Məhkəmə qərarları › İş №1(005)-337/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-337/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-337/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “ARBİTRUM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, bir ədəd bükümdə təmiz çəkisi 0.292 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 27 yanvar 2023-cü il tarixdə saat 06:35 radələrində ünvan 2 ünvanının qarşısında piyada hərəkət edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X3 1-ci patrul Bölüyünün əməkdaşları saxlanılaraq ünvan 3 ünvanında yerləşən Ba;ı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətirilmiş və orada xidməti otaqların birində üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,292 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür . Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və ifadəsində bildirmişdir ki, bir müddətdir narkotik vasitələrdən qəbul edir. 27 yanvar 2023- cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu, “Papanin" adlanan ərazidə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 5 manata bir büküm narkotik vasitə heroin almış, sonra istifadə etmək üçün üzərində saxlmışdır. Sonra tanışı Elşən adlı şəxslə onun yaşacığı evin qarşısında görüşüb ünvan 6 ünvanının qarşısıncan keçərkən polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olmalarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları ondan şübhələndikləri üçün polis bölməsinə dəvət etmişlər. Vəkili dəvət edildikdən sonra təhqiqatçı onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirəcəyini bildirmiş və o, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində hər hansı əşya varsa təqdim etməyini xahiş etmişlər. O da əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və təqdim etdiyi həmin bükümün narkotik maddə heroin olmasını və həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Qeyd olunanlardan savayı onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi 1 bükümü götürərək zərfə qoymuşlar və protokol tərtib emişlər. Onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə həmin zərf möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Üzərinə baxış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Bir müddətdir ki, narkotik vasitələri çəkmə yolu ilə qəbul etmişdir. O. heç vaxtı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır və olmur. O etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin 16-ci PŞ-də Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cu il tarixdə saat 06:35 radələrində Şahid2 və Şahid1 onlara təhkim olunmuş ərazidə ünvan 7ünvanın qarşısında xidmətdə olduqları zaman iki şəxsin özlərini şübhəli apardıqlarını görmüşlər. Belə ki, həmin şəxsin yerişi və hərəkətləri onlarda şübhə doğurmuşdur. Ona görə də, hər ikisi onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə həmin şəxslərə özlərini təqdim etmişlər və Əlahiddə X3 1-ci X2 polis nəfərləri olduqlarını bildirmişlər. Bundan sonrə həmin şəxsdən özlərini və şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etmələrini tələb etmişlər. Bu zaman həmin şəxs suallardan yayınmağa başlamış və oradan getməyə çalışmışdır. Onlar həmin şəxsdən şübhələnib həmin şəxsi Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. 16-cı PB-də məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxsdur. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən, sonra özünü təqdim etməsi, həmçinin üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olub-olmaması və könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan soma Təqsirləndirilən şəxs özünü təqdim edərək, əynində olan göy rəngli cins şalvarın sağ yan kiçk cibindən siqaretin qızılı kağızına bükülmüş bir ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə narkotik vasitə “kakos" adı ilə tanınan heroini könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş digər əşya aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi bükümün içərisində olan maddənin narkotik vasitə “kakos" adı ilə tanınan heroin olmasını, həmin herohi 26 yanvar 2023-cü il tarixdə axşam radələrində “Papanin" adlanan ərazidə sifətdən tanıdığı şəxsdən beş manata şəxsi istifadəsi üçün aldığını və onu göy rəngli cins şalvarın sağ yan kiçk cibində saxladığını, 27 yanvar 2023-cü il tarixdə saat 06:35 radələrində Nəcəf Nərimanov küçəsi, 5 ünvanda yerləşən Azərbaycan Kooperasiya Universitetinin arxasında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılb möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur; 27 yanvar 2023-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan və həmin şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı çəkilmiş videogörüntülərdən görünür ki, öncə Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilir ki, o da Təqsirləndirilən şəxs olduğunu deyir, sonra ona üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif edilir və Təqsirləndirilən şəxs əynində olan göy rənglı şalvarın sag yan kiçik cibindən 01 ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə narkotik vasitəni (“kakos”) könüllü olaraq çıxarıb masanın üzərinə qoyur. Sonra bükümdəkinin nə olması soruşulduqda o təqdim etdiyi bükülünün içərisindəki «kakos» adı ilə tanınan heroindir, həmin narkotik vasitəni 26 yanvar 2023-cü il tarixdə axşam radələrində “Papanin” adlanan ərazidə üzdən tanıdığı şəxsdən özü qəbul etmək üçün 5 manata almasını bildirdi.Bundan sonra aşkar olunmuş narkotik vasitə - heroin boş zərfə qoyub möhürlənir. Bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2023-cü il tarixli, 6/503 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən....” sözləri və imzalar qeyd edilmiş zərfdəki bir ədəd qara rəngli bükümdə təmiz çəkisi 0,292 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyhılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağın edilən narktik vasitələr»-in siyahısına (Siyahı 1) daxildir.Heroinin təmiz çəkisi-0,292 qram, tədqiqata sərf edildi -0,05 qr., qalıq -0,242 qram. Ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 may 2023-cü il tarixli, 2621 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub.Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “sübutların qiymətləndirilməsi” haqqında 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş təmiz çəkisi 0,292 qram narkotik vasitəheroinin və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri ilə olan 01 ədəd DVD diskin cinayət işi üzrə maddi sübut hesab edilməsi, heroindən ekspertiza tədqiqatına 0,5 qram sərf edildikdən sonra qalan 0,242 qram hissəsinin məhkəmə hökmünə qədər saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə verilməsi, diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,292 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsini və peşman olmasını, ilk dəfə cinayət törətməsini, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (27- 28 yanvar 2023-cü il, 1 sutkadan çox saxlanmışdır), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş ARBİTRUM” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 0,242 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən “ARBİTRUM” vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar