Məhkəmə qərarları › İş №1(005)-335/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-335/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-335/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Qəhrəmanov Tural Rasim oğlunun, təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlunun və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hüseynov Səfər Gülüm oğlunun iştirakları ilə, 15 dekabr 1994-cü ildə Daşkəsən rayonunda anadan olmuş, ali təhsilli, işləməyən, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ev 4 mənzil 37 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu, Qoqol küçəsi ev 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan İsmayılzadə İsmayıl Süleyman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İsmayılzadə İsmayıl Süleyman oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, psixotrop maddə metamfetamini əldə edib, saxlayaraq daşımış, 29 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Nərimanov rayon Polis İdarəsinin CAŞ-nin və 17-ci PŞnin əməkdaşları tərəfindən Bakı şəhəri Nərimanov rayonu, N.Hacıyev küçəsi 6 ünvanda yerləşən Nərimanov istirahət parkının ərazisində şübhəli şəxs qismində saxlanılıb Nərimanov rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki göy rəngli idman şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş, ümumi təmiz çəkisi 1,004 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəl anası Təyyubə Musayeva ilə birlikdə Gəncə şəhərində yaşamış, Bakı şəhərinə işləmək məqsədi ilə gəlmişdir. Bir neçə dəfə psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. Metamfetamindən başqa digər narkotik vasitələrdən istifadə etməmişdir. Əvvəllər istifadə etdiyi metamfetamini tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. 29 iyul 2020-ci il tarixdə, saat 19:00 radələrində kirayədə yaşadığı evin yaxınlığında yerləşən işıq sayğacına kart vasitəsi ilə pul yükləyən zaman yerdə şəffaf rəngli polietilen bükülü olduğunu görüb maraqlı olduğu üçün onu götürmüş, içərisinə baxanda metamfetamin olduğunu tanıyıb əynində olan idman şalvarının sağ yan cibinə qoymuş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün təxminən saat 21 radələrində gəzmək məqsədilə Nərimanov parkının yaxınlığına gəlmiş, parkın yaxınlığında tək gəzdiyi zaman 2 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını, karantin rejimi ilə bağlı icazəsinin olub-olmamasını, eləcə də harada yaşadığını soruşmuşlar. O, icazəsi olduğunu bildirmiş, lakin polis əməkdaşları şəxsiyyət vəsiqəsini ondan tələb edərək icazəsi olub-olmamasını yoxladıqda ona icazə müddətinin bitdiyini bildirmiş və bununla bağlı protokol tərtib etmək məqsədi ilə onu İdarəyə dəvət etmişlər. Həmin zaman əynində olan idman şalvarının cibində narkotik maddə olduğundan narahat olub polis əməkdaşlarını özündən yayındırmağa çalışmışdır. Lakin polis əməkdaşları təkid etdiyindən könüllü olaraq polis əməkdaşlarının müşayiəti ilə Polis İdarəsinin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Orada karantin rejimi pozmağı ilə bağlı protokol tərtib etmək istədikləri zaman üzərində narkotik maddə olduğuna görə özünü gərgin və həyəcanlı hiss etdiyindən polis əməkdaşları ondan üzərində hər-hansı bir qanunsuz əşya olub-olmaması barədə soruşmuşlar. O, artıq polis əməkdaşlarının şübhələndiyini dərk etmiş və başqa çıxış yolu görmədiyindən, üzərində narkotik maddə olduğunu demişdir. Bundan sonra otağa başqa bir polis əməkdaşı gələrək özünün təhqiqatçı olduğunu bildirmişdir. Bir müddət sonra ora təhqiqatçı və vəkil dəvət edilmişdir. Sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağı təklif edəndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, 29 iyul 2020-ci il tarixdə, saat 19:00 radələrində kirayədə yaşadığı evin yaxınlığında yerdən tapdığı və əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə qoyduğu şəffaf rəngli polietilenə bükülmüş, içərisində metamfetamin olan 1 (bir) ədəd bükümü, 30 qəpiyi və şəxsiyyət vəsiqəsini könüllü olaraq təqdim etmişdir. Bundan sonra təhqiqatçı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib etmiş, təqdim etdiyi 1 ədəd bükümü ekspertizaya göndərmək məqsədi ilə zərfə qoyaraq möhürləmişdir. O daxil olmaqla bütün proses iştirakçıları zərfin üstünü imzalamışdır. Üzərindən psixotrop maddə metamfetamin aşkar olunması prosesində video çəkilişdən istifadə edilmişdir. Törətdiyi əməldən peşmandır. Anası gəncə şəhərində tək yaşadığından onun yanında olmaq istəyir. Yekunda məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin Cinayət axtarış şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru Sadıqov Azər Nazim oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə xidməti zərurətlə əlaqədar Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Əli Rzayevlə birlikdə təxminən saat 22:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev 6 ünvanında yerləşən Nərimanov parkının yaxınlığında olmuşlar. Bu zaman bir nəfər şəxsin parkda olmasını görüb karantin rejimi ilə bağlı icazəsinin olub-olmamasını yoxlamaq məqsədilə ona yaxınlaşaraq özlərini təqdim edib, ondan adını, soyadını, eləcə də icazəsinin olub-olmamasını soruşan zaman həmin şəxs icazəsinin olduğunu bildirmişdir. Həmin şəxsin icazəsinin olubolmamasını yoxladıqda isə icazəsinin müddətinin bitdiyini görmüş və bununla bağlı protokol tərtib etmək məqsədi ilə onu İdarəyə dəvət etmişlər. Bu zaman o, müxtəlif bəhanələrlə onları özündən yayındırmağa çalışmışdır. Lakin onlar təkid edərək həmin şəxsi Nərimanov RPİ-yə dəvət etmişlər. İdarədə olan zaman müəyyən olunmuşdur ki, həmin şəxs İsmayılzadə İsmayıl Süleyman oğludur. İdarədə həmin şəxsə protokol tərtib etmək istədikləri zaman İsmayılzadə İsmayıl Süleyman oğlu gərgin və həyəcanlı olmuşdur. Ondan nə üçün belə olması, üzərində qanunsuz bir əşyanın olub-olmaması soruşulmuş, həmin şəxs polisin ondan şübhələndiklərini dərk edərək üstündə şəxsi istifadəsi üçün narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra onlar bu barədə İdarənin rəisinə raportla müraciət etmişlər. Araşdırmanın aparılması RPİ-nin baş təhqiqatçısı Rafiq Ağəliyevə həvalə edilmişdir. R.Ağəliyev tərəfindən vəkil dəvət edilərək şəxsi axtarış və götürmə başlamamışdan əvvəl İsmayılzadə İsmayıl Süleyman oğluna təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. İsmayılzadə İsmayıl Süleyman oğlu əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen bükülünü çıxararaq təqdim etmişdir. İsmayılzadə İsmayıl Süleyman oğlu bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamindir. Həmin bükülüyə baxdıqda içərisində şəffaf rəngli xırda halda olan maddə aşkar edilmişdir. Sorğu zamanı İsmayılzadə İsmayıl Süleyman oğlu bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki metamfetamini həmin gün saat 19:00 radələrində kirayədə yaşadığı evin işıq sayğacına baxarkən yerdən tapmış və əynində olan idman şalvarının sağ yan cibinə qoymuşdur ki, ehtiyacı olan zaman istifadə etsin. Əlavə axtarış zamanı İsmayıl İsmayəlzadənin üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. İsmayıl İsmayılzadənin təqdim etdiyi maddə təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Həmin vaxt videoçəkilişdən istifadə edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru Rzayev Əli Mahir oğlu iş üzrə digər şahid Sadıqov Azər Nazim oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş İsmayılov Məhərrəm Baba oğluna məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid İsmayılov Məhərrəm Baba oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, İsmayılzadə İsmayıl Süleyman oğlu onun rəhmətə getmiş qardaşının oğludur və hazırda onunla birlikdə yaşayır. İsmayıl mütəmadi olaraq evə narkotik qəbul etmiş vəziyyətdə gəlir. İstintaq getdiyi zaman Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsindən ona dəfələrlə zəng olunmasına baxmayaraq zənglərə cavab verməmişdir. Ondan nə üçün zənglərə cavab vermədiyini soruşduqda o, polisə getmək istəmədiyini bildirmişdir. Ona dəfələrlə istintaqdan yayınmamasını məsləhət görsə də, Gəncə şəhərinə gedəcəyini, polisə getməyəcəyini bildirmişdir. İstintaq zamanı narkoloji ekspertiza müayinəsindən keçmək istəmədiyini bildirərək hazırda da ekspertizadan keçməkdən yayınır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 29 iyul 2020-ci il tarixli protokoldan görünür ki, İsmayılzadə İsmayıl Süleyman oğlu həmin tarixdə saat 22:55-də şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 29 iyul 2020-ci tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Ağəliyev Rafiq Əli oğlu, Nərimanov RPİnin CAŞ-nin kiçik inspektoru, polis serjantı Sadıqov Azər Nazim oğlunun, Nərimanov RPİ 17-ci PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Rzayev Əli Mahir oğlunun və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlunun iştirakları ilə şübhəli şəxs qismində tutulmuş, İsmayılzadə İsmayıl Süleyman oğlunun üzərində Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqda şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2020-ci il tarixdə saat 22:10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi 6 saylı ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş İsmayılzadə İsmayıl Süleyman oğluna təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. İsmayılzadə İsmayıl Süleyman oğlu əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilenə bükülmüş bükülünü çıxardaraq könüllü təqdim edib bildirdi ki, təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamindir. Həmin bükülüyə baxdıqda içərisində şəffaf rəngli xırda dənəvar halında olan maddələr olduğu aşkar edildi. Sorğu zamanı İsmayılzadə İsmayıl Süleyman oğlu bildirdi ki, təqdim etdiyi 01 (bir) ədəd bükümün içərisindəki metamfetamini bu gün, təxminən saat 19:30 radələrində yaşadığı evin yaxınlığında, kirayədə yaşadığı evin işıq sayğacına baxarkən yerdən tapmış və əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur ki, ehtiyacı olan zaman istifadə etsin. Bundan əlavə İsmayıl İsmayılzadə əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 3 ədəd 10 (on) nominallı qəpik, eyni zamanda əynində olan ağ və tünd qırmızı rəngləri olan idman gödəkçəsinin sol yan cibindən İsmayılzadə İsmayıl Süleyman oğlunun adına verilmiş AA 2028807 nömrəli şəxsiyyət vəsiqəsini də könüllü olaraq təqdim etdi. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilmədi. İsmayıl İsmayılzadənin könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırıldı və DİN-nin 44 nömrəli möhürü ilə möhürləndi. Bununla da şəxsi axtarış və götürmə başa çatdı və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2020-ci il tarixli, 6/1422 nömrəli ekspertiza rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs…” sözləri olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,004 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 1,004 qram, tədqiqata sərf edildi - 0,050 qr, qalıq 0,954 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 31 iyul 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifəsini icra edən Elgiz Qənizadə tərəfindən İsmayılzadə İsmayıl Süleyman oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Əli Sevdimovun 31 iyul 2020ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlunun barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və İsmayılzadə İsmayıl Süleyman oğlunun həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 31 iyul 2020-ci il tarixli qərardan görünür ki, İsmayılzadə İsmayıl Süleyman oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut kimi tanıma haqqında” 02 avqust 2020-ci il tarixli qərardan görünür ki, 200060292 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlunun üzərindən aşkar olunaraq götürülmüş ümumi çəkisi 1,004 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatı zaman 0,05 qram çəkidə psixotrop maddə metamfetaminin sərf edildiyi nəzərə alınmış, maddi sübut kimi tanınmaqla zərfə yerləşdirilmiş, tədqiqatdan sonra qalıq qalmış 0,954 qram çəkidə psixotrop maddə metamfetamin müvafiq məhkəmənin yekun qərarınadək saxlanılması üçün Nərimanov rayon Polis İdarəsində məsul saxlanışa verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 avqust 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, İsmayılzadə İsmayıl Süleyman oğlu əvvəllər məhkum edilməmişdir; “Diskin baxışının keçirilməsi barədə” 28 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Sevdimov Əli Gülhüseyn oğlu, tərəfindən ibtidai istintaqı aparılan 200060292 nömrəli cinayət işi üzrə zəruri olduğundan iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlunun, müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlunun iştirakı ilə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə 28 avqust 2020-ci il tarixdə saat 16:05-də protokola əlavə edilmiş 1 ədəd diskin baxışını aparmışdır. Diskdə olan video görüntüyə baxılarkən aydın oldu ki, özünü İsmayılzadə İsmayıl Süleyman oğlu kimi təqdim edən şəxsin üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynindəki göy rəngli idman şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli maddə olan 01 (bir) ədəd kiçik bükümü çıxardıb təqdim etdi. Bundan başqa həmin şalvarın sol yan cibindən, şəxsiyyət vəsiqəsi, bir neçə qəpik pulları çıxarıb stolun üzərinə qoyur. Həmin vaxt sellofan bükümün içərisində nəyin olduğu soruşulanda, o, psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni həmin gün yaşadığı evin yaxınlığında elektrik sağyacına pul yükləyərkən yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirir. Daha sonra, təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmur. Bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib edir, 01 ədəd şəffaf selofanda olan büküm zərfə qoyularaq bağlanır, möhürlənir və orada olan şəxslər, həmçinin Təqsirləndirilən şəxs protokolu və zərfin üstünü imzalayırlar; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2020-ci il tarixli, 4(005)-1039/2020 saylı qərarından görünür ki, CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İsmayılzadə İsmayıl Süleyman oğlunun barəsində həbsetmənin əvvəli 28 avqust 2020-ci il tarixdən hesablanmaqla 30 oktyabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 10 sentyabr 2020-ci il tarixli, 2501 nömrəli rəyindən görünür ki, İsmayılzadə İsmayıl Süleyman oğlunda psixotrop maddə olan metamfetamindən periodik istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı İsmayılzadə İsmayıl Süleyman oğlu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; “Cinayət təqibi üzrə toplanılmış sübutların qiymətləndirilməsi haqqında” 14 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, istintaq zamanı cinayət işinin ilkin mərhələsində İsmayılzadə İsmayıl Süleyman oğlu şübhəli şəxs qismində tutulandan sonra, üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu və “Şəxsi axtarış və götürmənin aparılması haqqında” protokola əlavə olunan 1 ədəd DVD-R formatlı disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlu tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlunun üzərindən aşkar edilmiş psixotrop maddənin təmiz çəkisi 1,004 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar İsmayılzadə İsmayıl Süleyman oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlunun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1ci maddəsinə əsasən təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlunun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin İsmayılzadə İsmayıl Süleyman oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, İsmayılzadə İsmayıl Süleyman oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsini və əməlindən peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Gəncə şəhəri İcra hakimiyyəti MKT İB 2 saylı mənzil istismar sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İsmayılzadə İsmayıl Süleyman oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, İsmayılzadə İsmayıl Süleyman oğlunun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, İsmayılzadə İsmayıl Süleyman oğlunun CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlu CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 02 (iki) gün (29-31 iyul 2020-ci il), həbsdə saxlanıldığı 61 (altmış bir) gün (28 avqust-27 oktyabr 2020-ci il), cəmi 63 gün, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, İsmayılzadə İsmayıl Süleyman oğlu dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli (CPM- 162.1.2), iş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli, İsmayılzadə İsmayıl Süleyman oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), İsmayılzadə İsmayıl Süleyman oğlu yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən İsmayılzadə İsmayıl Süleyman oğlunun üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlunun ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğluna və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hüseynov Səfər Gülüm oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlu tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 60 (altmış) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 20 (iyirmi) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi Əliyev Kamal Vəli oğlunun iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hüseynov Səfər Gülüm oğluna məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: İsmayılzadə İsmayıl Süleyman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. İsmayılzadə İsmayıl Süleyman oğlunun tutma altında saxlanıldığı 02 (iki) gün (29-31 iyul 2020-ci il), həbsdə saxlanıldığı 61 (altmış bir) gün (28 avqust-27 oktyabr 2020-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (63 gün = 126 gün (4 ay 6 gün) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti İsmayılzadə İsmayıl Süleyman oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İsmayılzadə İsmayıl Süleyman oğlunun üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İsmayılzadə İsmayıl Süleyman oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İsmayılzadə İsmayıl Süleyman oğlu barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İsmayılzadə İsmayıl Süleyman oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə həvalə edilsin. İsmayılzadə İsmayıl Süleyman oğlu yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,954 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - İsmayılzadə İsmayıl Süleyman oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlundan tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE**********0002088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlu tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlunun hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hüseynov Səfər Gülüm oğlu tərəfindən təqsirləndirilən şəxs İsmayılzadə İsmayıl Süleyman oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar