Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-341/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Ucar rayonu, Qarabörk kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonu, X8 küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 5,63 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla, 06 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ilə Sabit Rəhman küçəsinin kəsişməsinə, 258 nömrəli tam orta məktəbin arxasına daşımış, 06 iyun 2025-ci il tarixdə saat 22:09-da Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi ilə Sabit Rəhman küçəsinin kəsişməsində, 258 nömrəli tam orta məktəbin arxasında saxlanılaraq, üstünün yoxlanılması zamanı əynində olan ağ rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 5,63 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin faktiki halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Vətən müharibəsi iştirakçısıdır. Fəhləliklə məşğul olur, ailəsi anası və qardaşından ibarətdir. Qardaşı hazırda müddətli həqiqi hərbi xidmətdədir. Anası ilə birlikdə Ucar rayonunda yaşayış və ailəsini o, dolandırır. Hərdən bir olanda narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. xx.xx.2025-ci il tarixdə gündüz saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə tək piyada gəzərkən, yolun kənarında yerdə kolluqların arasında 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Bundan sonra həmin maddəni götürüb özü istifadə etmək məqsədilə əynindəki şalvarının cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 22:09 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Sabit Rəhman küçələrinin kəsişməsində, 258 nömrəli tam orta məktəbin arxasında tək dayanmış, həmin zaman üç nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona üzərində qanunsuz əşya varsa təqdim etməyini təklif etmişlər. Həmin vaxt əynindəki ağ rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Başqa üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən həmin büküm zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və zərfin üzərinə imza etmişlər. Bundan sonra polis əməkdaşları onu Nərimanov RPİ-nin 16-cı PŞ-nə aparmışlar. Polis şöbəsində müdafiəçi və onu saxlayan polis əməkdaşlarının iştirakları ilə üzərinə bir daha şəxsi axtarış keçirilmişdir. Lakin bu zaman hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Polis əməkdaşları həmin zərfi təhqiqatçıya təqdim etmiş, təhqiqatçı tərəfindən həmin zərf açılmış, içərisində onun təqdim etdiyi bir ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm yenidən zərfdə qablaşdırılaraq götürülmüşdür. Üzərinə baxış və şəxsi axtarış keçirilməsi barədə protokollar tərtib olunmuş, tərtib edilmiş protokollar ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır, ailə vəziyyəti və müharibə iştirakçısı olmağının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili Dövlət Şahid2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Valeh adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və istifadəsi ilə məşğul olması, həmçinin xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski və Sabit Rəhman küçələrinin kəsişməsində olacağı, üzərində mütəmadi olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məlumat əsasında tərəfindən raportla məruzə edilərək təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X2 və 16-cı PŞ-nin sahə inspektoru, polis kapitanı X4 ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saat 22:09 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski və Sabit Rəhman küçələrinin kəsişməsində 258 nömrəli tam orta məktəbin arxasında tək dayanmış Valeh adlı şəxsə yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsin şəxsiyyətini müəyyənləşdirməklə Təqsirləndirilən şəxs bilmişlər. Valehə üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsi təklif olunmuş, Valeh də əynindəki ağ rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümünü çıxarıb təqdim etmişdir. Büküm açıldıqda içərisində yaşıl rəngli, quru halda bitki kütləsi olması aşkar olunmuşdur. Valeh bükümdə olan maddənin “nəşə” olduğunu, “Papanin” deyilən yerdə gəzərkən yerdən tapıb özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Büküm boş zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Daha sonra Valeh 16-cı PŞ-nə aparılmış, orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Onun təqdim etdiyi 01 ədəd zərf təhqiqatçı tərəfindən açıldıqda içərisindən 01 ədəd sellofan bükümdə yaşıl rəngli, quru halda bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin polis əməkdaşları tərəfindən üzərindən aşkar edildiyini, qeyd olunan narkotik vasitəni “Papanin” adlanan yerdə kolluqların arasından tapdığını və özü istifadə etmək məqsədilə götürüb üzərində saxladığını bildirmişdir. Büküm təhqiqatçı tərəfindən yenidən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak etməyən şahid - Nərimanov RPİ-nin 16-cı Polis şöbəsinin əməliyyat müvəkkili X1 ibtidai istintaq orqanına verdiyi oxşar məzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması haqqında haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Sabit Rəhman küçələrinin kəsişməsində 258 nömrəli tam orta məktəbin arxasında saxlanılan Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmiş, həmin büküm açıldıqda içərisində yaşıl rəngli, quru halda bitki kütləsi olması aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bükümdə olan maddənin “nəşə” olduğunu, “Papanin” deyilən yerdə gəzərkən yerdən tapıb özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin büküm zərfdə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd sellofan bükümündə olan yaşıl rəngli, otabənzər kütləyə baxış keçirilmiş və yenidən zərfə qoyularaq 218 nömrəli möhürlə möhürlənməklə qablaşdırılmaqla götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskin içərisində olan iki ədəd videofayldakı görüntülər müvafiq olaraq əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli qeyd olunan protokolların məzmunu həmin görüntülərlə eynilik təşkil edir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/843 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketi açdıqda içərisində 01 ədəd sellofan torbacıqda təmiz çəkisi 5,63 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3408 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v. 96-97) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 5,63 qram narkotik vasitə olan qurudulmuş marixuana, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərini əks etdirən 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 5,58 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağına təhvil verilmiş, 01 ədəd CD disk isə cinayət işinə əlavə edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarış və götürmə aparılması, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısına əsasən qurudulmuş marixuananın aşağı həddi 5 qram olduqda xeyli, 500 qram olduqda külli, aşağı həddi 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 22:40-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilindiyinə görə tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır və 80 manat pensiya təyin edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını və əməlindən peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə bağlı cəza təyin edilərkən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin növünün qurudulmuş marixuana olması və kütləsinin isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas olan xeyli miqdarın aşağı həddinə yaxın olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, onun Vətən müharibəsi iştirakçısı olması, törədiyi cinayət əməlinə tənqidi münasibət bəsləməsi, əməlindən səmimi peşmançılıq keçirməsi, fərdi əməklə məşğul olaraq ailəni dolandıran yeganə şəxs olması onun şəxsiyyətinin müsbət xarakterizə olunduğunu deməyə və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə islah oluna biləcəyi qənaətinə gəlməyə əsas verir. Habelə nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs daha ciddi cəzanın təyin olunması ailəsinin həyat şəraitinə maddi və mənəvi cəhətdən olduqca mənfi təsir göstərə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qanunvericiliyin tələblərini, Avropa Məhkəməsinin tövsiyələrini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın aşağı həddində cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs kimi tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə köçürülməlidir (CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Ucar rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Ucar Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 15 iş saatı üçün 165 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək tutulduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5,58 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üstünün yoxlanılması və təqdim olunan əşyaya baxış keçirilərkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 78 manat vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 15 iş saatı üçün 165 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №1(005)-341/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-341/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver