Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-34/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Cəlilabad rayonu, Ocağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu, Ocağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə ona məxsus, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Hökməli kəndinin şimal-şərqində yerləşən Bakı Mebel hissələri kombinatının bağçılıq-bostançılıq təsərrüfatı ərazisində 0,12 ha torpaq sahəsini və Bakı şəhəri, Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində, “Bilik b/y-nin” İİ Cənub küçəsi 307 saylı bağ sahəsinin arxasında yerləşən 0,12 ha torpaq sahəsini Zərərçəkmiş şəxs adına sənədləşdirəcəyinə dair yalan vəd verib onu aldadaraq, ünvan 2 ünvanında yerləşən “Neon” çay evində xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 170 manat ekvivalentində 100 ABŞ dolları və 130 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, 5 sot torpaq sahəsinin kodastrı üçün xx.xx.2019-cu il tarixdə 510 manat ekvivalentində 300 ABŞ dolları və 90 manat, GPS-ə baxmaq üçün xx.xx.2019-cu il tarixdə 50 manat, arxiv sənədinin kodu üçün xx.xx.2019-cu il tarixdə 150 manat, əlavə 5 sot boş torpaq sahəsinin kodastrını çıxarmaq və arxiv kodlaşmasını aparmaq üçün xx.xx.2019-cu il tarixdə 1490 manat (yəni 200 ABŞ dolları və 1150 manat), əlavə 2 sot torpaq sahəsinin sənədləşməsi və qeydiyyat olunması üçün xx.xx.2019-ci il tarixdə 1000 manat və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 86/18 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nin yaxınlığında 1000 manat, boş olan 12 sot torpaq sahəsinin bələdiyyə vergisini vermək adı ilə xx.xx.2019-cu il tarixdə ünvan 5 ünvanında yerləşən Bakı Konqres Zalının yanında 340 manat ekvivalentində 200 ABŞ dolları, köhnə bələdiyyə sənədinin arxivdə qeydiyyata alınması bəhanəsi ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 88 ünvanında yerləşən “Su Sonası” şadlıq sarayının qarşısında 2400 manat, xx.xx.2020-ci il tarixdə dostu Şahid1 vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, ünvan 7 ünvanın qarşısında 5100 manat ekvivalentində 3000 ABŞ dolları, güya hazır olan sənədlərin götürülməsi üçün xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 2C ünvanında yerləşən saat qülləli bina ilə üzbəüz küçənin kənarında 3200 manat, yəni ümumilikdə 16230 (on altı min iki yüz otuz) manat məbləğində pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Hacı adlı tanışının vasitəsi ilə tanımışdır. Belə ki, özünə məxsus Xocahəsən qəsəbəsində torpaq sahəsi vardır və həmin torpaq sahəsinin yaxınlığında Yurisində torpağı vardır. Həmin ərəfələrdə Yurislə tanışlığı vaxtı sonuncu, ona müraciət edərək bildirmişdir ki, əgər torpaq sənədləşdirilməsi ilə bağlı tanışı varsa onun torpağınında sənədləşdirilməsində kömək etsin. Bir il bundan öncə Elşən adlı şəxslə tanış olmuş, Elşən özünü BTİ-də torpaq şöbəsinin rəis müavini olaraq təqdim etmişdir. Elşənlə tanışlıq vaxtı ona bildirmişdir ki, torpaq sənədləşdirilməsi ilə bağlı işlər olanda ona müraciət etsin. Beləliklə 2019-cu ilin noyabr ayında Yuris ona bildirmişdir ki, Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsi və Dübəndi qəsəbəsindəki evinin yanında olan 12 sot torpaq sahəsini sənədləşdirmək lazımdır. O da bu işdə ona kömək edə biləcəyini deyib bu barədə Elşənlə danışmışdır. Həmin ərəfələrdə o Yurislə bir yerdə olanda öz telefonu ilə Elşənə zəng edib 12 sot torpaqın sənədləşdirilməsi barədə bildirmişdir. Elşən telefonda ona bildirmişdir ki, həmin torpaqın sənədləşdirilməsi üçün bütün xərclər daxil 13500 manat pul lazımdır. Bu danşıqdan sonra Yuris bildirmişdir ki, onun sənədləşmə işlərini hazırlasınlar. X2 qəsəbəsində və Pirallahı rayonu, Dübəndi bağlarında yerləşən torpaq sahələrinin sənədləşdirilməsi üçün müxtəlif vaxtlarda və müxtəlif miqdarlarda pullar almışdır. Həmin pulların məbləği və vaxtı yadında qalmamışdır. Lakin, həmin tarixlərin 2019-cu ilin noyabr ayından 2020-ci ilin yanvar aymadək olan müddət ərzində olmasını xatırlayır. Ümumilikdə isə həmin pulların bir qismini Yuridən Nərimanov rayonunda yerləşən “Neon” çay evində, bir qismini “Su Sonası” şadlıq sarayının qarşısında, bir qismini Bakı Konqres zalının yanında, sonuncu dəfə isə yenə də Nərimanov rayonu, H.Əliyev prospekti 2C ünvanında yerləşən “Saat qülləsinin” qarşısında almışdır. Bundan əlavə həmin pulları alarkən yanlarında Yurisin dostu Əvəz də iştirak etmişdir, hətda bir dəfə Əvəzdən həmin iş üçün Nizami rayonu, ünvan 7 evin qarşısında 3000 ABŞ dolları pul almışdır. Aldığı pullar müxtəlif miqdarlarda olmuşdur və həmin pullar təxminən 13500 manatdır. Oda həmin pulları Yuris ona verdikcə hissə-hissə Nərimanov rayonu ərazisində Elşənə çatdırmışdır. Elşənə pulu tam verib başa çatdırandan sonra o, bildirmişdir ki, Yurisin Dübəndidəki torpaq sahəsinin sənədlərini 10 günə hazırlayıb verəcəkdir. Lakin, bir müddət keçsə də Elşən sənədləşmə işlərini hazır etməmişdir. Məsələ artıq gecikməyə başlayanda Yuris onunla mübahisə etməyə başlamışdır ki, ya sənədlərini versin yada pulu qaytarılsın. O bu barədə Elşənə bildirəndə sonuncu ona demişdir ki, artıq mart ayından ölkə ərazisində karantin rejimi tətbiq olunduğundan bütün dövlət qurumları işlərini dayandırmışdır. Bu söhbətlə bağlı demək olar ki, o 5-6 ay Elşənin dalınca düşsədə Elşən hər dəfə karantin rejimini əsas gətirib işi yubatmışdır. Artıq məsələ 2020-ci ilin oktyabr ayına qədər uzanmış, o, Elşəni tapıb pulu qaytarmasını dedikdə Elşən yanında bir nəfər şəxsə zəng edərək bildirmişdir ki, həmin şəxs əmlakın işçisidir. Adını isə ona bildirməmişdir. Elşən həmin şəxslə telefonda mikrafonla danışmaqla bildirmişdir ki, camaatın işini həll elə, gəlib ondan pulunu istəyirlər. Həmin telefonda danışan şəxs isə Elşənə demişdir ki, “9500 manat pul vermisən hələ bir məni dirəyirsən, sənədin hazırdır sadəcə imzalanması qalıb”. Bu danışıqdan sonra Elşən ondan işin tezləşməsi üçün əlavə 1000 manat pul istəmişdir. O həmin pulu öz tanışından borc almaqla gətirib 2020-ci ilin oktyabr ayında Nərimanov rayonu ərazisində BTİ-in qabağında Elşənə vermişdir ki, təki camaatın məsələsini tez həll etsin. Üstündən bir müddət sonra o yenədə Elşənə zəng edib işin nə yerdə olmasını soruşduqda Elşən ona bildirmişdir ki, “Yuris səni polisə şikayət edib, səndə mənim adımı polisə vermisən”. Oda Elşənə bildirmişdir ki, “bunun səbəbkarı sən Elşən oldun söhbəti fırlatma ya pulu qaytar yada sənədləri ver”. Belə olduğu halda aralarında telefonda mübahisə yaranmış və Elşən ona bildirmişdir ki, “vapşe mən səndən pul almamışam get nə bilirsən elə”. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini, bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində 5 sot torpaq sahəsi vardır. Ona məxsus həmin torpaq sahəsinin sənədləri qaydasındadır. Lakin, həmin torpaq sahəsinin arxasında əlavə 5 sot istifadəsiz boş torpaq sahəsi vardır. O həmin torpaq sahəsininin sahibinin olmaması və boş olması səbəbindən həmin torpaq sahəsini sənədləşdirmək istəmişdir. Bu səbəbdən bu işi bacaracaq şəxslərlə maraqlanmışdır ki, torpaq sahəsinə necə çıxarış ala bilər. Tanışlarından birinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində olan torpaq sahəsi barədə söhbətləşərkən həmin torpaq sahəsini satan Hacı kimi tanıdığı şəxslə torpaq sahəsinin sənədləşməsi barədə söhbət etməyə başlamış, bu zaman Hacı adlı şəxs ona bu işləri bacaraq və ona köməklik edə biləcək Şahin adlı şəxsi tanımasını bildirmişdir. Oda həmin şəxsin mobil nömrəsini götürdükdən sonra Şahinlə əlaqə saxlayaraq Nərimanov rayon ərazisində yerləşən “Neon” çay evinin qarşısında görüşərək həmin çay evində birlikdə oturmuşdurlar. Həmin vaxt yanında dostu Əvəzdə olmuşdur. Şahin onu arxayın salmışdır ki, o 18 ildir torpaq işlərinin sənədləşməsi ilə məşğuldur və bu barədə köməklik edəcək, əlavə olaraq tikinti işlərində endirimli tikinti materialları verəcəkdir. Onu arxayın etmək üçün veriləcək puluda notarial qaydada verilməsini təklif etmişdir. Bundan əlavə Şahin 1 ay ərzində işi görmədiyi təqdirdə verdiyi pulun iki qatını qaytaracağını bildirmişdir. O, Şahinə inanmağa başlamışdır. Şahin onu arxayın salmışdır ki, Dübəndi bağlarında yerləşən 5 sot torpaq sahəsini və Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsini sənədləşdirərək rəsmi sənədlərini ona verəcək. Bu səbəbdən Dübəndi bağlarında və Sulutəpə qəsəbəsində yerləşən torpaqların sənədləşdirilməsi üçün hər birinə 5000 manat pul istəmişdir. İlkin danışıqlarına əsasən o Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsinin ilkin sənədləşmə işlərinin aparılması üçün həmin ünvanda ümumilikdə 900 manat, xx.xx.2019-cu il tarixdə Şahinə 5 sot torpaq sahəsinin kadastrı üçün 300 ABŞ dolları və 90 manat pul vermişdir. Bir gün sonra yəni, xx.xx.2019-cu il tarixdə həmin yerdə Şahinlə görüşərək onun istəyi ilə GPS-ə baxmaq üçün ona 50 manat pul vermişdir. Həmin pulları verərkən dostu Əvəz yanlarında olmuşdur. xx.xx.2019-cu il tarixdə Şahin əlaqə saxlayaraq arxiv sənədinin kodu üçün ondan 150 manat pul istəmiş, oda həmin gün Şahinə Əvəzin işitrakı ilə həmin ünvanda 150 manat pul vermişdir. Şahin GPS-lə baxdıqdan sonra onunla əlaqə saxlayaraq həmin yerdə əlavə 5 sot torpaq sahəsinin boş olmasını bildirmiş və rəsmi şəkildə həmin torpağıda verəcəyini vədd etmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə əlavə boş 5 sot torpaq sahəsinində kadastrını çıxarmaq və arxiv kodlaşmasını aparmaq üçün ondan ümumilikdə 1500 manat pul istəmiş, oda həmin gün bu səbəbdən eyni ünvanda Əvəzlə birlikdə ona 1490 manat (200 ABŞ dollar, 1150 manat) pul vermişdir. Daha sonra Şahin onunla əlaqə saxlayaraq həmin 5 sot torpaq sahəsinin əslində 5 deyil 7 sot olmasını bəhanə gətirmiş və hər sota görə ondan 1000 manat yəni ümumilikdə 2000 manat pul istəmişdir. xx.xx.2019-ci il tarixdə həmin 7 sot torpaq sahəsinin sənədləşməsi və adına qeydiyyat olunması üçün Şahinə Əvəzlə birlikdə Nərimanov rayonu, Neon çay evində 1000, xx.xx.2019-cu il tarixdə yenidən Nizami rayonu, H.Əliyev prospektində yerləşən 23-cü PB-nin yaxınlığında əlavə 1000 manat ümumilikdə 2000 manat pul vermişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə Şahin onunla əlaqə saxlayaraq boş olan 12 sot torpaq sahəsinin bələdiyyə vergisini vermək üçün ondan 350 manat pul istəmiş və oda Nərimanov rayonu, H.Əliyev mərkəzinin Təbriz küçəsindən keçən hissəsində ona Əvəzin iştirakı ilə 200 ABŞ dolları vermişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə köhnə bələdiyyə sənədinin arxivə vurulması üçün Nərimanov rayonu, Su Sonası şadlıq sarayının qarşısında Şahinə Əvəzin iştirakı ilə 2400 manat pul vermişdir. Əlavə olaraq xx.xx.2020-ci il tarixdə özü iştirakı etmədiyi üçün özünə məxsus 3000 ABŞ dolları pulu Əvəz Nizami rayonu, ünvan 7 evin qarşısında Şahinə vermişdir. Bundan sonra Şahin ilə əlaqələri kəsilmiş, o telefon vasitəsi ilə danışsada görüşməmiş və çox vaxt telefon zənglərinə cavab vermədən mobil telefonu söndürmüşdür. xx.xx.2020-ci il tarixdə Şahinlə görüşmüş və o bildirmişdir ki, sənədlərin götürülməsi üçün 3200 manat pul ödəmək lazımdır. Həmin pul ödəndikdən 3 gün sonra sənədlər hazır olacaqdır. Oda həmin gün Şahinə Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən “Saatlı bina” ilə üzbəüz yolun kənarında saat təxminən 22 radələrində Əvəzin iştirakı ilə vermişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahbala oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. Yurislə birgə ona məxsus Sulutəpə qəsəbəsində torpaq sahəsində olarkən orada alqı-satqı ilə məşğul olan əvvəldən tanıdıqları Hacı adlı şəxslə söhbət etməyə başlamışlar, Yuris ondan torpaqların sənədləşməsi üçün köməklik etməsini istəmiş bu zaman Hacı onlara bu işləri bacaran və köməklik edə biləcək Şahin adlı şəxsi tanımasını bildirmişdir. Yuris həmin şəxsin mobil nömrəsini götürdükdən sonra Şahinlə əlaqə saxlayaraq Nərimanov rayon ərazisində yerləşən “Neon” çay evinin qarşısında görüşərək həmin çay evində birlikdə oturmuşdurlar. Yuris özünə məxsus Sulutəpə qəsəbəsində və Pirallahı qəsəbəsi, Dübəndi bağ sahəsində 5 sot torpaq sahəsi olmasını, həmin torpaq sahəsinin sənədlərinin qaydasında olmasını lakin, həmin torpaq sahəsinin arxasında əlavə 5 sot istifadəsiz boş torpaq sahəsi olmasını bildirmişdir və həmin torpaq sahəsini sənədləşdirmək istəməsini əlavə etmişdir. Çünki, həmin torpaq sahəsinin sahibi yox və boş idi. Şahin onları arxayın salmışdır ki, o 18 ildir torpaq işlərinin sənədləşməsi ilə məşğuldur və bu barədə Yurisə köməklik edəcək, əlavə olaraq tikinti işlərində Yurisə endirimli tikinti materialları verəcəkdir. Onları arxayın etmək üçün veriləcək puluda notarial qaydada verilməsini təklif etmişdir. Bundan əlavə Şahin 1 ay ərzində işi görmədiyi təqdirdə verdikləri pulun iki qatını qaytaracağını bildirmişdir. Şahin həmin Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsinin və Pirallahı qəsəbəsində yerləşən 5 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün Yurisdən ümumilikdə hər torpaq sahəsi üçün 5000 manat pul istəmiş və Yurisdə bununla razılaşmışdır. Həmin vaxtlarda o Yurislə birlikdə olmuşdur. İlkin danışıqlarına əsasən Yuris ilk öncə ona Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşməsi üçün xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 100 ABŞ dolları və 130 manat, xx.xx.2019-cu il tarixdə 150 manat olmaqla ümumilikdə 900 manatı pulu Nərimanov rayonu ərazisində yerləşən “Neon” çay evində vermişdir. Daha sonra Yuris xx.xx.2019-cu il tarixdə həmin ünvanda Şahinə 5 sot torpaq sahəsinin kadastrı üçün 300 ABŞ dolları və 90 manat pul vermişdir. Bir gün sonra yəni, xx.xx.2019-cu il tarixdə yenidən həmin yerdə Şahinlə görüşərək onun istəyi ilə GPS-ə baxmaq üçün Yuris ona 50 manat pul vermişdir. Həmin pulları verərkən onların yanında olmuşdur. xx.xx.2019-cu il tarixdə Şahin əlaqə saxlayaraq arxiv sənədinin kodu üçün Yurisdən 150 manat pul istəmiş, Yurisdə həmin gün Şahinə onun iştirakı ilə həmin ünvanda 150 manat pul vermişdir. Şahin GPS-lə baxdıqdan sonra Yurislə əlaqə saxlayaraq həmin yerdə əlavə 5 sot torpaq sahəsinin boş olmasını bildirmiş və rəsmi şəkildə həmin torpağıda Yurisə verəcəyini vədd etmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə əlavə boş 5 sot torpaq sahəsinində kadastrını çıxarmaq və arxiv kodlaşmasını aparmaq üçün Yurisdən ümumilikdə 1500 manat pul istəmiş, Yurisdə həmin gün eyni ünvanda onunla birlikdə Şahinə 1490 manat (200 ABŞ dollar, 1150 manat) pul vermişdir. Daha sonra Şahin onunla əlaqə saxlayaraq həmin 5 sot torpaq sahəsinin əslində 5 deyil 7 sot olmasını bəhanə gətirmiş və hər sota görə Yurisdən 1000 manat yəni ümumilikdə 2000 manat pul istəmişdir. xx.xx.2019-ci il tarixdə həmin 7 sot torpaq sahəsinin sənədləşməsi və Yurisin adına qeydiyyat olunması üçün Şahinə onunla birlikdə Nərimanov rayonu, Neon çay evində 1000, xx.xx.2019-cu il tarixdə yenidən Nizami rayonu, H.Əliyev prospektində yerləşən 23-cü PB-nin yaxınlığında əlavə 1000 manat, yəni ümumilikdə 2000 manat pul vermişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə Şahin Yurislə əlaqə saxlayaraq boş olan 12 sot torpaq sahəsinin bələdiyyə vergisini vermək üçün 350 manat pul istəmiş və Yurisdə Nərimanov rayonu, H.Əliyev mərkəzinin Təbriz küçəsindən keçən hissəsində Şahinə onun iştirakı ilə 200 ABŞ dolları vermişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə köhnə bələdiyyə sənədinin arxivə vurulması üçün Nərimanov rayonu, Su Sonası şadlıq sarayının qarşısında Şahinə onun iştirakı ilə 2400 manat pul vermişdir. Əlavə olaraq xx.xx.2020-ci il tarixdə Yuris olmadığı üçün Yurisə məxsus 3000 ABŞ dolları pulu o Nizami rayonu, ünvan 7 evin qarşısında Şahinə vermişdir. Bundan sonra Şahin ilə əlaqələri kəsilmişdir. xx.xx.2020-ci il tarixdə Şahinlə görüşdükdə o bildirmişdir ki, sənədlərin götürülməsi üçün 3200 manat pul ödəmək lazımdır. Həmin pul ödəndikdən 3 gün sonra sənədlər hazır olacaqdır. Onlarda həmin gün Şahinə Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən “Saatlı bina” ilə üzbəüz yolun kənarında 3200 manat pul vermişdirlər. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 17-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 60-61-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Neon” çay evi, Bakı şəhəri, Nizmai rayonu, H.Əliyev prospekti 86/18 ünvanında yerləşən 23-cü PB-nin yaxınlığı, ünvan 10anında yerləşən ünvan 11nvanında yerləşən “Su Sonası” şadlıq sarayının qarşısı və Bakı şəhəri, Nizami rayonu, ünvan 12 ünvanın qarşısıdır. Sonuncu dəfə hadisə yeri isə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 2 C ünvanında yerləşən saatlı bina ilə üzbəüz yerləşən yolun kənarıdır. Cinayət işinin 166-168-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, cinayət nəticəsində ona dəymiş 16230 (on altı min iki yüz otuz) manat məbləğində zərərin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-34/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona borclu olduğu 16230 manat pulu tam ödəmişdir. Hal-hazırda barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı mülki iddia ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs onun xeyrinə 16230 (on altı min iki yüz otuz) manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Bundan sonra zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona borclu olduğu 16230 manat pulu tam ödəmiş, hazırda onunla barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş və mülki iddia ərizəsində də göstərilən 16230 (on altı min iki yüz otuz) manat məbləğində zərər təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən həmin ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (03 ay 12 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə təqdim edilmiş mülki iddia baxılmamış saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-34/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-34/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver