Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-335/2025 29.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 228.2.2 və 228.4-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə etmiş, saxlamış, gəzdirmiş və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 228.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2025ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilərək öz ilkin təyinatını itirmiş 01 ədəd odlu yivsiz ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib üzərində saxlayıb gəzdirməklə Bakı şəhəri, Nərimanov rayonu ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 10 iyun 2025-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 58 ünvanında saxlanılaraq ünvan 4 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra həmin gün saat 18:02-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilərkən arxa sol bel nahiyəsindən zavod üsulu ilə keçmiş SSRİ dövlətində “İjevsk" silah zavodunda 1959cu ildə istehsal olunmuş. У-93054 №-li, İJK modelli, 16 mm kalibrli, çaxmaqlı, hamar tək lüləli, lüləsinin uzunluğu 275 mm, ümumi uzunluğu 435 mm olan, texniki cəhətdən saz və atəş üçün yararlı olan, öz ilkin təyinatını itirmiş, lüləsi və qundağı kustar üsulla kəsilmiş. 01 ədəd odlu yıvsız ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Bununla da X7 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Polislər tərəfindən saxlanılmazdan təxminən bir ay əvvəl yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində silahlara qarşı olan xüsusi marağından irəli gələrək tanımadığı şəxsdən 400 manata lülə və qundaq hissəsi kəsilmiş tüfəng almış, daha sonra onu götürərək yaşadığı ünvana gətirmişdir. Saxlanılan gün isə heç bir cinayətkar niyyəti olmadan onu üzərində gəzdirmişdir. Həmin silahın onda olması barədə heç kimin məlumatı olmamış, heç bir cinayətdə istifadə etməmiş, atəş açmamış, heç kimə satmaq və ya hədiyyə etmək niyyəti olmamışdır. Onunla birlikdə saxlanılmış X8 ilə hadisə baş verən gün görüşməkdə məqsədi onların uzun müddətdir görüşməməkləri ilə bağlı olmuş və birlikdə çay evlərinin birinə gedəcəkdilər. Sadayın onun üzərində tüfəng olmasından heç bir məlumatı olmamışdır. 10 iyun 2025-ci il saat 16:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 58 ünvanında tanışı X3 idarə etdiyi "BMW” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək anket məlumatlarını soruşmuş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməyi və saxlamağı barədə bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu və Sadayı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, onlar buna etiraz etməyib həmin polis əməkdaşları ilə Sadayın idarə etdiyi avtomobillə birlikdə həmin Baş İdarəyə gəlmişlər. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, tərcüməçi çağırılmış və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı belinin sol nahiyəsində olan tüfəngi və üzərində olan digər əşyaları təqdim etmişdir. Tüfəngə baxış keçirilən zaman lülə və qundaq hissəsinin kəsilmiş vəziyyətdə olması müəyyən edilmiş və təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sadayın üzərinə baxış keçirilərkən qanunsuz hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, heç bir şikayət, təklif daxil olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Sadayın idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobildən qanunsuz heç bir şey aşkarlanmamışdır. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında dindirilmiş şahid BMCMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid ifadə verərək bildirmişdir ki, 10 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X10, X5 və o daxil edilmişlər. 10 iyun 2025-ci il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 58 ünvanında olması müəyyən edilmiş və qrup üzvləri həmin ünvana getmişlər. Saat 16:00 radələrində həmin ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi "BMW" markalı, **-CL-*** qeydiyyat nişanlı avtomobilin yanında tanımadıqları başqa bir şəxslə olduğunu görmüş, həmin vaxt onlara yaxınlaşıb özlərini təqdim etmiş və onların da özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və X8 olduqlarını bildirdikdən sonra Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu tanışı Saday Zeynallı ilə birlikdə DİN-ın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar da buna etiraz etməyərək onlarla Saday Zeynallının idarə etdiyi avtomobillə birlikdə baş polis idarəsinə gəlmişlər. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış, onunla birlikdə saxlanılmış Saday Zeynallının üzərində isə baxış aparılmışdır. Şəxsi axtarış və baxış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah olduğunu bildirərək belinin sol nahiyəsində olan 01 ədəd tüfəng tipli dəmir predmeti təqdim etmişdir. Daha sonra həmin predmet masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərindən 01 ədəd mobil telefonu, 02 ədəd bank kartını, az miqdarda pul vəsaitini və 01 ədəd siqaret qutusunu çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd mobil telefon və 02 ədəd bank kartı təhqiqatçı tərəfindən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş, az miqdarda pul vəsaiti və siqaret qutusu isə sübut əhəmiyyəti kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd lülə və qundaq hissəsi kustar üsulla kəsilmiş tüfəng tipli dəmir predmeti saxlanılmazdan təxminən 01 ay əvvəl Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən silahlara olan xüsusi marağından irəli gələrək tanımadığı şəxsdən 400 manata aldığını, ondan heç vaxt istifadə etmədiyini, habelə Saday Zeynallının onun tanışı olduğunu, lakin üstündə olan həmin silahdan məlumatının olmadığını bildirmişdir. Daha sonra Saday Zeynallının üzərində baxış keçirilmiş, o, üzərində qanunla qadağan edilmiş əşyanın olmadığını bildirərək əynində olan şalvarın cibindən 01 ədəd mobil telefonu. 01 ədəd şəxsiyyət vəsiqəsini və 01 ədəd idarə etdiyi avtomobil açarını çıxarıb təqdim etmişdir. Bundan sonra baxış zamanı aşkar edilmiş əşyalar onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı X9 Paşazadənin onun tanışı olduğunu, lakin üstündə olan silahdan heç bir məlumatının olmadığını, görmədiyini, həmçinin idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş hər hansı əşyanın olmadığını, avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Daha sonra şəxsi axtarış, baxış və əşyaların götürülməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Daha sonra onlar baş idarənin inzibati ərazisində olan Saday Zeynallının idarə etdiyi “BMW" markalı, **-CL-*** qeydiyyat nişanlı avtomobilin yanına gəlmiş, bundan sonra təhqiqatçı tərəfindən Saday Zeynallıdan avtomobildə qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatı saxlayıb-saxlamaması soruşulduqda o avtomobildə qanunsuz heç bir əşyanın olmadığını bildirərək avtomobili baxışa təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə baxış keçirilməyə başlanılmış, baxış zamanı sübut əhəmiyyət kəsb edəcək heç bir əşya aşkarlanmamışdır. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak etməyən şahid - BMCMİ-nin əməliyyat müvəkkilləri X10 və X2 ibtidai istintaqa verdikləri Şahid ilə oxşar məzmunlu ifadələri, habelə X3 ifadəsi elan edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş X8 ibtidai istintaqa şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur və onunla çox yaxın münasibətləri var. 10 iyun 2025-ci il tarixdə günorta saatlarında o, idarə etdiyi “BMW" markalı, **-CL-*** qeydiyyat nişanlı avtomobili ilə Səlahəddinin yaşadığı evə gəlmiş və onu evdən götürmüşdür. Onlar uzun müddətdir ki, görüşməmiş və qərara gəlmişlər ki, şəhərdə çay evlərinin birinə getsinlər. O, Səlahəddini evdən götürüb avtomobillə hərəkət edərək Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 58 ünvanının yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan və Səlahəddindən özlərini təqdim etməklərini xahiş etmiş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Səlahəddinin odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla onu tanış etmiş və onları birlikdə avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etmədən birlikdə Baş İdarəyə gəlmiş. Baş İdarəyə gəldikdən sonra Səlahəddinə vəkil və tərcüməçi təyin edilmiş və Səlahəddin vəkilə etirazının olmadığını bildirmişdir. Bundan sonra Səlahəddinin üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçiriləcəyi, onun üzərinə də baxış keçiriləcəyi bildirilmişdir. Onlar buna etiraz etmədikdən sonra videoçəkilişlə hərəkətlər aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Səlahəddinə təklif edilmişdir ki, üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qisim əşyalar varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Səlahəddin belinin sol nahiyəsində olan tüfəngi təqdim etmişdir. Daha sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung" markalı mobil telefonu, 2 ədəd bank kartını, 7 manat pulu, şalvarın sol yan cibindən siqaret qutusunu və 25 qəpiyi masanın üzərinə qoymaqla təqdim etmişdir. Tüfəngə baxış keçirilən zaman lülə və qundaq hissəsinin kəsilmiş vəziyyətdə olması müəyyən edilmiş və təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Səlahəddinin üzərinə şəxsi axtarış keçirilən zaman ış üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmiş, üzərindən aşkar edilmiş ümumilikdə 7 manat 25 qəpik pul və siqaret qutusu açarı ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd Samsung markalı mobil telefon və 02 ədəd bank kartı isə iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı o, əynində olan şalvarın sol yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu, şaalvarın sağ yan cibindən isə şəxsiyyət vəsiqəsini və avtomobilinin açarını təqdim etmişdir. Aşkar edilmiş əşyalar daha sonra ona geri qaytarılmışdır. Qeyd olunan proses də video kamera vasitəsilə qeydiyyata alınmış, bu barədə müvafiq protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, heç bir şikayət, təklif daxil olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, idarə etdiyi avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Bundan sonra videoçəkilişdən istifadə edilməklə onun idarə etdiyi “'BMW" markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunsuz heç bir şey aşkarlanmamışdır. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 10 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:00 radələrində cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-729/2025 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdə saat 16:00-dan hesablanmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 iyun 2025-ci il tarixli qərar əsasında şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Səlahəddin Paşayev üstündə silah olduğunu bildirib belinin sol nahiyyəsində olan 01 tüfəng tipli predmeti göstərmişdir. Daha sonra əməkdaşlar tərəfindən həmin predmet götürülüb masanın üstünə qoyulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 02 ədəd plastik bank kartını, 7 manat pul vəsaitini, şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusunu və yenidən şalvarının sağ yan cibindən 25 qəpik pul vəsaitini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş 01 ədəd tüfəng tipli predmetə baxış zamanı onun lülə və qundaq hissəsinin kəsilmiş vəziyyətdə olması müəyyən edilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Plastik bank kartlarına baxış zamanı üstündə 4169 7388 8710 4895 rəqəmləri qeyd olunmuş “Birbank” bank kartı və 4169 7388 0050 2746 rəqəmləri qeyd olunmuş “Birbank” bank kartları olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon, 02 ədəd plastik bank kartları iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş 7 manat 25 qəpik pul vəsaiti və 01 ədəd siqaret qutusu onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd lülə və qundaq hissəsi kəsilmiş tüfəng tipli predmeti təxminən 1 ay əvvəl Zabrat qəsəbəsindən marağı olduğu üçün tanımadığı şəxsdən 400 manat müqabilində aldığını, istifadə etmədiyini, X3 onun tanışı olduğunu, lakin üstündə olan həmin predmetdən məlumatının olmadığını bildirmişdir. Daha sonra Saday Zeynallının üstünə baxış keçirilmişdir. Saday Zeynallı üstündə dövriyyəsi qadağan olunmuş əşya və predmet olmadığını bildirib, əynində olan tünd göy şalvarının sol yan cibində olar 01 ədəd “İphone” markalı mobil telefonu, şalvarının sağ yan olan 01 ədəd şəxsiyyət vəsiqəsinin və 01 ədəd avtomobil açarını çıxarıb masanın üstünə qoymuşdur. Baxış zamanı Saday Zeynallının üstündən digər əşya və predmet aşkar edilməmişdir. Baxış zaman aşkar edilmiş əşya və predmetlər Saday Zeynallıya geri qaytarılmışdır. Şifahi sorğu zaman X4 Paşazadənin tanışı olduğunu, lakin onun üstündə olan əşya və predmetdən məlumatının olmadığını, avtomobilində dövriyyəsi qadağan olunmuş heç bir əşya və predmet saxlmadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 11 iyun 2025-ci il tarixli 25/946 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd qatlama qolunda Y-93054 №-si olan silah, ilkin variantda zavod üsulu ilə keçmiş SSRİ dövlətində, “İjevsk" silah zavodunda 1959-cu ildə istehsal olunmuş 16 mm kalibrli İjk modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngi olub. Lakin sonradan həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 275 mm, ümumi uzunluğu 435 mm olan silah öz ilkin təyinatını itirmiş 16 mm kalibrli çaxmaqlı, hamar tək lüləli, odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X12 xx.xx.2025-ci il tarixli 293/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ saidin və sağ kürək nahiyəsinin sıyrıqları bərk küt əşyaların təsirindən müayinədən 1-2 həftə əvvəl əmələ gəlmişdirlər. Müayinə olunan şəxsin göstərdiyi müddətdə və şəraitdə yarana bilərdilər; həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. “Sübutların qiymətləndirilməsi haqqında” 6 iyul 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd ov tüfənginin kəsiyinin maddi sübut hesab edilməsi və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclsiinin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 228.2.2, 228.4, 66.2-ci maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 10 ay 2 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin, 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, qanunsuz olaraq odlu silahı əldə etməsi, saxlaması və daşıması barədə səmimi ifadə vermişdir. CPM-in 126.6-cı maddəsinin imperativ tələbinə görə, təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməsi yalnız iş üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq edildiyi halda ittihamın əsasını təşkil edə bilər. Bu baxımdan, məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadələrini iş üzrə toplanmış digər mötəbər və mümkün sübutlarla müqayisəli şəkildə təhlil etmişdir. Belə ki, təqsirləndirilən şəxsin ifadəsi şahid qismində dindirilmiş əməliyyat müvəkkilinin bir-birinə uyğun olan, Təqsirləndirilən şəxs saxlanılması və üzərindən odlu silahın aşkar edilməsi hallarını təsdiq edən ifadəsi ilə tam uzlaşır. Bundan əlavə, təqsirləndirilən şəxsin təqsiri iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş digər şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması, məhkəmə ballistik ekspertizasının rəyi və digər sənədlərlə də təkzibedilməz şəkildə sübuta yetirilir. Məhkəmə qeyd edir ki, qanunsuz odlu silah dövriyyəsi yalnız milli hüquq qaydası üçün deyil, həm də beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradan ən təhlükəli cinayətkar təzahürlərdən biridir. Bu yanaşma, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 2-ci maddəsində təsbit edilmiş yaşamaq hüququnun təmin edilməsi ilə bağlı dövlətin pozitiv öhdəliklərindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, dövlətlər odlu silahların dövriyyəsinə effektiv nəzarəti təmin etmək üçün zəruri qanunvericilik və inzibati tədbirlər görmək öhdəliyi daşıyır. Qanunsuz odlu silah saxlama və daşıma kimi əməllərə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və mütənasib cəzanın tətbiqi dövlətin məhz bu pozitiv öhdəliyinin yerinə yetirilməsinin təzahürüdür. Bu baxımdan, odlu silahların qanunsuz dövriyyəsinin məhdudlaşdırılmasına yönəlmiş cinayət-hüquqi tədbirlər ictimai təhlükəsizliyin təmin edilməsi üçün zəruri və mütənasib hesab edilir və fərdin hüquqlarına qanuni müdaxilə sayılır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 ay 2 gün hissəsindən vaxtından əvvəl şərti azad edildiyi dövrdə törətdiyindən cəzadan şərti olaraq azad etmə ləğv edilməli və məhkumluğu ödənilmədən yenidən cinayət əməlini törətdiyindən əməlində cinayətlərin residivinin olması nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edərkən nəzərə alır ki, o, əvvəllər də cinayət törətməyə meyilli olmuş, bir neçə dəfə məhkum edilmiş və barəsində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər ona göstərilmiş humanist yanaşmadan düzgün nəticə çıxarmamış, məhkumluğu ödənilmədən şərti azad etmə müddətində yenidən qəsdən, xüsusilə də əvvəlki məhkumluğunun yaranmasına səbəb olan məcmu halında cinayətlərdən biri ilə eyni növ cinayət əməlini törətmişdir. Bütün bunlar onun formalaşmış şəxsiyyətində sabit ictimai təhlükəli meyllərin və hüquqa qarşı davamlı hörmətsiz münasibətin mövcudluğuna dəlalət edir. Şəxsin islah olunması üçün cəmiyyətdən təcrid edilmədən cəza təyin edilməsinin səmərəsiz olacağı və cəzanın məqsədlərinə nail olmağa imkan verməyəcəyi barədə məhkəmədə əsaslı daxili inam yaradır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə əsəsən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 7(011)-44/2025 nömrəli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-267/2022 nömrəli hökmü ilə təyin edilmiş və cəzanın çəkilməmiş qalan 10 ay 2 gün hissəsindən vaxtından əvvəl şərti azad olunduğu müddət ləğv edilməli, həmin cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - 01 ədəd qatlama qolunda Y-93054 №-si olan silah, ilkin variantda zavod üsulu ilə keçmiş SSRİ dövlətində, “İjevsk" silah zavodunda 1959-cu ildə istehsal olunmuş 16 mm kalibrli İjk modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməklə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə istintaq hərəkətinin köçürüldüyü 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-44/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 1(010)-267/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və cəzanın çəkilməmiş qalan 10 ay 2 gün hissəsindən vaxtından əvvəl şərti azad olunduğu müddət ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-267/2022 nömrəli hökmü ilə təyin edilmiş 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 2 gün hissəsi hazırki hökmlə təyin edilmiş 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd qatlama qolunda Y-93054 №-si olan silah, ilkin variantda zavod üsulu ilə keçmiş SSRİ dövlətində, “İjevsk" silah zavodunda 1959-cu ildə istehsal olunmuş 16 mm kalibrli İjk modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməklə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İşi üzrə məhkəmə məsrəfinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №1(005)-335/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-335/2025
29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver