Məhkəmə qərarları › İş №1(005)-335/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-335/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-335/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, X1 ürək cərrahı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 29 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədəninin və üzünün müxtəlif nahiyyəsindən yumruqla bir-neçə dəfə qəsdən vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol göz yuvasının qançırı, maksilyar sinusun ön divarının az yerdəyişən və almacıq, gicgah qövsünün ikili yerdəyişən qapalı sınıqları, hemosinusu kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri davam etdirərək ictimai yerdə olan şəxslərin rahatlıq və dincliklərini pozmaqla xuliqanlıq elmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 23:50 radələrində yaşadığı binanın yerləşdiyi həyətə özünə məxsus avtomobil ilə gəldikdən sonra avtomobili həyətdə park edərək gecə gəzintisinə çıxmışdır.15-20 dəqiqə sonra gəzintidən qayıdıb avtomobilə doğru yaxınlaşarkən Rufan və oğlu Füzuli ona yaxınlaşmışlar. Rufan ondan alışqan istəmiş, o da Rufana alışqan vermişdir. Rufan siqaretini yandırıb ona “burda qalansan?” deyə soruşmuşdur. O da Rufana "nəyinə lazımdır harda qalıram?”- deyə cavab vermişdir. Rufan da “bilək də”- deyərək cavab verib davamında bloklarında oğurluq hadisələrinin çox olmasını demişdir. Bundan sonra o, Rufana əynindəki ağ köynək və tünd göy rəngli şalvarı göstərərək “sən harda görmüsən ki, belə oğru olsun demiş və “sən kimə oğru deyirsən?”- deyə soruşmuşdur. Daha sonra 7 ildir bu binada yaşadığını, hamının onu tanımasını söyləmişdir. Rufan oğlu Fqzuliyə onu göstərərək “kimdi ə bu?”- demişdir. Füzuli isə cavabında onun həmin binanın 4-cü blokda qaldığını bildirmişdir. O, Rufandan kəskin spirt qoxusunun gəlməsini hiss edib ondan uzaqlaşaraq avtomobilinə yaxınlaşıb idman çantasını götürmüşdür. Arxaya dönəndə Rufanın onun arxasında təxminən 10 sm məsafədə dayanıb, ona baxmasını görmüş və həmin an gözləmədiyi üçün diksinmişdir. O, Rufandan niyə arxasında bu qədər az məsafədə dayanmasını soruşduqda, Rufan yenidən ondan alışqanı verməyini istəmişdir. O, Rufandan arxasından çəkilməsini istəyib, alışqanın avtomobilin salonuna qoyduğunu demişdir. Alışqanı Rufana verdikdən sonra o, Füzulidən onların yanından uzaqlaşmasını istəmişdir. Füzuli onların yanından uzaqlaşdıqdan sonra Rufan ona “cavan uşağın yanında düz eləmirsən, mənlə niyə belə danışırsan”-demişdir. Bundan sonra o, Rufana düzgün hərəkət etmədiyini bildirib oradan uzaqlaşıb getmək istəmişdir. Ancaq onlar onun avtomobilinə zərər vura biləcəklərini düşündüyündən, oradan uzaqlaşmadan geri qayıdıb avtomobilini saxladığı yerdən çıxarıb kənarda saxlamışdır. Bundan sonra gəlib yaşadığı mənzilin blokuna girmək istəyərkən Rufan və oğlunun blokun qarşısında onu gözlədiklərini görmüşdür. O, bloka daxil olmaq istəyərkən Rufan onun qarşını kəsib, ona “düz etmirsən" deyərək onunla hədələyici tonla danışmağa başlamışdır. O da Rufanın içkili olduğunu görüb, ona onun telefon nömrəsini götürməyi, sabahısı gün zəngləşib, görüşməklə çay içib danışmalarını təklif elməklə, oğluna atasını aparmasını demişdir. Bu zaman Rufan ona “çox aqresiv danışırsan”- demişdir. O da buna fikir verməyərək getmək istədikdə Rufan “gəl kənara keçək səni başa salacam, ağılı ol”- demişdir. O da Rufana “bura məhlədir, küçədir, ayıbdır gəl avtomobil ilə çıxıb işıqlı yerdə söhbət edək, qonşuyuq”-demişdir. Rufan da onunla razılaşmışdır. Bundan sonra Rufanla birlikdə özünün avtomobilinə əyləşərək sürüb məhəllədən getmişlər. Rufan onu narahat etdiyindən onun fikri qarşına çıxan polis əməkdaşlarına Rufanı təhvil verib qayıtmaq imiş. Məhəllədən təxminən 100-200 metr aralandıqdan sonra Rufan avtomobildə ona əl-qol ataraq, onu təhqir etməyə başlayaraq, tez tez əlini sağ cibinə aparmışdır. O da Rufanın cibində nəsə olduğunu düşünərək, onu sakitləşdirməyə çalışmışdır. Bu zaman Rufan ondan avtomobili dayandırmasını istəmişdir. O da Rufana məhəlləyə qayıtmaq üçün dönəcəyini, onu evə aparacağını bildirdikdə Rufan avtomobilin qapısını açmışdır. O, Rufanın özünü avtomobildən atmaq istədiyini düşünüb tez avtomobili saxlamışdır. Rufan avtomobildən düşdükdən sonra o, avtomobili sürüb getmək istərkən Rufan qışqıraraq onu söyüb, təhqir etməyə başlamışdır. O, avtomobildən düşüb Rufana yaxınlaşıb, “gecə vaxtıdı, camaatı narahat etməyək, otur avtomobilə çıxıb gedək” demişdir. Bu zaman Rufan onun üz nahiyəsindən şillə ilə vurduqda, o da Rufanı yumruğu ilə vurmuşdur. Daha sonra Rufan onun üzərinə gələrək güləş fəndi ilə onu yıxmaq istədikdə, o, yıxılmayaraq Rufanın fəndindən istifadə edib onu yerə yıxmış, çıxıb getmək istəyrkən Rufanın ayağa qalxıb üzərinə gəldiyini və əlini cibinə aldığını görmüşdür. Hər tərəf qaranlıq olduğu üçün o, Rufanın əlində nəsə olmasını görməmişdir. Rufan ona zərbə vurmaq istəyərkən sağ əlini önə tərəf atmış və zərbə sağ əlinə dəymişdir. Onda Rufanın əlində nəsə küt alət olduğunu başa düşmüşdür. Buna görə də Rufanı özündən uzaqlaşdırmaq üçün yenidən onun üzünə yumruqla vurmuş və Rufan yerə müvazinətini itirərək yerə yıxılmışdır. O, məhəlləyə qayıdarkən Rufanın oğlunun məhəllədə olmasını görmüşdür. Həyətdə gözətçidə olmuşdur. O, avtomobili saxlayıb biraz gözlədikdən sonra Rufan məhəlləyə gələrək, əlini üzünü yumuşdur. Bundan sonra o, mənzilinə getmişdir. Hazırda zərərçəkmiş şəxs onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, aralarında mübahisə yaranan zaman yanlarında yalnız Rufanın oğlu Füzuli olmuşdur. Dava-dalaş 1 dəqiqə davam etmişdir. Həmin vaxt orada heç kim olmamışdır. Rufanı yumruqla vurduqdan sonra avtomobilinə əşləşərək yaşadığı binanın qarşısına gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 oktyabr 2023-cü il tarixdə evlərinə gəlmiş qonağı yola salmaq üçün oğlu Füzuli ilə həyətə düşmüşdür. Bu vaxt siqaret çəkmək istəmiş, lakin alışqanı üzərində olmadığı üçün Elçindən alışqan istəmişdir. O da alışqanının olmadığın bildirmişdir. O da ona “bağışla” deyərək aralanıb binaya daxil olmaq istəyərkən Elçinin nəsə deməsini eşitmiş və ondan nə dediyini soruşmuşdur. Elçin ona oğlunu göstərərək “bunu yola sal deyim nə deyirəm” demişdir. Daha sonra aralarında mübahisə yaranmış, daha sonra Elçinin avtomobilinə əyləşərək binanın qarşısından uzaqlaşmışlar. Binadan 700-800 metr aralandıqdan sonra Elçin avtomobili saxlamış, o, avtomobildən düşüb arxa tərəfə keçmək istəyərkən Elçin onunla üzbəüz gələrək onun başının sol tərəfindən bir dəfə əli ilə vurmuşdur. Zərbədən sonra o, yerə yıxılmış, yerə yıxılan zaman başı beton “bardyora” dəymişdir. Daha sona Elçin avtomobilə əyləşərək oradan getmişdir. Bundan sonra o, üzündən qan axa-axa yaşadığı binanın qarşısına getmişdir. Daha sonra o, polisə məlumat verərək təcili tibbi yardıma müraciət etmişdir. Hazırda Elçinlə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, aralarında söhbət olan zaman ətrafda heç kəs olmamış, sadəcə oğlu yanlarında olmuşdur. Daha sonra avtomobilə əyləşərək yaşadıqları binanın həyətindən uzaqlaşmışlar. Avtomobildən düşdükdən sonra aralarında baş vermiş dava-dalaş 1-2 dəqiqə çəkmişdir. Həmin yerə heç kəs toplaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 00:10 radələrində qonaqları yola salmaq üçün atası Rufanla birlikdə yaşadıqları binanın blokunun qarşısında durmuşlar. Həmin Təqsirləndirilən şəxs binanın həyətinə daxil olaraq binanın qarşısında park edilmiş avtomobillərə tərəf getmişdir. Bu vaxt atası siqaret yandırmaq istəmiş, lakin üzərində alışqan olmadığından Elçindən alışqanı olub-olmadığını soruşmuşdur. Elçin isə alışqanı olmadığını bildirmişdir. Elçini binanın həyətində birinci dəfə gördüklərindən atası ondan həmin məhəllədə yaşayıb, yaşamadığını soruşmuşdur. Elçin isə cavabında aqressiv formada atasına “alışqanım yoxdu deyə, burda qalıb-qalmadığımı soruşusursan? Sənə nə dəxli var mən harda qalıram?”-demişdir. Elçin aqressiv cavab verdiyindən atası onunla söhbəti davam etdirməmişdir. O, atası ilə birlikdə yaşadıqları mənzilə getmək üçün bloka daxil olduqda Elçin “a kişi'’- deyərək səslənib atasını çağırmışdır. Onlar Elçinə onu tanımadıqlarına görə burada yaşayıb-yaşamadığını soruşduqlarını izah etməyə çalışsalar da, Elçin onları dinləmək istəməmişdir. Sözlü mübahisə zamanı Elçin onu işarə edərək onun atasına - “apar bunu qoy evə, özümüz söhbət edək’’-demişdir. Elçin onu “bu” deyə adlandırdığına görə atası bundan əsəbləşib onun oğlu olduğunu və ona düzgün müraciət etməsini istəmişdir. Daha sonra atası Elçinlə qırağa çəkilmişlər, təxminən 20-30 saniyə söhbət eldikdən sonra Elçin onun atasına “otur maşına”-demişdir. Bundan sonra Elçin özünün idarə etdiyi “Mercedes” markalı avtomobilin sükanı arxasına, atası isə həmin avtomobildə ön sağ oturacaqda əyləşmiş və Elçin avtomobili sürərək məhəllədən çıxmışdır. O, isə binanın qarşısında durub atasını gözləmişdir. Təxminən 5 dəqiqə sonra Elçin özünün idarə eldiyi “Mercedes” markalı avtomobillə məhəlləyə qayıtdıqda, atası avtomobildə olmamışdır. Elçin tək qayıtdıqda o, Elçinə yaxınlaşaraq atasının harada olduğunu ondan soruşmuşdur. Elçin isə istehzalı şəkildə əli ilə məhəllədən kənarı işarə edib - “hardasa oralardadı”- demişdir. Atası məhəlləyə daxil olduqda, o, atasının burnundan qan gəldiyini, başında və çənəsinin altında yara izləri olduğunu, dodağının partladığını görmüşdür. Mənzildə atası DİN-nin 102 xidmətinə zəng edərək Elçin tərəfindən döyülməsi barədə məlumat vermişdir. Mənzildə atasının vəziyyəti pisləşdiyindən o, təcili tibbi yardım çağırmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. 19 ildir ki, Zərərçəkmiş şəxslə evlidir və birgə nikahlarından iki övladları var. xx.xx.2023-cü il tarixdə yaşadıqları mənzildə qonaqları olmuşdur. Gecə saatlarında qonqları getmişlər. xx.xx.2023-cü il tarixdə saat 00:10 dəqiqədə əri Zərərçəkmiş şəxs qonaqları yola salmaq üçün oğlu Füzuli ilə birlikdə blokun qarşısına çıxmışlar. Əri ilə oğlunun qayıtmadıqlarını gördüyünən bir neçə dəqiqə sonra eyvana çıxıb baxdıqda əvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin əri Rufanın üzərinə uca səslə qışqıraraq ondan onun avtomobilinə minməsini istədiyini, Rufanın da onun avtomobilinə əyləşdiyini görmüşdür. O, heç nə başa düşmədiyindən oğlu Füzulidən nə baş verdiyini, Rufanın tanımadıqları şəxslə hara getdiyini soruşmuşdur. Füzuli isə mənzilə gələrək ona Rufanın Elçinlə sözlə mübahisə etdiyini, Elçinin Rufanı təhqir edərək avtomobilinə əyişdirib harasa apardığını demişdir. O, dərhal mənzildən çıxaraq evin qarşısına gəldikdə evin qarşısında heç kimin olmadığını, Rufanla Elçinin getdiyini görmüşdür. Bir neçə dəqiqə gözlədikdən sonra saat gec olduğundan mənzilə qayıdaraq, eyvanda durub Rufanı gözləmişdir. Bir neçə dəqiqədən sonra Elçinin tək geri qayıtdığını, yanında isə iki nəfər şəxsin olduğunu, Elçinin həmin şəxslərə əri Rufanı döydüyünü dediyini eşitmişdir. Bundan sonra Füzulini Elçinin yanına göndərərək Rufanın harada olmasını ondan öyrənməsini istəmişdir. Füzuli Elçinin yanına çatdıqdan sonra Rufanın sifətinin qan içərisində həyətə daxil olduğunu görmüşdür. Sonradan Elçin əri Rufanı öz idarə etdiyi avtomobilinə əyləşdirərək kənara apardığını və orada yumruqla Rufanın sifət nahiyyəsinə vurduğunu öyrənmişdir. Əri Rufan isə Elçinə heç bir xəsarət yetirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 X3 1457 nömrəli xx.xx.2023-cü il tarixli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- qapalı kəllə beyin travması. baş beyin silkələnməsi, sol göz yuvasının qançırı, maksilyar sinusun ön divarının az yerdəyişən və almacıq, gicgah qövsünün ikili yerdəyişən qapalı sınıqları, hemosinus - kül əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxs Təkrari Ekspertizalar şöbəsinin T135/2024 nömrəli xx.xx.2024-cü il tarixli əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol göz yuvasının qançırı, maksilyar sinusun ön divarının az yerdəyişən və almacıq, gicgah qövsünün ikili yerdəyişən qapalı sınıqları, hemosinus olmuşdur. Qeyd edilər xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbə nəyicəsində yarana bilərdilər, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddəidə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Vəl. Təqsirləndirilən şəxs sağ yanaq nahiyəsinin iç səlinin səthi əzilmiş yarası, sağ əlin yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sağ əlin İ barmağın əsasının, ll-İİİ əl daraq falanqalarının ovuc səthlərinin qançırları ilə müşayiət edilən sağ əlin İ barmağın əsas falanqasınııı əsasının proksimal oynaq kənarının qopma xarakterli qapalı sınığı olmuşdur. Qeyd edilər xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəyicəsində yarana bilərdilər, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddəidə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Xəsarətlərin xarakter və lokalizasiyaları onların kənar şəxs tərəfindən bərk küt əşya ilə yetirilməsinə uyğun gəlir. **********049 nömrəli, xx.xx.2024-cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları məhkəmə istintaqı zamanı tədqiq edib, proses iştirakçılarını dinləyib, sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəninin və üzünün müxtəlif nahiyyəsindən yumruqla bir-neçə dəfə qəsdən vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol göz yuvasının qançırı, maksilyar sinusun ön divarının az yerdəyişən və almacıq, gicgah qövsünün ikili yerdəyişən qapalı sınıqları, hemosinusu kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi həm təqsirləndirilən şəxsin özünün, həm zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həm də iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” X3 23 yanvar 2024-cü il tarixli, T135/2024 saylı rəyi ilə təsdiq olunur. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində ünvan 5 ünvanının qarşısında olarkən Zərərçəkmiş şəxs ilə arasında mübahisə yaranmış, daha sonra onlar aralarında baş vermiş mübahisəni həll etmək məqsədilə Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək yaşadıqları binanın həyətindən uzaqlaşmışlar. Həmin məhəllədən bir qədər uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əl-qol ataraq onun ünvanına nalayiq söyüşlər söymüş, daha sonra Təqsirləndirilən şəxs avtomobili saxlayaraq avtomobildən düşmüş və Zərərçəkmiş şəxs yumruqla vuraraq xəsarətlər yetirmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun müvafiq əməlini Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə tövsif etmişdir. İşin hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs ittihamda göstərildiyi kimi heç bir ciddi əsaslı səbəb olmadan deyil, əksinə kifayət qədər əsaslı səbəbi olduğu halda, yəni Zərərçəkmiş şəxs ona əl-qol ataraq ünvanına qarşı nalayiq söyüşlər söyməsindən sonra sonuncu ilə aralarında mübahisə yaranmış, daha sonra onu yumruqla vuraraq xəsarət yetirmişdir. Belə olan halda təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsindən söhbət gedə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi ünvan 5 ünvanı ilə ifadə olunmuş (hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol), lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 5 ünvanında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması (halbuki yuxarıda qeyd olunan ünvanda baş vermiş hadisədə yalnız zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs olmuşdur), hansı kənar şəxslərin toplaşması, mübahisənin aradan qaldırılması məqsədi həmin şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxslər olmuşlarsa da, həmin şəxslərin ifadələri alınmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 146.1-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında vurğulanır: “Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.” Beləliklə məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə verilmiş ittihama münasibətdə isə qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tərkibinin olmadığı, onun əməlində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibinin aşkar müəyyən edildiyi halda ibtidai istintaq orqanı iş üzrə düzgün nəticəyə gəlinməsi və təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, qanunvericilikdə göstərilən əməlin tərkibinin yaranması üçün şəxsin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurması öz əksini tapmışdır. Lakin yuxarıda da qeyd edildiyi kimi işin hallarından müəyyən olunur ki, 29 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində ünvan 6 ünvanının qarşısında olarkən Zərərçəkmiş şəxs ilə arasında mübahisə yaranmış, daha sonra onlar aralarında baş vermiş mübahisəni həll etmək məqsədilə Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək yaşadıqları binanın həyətindən uzaqlaşmışlar. Həmin məhəllədən bir qədər uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əl-qol ataraq onun ünvanına nalayiq söyüşlər söymüş, daha sonra Təqsirləndirilən şəxs avtomobili saxlayaraq avtomobildən düşmüş və Zərərçəkmiş şəxs yumruqla vuraraq xəsarətlər yetirmişdir. Hadisənin baş vermə mexanizmi yuxarıda qeyd edilən kimi olmasına baxmayaraq istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin əməlində “niyyətinin xüliqanlıq” olaması qənaətinə gəlmişdir. Halbuki, işin faktiki hallarından göründüyü kimi münaqişənin başqa cür desək zərərçəkmiş şəxsin vurulmasına səbəb onun öz qanunazidd davranışı olmuşdur. Belə olan halda təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına zərər vurmasına dair hərəkətlər etməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa az ağır xəsarət yetirmə kimi tövsif edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma – iki ilədək islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin hissədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar