Məhkəmə qərarları › İş №1(005)-343/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-343/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-343/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X5 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1991-ci ildə Goranboy rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğu olan, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda narkotik vasitə heroin və az miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 03 mart 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olmaqla 01 ədəd bükümdə təmiz çəkisi 0,183 qram olan narkotik vasitə heroin və az miqdarda olmaqla 01 ədəd bükümdə təmiz çəkisi 0,15 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib idarə etdiyi “Opel Vectra” markalı **-NB- *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, 04 mart 2024-cü il taıixdə saat 03:00 radələrində Nərimanov RPİ-nin DYPŞ-nin və PPXB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanı qarşısında saxlanılaraq idarə etdiyi avtomobili ünvan 2 ünvanında yerləşən avtomobil duracağına yerləşdirilmiş, həmin avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda qabaq sol oturacağın arxa cibində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,183 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,15 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri o, üzdən tanımadığı İran vətəndaşından əldə edir. Həmin şəxs müəyyən yerlərdə narkotik gizlədir və ona həmin yerin məkanını və şəkilini “vatsap” proqramı vasitəsi ilə göndərir, o da onun kart hesabına ödəniş etməklə həmin narkotik vasitəni şəxsi istifadə üçün əldə edir. 04 mart 2024-cü il tarixdə saat 01 radələrində həmin şəxs ona şəkil və məkan göndərərək narkotik vasitəni həmin yerdə gizlətdiyini bildirmiş, o da həmin şəxsin kartına 20 manat pul göndərmişdir. Bir müddət sonra, saat 02:30 radələrində o, həmin şəxsin göndərdiyi məkan üzrə idarə etdiyi “Opel Vectra” markalı 77- NB-875 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsinə getmişdir. Orada avtomobili yolun kənarında saxlayaraq şəkildə işarələndiyi kimi yolun kənarında olan ağacların dibincə iki ədəd ağ rəngli kağıza bükülmüş heroin və marixuananı götürərək avtomobilə əyləşmiş, bu zaman post-patrul xidməti avtomobilinin yaxınlaşdığını görmüşdür. Həmin zaman tutulacağından qorxmuş və tez bir zamanda avtomobili işə salaraq oradan uzaqlaşmağa başlamışdır. Həmin post-patrul xidməti avtomobili onun avtomobilini təqib etməyə başlayaraq, polis əməkdaşı ondan avtomobili saxlamağını tələb etdikdə o, polisin tələbinə tabe olmayaraq üzü Nərimanov rayonu, H.Əliyev prospekti istiqamətində hərəkətə davam etmişdir. Avtomobili idarə edərkən hər ehtimala qarşı əldə etdiyi iki ədəd bükümdə olan heroin və marixuananı əyləşdiyi oturacağın arxasında olan cibə qoyub gizlətmişdir. H.Əliyev prospektində olarkən yol polisi avtomobili də onu təqib etməyə başlamış, orada əyləşmiş əməkdaş səsgücləndirici ilə ondan avtomobili saxlamağı tələb etmişdir. Həmin polis avtomobilləri onun idarə etdiyi avtomobili Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşən keçmiş Lenin adına muzeyin arxa hissəsinədək təqib etmişlər. Ora çatdıqda yol polisi avtomobili onun idarə etdiyi avtomobilin qarşısına sürərək, onu idarə etdiyi avtomobili saxlamağa məcbur etmişdir. Sonra isə yol polisi idarə etdiyi avtomobilindən düşərək onun idarə etdiyi avtomobilə yaxınlaşıb özünü ona təqdim etməklə onun sənədlərini yoxlamış və polisin qanuni tələblərə tabe olmadığını səbəb kimi göstərərək avtomobili cərimə meydançasına aparılmalı olduğunu demişdir. O da etiraz etməmiş və həmin polis əməkdaşı onun razılığı ilə avtomobilin sükan arxasına əyləşmiş, o, özü isə onun vanında qabaq sərnişin oturacağında əyləşmişdir. Sonra isə avtomobili Nərimanov rayonu “Ulduz” metrosunun yanında yerləşən cərimə meydançasına (avtomobil duracağına) sürüb, orada onun avtomobilini duracağa təhvil verilmişdir. Daha sonra həmin əməkdaşlar onu Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində izahatı alınarkən polisin tələblərinə tabe olmayaraq avtomobili saxlamamağına səbəbin avtomobilində dövriyyəsi qadağan olunmuş maddələrin olması olduğunu bildirmişdir. Bununla əlaqədar olaraq idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və avtomobilin qabaq sol oturacağın arxa cibində gizlətdiyi həmin iki ədəd bükümdə olan heroin və marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Götürülmüş həmin iki ədəd büküm bir ədəd ağ rəngli zərfə qoyulmuş, üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Daha sonra onıın hüquqlarını müdafiə etmək üçün təyin edilmiş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilməklə, üzərinə videoçəklişlə şəxs axtarış keçirilmiş və üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddə, əşya aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun idarə etdiyi “Opel Vectra” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və ya axtarış keçirmiş, avtomobilini cərimə meydançasına (duracağa) yerləşdirildikdən sonra avtomobilin qapılarını bağlamış və açarları özündə saxlamışdır. Üzərindən aşkar edilən narkotik vasitələri özünün istifadəsi üçün əldə etmiş, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 04 mart 2024-cü il tarixdə saat 03 radələrində polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə Nərimanov rayonu, Ə.Qayıbov küçəsində avtopatrulla xidmətdə olarkən yol kənarında dayanmış “Opel Vectra" markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili diqqətlərini çəkmişdir. Həmin avtomobilə yaxınlaşıb, sürücüyə özlərini təqdim etdikdə, sürücü avtomobili işə salıb, sürərək onlardan uzaqlaşmağa çalışmışdır. Onlar da PPX avtomobilində onu təqib etməyə başlayaraq, avtomobili saxlaması üçün ona səs və işıq siqnalları vermişlər. Lakin həmin sürücü tələblərinə tabe olmayaraq üzü Nərimanov rayonu, H.Əliyev prospekti istiqamətində hərəkət etmişdir. Ona görədə həmin avromobili saxlatdırmaq üçün radiostansiya vasitəsi ilə DYPŞ-nin 654 çağırışlı naryadını köməyə çağırmışlar. Həmin avtomobil H.Əliyev prospektində hərəkətdə olarkən DYPŞ-nin 654 çağrışlı avtomobili də onların çağrışına gəlməklə onlarla birlikdə həmin avtomobili təqib elməyə başlayaraq, həmin avtomobilin sürücüsündən səsgücləndirici ilə avtomobili saxlamağını tələb etmişdir. Onlar DYPŞ-nin 654 çağırışlı avtomobildə olan polis əməkdaşları ilə birlikdə “Opel Vectra” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili təqib etməyə davam etdikdə Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşən keçmiş Lenin adına muzeyin arxa hissəsinə çatdıqda yol polisi avtomobili həmin avtomobilin qarşısını kəsmişdir. “Opel Vectra” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü bunu görüb, avtomobili saxlayaraq, düşüb qaçmağa çalışmışdır. Buna görədə onun arxasından qaçaraq, tutub saxlamışlar. Həmin şəxsdən özünü təqdim etməsini istədikdə o, özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Ondan qaçmasının səbəbini soruşduqda qorxduğu üçün avtomobili sürərək qaçmağa çalışdığını bildirmişdir. Həmin sürücü onların qanuni tələblərinə tabe olmadığı üçün idarə etdiyi “Opel Vectra” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Nərimanov rayonu, R.Əliyev küçəsi 9 ünvanında (“Ulduz” metrostansiyasının yaxınlığında) yerləşən avtomobil duracağına təhvil verilmişdir. Sürücü Təqsirləndirilən şəxs özü isə tərəflərindən tərtib edilmiş raportla Nərimanov RPİ-nin 17-ci PŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. PŞ-də Təqsirləndirilən şəxs verdiyi izahatında üzərində narkotik maddə olduğundan tutulacağından qorxduğu üçün avtomobili sürərək qaçmağa çalışdığını, üzərində saxladığı narkotiki avtomobilin salonuna atdığını bildirmişdir. Daha sonra onun və Təqsirləndirilən şəxs iştirakı ilə 17-ci PŞ-nin təhqiqatçısı polis mayoru Fazil Osmanov tərəfindən “Opel Vectra” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə saxlandığı avtomobil duracağında video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, avtomobildə qanunla dövriyyəsi qadağan olunmuş maddə, əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin arxa sol qapısını açaraq qabaq sol oturacağın arxa hissəsində olan cibdən iki ədəd ağ kağız bükülü çıxararaq təqdim etmişdir. Həmin bükümlər açıldıqda birinin içərisindən qəhvəyi rəngli kütlə, digərinin içərisindən isə bitki mənşəli yaşıl rənglu kütlə çıxmışdır. Bundan sonra avtomobilə baxış davam etdirilsə də, hər hansı bir kütlə, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs avtomobilindən götürərək təqdim etdiyi həmin iki ədəd büküm, təhqiqatçı tərəfindən götürülərək, bir ədəd zərfə qoyularaq, qablaşdırılmış, zərfin üzəri onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 polis nəfəri, polis serjantı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, 04 mart 2024-cü il tarixdə saat 12 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında olarkən PPXB-nin polis nəfərləri tərəfindən PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən PŞ-nin rəisinin şifahi göstərişinə əsasən 17-ci PŞ-nin sahə inspektoru polis leytenantı Rahim Hüseynovla birlikdə iştirak etmişdir. Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında xidməti otaqlardan birində Nərimanov RPİ-nin 17-ci PŞ təhqiqatçısı, polis mayoru Fazil Osmanov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmaqla, hüquq və vəzifələri izah edilərək, özünün müdafiəçi tutmağa maddi imkanı olmadığını bildirdiyindən hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs dəvət edilərək ona təqdim edilmiş müdafiəçi ilə təklikdə görüşdükdən sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin aydın olubolmaması və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını, eləcə də, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş, əşya, maddə, narkotik varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən öz adına olan şəxsiyyət vəsiqəsini, 1 ədəd “ABB bank” tərəfindən verilmiş plastk kartı, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən içərisində siqaret olan siqaret qulusunu çıxarıb təqdim elmişdir. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspcktoru, polis leytenantı Şahid5 cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitan Şahid4ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dincirilmiş Nərimanov RPİ-nin DYPŞ-nin inspektoru, polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin DYPŞ-də inspektor vəzifəsində işləyir, polis baş serjantıdır. 04 mart 2024-cü il tarixdə DYPŞ-nin 654 çağırışlı avtopatrulu ilə xidmətdə olarkən saat 03 radələrində Nərimanov RPİ-nin PPXB-nin avtopartul avtomobili ilə xidmətdə olan əməkdaşlarından radiorabitə vasitəsi ilə Nərimanov rayonu, Ə.Qayıbov küçəsində kənarında dayanmış “Opel Vectra” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsünün özünü şühbəli apararaq onların tələblərinə tabe olmayaraq avtomobili sürüb onlardan uzaqlaşmağa çalışdığını bildirərək, həmin avtomobilin saxlanılması üçün kömək istədiklərini eşitmişdir. Bununla əlaqədar olaraq idarə eldiyi xidməti avtomobillə hərəkət edərək, “Opel Vectra” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili H.Əliyev prospektində hərəkətdə olarkən müşahidə etmişdir. Səs gücləndirici ilə avtomobilin sürücüsündən avtomobili dayandırması tələb etdikdə sürücü avtomobili dayandırmayaraq hərəkətinə davam etmişdir. Ona görədə avtomobilin ardınca hərəkət edərək, Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşən keçmiş Lenin adına muzeyin arxa hissəsinə çatdıqda idarə etdiyi avtomobili “Opel Vectra” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı minik avtomobiliin qarşısında sürərək sürücünün avtomobili dayandırmağa məcbur etmişdir. Sürücü avtomobildən düşüb qaçmaq istədikdə onu təqib edib tutub saxlamışlar. Həmin şəxsdən özünü təqdim etməsini istədikdə o, özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Ondan polis əməkdaşlarında qaçmasının səbəbini görüşduqda qorxduğu üçün avtomobili sürərək qaçmağa çalışdığını bildirmişdir. Həmin sürücü onların qanuni tələbinə tabe olmadığı üçün idarə etdiyi “Opel Vectra” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Nərimanov rayonu, R.Əliyev küçəsi 9 ünvanında (“Ulduz” metrostansiyasının yaxınlığında) yerləşən avtomobil duracağına təhvil verilmişdir. Sürücü Təqsirləndirilən şəxs özü isə tərəflərindən tərtib edilmiş raportla Nərimanov RPİ-nin 17-ci PŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Daha sonra idarə etdiyi YPX avtopatrulu ilə xidmətinə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə, saat 03:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Baxış keçirmə və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 04:00-dan saat 04:15-dən olan müddətdə Nərimanov rayonu, Rövşən Əliyev 9 ünvanında yerləşən avtomobil duracağındakı “Opel Vectra” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fazil Osmanov tərəfindən baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş maddə, əşya olduğu halda təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs “Opel Vectra” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısını açaraq oradan iki ədəd ağ kağız bükümünü çıxararaq təqdim etmişdir. Bükümlər açıldıqda birinin içərisində qəhvəyi rəngli tozşəkilli kütlə, digərinin içərisində isə yaşıl rəngli bitki mənşəli kütlə olduğu aşkar edilmişdir. Aşkar edilmiş 02 ədəd büküm içindəkilərlə birlikdə baxış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra “Opel Vectra” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya, maddə aşkar edilməmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı maddə, əşya aşkar edilməmişdir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməfiziki kimyəvi ekspertizasının 04 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1289 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 219 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş..yazısı və imzalar olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,183 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 0,183 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,133 qram. Ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməbioloji ekspertizasının 04 mart 2024-cü il tarixli, 3-16-16/2-7/358 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 2 ədəd bükümlərdə olan kütlələr ’’ yazılar və imzalar olan zərfdəki. bir ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,15 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 0,15 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq – 0,13 qram. Ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu, Rövşən Əliyev 9 ünvanında yerləşən avtomobil duracağındakı “Opel Vectra” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fazil Osmanov tərəfindən baxış keçirilərkən qeydə alınmışdır. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsdən təhqiqatçı həmin avtomobilin kimə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin avtomobilin onun tərəfindən idarə olunduğunu bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş maddə, əşya olduğu halda təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs “Opel Vectra” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısını açaraq oradan iki ədəd ağ kağız bükümünü çıxararaq təqdim edir. Bükümlər açıldıqda birinin içərisində qəhvəyi rəngli tozşəkilli kütlə, digərinin içərisində isə yaşıl rəngli bitki mənşəli küllə olduğu görünür. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərini içərisində nəşə və heroin olduğunu bildirir. Aşkar edilmiş 02 ədəd büküm içindəkilərlə birlikdə baxış və götürməcə iştirak etmiş şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra “Opel Vectra" markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya, maddə aşkar edilmir. DVD diskə baxış zaman Təqsirləndirilən şəxs görüntüdə “Opel Vectra” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobildən 02 ədəd bükümü çıxarıb təqdim edən şəxsin özü olduğunu qeyd etdi vo həmin bükümlərdən birində nəşə digərində isə heroin olmasını bildirir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSYdən dərhal azad edilmişdir; “Qətimkan tədbiri seçilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 dair 04 aprel 2024-cü il tarixli, 2163 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görübür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1293/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apelasiya Məhkəməsinin 1(103)-2085/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1293/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə, cəzası 02 il 08 ay 06 günə endirilməklə cəzası çəkilmiş hesab edilmiş və məhkəmə iclas zalından həbsdən azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Vectra” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitələr 0,183 qram çəkidə kustar üsulla hazırlanmış, heroin və 0,15 qram çəkidə qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 0,133 qram narkotik vasitə heroin və 0,13 qram qurudulmuş marixuana Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Vectra” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Baxış və götürmə aparılması” haqqında 01 ədəd DVD formatlı disk və “Şəxsi axtarış və götürmə aparılması” haqqında 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmış, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilmiş və yeri müəyyən edildikdə dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,183 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 0,15 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1- 1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (04-05 mart 2024-cü il, 1 sutkadan çox olmuşdur) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin və qurudulmuş marixuananın qalıq çəkisi məhv edilməli, “Baxış və götürmə aparılması” haqqında 01 ədəd DVD formatlı disk və “Şəxsi axtarış və götürmə aparılması” haqqında 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0,133 qram narkotik vasitə heroin və 0,13 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - “Baxış və götürmə aparılması” haqqında 01 ədəd DVD formatlı disk və “Şəxsi axtarış və götürmə aparılması” haqqında 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 186 (bir yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar