Məhkəmə qərarları › İş №1(005)-340/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-340/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-340/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatları əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan ******* nömrəli, 5.45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomatı, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd avtomat darağını və atəş üçün yararlı vəziyətdə olan, zavod üsulu ilə istehsal olunmuş, 5.45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq uçün nəzərdə tutulmuş döyüş sursatı olan 09 ədəd ştat patronunu qanunsuz olaraq əldə edib gəzdirərək etibarnamə əsasında idarə etdiyi “Toyota FJ-Cruiser” markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobilin arxa saxlanc yük yerində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdə saat 15:20-də, yuxarıda qeyd edilən ünvanda etibarnamə əsasında idarə etdiyi Toyota FJ-Cruiser" markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq avtomobillə birlikdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün saat 18:02-dən etibarən qeyd edilən avtomobilə özünün icazəsi və iştirakı ilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman avtomobilin arxa saxlanc yük yerindən 01 ədəd ağ rəngli torbada ******* nömrəli, 5.45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomat, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd avtomat darağı və atəş üçun yararlı vəziyətdə olan, zavod üsulu ilə istehsal olunmuş, 5.45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 09 ədəd ştat patronu aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, tutulmamışdan təxminən 10 gün yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində odlu silahı darağı və patronları ilə birlikdə zibillik ərazidən kisədə tapmış, həm silahlara marağı olduğu üçün, həm də bunun kiminsə əlinə keçməməsi üçün onu götürmək qərarına gəlmişdir. Ona görə də həmin silahın olduğu kisəni götürüb idarə etdiyi “Toyota” markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoyaraq orada saxlamışdır. 03 iyun 2025-ci il saat günorta saatlarında ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi avtomobilinin yanında olarkən üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, ondan da özünü təqdim etməsini xahiş etmişlər. Bundan sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu deyib, onu avtomobillə birlikdə BMCMİ-nə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarəyə gəlmiş, orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçirilmiş, həmin vaxt üzərindən qanunla qadağan edilən heç bir əşya və ya predmet aşkar edilməmiş, şifahi sorğu zamanı idarə etdiyi “Toyota” markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobildə avtomat və patron olduğunu bildirmişdir. Buna görə də videoçəkilişlə avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük yerini açaraq orada olan ağ rəngli kisəni göstərib içərisində avtomat olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən həmin ağ rəngli kisəyə baxış zamanı içərisində 01 ədəd avtomat, 01 ədəd daraq və 09 ədəd patron aşkar edilmişdir. Aşkar edilmiş odlu silah, daraq və patronlar qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Üzərində şəxsi axtarış aparılarkən və avtomobilinə baxış keçirilərkən müdafiəçisi yanında olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq edilməmişdir. Ailəlidir, 12 ildən sonra övladı anadan olmuşdur. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 03 iyun 2025-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması, eyni zamanda üstündə daşıyaraq gəzdirməsi bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Həmin tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 3 ünvanının yaxınlığına getmişlər. Orada “Toyota” markalı, qeydiyyat nişanını hazırda xatırlamadığı avtomobilin yanında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən edib, sonuncuya yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Vasifə qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlamaq, daşımaq və gəzdirməkdə şübhəli olduğunu bildirib, ərtafda onun üzərinə və avtomobilə baxış keçirilməsi üçün əməliyyat şəraiti uyğun olmadığına görə BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Vasif etiraz etmədən onlarla birlikdə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində Vasif müdafiəçi ilə təmin olunaraq, video çəkilişdən istifadə edilməklə əvvəlcə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra axşam saatlarında BMCMİ-nin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota” markalı avtomobilə baxış keçirilməyə başlanılmış və avtomobilin arxa yük yerindən ağ rəngli kisənin içərisindən 01 ədəd Kalaşnikov markalı avtomat, ona məxsus 01 ədəd avtomat darağı və darağın içərisindən 09 ədəd patron aşkar edilmişdir. Həmin predmetlər baxış keçirilərək qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş predmetləri təxminən 10 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisindən həmin kisədə tapdığını, ona maraqlı olduğu üçün özündə saxladığını, hər hansı məqsədlər üçün istifadə etmədiyini, özündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən şahid - BMCMİ-nin əməliyyat müvəkkilləri X2 və X3 ibtidai istintaqa verdikləri, Şahid ilə oxşar məzmunlu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 iyun 2025-ci il tarixli qərar əsasında şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı “Toyota” markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobilində avtomat, həmçinin 9-10 ədəd patron olduğunu bildirmişdir. “Baxış və götürmə aparılması haqqında” protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “Toyota” markalı, **-SK-*** qeydiyyat nişanlı avtomobilə 03 iyun 2025-ci il saat 18:02-də baxış keçirilərkən avtomobilin arxa yük yerindən ağ rəngli kisənin içərisində 01 ədəd avtomat, 01 ədəd avtomat darağı və 09 ədəd patron aşkar edilmişdir. Avtomatın üzərində “83”, “2620931” yazılarının olması müşahidə edilmişdir. Aşkar edilmiş predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetləri təxminən 10 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisindən tapdığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 04 iyun 2025-ci il tarixli 25/889 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki,

1. Tədqiqata təqdim edilmiş 01 ədəd ******* №-li silah, 5.45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə, dəyişiklik edilməmişdir.

2. Təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidir-darağıdır, tekniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.

3. Tədqiqata təqdim edilmiş 09 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatlarıdır və atəş üçün yararlıdır. “Maddi sübut hesab edilməsi haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd ******* nömrəli, Kalaşnikov konstruksiyalı, 5.45 mm kalibrli, AK-74 modelli avtomat, döyüş sursatı olan 09 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 5.45x39 mm kalibrli patron tutumuna malik darağın maddi sübut hesab edilməsi, 01 ədəd ******* nömrəli, Kalaşnikov konstruksiyalı, 5.45 mm kalibrli, AK-74 modelli avtomat, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 06 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 5.45x39 mm kalibrli patron tutumuna malik darağın saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin “Maddi sübutları saxlama yerinə” təhvil verilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə, baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 03 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:20 radələrində cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-698/2025 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci ildən hesablanmış və həmin tarixdən həbsdədir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü X5 adlı azyaşlı övladı var.

Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları:

Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin, 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, qanunsuz olaraq odlu silahı əldə etməsi, saxlaması, gəzdirməsi və daşıması barədə səmimi ifadə vermişdir. Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin imperativ tələbinə görə, təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməsi yalnız iş üzrə toplanmış digər sübutların məcmusu ilə təsdiq edildiyi halda ittihamın əsasını təşkil edə bilər. Bu baxımdan, məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadələrini iş üzrə toplanmış digər mötəbər və mümkün sübutlarla müqayisəli şəkildə təhlil etmişdir. Belə ki, təqsirləndirilən şəxsin ifadəsi, şahid qismində dindirilmiş əməliyyat müvəkkillərinin bir-birinə uyğun olan, Təqsirləndirilən şəxs saxlanılması və avtomobilindən odlu silahın aşkar edilməsi hallarını təsdiq edən ifadələri ilə tam uzlaşır. Bundan əlavə, təqsirləndirilən şəxsin təqsiri iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş, şəxsi axtarış və götürmə aparılması, baxış və götürmə aparılması haqqında protokollar, məhkəmə ballistik ekspertizasının rəyi və digər sənədlərlə də təkzibedilməz şəkildə sübuta yetirilir. Məhkəmə qeyd edir ki, qanunsuz odlu silah dövriyyəsi yalnız milli hüquq qaydası üçün deyil, həm də beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradan ən təhlükəli cinayətkar təzahürlərdən biridir. Bu yanaşma, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 2-ci maddəsində təsbit edilmiş yaşamaq hüququnun təmin edilməsi ilə bağlı dövlətin pozitiv öhdəliklərindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, dövlətlər odlu silahların dövriyyəsinə effektiv nəzarəti təmin etmək üçün zəruri qanunvericilik və inzibati tədbirlər görmək öhdəliyi daşıyır. Qanunsuz odlu silah saxlama və daşıma kimi əməllərə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və mütənasib cəzanın tətbiqi dövlətin məhz bu pozitiv öhdəliyinin yerinə yetirilməsinin təzahürüdür. Bu baxımdan, odlu silahların qanunsuz dövriyyəsinin məhdudlaşdırılmasına yönəlmiş cinayət-hüquqi tədbirlər ictimai təhlükəsizliyin təmin edilməsi üçün zəruri və mütənasib hesab edilir və fərdin hüquqlarına qanuni müdaxilə sayılır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Məhkəmə Azərbaycan Respubikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növünü müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəliliyini, yəni onun qanunsuz olaraq həm odlu silah, həm odlu silahın komplekt hissəsini, həm də döyüş sursatı əldə etməsini, saxlamasını, daşımasını və gəzdirməsini nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxsə yalnız Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədinə nail olmaq mümkün ola bilər. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının həddi müəyyən edilərkən onun törətdiyi əməli etiraf edib səmimi peşmanlıq keçirməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayəsində azyaşlı uşağının olması kimi cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların isə olmaması, şəxsiyyəti, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 01 ədəd ******* nömrəli, Kalaşnikov konstruksiyalı, 5.45 mm kalibrli, AK-74 modelli avtomat, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 06 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 5.45x39 mm kalibrli patron tutumuna malik daraq hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməklə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut - şəxsi axtarış və götürmə, baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Habelə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hər iş saatı üçün 11 manat olmaqla Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 20 iş saatına görə 220 manat və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 20 iş saatına görə 220 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu 03 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd ******* nömrəli, Kalaşnikov konstruksiyalı, 5.45 mm kalibrli, AK-74 modelli avtomat, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 06 ədəd patron və 01 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan 5.45x39 mm kalibrli patron tutumuna malik daraq hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməklə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə, baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hər iş saatı üçün 11 manat olmaqla Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 20 iş saatına görə 220 manat və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 20 iş saatına görə 220 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu və ya həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm protest və ya şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar