Məhkəmə qərarları › İş №1(005)-337/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-337/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-337/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 15:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyev Aytac İmamhüseyn qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 vəkili və nümayəndəsi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X1 və müdafiəçisi «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1962-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli ev 03 övladı olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı Rayonu Hövsan qəsəbəsi Elmar Qasımov 15V ünvanında yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs X5 xüsusi ittihamçı X8 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, X5 “TikTok.com” sosial şəbəkəsində ona məxsus 3500 nəfərdən yuxarı izləyicisi olan “@behramallahverdiyev” adlı səhifəsində 01, 03, 11, 12, 13, 17, 18, 20, 21 iyun 2023-cü il tarixlərdə hər gün paylaşmaqla (dərc etdirməklə) yalan olduğunu bilə-bilə qəsdən onun şərəf və ləyaqətini ləkələyən, onun şəxsiyyətinə qarşı yönəlmiş, onu nüfuzdan salan, qərəzli, böhtan xarakterli məlumatlar yaymışdır. Böhtan xarakterli məlumatlar yazılı, videogörüntü və ya səs vasitəsi ilə yayımlanmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC Nəsimi RETSİ-nin İstismar şöbəsinin hava xətt ustası vəzifəsində işləyən X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhər Prokurorluğuna, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İ Vitse Prezidentinə, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidentinəxx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin sədrinə ünvanlanmış məktublarda guya o, Surxay Qocayev 2006-2019-cu illərdə "xxxx" ASC Nəsimi RETSİ İstismar şöbəsinin rəisi olduğu dövrdə heç bir əsası olmadan qanunsuz işlər gördüyü üçün onun cəzalandırılmağını tələb etmiş, bütün müraciətlər müxtəlif vaxtlarda onun və Bəhram Allahverdiyevin iştirakı ilə araşdırılmış, əsassız olduğu müəyyən edilmişdir. Lakin, Bəhram Allahverdiyev öz əsassız iddialarından əl çəkməyərək “TikTok.com” sosial şəbəkəsində olan səhifəsi vasitəsi ilə gündəlik paylaşımlar edərək onun ünvanınına heç bir əsası olmayan, yalan olduğunu bilə-bilə çıxışlar, yazılar vasitəsi ilə şərəf-ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən, işlədiyi kollektivdə və ictimaiyyət arasında onu hörmətdən salan cinayət xarakterli əməllər törətmiş və eyni əməlləri törətməkdə davam etdirməkdədir.O, həm ictimaiyyət içərisində həm də işlədiyi "xxxx" ASC-də vəzifəli şəxs olaraq etibar edilən, kifayət qədər sayılıb seçilən, nüfuza sahib bir şəxsdir. Belə bir halda ona qarşı bu cür əsli olmayan, qərəzli, böhtan və onu gülüş obyektinə bənzətmə xarakterli məlumatların yayılmasını özünə qarşı böhtan və təhqir kimi qiymətləndirir, onun nüfuzunun, ləyaqətini və işgüzar nüfuzunun ləkələnməsi kimi qəbul edir. Bu cür əməlləri qəsdən törətmiş şəxs X5 barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin aparılması və məsuliyyətə cəlb olunmasını zəruri hesab etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən X1 Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində cinayət işi açılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X6 nümayəndəsi və vəkili Müdafiəçi1 şikayətin məzmununa uyğun çıxış edərək, bildirmişdir ki, şikayətə əlavə edilmiş video görüntülərdən aydın olur ki, X7 Ocaqovu nüfuzdan salan məlumatlar paylaşmış və çıxışlar etmişdir. Belə ki, çıxışlarda “Azərişıq sobatajı başlıqlı xəbərdə - X11 X10 məxsus olan ərazilərdə transformatorlar məntəqələri, yüksək gərginlik kabelləri təzə tikilən binalara satmağından yazıram, Surxay Ocaqovun oğru həmkarları sədrdən gizlədirlər, Bakıda atom bombası təhlükəsi başlıqlı xəbəri, Surxay Ocaqovun xəyanəti, Surxay Ocaqov bombaları yerləşdiri Vüqar Əhmədov göz yumur, qeyri-qanuni yolla obyektlər və binalar enerji ilə təmin olunmuşdur və sair” kimi ifadələr işlədərək Surxay Ocaqova qarşı yönəlmiş, onu nüfuzdan salan, qərəzli, böhtan xarakterli məlumatlar yaymışdır. X4 iddiaları ətrafında yoxlamalar və monitorinqlər keçirildiyini heç bir qanun pozuntusunun aşkar olunmadığı müəyyən edilmişdir. X1 CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 ifadə verərək özünü təqsirli bilmədiyini qeyd etmiş və çıxışında bildirmişdir ki, “TikTok.com” sosial şəbəkəsində “@behramallahverdiyev” adlı hesab özünə məxsusdur və həmin sosial şəbəkədə, həmçinin “Haqq səsi TV1” kanalında X8 barəsində yayılan məlumatlar onun tərəfindən paylaşılmışdır və söylənilmişdir. Lakin həmin məlumatlar böhtan deyildir, hər biri doğru məlumatlardır. Belə ki, X8 onun rəhbəri olmuş və etdiyi qanunsuz işləri bilmişdir. Səhətində ciddi problemləri olduğu vaxt pula ehtiyacı yaranmışdır. Bunun üçün Surxay Ocaqova müraciət etmişdir, lakin Surxay Ocaqov ona pul verməmişdir. Haqqını tələb etmişdir, onun üçün gördüyü işlərin haqqını verməsini istəmişdir. Pulunu vermədiyi üçün sosial şəbəkələrdə videolar çəkərək, çıxışlar edərək məlumatları paylaşmışdır. Hazırda da paylaşmağa davam etdiyini bildirmişdir. Qeyd etdiklərinin doğruluğunu təsdiq edəcək əlində heç bir materialın olmadığını bildirmiş və təklif etmişdir ki, "xxxx" MMC-in rəhbərliyi yoxlama keçirdərək araşdırma aparsın. Heç bir cinayət əməli törətmədiyini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş DVD disk görüntüsündən aydın olur ki, X5 “@behramallahverdiyev” adlı səhifəsində “Azərişıq sobatajı başlıqlı xəbərdə - X11 X10 məxsus olan ərazilərdə transformatorlar məntəqələri, yüksək gərginlik kabelləri təzə tikilən binalara satmağından yazıram, Surxay Ocaqovun oğru həmkarları sədrdən gizlədirlər, Bakıda atom bombası təhlükəsi var, Surxay Ocaqovun xəyanəti, Surxay Ocaqov bombaları yerləşdirir Vüqar Əhmədov göz yumur, qeyri-qanuni yolla obyektlər və binalar enerji ilə təmin olunmuşdur, şəhər təhlükədədir” kimi məlumatlar paylaşmış bu mövzular ətrafında çıxışlar etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-337/2024 saylı qərardan görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1934/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-337/2024 saylı qərarı ləğv edilmiş və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 ona məxsus “TikTok.com” sosial şəbəkəsində məlumat yayması öz etirafı ilə yanaşı, məhkəmədə tədqiq edilmiş DVD disk görüntüsündə də öz əksini tapmışdır. Məhkəmə DVD diskdə əks olunan məlumatları araşdıraraq hesab edir ki, qeyd olunanlar və səsləndirilən məlumatlar X8 barəsində cəmiyyətdə, işgüzar fəaliyyətində və onu tanıyanlar arasında haqqında mənfi rəy yaranmasına və gözdən düşməsinə səbəb ola bilən məlumatlardır. Beləliklə, təqsirləndirilən X5 özünü 147.1-ci maddə ilə bağlı, yəni böhtan atma ilə bağlı təqsirli bilməsə də bununla yanaşı sosial şəbəkələrdə dərc edilən məlumatları özünün səsləndirdiyini, yazdığını və paylaşdığını, həmçinin həmin məlumatların həqiqi olduğunu güman etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi ilə yanaşı onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, iş materiallarına əlavə “TikTok.com” sosial şəbəkəsindən əldə edilmiş çıxarışlarla və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 147.1-ci maddəsi ilə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, “böhtan və təhqir arakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 vəLingens, § 46). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X2 cəza təyin edərkən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, himayəsində 03 övladının və həyat yoldaşının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən X1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, X3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. İş üzrə 01 (bir) ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X1 məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi X1 müdafiəçisi Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum olunsun. Müdafiəçi2 tərəfindən X1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə 01 (bir) ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar