Məhkəmə qərarları › İş №1(005)-335/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-335/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-335/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 4,558 qram olan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən narkotik vasitə heroini və bir ədəd soyuq silah hesab edilən bıçağı əldə edib üzərində saxlayıb gəzdirməklə daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,384 qram və 2,174 qram olmaqla ümumi təmiz çəkisi 4,558 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və həmin şalvarın sağ arxa kəmər hissəsində saxladığı bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 mart 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında gəzərkən iki ədəd şəffaf rəngli sellofan bükümün olması diqqətini çəkmişdir. Həmin bükümlərdə nə olmasını görmək üçün əlinə almışdır. İçərisinə baxanda onların hər birinin içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin narkotik vasitə heroindən istifadə etmək niyyəti olduğu üçün həmin iki ədəd bükümdə olan heroini götürərək üzərində saxlamışdır. Düşünmüşdür ki, ürəyi istəyəndə həmin iki ədəd bükümdə olan heroinləri istifadə edər. 01 ədəd bıçağı isə təxminən bir ay əvvəl yaşadığı ünvanın yaxınlığında tapmış, maraq oyatdığından üzərində saxlamışdır. 10 mart 2021-ci il tarixdə saat 15:30 radələrində Yasamal rayonu, Zərdabi 92 A ünvanının yaxınlığında olduğu zaman 2 nəfər polis əməkdaşı və 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişdirlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, həm də soyuq silah daşımaqda şübhəli olduğunu bildirmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin və bıçaq vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdirlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin İdarəyə gəlmişdirlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişdir və şübhəli şəxs qismində tutulmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarının sağ arxa kəmər hissəsində saxladığı 01 ədəd bıçağı, sol yan cibindən şəxsiyyət vəsiqəsini, sol arxa cibindən 20 manat pulu, sağ yan cibindən 01 ədəd “İphone 11” markalı telefonu və sol yan cibindən 02 ədəd bükümdə narkotik vasitə heroini masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılsa da, başqa heçnə aşkar edilməmişdir. Masanın üzərinə qoyduğu 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlər tərəflərin iştirakı ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini bir gün əvvəl, yəni 09 mart 2021-ci il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığını, tullamaq istəsə də, yadından çıxdığından üstündə qaldığını bildirmişdir, 01 ədəd bıçağı isə təxminən bir ay əvvəl yaşadığı ünvanın yaxınlığında tapdığını, maraq oyatdığından saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 10 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, eyni zamanda qanunsuz olaraq soyuq silah əldə etməsi və üzərində saxlamaqla daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və həmin qərar Baş İdarə rəisi tərəfindən təsdiqlənmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 2 nəfərdən ibarət qrup yaradılmışdır. Həmin qrupa rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Sonrakı müddətdə Təqsirləndirilən şəxs Yasamal rayonu, H.ünvan 5 ünvana gəlmişlər. 10 mart 2021-ci il tarixdə saat 15:30 radələrində bir nəfər şəxsin qeyd edilən ünvanın yaxınlığında görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan anket məlumatları barədə bildirməsini xahiş etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra həmin şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, eyni zamanda qanunsuz olaraq soyuq silah əldə etməsi və üzərində saxlamaqla daşıması barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb maşına minib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, eyni zamanda soyuq silah varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan göy rəngli cins materiallı şalvarının sağ arxa kəmər hissəsində saxladığı 01 ədəd bıçağı, sol yan cibindən şəxsiyyət vəsiqəsi, sol arxa cibindən pulu, sağ yan cibindən 01 ədəd İphone markalı telefonu və sol yan cibindən 02 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan 01 ədəd mobil telefona baxış zamanı onun İphone 11 markalı olduğu müəyyən edilmişdir. Emil Hüseynov telefonun özünə məxsus olduğu bildirmiş, şəxsiyyət vəsiqəsinə baxış zamanı onun Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmiş, şəxsiyyət vəsiqəsi və mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüşdür. Ardınca təqdim olunan pul vəsaitinə baxış keçirilmiş və 20 manat olduğu müəyyən edilməklə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra 02 ədəd bükümə baxış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs həmin bükülülərin içində narkotik vasitə olan heroin olduğunu və bir gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Bükümlərə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu məlum olmuşdur. Təqdim etdiyi 01 ədəd bıçağı isə təxminən bir ay əvvəl yaşadığı evin yaxınlığında tapdığını və onda maraq oyatdığı üçün üzərində saxlayaraq gəzdirdiyini bilidirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd ağ şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr və 01 ədəd bıçaq ayrı ayrılıqda 2 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 18-19-cu vərəqələrində olan “Şübhəli şəxsin tutulması barədə” 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 31-33-cü vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması barədə” 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X3 Azərbaycan Respublikası CPM-in 51.2, 51.3, 86.4.2, 207.4, 236 və 445.2 maddələrinin tələblərini rəhbər tutuaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakları ilə həmin protokolu tərtib etmişdir ondan ötrü ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması, eyni zamanda qanunsuz olaraq soyuq silahı əldə etməsi və gəzdirməsi bildirilmişdir. Şəxsi axtarış və götürmə 10.03.2021-ci il tarixdə saat 17:25-də «Sony» markalı telefon aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanıldı. Şübhəli şəxs tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı çəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şübhəli şəxs etiraz etmədikdən sonra qərara əsasən ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, eyni zamanda soyuq silah varsa, könüllü olaraq etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan göy cins materiallı şalvarının sağ arxa kəmər hissəsində saxladığı 01 ədəd bıçağı, sol cibindən şəxsiyyət vəsiqəsi, sol arxa cibindən pul vəsaiti, sağ yan cibindən 01 ədəd “İphone 11” markalı telefon və sol yan cibindən 02 ədəd bükümü, masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxsin üzərinə baxış keçirildi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlandı. Təqdim olunan 01 ədəd telefona baxış zamanı onun “İphone 11” markalı olduğu müəyyən edildi, şübhəli şəxs telefonların özünə məxsus olduğu bildirdi, şəxsiyyət vəsiqəsinə baxış zamanı onun şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edildi, şəxsiyyət vəsiqəsi və mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanıldı. Ardınca təqdim olunan vəsaitinə baxış keçirildi və 20 manat olduğu müəyyən edilməklə şübhəli şəxsin özünə qaytarıldı. Bundan sonra 02 ədəd bükümə baxış keçirilməsinə başlandı. Şübhəli həmin bükülülərin içində narkotik vasitə olan heroin olduğunu və bir gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını, lakin istifadəçi olmadığını, unutduğundan cibində qaldığını dedi. Bükümlərə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər raddələrin olduğu məlum oldu. Təqdim etdiyi 01 ədəd bıçağı isə təxminən bir ay əvvəl yaşadığı evin yaxınlığında tapdığını və onda maraq oyatdığı üçün üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd ağ şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr və 01 ədəd bıçaq müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada 02 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etdilər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi araşdırma zəruriyyəti olaraq saxlanıldı. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə 10.03.2021-ci il tarixdə saat 17:41-də başa çatdı və videoçəkiliş dayandırıldı. Cinayət işinin 50-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2021-ci il tarixli, 6/995 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində iki ədəd sellefon bükümdə ayrıayrılıqda təmiz çəkisi 2,384 qram, 2,174 qram, ümumi təmiz çəkisi 4,558 qram olan qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 94-96-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-272/2021 saylı, 12.03.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimakn tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanma müddətinin 04 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 10 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 98-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2021-ci il tarixli, 3/498 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq – kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərlərində təyinatını dəyişdirən əlavə vədəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin 111-112-ci vərəqələrində olan “Maddi sübut kimi tanınma haqqında” 16 mart 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissələrində göstərilənlərə əsasən ********* №-li cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 4,458 qram narkotik vasitə heroinin və bir ədəd soyuq silah hesab edilən bıçağın öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 4,458 qram narkotik vasitə heroinin və bir ədəd soyuq silah hesab edilən bıçağın saxlanılması üçün BMCMİ-yə verilməsi qərara alınmışdır. Cinayət işinin 133-cü vərəqində olan Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 07.04.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 28.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin148-149-cu vərəqələrində olan Azərbaycan Espublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli, 1359 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 165-173-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və əməlin tövsif edilməsi haqqında” 03 iyun 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 228.4 və 234.1-ci maddələrinə tövsif edilməsi və həmin maddələr ilə Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs ütünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd şəffaf rəngli sellefon bükümdə narkotik vasitə heroinə bənzər maddənin və həmin şalvarın sağ arxa kəmər hissəsindən bir ədəd bıçağın aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 4,558 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 10 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4,458 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 129.00 (yüz iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar