Məhkəmə qərarları › İş №1(005)-339/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-339/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-339/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz qlaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan heroini əldə edərək üzərində saxlamaqla daşımış və xx xxxxxx 2020-ci il saat 00:15 radələrində ünvan 2 ünvanın yaxınlığında olan zaman davranışları şübhə doğurduğu üçün ərazidə xidmət aparan Nərimanov RPİ-nin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən RPİ-nə dəvət edilmiş, RPİ-də Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,350 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən pul müqabilində alaraq istifadə etmişdir. Belə ki, sosial şəbəkələrdən istifadə etməklə təsadüfən tapdığı narkotik vasitə satan şəxslərlə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitənin alınması üçün danışıb razılığa gəlmiş və pulunu onların hazırda xatırlamadığı hesab nömrəsinə göndərdikdən sonra narkotik vasitəni qoyduqları yeri ona demişlər. O da həmin yerdən narkotik vasitəni götürərək istifadə etmişdir. Sonuncu dəfə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, adının Sinan olduğunu bildirən, lakin üzünü görmədiyi şəxslə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Həmin şəxs də ona 150 manat pul müqabilində 10 qram narkotik vasitə olan heroin satacağını bildirmişdir. Aralarında olan razılaşmaya əsasən xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 10:00 radələrində özünü Sinan kimi təqdim edən şəxs onunla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. O, Sinanın hazırda xatırlamadığı hesab nömrəsinə 150 manat göndərdikdən sonra həmin şəxs narkotik vasitə heroini Suraxanı rayonu, Bül-bülə qəsəbəsində poçtun pilləkanının yanına qoyduğunu bildirmişdir. O da həmin narkotik vasitəni oradan götürüb özü üçün istifadə etmək məqsədi ilə əynində olan boz rəngli cins şalvarının cibinə qoymuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan vaxtadək həmin narkotik vasitənin bir qismini özü üçün heç kimin onu görmədiyi yerlərdə istifadə etmiş, yerdə qalan hissəsini isə əynindəki boz rəngli cins şalvarının sol yan cibinə qoymuşdur ki, sonra istifadə etsin. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 23:35 radələrində metronun Xalqlar Dostluğu stansiyası yaxınlığında taksiyə əyləşib vaxtını keçirmək məqsədi ilə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən istirahət parkına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 00:05 radələrində qeyd etdiyi parkın yaxınlığında taksidən düşmüş, 5-10 dəqiqə keçməmiş ona mülki geyimdə olan 2 nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Adını və soyadını öyrəndikdən sonra onun narkotik maddədən istifadə etməyindən şübhələndiklərini bildirərək onu bununla bağlı Nərimanov RPİ-yə dəvət etmişlər. O, artıq polislərin ondan şübhələndiyini və qaça bilməyəcəyini başa düşüb həmin şəxslərlə Nərimanov RPİ-yə gəlmişdir. İdarədə ona üzərində axtarış və götürmə aparacaqlarını bildirib hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Üzərində şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl polis əməkdaşı ona təklif etmişdir ki, əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da üzərindəki narkotik vasitəni gizlətməyin artıq əhəmiyyətsiz olduğunu, onsuz da üzərində axtarış aparılan zaman həmin narkotik vasitəni aşkar edib götürəcəklərini başa düşdüyündən məcbur olub xx xxxxxx 2020-ci ildə İran İslam Respublikasının vətəndaşı olan Sinan adlı şəxsdən 150 manat pul müqabilində almış olduğu və boz rəngli cins şalvarının sol yan cibinə qoyduğu, içərisində narkotik vasitə heroin olan 01 (bir) ədəd bükülünü polis əməkdaşına təqdim etmişdir. Bundan əlavə sol biləyinə bərkitdiyi sarı rəngli qolbağını da təqdim etmişdir. Üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükülü polis əməkdaşları tərəfindən onun və müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Üzərindən aşkar olunmuş qolbağ isə özünə qaytarılmışdır. Üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılan zaman qeyd etdiyi narkotik maddədən əlavə heç bir qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. Saxlanılan zaman ona qarşı fiziki və ya digər heç bir təsir olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, ancaq özü üçün istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Yekunda məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 00:15 radələrində xidməti zərurətlə əlaqədar ünvan 2 ünvanın yaxınlığında olduğu zaman bir nəfər şəxsin hərəkətləri onun diqqətini cəlb etmişdir. Belə ki, həmin şəxsin yeriyərkən səndələməsi və davranışları onda şübhə yaratmışdır ki, həmin şəxs narkotik vasitə və ya psixotrop maddənin təsiri altındadır. Buna görə o, kömək məqsədi ilə Nərimanov RPİ-nin PPX-nin polis nəfəri, polis serjantı Şahid2 zəng vurub olduğu ünvana çağırmışdır. Təxminən 5 dəqiqə ərzində Elməddin onun yanına gəlmiş, onlar birlikdə həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxslə danışarkən özünü təqdim etməyini bildirsələr də, həmin şəxs suallara qeyri-müəyyən cavab verməyə başlamış və danışarkən gözlərinin axmasını müşahidə etmişlər. Həmin şəxsin narkotik vasitə və ya digər maddələrin təsiri altında olmasından şübhələndikləri üçün onu Nərimanov RPİ-yə dəvət etmişlər. Həmin şəxsin isə onlardan uzaqlaşmağa cəhd etmək istədiyini görüb tərəflərindən saxlanılaraq RPİ-ny gətirilib Növbətçi Hissəyə təqdim etmişlər. Sonradan müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxs narkotik vasitələrin və ya digər güclü təsiredici maddələrin istifadə etməsində şübhəli olduğu üçün barəsində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən RPİ-nin rəhbərliyinə raportla müraciət olunmuşdur. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə Nərimanov RPİ-də Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilen bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə narkotik maddə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx xxxxxx 2020-ci ildə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Sinan adlı şəxsdən 150 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sol qolunda olan 01 ədəd sarı rəngli qolbağı da təqdim etmiş, lakin həmin qolbaq iş üzrə əhəmiyyət kəsb etmədiyindən E.Ənmədova geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükülü zərfə qoyularaq axtarışda iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan və onun üzərində Nərimanov RPİ-də şəxsi axtarış aparılan zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri Şahid2 iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun deiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:05-də şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” xx xxxxxx 2020-ci tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4, Nərimanov RPİ-nin 17-ci PB-nin CA İzrə kiçik inspektoru, polis serjantı Şahid1, Nərimanov RPİ-nin PXB-nin polis nəfəri, polis serjantı Şahid2 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqda şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2020-ci il tarixdə saat 00:15 radələrində ünvan 2 saylı ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli polietilenə bükülmüş bükülünü çıxardaraq könüllü təqdim edib bildirdi ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə olan “heroindir”. Həmin bükülüyə baxdıqda içərisində toz halında, qəhvəyi rəngli, spesifik iyi olan maddə olduğu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 (bir) ədəd bükümün içərisindəki “heroini” xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 10:00 radələrində Suraxanı rayonu, Bül-bülə qəsəbəsində, özünü görmədiyi və tanımadığı, özünü İran İslam Respublikasının vətəndaşı kimi və adının Sinan olduğunu deyən şəxsdən 150 (yüz əlli) manat pul müqabilində öz istifadəsi üçün almış və əynində olan boz rəngli cins şalvarının sol yan cibinə qoymaqla özündə saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs sol qoluna bərkidilmiş 01 (bir) ədəd sarı rəngli qolbağını da könüllü olaraq təqdim etdi. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-in 44 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs sol qoluna bərkidilmiş 01 (bir) ədəd sarı rəngli qolbağ cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığı üçün onun özünə qaytarılmışdır. Bununla da şəxsi axtarış və götürmə başa çatmış və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1706 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,350 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 1,350 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq 1,300 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat təşkil edir; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Elşən Zamanovun xx xxxxxx 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİnin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Maddi sübut qismində tanımaq haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,350 qram narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut qismində tanınmış və tədqiqatlardan sonra qalan qalıq, yəni 1,300 qram heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir; “CD-diskə baxış keçirilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 Təqsirləndirilən şəxs, müdafiəçisi X2 iştirakları ilə icraatında olan ********* saylı cinayət işi ilə əlaqədar iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-yə dəvət edilmiş və qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində, daşımasında şübhəli bilinən 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi aparılarkən video kamera vasitəsi ilə qeydə alınan video görüntülərin əks edildiyi 1 ədəd ağ rəngli CD diskə baxış keçirmişdir. Həmin CD diskdə olan fayla baxış keçirilən zaman müəyyən olundu ki, fayldakı görüntülər 09 dəqiqə 45 saniyə davam edir. Görüntüdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs görüntünün 02-ci dəqiqəsində əynində olan cins şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilen kəsiyinə bükülmüş bükümü təqdim edir və həmin bükümdəki maddənin “kakos” olduğunu, özünə məxsus olduğunu, xx.xx.2020-ci ildə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Sinan” adlı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirir. Aşkar edilmiş kütlə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq imzalanır. Bundan sonra E.Əmədovun üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilmədi. CD diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə üzərindən narkotik vasitə aşkar edilən şəxsin özü olduğunu qeyd etdi. CD disklə baxışla bağlı protokol tərtib edilərək disklə birlikdə iş materiallarına əlavə edildi; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx xxxxxxxx 2020-ci il tarixli, 2409 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən süi-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilmiş narkotik vasitə ilə bağlı videolentə alınmış görüntülərin əks edildiyi 1 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və həmin diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,350 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsini və əməlindən peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 01 (bir) gün (30-xx xxxxxx 2020-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş heroinin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə edən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 01 (bir) gün (30-xx xxxxxx 2020-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkikz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 1,300 qram heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar