Məhkəmə qərarları › İş №1(005)-338/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-338/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-338/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə, Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 38, mənzil 8-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə, saat 13:15 dəqiqədə ünvan 1 ünvanda yerləşən “X6” MMC-nin satış ofisinin qarşısında həmin MMC-nin direktoru Zərərçəkmiş şəxs onun özünə məxsus olan mənzilin yerləşdiyi “C” girişli binanın 6-cı mərtəbəsindəki pilləkənin yanında icazəsiz quraşdırdığı saxlanc yerini sökməsini tələb etməsini cüzi səbəb kimi bəhanə edərək sonuncunu ucadan nalayıq söyüşlərlə söymüş, əsaslı səbəb olmadan çoxlu sayda adamın gözləri qarşısında ümumi birgə davranış qaydalarına zidd olaraq qəsdən sağ və sol yumruqla eyni anda və ayağı ilə Zərərçəkmiş şəxs ağız və çənə nahiyələrinə zərbələr endirərək onun üst dodağın sağ yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası və alt çənənin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 5 dəqiqə ərzində davam etdirərək satış ofisinin iş rejimini, ofisin işçilərinin, ətrafda olan və yoldan keçən digər şəxslərin rahatlıqlarını, dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ünvan 2 ünvanda hündürmərtəbəli binaların inşasını həyata keçirən “X6” MMC-nin direktoru kimi tanımaqla, onunla aralarında əvvəllər mənzil ilə bağlı müəyyən anlaşılmazlıqlar olsa da, bütün məsələlər aydınlaşdırılmışdır və aralarında ədavət, düşmənçilik olmamışdır. Əvvəllər qeyd olunan ünvanda mənzili olduğundan, “X6” MMC-nin direktoru Zərərçəkmiş şəxslə aralarında bağlanmış müqavilə əsasında o, mənzilini onlara satmış, onlar mənzilini sökəndən sonra orada hündürmərtəbəli yaşayış binaları inşa etdirdiklərindən 2021-ci ilin yay aylarında inşa etdirdikləri “C” girişindəki 6 mərtəbəli binanın 6-cı mərtəbəsində ona 2 otaqlı mənzil vermişlər. 2021-ci ilin oktyabr ayında MMC-nin direktoru Zərərçəkmiş şəxs icazəsi əsasında ona verilmiş mənzilin yerləşdiyi binanın 6-cı mərtəbəsindəki pilləkənin yanında saxlanc yeri quraşdırmışdır. 07 fevral 2022-ci il tarixdə, səhər saatlarında həmin MMC-də Təhlükəsizlik Texnikası üzrə mühəndis işləyən Şahid1 ona zəng edib onu mənzilinin yerləşdiyi yerə dəvət edərək iştirakı ilə orada pilləkənin yanında quraşdırdığı saxlanc yerini sökəcəklərini bildirdiyindən həmin gün, saat 12:00 radələrində ora getmişdir. Həmin yerə gedəndən sonra orada Şahid1 və MMC-də briqadir işləyən Şahid2 olduqlarının şahidi olmuşdur. Onlar saxlanc yerini sökmək istəyərkən o, MMC-nin direktoru Zərərçəkmiş şəxs tərəfindən ona icazə verildiyini qeyd edərək saxlanc yerini sökməkdən imtina edəndə onlar Zərərçəkmiş şəxs tərəfindən ona icazə verilmədiyini bildirib məsələyə aydınlıq gətirilməsi üçün onu Zərərçəkmiş şəxs fəaliyyət göstərdiyi ofisə dəvət etmişlər. Göstərilən tarixdə, saat 13:00 radələrində o, Şahid1 və Şahid2la birlikdə ofisə getmişlər. Ofisin qarşısında təsadüfən onunla eyni məhəllədə yaşayan Şahid4la rastlaşdığından sonuncu da olanlar haqqında məlumatlı olmuşdur. Ofisdə Zərərçəkmiş şəxslə danışıq əsnasında onun icazəsi ilə orada saxlanc yeri quraşdırdığını sonuncuya deyəndə Zərərçəkmiş şəxs bununla əlaqədar ona icazə verdiyini inkar etdiyindən o da yalan danışanın ünvanına nalayiq ifadələr işlədərək xərclədiyi pul ona qaytarılandan sonra saxlanc yerini sökəcəyini demişdir. Sonradan ofisi tərk edərək gəldiyi yerə qayıtmış və qeyd olunan saxlanc yerinin söküldüyünü görmüşdür. Bundan sonra ofisə qayıdaraq saxlanc yerinin söküldüyün bildirib həmin saxlanc yeri üçün çəkdiyi xərci istəmişdir. Bu vaxt Zərərçəkmiş şəxslə aralarında mübahisə yarandığından o, MMC-nin təsisçisi Sahib adlı şəxslə əlaqə saxlamaq istəmiş, lakin Zərərçəkmiş şəxs Sahib adlı şəxsin əlaqə nömrəsini ona təqdim etməmişdir. Bundan sonra onlar Rahimlə bərabər ofisi tərk etmişlər. Saat 13:15 dəqiqədə ofisin qarşısında Zərərçəkmiş şəxslə mübahisələri davam edəndə sonuncu yumruqla onun döş qəfəsinə bir zərbə vurduğundan o, sağ və sol yumruqla eyni anda Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir zərbə endirmişdir. Bundan sonra Zərərçəkmiş şəxslə əlbəyaxa olduğundan, sonuncu yerə yıxılmış və o, sağ ayağı ilə Zərərçəkmiş şəxs çənə nahiyəsinə bir zərbə vurmuşdur. Bu vaxt orada olan Şahid1, Şahid2, Şahid4 və Şahid3 araya düşərək onları aralaşdırmış və dalaşmalarının davam etməsinə imkan verməmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs yumruqla onun döş qəfəsinə bir zərbə endirsə də, o, hər hansı xəsarət almadığından onun barəsində şikayət etməmiş və məhkəmə tibbi- ekspertizasından keçməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan hadisə ofisin içində baş verən sözlü mübahisə 5 dəqiqə çəkdiyi halda, ofisin bayır tərəfində əlbəyaxa olmaları ilə yaxınlıqdakı insanların onları aralaşdırıb sakitləşdirməsi 1 dəqiqə çəkməmişdir. Həmçinin qeyd etmişdir ki, mübahisə zamanı ilk olaraq Rahim onun sinəsinə zərbə endirmiş, bundan sonra o refleksiv olaraq Rahimə sağ və sol yumruqla eyni vaxtda iki zərbə endirmişdir. Bundan sonra orada olan Əli, Cəlil və Tural onları aralaşdırıb sakitləşdirməyə çalışmışlar. Əlavə olaraq bildirmişdir ki, o ofisə daxil olanda Rahimin yanında xanım işçilərin olmasını görməmişdir. Mübahisənin ofisdən çöldə davam etməsinə səbəb Rahimin qeyd olunan saxlanc yerinə icazə verməsini boynuna almaması olmuşdur. Davanın baş verdiyi yer ofisin ümumi girişin yan tərəfi idi. Qeyd olunan yer ümumi istifadədə olmamış, tikinti gedən binanın yanında sakitlik bir yer olmuşdur. Ora insanların gediş-gəliş yeri və yaxud istifadə etdiyi yol olmamışdır. Belə ki, mübahisə səkinin üzərində baş vermişdir və qeyd olunan səkinin üzəri tikinti materiallarının qalıqları, qumla çirklənmişdi. Daha sonra insanlar onları aralaşdırıb sakitləşdirdikdən sonra o da getmişdir. Həmçinin son olaraq bildirmişdir ki, qeyd olunan saxlanc yeri üçün Rahimdən icazə almışdır. Binanın 2 nəfər mühafizəçisi var və onlar daima binanı nəzarətdə saxlayırlar. Əgər Rahim icazə verməmiş olmasaydı, həmin saxlanc yerini orada quraşdıra bilməzdi, əgər icazəsiz quraşdırsa belə, üstündən 8 ay keçdikdən sonra müəyyən olunmazdı. Demək ki, saxlanc yerinin quraşdırılmasından Rahimin xəbəri olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayından ünvan 1 ünvanda hündürmərtəbəli binaların inşasını həyata keçirən “X6” MMC-nin direktoru vəzifəsində işləyir və həmin MMCnin göstərilən ünvanda yerləşən ofisində fəaliyyət göstərir. Təqsirləndirilən şəxs həmin MMC-nin qeyd olunan ünvanda inşa etdirdiyi “C” girişindəki binanın 6-cı mərtəbəsində mənzili olduğundan, onu binanın sakini kimi tanımaqla aralarında mənzilin kvadratmetri ilə bağlı müəyyən narazılıq olsa da, ədavət, düşmənçilik olmamış və “salam-sağ ol” münasibətləri olmuşdur. 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs hər hansı icazə almadan özbaşına olaraq özünə məxsus mənzilin yerləşdiyi binanın 6-cı mərtəbəsindəki pilləkənin yanında saxlanc yeri quraşdırdığı üçün ona bir neçə dəfə xəbərdarlıq olunub həmin saxlanc yerini sökməsi xahiş edilsə də, Təqsirləndirilən şəxs buna əhəmiyyət verməyib həmin saxlanc yerini sökməkdən imtina etmişdir. Buna görə də, 07 fevral 2022-ci il tarixdə, səhər saatlarında o, həmin MMC-nin Təhlükəsizlik Texnikası üzrə mühəndisi Şahid1 və MMC-də briqadir işləyən Şahid2 Təqsirləndirilən şəxs dəvət edib onun iştirakı ilə həmin saxlanc yerini sökmələrini tapşırdığından həmin gün, saat 12:00 radələrində onlar Təqsirləndirilən şəxs həmin yerə dəvət edib bu barədə ona məlumat vermiş, Təqsirləndirilən şəxs buna guya onun tərəfindən icazə verildiyini qeyd edərək saxlanc yerini sökməkdən imtina etmişdir. Şahid1 və Şahid2 buna onun tərəfindən icazə verilmədiyini bildirib məsələyə aydınlıq gətirilməsi üçün Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi ofisə dəvət edəndə göstərilən tarixdə, saat 13:00 radələrində Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs onun fəaliyyət göstərdiyi ofisə getmişlər. Ofisdə o, bir daha Təqsirləndirilən şəxs icazəsiz quraşdırdığı saxlanc yerini sökməsini təklif edib həmin yerdə lift avadanlıqlarının quraşdırılacağını desə də, Təqsirləndirilən şəxs həmin mərtəbənin binanın sonuncu mərtəbəsi olduğu üçün ona məxsus olduğunu və orada quraşdırdığı saxlanc yerini heç kimin sökə bilməyəcəyini deyib saxlanc yerini sökəcək adamın ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin şirkətin təsisçisi Sahib bəyin əlaqə nömrəsini istəmiş, lakin qeyd olunan məsələ onun səlahiyyət dairəsinə aid olduğu üçün Sahib bəyin əlaqə nömrəsini Rəşada təqdim etməyə ehtiyac duymamışdır. O, Təqsirləndirilən şəxs ofisdə qadın əməkdaşlarının olduğunu bildirib nəzakətli danışmasını ona deyərək ofisi tərk etməsini tələb edəndə Təqsirləndirilən şəxs ofisi tərk edərək qarşısına çıxmağa başlamış və ona “kişisənsə sən də, bayıra çıx” söz birləşmələri ilə müraciət etdiyindən, o da, Təqsirləndirilən şəxs arxasınca ofisin qarşısına çıxmışdır. Saat 13:15 dəqiqədə ofisin qarşısında Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlədib üstünə hücum etdiyindən onlar əlbəyaxa olmuş və Təqsirləndirilən şəxs bir neçə dəfə onu itələdiyindən o da, Təqsirləndirilən şəxs özündən kənarlaşdırmaq üçün əli ilə yüngülcə sonuncunun döş qəfəsindən itələmişdir. Bu vaxt gözləmədiyi halda Təqsirləndirilən şəxs sağ və sol yumruqla eyni anda onun ağız nahiyəsinə bir zərbə endirmişdir. Bundan sonra Əli və Cəlil onları aralaşdırıb sakitləşdirməyə çalışdıqları zaman onun ayağı sürüşərək yerə yıxılmış, bu zaman Təqsirləndirilən şəxs sağ ayağı ilə onun çənəsinin sağ tərəfinə bir zərbə vurmuşdur. Həmin vaxt orada olan Şahid1, Şahid2, binaların birində yaşayan Şahid3 və Təqsirləndirilən şəxs tanışı Şahid4 araya girib Təqsirləndirilən şəxs ondan kənarlaşdıraraq sonuncunun onu vurmaqda davam etməsinə imkan verməmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirməmişdir. Göstərilən vaxtda və yerdə Təqsirləndirilən şəxs onunla mübahisə edib onu söyərək xəsarətlər yetirməsi prosesi təxminən 5 dəqiqədən çox davam etdiyi üçün orada səs-küy yarandığından orada olan Şahid1, Şahid2, Şahid3 və Şahid4, həmçinin yaranmış səs-küyə ətrafda olan və yoldan keçən tanımadığı şəxslər ora toplaşaraq olanların şahidi olmuşlar. Son olaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin saxlanc yerinə tərəfindən icazə verilməmişdir. Qeyd olunan bina artıq istifadəyə verilmişdir və sakinlər yaşayır. Lakin komendant olmadığı və 1 nəfər mühafizəçinin olmasını, həmin mühafizəçinin də hər zaman mansarda qalxaraq yoxlamaq üçün vaxtının və imkanının olmamasını nəzərə alan Təqsirləndirilən şəxs qeyd olunan saxlanc yerini icazəsiz olaraq özbaşına quraşdırmışdır. Bu barədə işçiləri ona məlumat verən kimi o dərhal oraya getmiş və saxlanc yerinin, həmçinin icazəsi qaz turbalarını görmüş və onun sökülməsi barədə dərhal öz tapşırıqlarını vermişdir. Həmçinin Rəşadı da həmin yerə çağıraraq bunun üçün icazəsi olmadığını bildirmişdir. Hətta Rəşada təklif etmişdir ki, “biz sökək, hara istəyirsən başqa yerə qoyaq”. Sabahı, yəni hadisə baş verən günü Əli və Cəlil adlı işçilər həmin saxlanc yerini sökmək üçün oraya getdikdə Rəşad bunun üçün guya icazə aldığını və oranı sökəcək olan şəxsə söyüş söyərək təhdid etmişdir. Həmçinin bildirmişdir ki, mübahisə zamanı ofisdən çölə çıxaraq 10 metr yan tərəfə getmişlər və bu zaman Rəşad ona həddindən artıq çox yaxınlaşaraq ucadan nalayiq ifadələr işlətdiyi üçün onu nəzakətli olmağa dəvət etmək üçün onu sinəsindən itələmişdir, lakin bu zərbə effektində olmamışdır. Mübahisənin yaşandığı yer ictimai yer olmuşdur. Belə ki, ora insanların gediş-gəliş yeri olmuş, hətta mübahisə zamanı insanlar mübahisə olan yerə baxmış, hətta onun ayağı sürüşüb yıxıldıqda yoldan keçən maşınlardan birindən kimsə, deyəsən, kömək etmək məqsədilə onlara yaxınlaşmışdır. Qeyd olunan yer Təqsirləndirilən şəxs dediyi kimi, səki olsa da, səkinin üzərində qum və yaxud tikinti materiallarının qalıqları olmamışdır. Aralarındakı mübahisə ofisdən xaricdə 5-6 dəqiqə, ofisin daxilində isə təxminən 10 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020ci ilin dekabr ayından ünvan 2 ünvanda hündürmərtəbəli binaların inşasını həyata keçirən “X6” MMC-də briqadir işləyir. Zərərçəkmiş şəxs həmin MMC-nin direktoru kimi tanımaqla onunla münasibəti yaxşı olsa da, Təqsirləndirilən şəxs həmin MMC-nin qeyd olunan ünvanda inşa etdirdiyi “C” girişindəki binanın 6-cı mərtəbəsində yerləşən mənzillərin birində yaşayan sakin kimi tanımaqla, aralarında ədavət, düşmənçilik olmamış və “salam-sağ ol” münasibətləri olmuşdur. 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs hər hansı icazə almadan özbaşına olaraq özünə məxsus mənzilin yerləşdiyi binanın 6-cı mərtəbəsindəki pilləkənin yanında saxlanc yeri quraşdırdığı üçün ona bir neçə dəfə xəbərdarlıq olunub həmin saxlanc yerini sökməsi xahiş edilsə də, Təqsirləndirilən şəxs buna əhəmiyyət verməyib həmin saxlanc yerini sökməkdən imtina etmişdir. Buna görə də 07 fevral 2022-ci il tarixdə, səhər saatlarında həmin MMC-nin direktoru Zərərçəkmiş şəxs ona və MMC-də Təhlükəsizlik Texnikası üzrə mühəndis işləyən Şahid1 Təqsirləndirilən şəxs dəvət edib onun iştirakı ilə həmin saxlanc yerini sökmələrini tapşırdığından həmin gün, saat 12:00 radələrində onlar Təqsirləndirilən şəxs həmin yerə dəvət edib bu barədə ona məlumat vermişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən ona icazə verildiyini qeyd edərək saxlanc yerini sökməkdən imtina edəndə onlar Zərərçəkmiş şəxs tərəfindən ona icazə verilmədiyini bildirib məsələyə aydınlıq gətirilməsi üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fəaliyyət göstərdiyi ofisə dəvət etmişlər. Göstərilən tarixdə, saat 13:00 radələrində onlar Təqsirləndirilən şəxsla birlikdə ofisə getmişlər. Orada Zərərçəkmiş şəxs bir daha Təqsirləndirilən şəxs icazəsiz tikdiyi saxlanc yerini sökməsini təklif edib həmin yerdə lift avadanlıqlarının quraşdırılacağını desə də, Təqsirləndirilən şəxs bunun üçün ondan icazə aldığını bildirmişdir. İçəridə qadınlar olduğu üçün onlar ofisdən çölə çıxmışlar. Sonra isə aralarında danışıb həll edəcəklərini düşündüyü üçün o, çıxıb oradan getmişdir, lakin sonra səs-küy yaranmış və o, dönüb arxaya baxdıqda Rahimin yerdə olduğunu görmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, mübahisə zamanı söyüş söyülməsini eşitməmişdir. X7 danışarkən o, hadisə yerindən getmişdir. Çünki düşünmüşdür ki, özləri məsələni öz arasında həll edəcək. Mübahisənin bu nöqtəyə gələcəyini düşünməmişdir. Hadisə zamanı orada özü, Əli və başqa da bir adam olmuşdur, ətrafdan da 1-2 adam mübahisəyə baxmışdır. Lakin ofisin içində elə də çox adam olmamışdır. O, hadisə zamanı kimin kimi vurmağını görməmişdir, dönüb geri baxdıqda Rahimin yerə yıxıldığını görmüşdür. Davadan sonra tərəfləri aralaşdırıb sakitləşdirmək üçün orada cəmi 6-7 nəfər olmuşdur. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan bina istifadəyə verilmişdir, orada yaşayış mövcuddur, lakin komendant yoxdur. Qeyd olunan saxlanc yerinə icazə verilib-verilməməsi, bu barədə Rəşadla Rahim arasında nə danışıqların olmasını bilməmişdir. Davadan sonra o, Rəşadı ayırıb sakitləşdirmək üçün hadisə yerindən kənarlaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşamaqla münasibətləri yaxşı olsa da, “X6” MMC-nin direktoru Zərərçəkmiş şəxs ilə hər hansı münasibəti olmamışdır. 07 fevral 2022-ci il tarixdə, saat 13:00 radələrində ünvan 2 ünvanda yerləşən “X6” MMC-nin satış ofisinin qarşısında Təqsirləndirilən şəxsla rastlaşarkən sonuncu ilə hal-əhval tutanda Təqsirləndirilən şəxs həmin MMC-nin direktoru Zərərçəkmiş şəxs icazəsi ilə özünə məxsus mənzilin yerləşdiyi mərtəbədəki pilləkənin yanında saxlanc yeri quraşdırdığını, MMC-nin rəhbərliyinin hazırda həmin saxlanc yerini sökmək istədikləri üçün buna aydınlıq gətirilməsi məqsədilə ofisə getdiyini bildirmişdir. O, siqaret çəkdiyi üçün ofisin qapısının ağzında gözləyib içəri keçməsə də, Təqsirləndirilən şəxs və yanındakı MMC-nin 2 işçisi ofisin içərisinə daxil olmuşlar. Ofisin qapısının ağzında olsa da, qapısı açıq olduğu üçün Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında gedən danışıqları eşitmişdir. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs quraşdırdığı saxlanc yerini sökməsini tələb edir, sonuncu isə onun razılığı əsasında saxlanc yerini quraşdırdığını bildirib saxlanc yerini sökməyəcəyini demişdir. Bundan sonra onların mübahisəsi ofisdən kənarda davam etmişdir. Bu zaman ilk zərbəni Rahim Rəşadın sinəsinə endirmiş, Rəşad da özünü qorumaq üçün həm də anidən olaraq Rahimə sağ və sol yumruqla eyni vaxtda zərbə endirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rahim Rəşada saxlanc yerinin quraşdırılmasına icazə versə də, sonradan bunu qəbul etməmişdir. Həmçinin bu razılıq qaz turbalarının çəkilməsi ilə əlaqədar məsələyə də aiddir. Belə ki, qeyd olunan ünvanda təbii qaz problemi onsuz da mövcuddur. Rahim Rəşada söz verdiyi, lakin sonradan bu sözü verdiyini qəbul etmədiyi üçün Rəşad əsəbiləşərək ondan verdiyi sözü tutmasını istəmişdir. Hadisə zamanı orada cəmi 7-8 nəfər var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs “X6” MMC-nin direktoru kimi tanımaqla onunla münasibəti yaxşı olsa da, Təqsirləndirilən şəxs tanımır və onunla hər hansı münasibəti olmamışdır. 07 fevral 2022-ci il tarixdə, saat 13:00 radələrində ünvan 1 ünvanda yerləşən “X6” MMC-nin satış ofisinin qarşısından keçən zaman Zərərçəkmiş şəxslə sonradan adı, soyadı ona aydın olan Təqsirləndirilən şəxs bir-biriləri ilə əlbəyaxa olaraq mübahisə etmələrini görəndə, onlara yaxınlaşaraq orada olan hazırda xatırlamadığı digər şəxslərlə birlikdə onları sakitləşdirmək istəmişdir. Mübahisə zamanı ucadan söyüşlər də söyülmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı orada özü ilə bərabər 6 nəfər olmuşdur. Mübahisə olan zaman səkinin qarşı tərəfində insanlar var idi. Mübahisədən sonra o, Rahimi qucaqlayaraq içəri aparmış və ona ilk tibbi yardımı göstərmişdir. Hadisə zamanı kimin ilk zərbəni vurmasını görməmişdir, lakin Rahimin qaşının ya ağzının qanadığını görmüşdür. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, müdafiə tərəfinin razılığı ilə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 07 fevral 2022-ci il tarixli, 124 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-üst dodağın sağ yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, alt çənənin sıyrığı-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlərdən üst dodağın sağ yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir, alt çənənin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 02 aprel 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Diskin baxışının aparılması haqqında” 08 aprel 2022-ci il tarixli protokoldan görünür ki, videogörüntünü açanda həmin videogörüntünün 07 fevral 2022-ci il tarixdə, saat 13:15:02-də başlaması və 03 dəqiqə 27 saniyədən ibarət olması məlum oldu. Görüntülərdən görünür ki, ofisin qarşısında olmaqla küçədə 4 şəxsin olduğu şəraitdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əlbəyaxa olaraq bir-birilərini itələyəndən sonra Təqsirləndirilən şəxs eyni anda sağ və sol yumruqla Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir zərbə endirir, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələdiyi üçün sonuncu yerə yıxılandan sonra Təqsirləndirilən şəxs ayağı ilə onun çənə nahiyəsinə bir zərbə vurur. Bu vaxtı onların yanlarında olan şəxslər araya düşərək onları aralaşdırır və onların dalaşmalarının davam etmələrinə imkan vermirlər. Görüntülərdən həmin vaxt ofisin qarşısından keçən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkət etmələri və yoldan keçən şəxslərin diqqətini məlum dalaşmaya yönəldilməsi aydın olur. “Maddi sübut kimi tanıma haqqında” 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, 07 fevral 2022-ci il tarixdə, saat 13:00 radələrində ünvan 1 ünvanda yerləşən “X6” Yaşayış Kompleksinin satış ofisinin qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətlər yetirməsini özündə əks etdirən 01 ədəd diskin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 37 Saylı Mənzil- Kommunal Təsərrüfat Sahəsi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli, 37/173 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında 1982-ci il tarixdən bu günə kimi 4 nəfər ailə üzvü ilə birlikdə qeydiyyatdadır və yaşayır. Yaşadığı müddətdə onun və ailəsinin barəsində istər qonşuları, istərsə də hüquq-mühafizə orqanları tərəfindən 37 saylı Mənzil-Kommunal İstismar Sahəsinə heç bir təqsirləndirici material daxil olmamışdır. 2001-2003-cü illərdə hərbi xidmətdə olub. Nümunəvi davranış qabiliyyətinə malikdir, evlidir, 2 uşaq atasıdır. AA ******* seriya və nömrəli, 6WX424H FİN kodlu şəxsiyyət vəsiqəsinin və AZE 10955916 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il tarixli X3 adlı övladları vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdikləri xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən. xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki övladının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində yaşayış yerindən axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində yaşayış yerindən axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 20 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar