Məhkəmə qərarları › İş №1(005)-345/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-345/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-345/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,147 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla 08 may 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 41 ünvanına daşımış, 08 may 2025-ci il tarixdə saat 01:02 radələrində ünvan 3 ünvanın qarşısında olarkən, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq, video çəkilişlə keçirilən üstünün yoxlanılması zamanı ona məxsus olan əynindəki göy rəngli idman gödəkçəsinin sol cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,147 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, bir ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 01:02 radələrində tanışı Xanlar Kazımov ilə ünvan 3 ünvanın qarşısında dayanıb söhbət edən zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və video kamera çəkilişinin iştirakı ilə üzərlərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli idman gödəkçəsinin sol cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini (kakos) könüllü olaraq təqdim etmiş, təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılıb möhürlə möhürlənmidir. Bundan sonra onlar Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gəlmişlər, orada ondan aşkar olunan narkotik vasitə təhqiqatçıya təqdim olunmuş, müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. O, bildirmişdir ki, həmin gödəkçəsinin sol cibindən aşkar olunan şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin onundur və ona məxsusdur, onu özü qəbul etmək üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtovağzalın yaxınlığında özünü görmədiyi adını Məşədi kimi təqdim edən şəxsdən Vatsap proqramı vasitəsilə telefonuna göndərdiyi məkan yerindən 90 manata özü istifadə etmək üçün almışdır. Təqdim olunan narkotik vasitə təhqiqatçı tərəfindən yenidən qablaşdırılaraq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Bundan başqa o, adını Məşədi kimi təqdim edən şəxsin özünü görmədiyini və digər anket məlumatlarını bilmədiyini, üzərində olan narkotik vasitədən hər hansı bir şəxsə istifadə etmək üçün vermədiyini, narkotik vasitənin yaxutda psixotrop maddənin satışı ilə məşğul olmadığını, üzərində narkotik vasitə heroinin olmasından tanışı X2 yaxutdakı başqa bir şəxsin məlumatı olmadığını, tanışı X2 üzərində psixotrop maddə metamfetamin olmasından xəbəri olmadığını, üzərindən aşkar olunan narkotik vasitədən tanışı X5 ilə bir yerdə istifadə etmədiyini, bundan başqa heç yerdə heç bir cinayət etmədiyini, heç bir xəstəlikdən əziyət çəkmədiyini, heç bir dispanserdə qeydiyyatda olmadığın, polis əməkdaşları tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gətirilən zaman hər hansı bir şəxs tərəfindən ona qarşı fiziki, psixi yaxutda digər bir üsulla təsir göstərən olmadığını bildirmişdir. Əməlindən peşmandır və sonda məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatında «Nazim və Xanlar» adlı şəxslər Nərimanov rayonu, Xətai prospekti 41 ünvanının qarşısında olacaqları və üzərlərində narkotik vasitə olacağı, həmin şəxslərin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Bu barədə Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə raportla müraciət olunduqdan sonra əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edib, Nərimanov rayonu prokuroruna və rayon məhkəməsinin sədrinə məlumat verildi. xx.xx.2025- ci il tarixdə saat 01:02 radələrində polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nərimanov rayonu Xətai prospekti 41 ünvanının qarşısında «Nazim və Xanlar» adlı şəxslər saxlanılmış, Təqsirləndirilən şəxs üzərində video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı ona məxsus olan əynindəki göy rəngli idman gödəkçənin sol cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər maddəni könüllü olaraq təqdim olunmuşdur. Təqdim olunan maddə polis əməkdaşları tərəfidən elektorn tərəzi vasitəsi ilə çəkilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və həmin heroini xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsi avtovağzalın yaxınlığında özünü Məşədi kimi təqdim edən şəxsdən Vatsap proqramı vasitəsilə telefonuna göndərdiyi məkan yerindən 90 manata özü qəbul etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və X7 RPİ-nin 18-ci PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə təhqiqatçıya təqdim olunmuş, müdafiəçinin iştirakı ilə həmin maddəyə baxış keçirildikdən sonra bu barədə protolol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Bundan başqa polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində üzərinə baxış keçirilən zaman nə onun tərəfindən nədə ki, başqa bir şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxutda psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid2 oğlunun göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış X3 və Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, sonuncuların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Məhkəmə iclasında ifadələri elan edilmiş şahidlər Şahid3 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrində Şahid2 və Şahid4 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsin saxlanılması və üstünün yoxlanılması barədə” 08 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, qara rəngli idman şalvarının sağ qabaq cibindən “Honor” markalı mobil telefonu, sol cibindən isə 50 manat pul, əynindəki göy rəngli idman gödəkçəsinin sol cibindən narkotik vasitə olan 01 ədəd “kakos” adlandırdığı narkotik maddə büküm aşkar edildi. Qeyd olunan maddəni bir gün öncə Biləcəri qəsəbəsində Məşədi adlı şəxslə vatsapla əlaqə saxlayaraq 90 manata aldığını bildirmişdir. 01 ədəd büküm qablaşdırılaraq 224 saylı möhürlə möhürlənmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim olunan maddəyə baxış və götürmə aparılması haqqında” 08 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, qara rəngli idman şalvarının sağ qabaq cibindən “Honor” markalı mobil telefonu, sol cibindən isə 50 manat pul, əynindəki göy rəngli idman gödəkçəsinin sol cibindən narkotik vasitə olan 01 ədəd “kakos” adlandırdığı narkotik maddə büküm aşkar edildi. Qeyd olunan maddəni bir gün öncə Biləcəri qəsəbəsində Məşədi adlı şəxslə vatsapla əlaqə saxlayaraq 90 manata aldığını bildirmişdir. 01 ədəd büküm qablaşdırılaraq 224 saylı möhürlə möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 08 may 2025-ci il tarixli, 3-16/16/2-6/1734/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,147 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir. 09 may 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” və “qətimkan tədbiri seçilməsi haqqında” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “CD-diskə baxış keçirilməsi haqqında” 09 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. qara rəngli idman şalvarının sağ qabaq cibindən “Honor” markalı mobil telefonu, sol cibindən isə 50 manat pul, əynindəki göy rəngli idman gödəkçəsinin sol cibindən narkotik vasitə olan 01 ədəd “kakos” adlandırdığı narkotik maddə büküm aşkar edilir. Qeyd olunan maddəni bir gün öncə Biləcəri qəsəbəsində Məşədi adlı şəxslə vatsapla əlaqə saxlayaraq 90 manata aldığını bildirir. 01 ədəd büküm qablaşdırılaraq 224 saylı möhürlə möhürlənir. “Maddi sübut kimi tanıma haqqında” 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,147 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 1,047 qram heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 19 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin 10 may 2025-ci il tarixli, 2713 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Respublika Narkoloji Mərkəzində xx.xx.2024-cü il tarixdən F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 25 iyul 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmənin videogörüntülərin əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 52-1: Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Heroinin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ: “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 iyul 1988-ci il, § 45-46): Sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir. Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Polis əməkdaşlarının ifadələri, digər sübutlar kimi, milli qanunvericiliyə uyğun əldə edildiyi və müdafiə tərəfinə onlara etiraz etmək və onların etibarlılığını şübhə altına almaq üçün kifayət qədər imkan verildiyi təqdirdə, AİHM tərəfindən qəbul edilən sübut hesab oluna bilər. AİHM-in Edwards və X4rşı (27 oktyabr 2004-cü il, ərizə № 39647/98 və 40461/98, §§ 55-57) işi üzrə qərarında, narkotiklərlə bağlı işlərdə polis əməliyyatları və onların ifadələrinin rolu müzakirə olunarkən, əsas diqqət əməliyyatın və sonrakı məhkəmə prosesinin ümumi ədalətliliyinə yönəlmişdir. Əgər polis ifadələri digər sübutlarla (məsələn, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin öz etirafları) dəstəklənirsə və müdafiə tərəfi bu ifadələri effektiv şəkildə sorğulaya bilibsə, onların sübut kimi nəzərə alınması Konvensiyanın 6-cı maddəsinin pozuntusu hesab edilmir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Cinayətin obyektiv cəhəti (actus reus), yəni cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edən konkret hərəkət, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı şalvarının cibindən ümumi çəkisi 1,147 qram olan narkotik vasitə – heroinin aşkar edilməsi faktı ilə təsdiqlənir. Azərbaycan Respublikasının "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, heroinin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16/16/2-6/1734/2025 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş maddənin ümumi təmiz çəkisi 1,147 qram olmaqla, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu, qanunla müəyyən edilmiş "xeyli miqdar" həddini əhəmiyyətli dərəcədə üstələyir və cinayət tərkibinin predmetinin və miqdarının mövcudluğunu sübut edir. Cinayətin subyektiv cəhəti (mens rea), yəni təqsirkarın törətdiyi əmələ psixi münasibəti birbaşa qəsdlə xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 90 manata aldığını səmimi şəkildə etiraf etmişdir. Bu etiraf, onun törətdiyi əməlin ictimai təhlükəli xarakterini tam dərk etdiyini və onun nəticələrini arzu etdiyini, yəni birbaşa qəsdin (dolus directus) mövcudluğunu təkzibedilməz şəkildə sübuta yetirir. Həmçinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 10 may 2025-ci il tarixli, 2713 nömrəli rəyi ilə Təqsirləndirilən şəxsda "Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu"nun aşkar edilməsi və onun məcburi müalicəyə ehtiyacının olması faktı, onun psixotrop maddələri əldə etməkdə və saxlamaqda motivini dolayısı ilə təsdiq edən hal kimi qiymətləndirilir. Bütün yuxarıda göstərilənləri məcmu halında nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətləri mövcuddur və onun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və əməlləri düzgün tövsif edilmişdir. Buna görə də, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxsya cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Bu çərçivədə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Törədilmiş cinayət əməlinin xarakterinə gəldikdə, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl – satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma – cəmiyyətin sağlamlığı və mənəviyyatı üçün ciddi təhlükə yaradan əməllər sırasına daxil olmaqla obyekt olaraq ictimai təhlükəsizliyə qəsd dən cinayət əməlidir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi fərdlərin həyatını və sağlamlığını təhdid etməklə yanaşı, cinayətkarlığın artmasına və sosial problemlərin dərinləşməsinə də zəmin yaradır. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi onun törətdiyi əməldən səmimi peşmançılığını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Məhkəmə, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bütün məlumatları, narkomaniya xəstəliyindən əziyyət çəkməsini və narkoloji dispanserdə qeydiyyatda olmasını nəzərə alır. Bu hallar, onun islah olunmasının müəyyən çətinliklərlə üzləşə biləcəyini və cəmiyyətdən təcrid olunmadan davranışına effektiv nəzarətin təmin edilməsinin mürəkkəbliyini göstərir. CM-nin 234.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkotik mühitlə əlaqələrini davam etdirməsi, onun cəmiyyətdən təcrid olunmadan, yalnız azadlığın məhdudlaşdırılması şəraitində islahının çətinliyini və dayanıqlı olmama ehtimalını artırır. Məhkəmə hesab edir ki, azadlıqdan məhrum etmə cəzası, bir tərəfdən, onu cinayətkar mühitdən təcrid edəcək, digər tərəfdən isə cəzaçəkmə müəssisəsi daxilində məcburi müalicə almaqla səhhətinin bərpasına və narkotik asılılığından xilas olmasına real imkan yaradacaqdır. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyini, törədilmiş əməlin xarakteri və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alındıqda, onun islahı üçün kifayət qədər təsirli və çəkindirici vasitə hesab edilə bilməz. Belə bir cəza, həmçinin, cəmiyyətin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz mövqeyini və bu cür əməllərin cəzasız qalmayacağı prinsipini tam əks etdirməzdi. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən halları, digər tərəfdən isə ağırlaşdıran halların olmamasını və təqsirləndirilən şəxsin narkotik asılılığının islah prosesinə potensial mənfi təsirini nəzərə alaraq, CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. Bundan əlavə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması müddəti 2 gün olaraq müəyyən edilməli, CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 02 gün çıxılmalıdır. Cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq ümumi rejimli müəyyən edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 21-ci bəndinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilir. Həmçinin, Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" Qərarının 19-cu bəndində də anlaqlı vəziyyətdə olan, lakin narkomaniyadan əziyyət çəkən və məcburi müalicəyə ehtiyacı olan şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, məcburi müalicənin cəzanı icra edən müəssisə tərəfindən təmin edilməsi göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və təyin edilmiş məcburi müalicə onun cəza çəkəcəyi cəzaçəkmə müəssisəsində həyata keçirilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs F19.2 diaqnozu ilə Respublika Narkoloji Mərkəzində dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X1 saxlanılan narkotik vasitənin qalığı – 1,047 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 81 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə vəkilin təqdim etdiyi hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 35 iş saatı üçün cəmi 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdən 09 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 17 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və məcburi müalicə cəza çəkdiyi müddət ərzində cəzanı icra edən müəssisə tərəfindən icra edilsin. Təqsirləndirilən şəxs F19.2 diaqnozu ilə Respublika Narkoloji Mərkəzində dispanser qeydiyyatında olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X1 saxlanılan narkotik vasitənin qalığı – 1,047 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 81 manat vəsait Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddia olmaması nəzərə alınsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 35 iş saatı üçün cəmi 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar