küçəsi, ev 11 ünvanının yaxınlığında gəzərkən zibilxananın yaxınlığında iki ədəd şəffaf rəngli sellofan bükümün olması diqqətini çəkmişdir. Həmin bükümlərdə nə olmasını görmək üçün əlinə almış və içərisinə baxanda onların hər birinin içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin narkotik vasitələri istifadə etmək məqsədi ilə götürüb üzərində saxlamışdır. 20 fevral 2021-ci il tarixdə saat 09:50 radələrində Nəsimi rayonu, 28 May küçəsi 14 ünvanının yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişdirlər, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişdirlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan gödəkcənin sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, əynində olan gödəkcənin sol yan cibindən “Xiaomi” markalı mobil telefonunu, özünə məxsus şəxsiyyət vəsiqəsini və 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroini 19 fevral 2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanın ətrafında olan zibilxanaya yaxın ərazidə yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakı ilə imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “Xiaomi” markalı mobil telefonu və ona məxsus şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, 20 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvana gəlmişlər. 20 fevral 2021-ci il tarixdə saat 09:50 radələrində bir nəfər şəxsin qeyd edilən ünvanın yaxınlığında görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan anket məlumatları barədə bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişdirlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb maşına minib birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan tünd göy rəngli gödəkcəsinin sağ yan cibində olan 02 ədəd şəffaf rəngli sellofan bükümü, əynində olan gödəkcəsinin sol yan cibindən “Xiaomi” markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini və 10 manat pulu çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmişdir. Şifahi sorğu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini 19 fevral 2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanın ətrafında olan zibilxanaya yaxın ərazidə yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heçnə aşkar edilməmişdir. Aşkar olunmuş 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, həmin qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 10 manat pul isə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 17-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 20 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-26-cı vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 fevral 2021-ci il tarixdə saat 09:50 radələrində ünvan 2 ünvanının yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin 39-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2021-ci il tarixli, 6/757 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,835 qr və 3,136 qr, ümumi təmiz çəkisi 5,971 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi: 5,971 qr, tədqiqata sərf edildi: ümumi 0,1 qr, qalıq: 5,871 qr. Cinayət işinin 76-78-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-211/2021 saylı, 20.02.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 20 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 88-89-cu vərəqələrində olan “Maddi sübut kimi tanınma haqqında” 22.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 5,871 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 96-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 12.04.2021-ci il tarixli, 1035 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Paşayev X4 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 139-cu vərəqində olan Xətai rayon MKTB-nin 90 saylı MKİS-i tərəfindən verilmiş 08.04.2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 153-160-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və əməlin tövsif edilməsi haqqında” 15.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilməsi və cinayət işi materiallarında saxlanılması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Xiaomi” markalı mobil telefon cihazının cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs yaxın qohumlarına və ya müdafiəçisinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 5,971 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 20 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin BMCMİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,871 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114,00 (yüz on dörd manat) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-334/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-334/2021
03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver