Məhkəmə qərarları › İş №1(005)-346/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-346/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-346/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunda Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili və nümayəndəsi Müdafiəçi1, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində qonaq kimi dəvət olunduğu, Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən evin qonaq otağının dəhlizində yerləşən paltar dolabının aşağıdan birinci gözünə qoyulmuş, sellofan torbaya bükülmüş, kağız paketdə olan 16500 ABŞ dolları və 1100 manat puldan 700 ABŞ dolları və 600 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Səfər-Əliyevaya 20 490 (iyirmi min dörd yüz doxsan) manat ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CPM-nin 91.5.11-ci maddəsinin tələbinə uyğun olaraq ana dilində və ya bildiyi başqa dildə ifadə vermək, 91.5.12-ci maddəyə müvafiq olaraq tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları pozulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycanda doğulmasına və Azərbaycan vətəndaşı olmasına baxmayaraq o, 1996-2012-ci illərə təsadüf edən uşaqlıq və yeniyetmə dövrünü valideynləri ilə birlikdə Rusiya Federasiyasında yaşayaraq orada orta təhsil almış, Mordoviya Respublikasının Şimal-Şərq dairəsində 557 saylı orta ümumtəhsil məktəbini 2010-cu ildə bitirməsi haqqında təhsil müəssisəsi tərəfindən ona 25 iyun 2010-cu il tarixdə AA0367363 nömrəli attestat verilmişdir. O, nə əvvəllər, nə də latın qrafikalı əlifbaya keçdikdən sonra Azərbaycanda heç bir təhsil müəssisəsində təhsil almamışdır. Onunla söhbət zamanı nəinki azərbaycan dilində qramatik danışa bilməsi, ümumiyyətlə sərbəst danışıqda belə çətinlik çəkməsi, fikrini açıq izah edə bilməməsi aydın hiss olunur. Eləcə də cinayət işinə əlavə edilmiş dindirmə və üzləşdirmə protokollarında, digər istintaq hərəkəti protokollarında əlyazma xətti ilə yazdığı cümlələrdən aydın görünür ki, cümləni təşkil edən sözlərin heç birini düzgün yaza bilməmiş, hətta müstəntiqin diktəsi ilə yazılış zamanı belə hərfləri düzgün yaza bilməmiş, rus dilinə xas olan tələffüz və yazı vərdişi nümayiş etdirmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında tərtib edilmiş tarixsiz izahatında əlyazma xətti ilə yazdığı qeydlər: “menim sozlerimle testik edirem, Allahverdi, Resulov”, - xx.xx.2022-ci il tarixli şübhəli şəxsi dindirmə protokolunda öz xətti ilə yazdığı: “Azerbaycan, ifademi, onudum, elavem, yohdur, sozlerimle, ovzqun, duzqunluyumu, testıq, edirem”; - xx.xx.2022-ci il tarixli üzləşmə protokolunda: “ifademi onudum elavem yondu, sozlerimle duzgun yazılıb duzgunlyonu tesdıg edirem Allahverdi Resulov”; -21.02.22-ci il tarixli təqsirləndirlən şəxs kimi dindirmə protokolunda: “ifademi ohudum elavem yohdur sozlerimle duzgun duzgunluyunu testiq edirem”. - Müstəntiqə yazdığı xx.xx.2022-ci il tarixli əlyazma ərizəsinin mətnindən açıq aydın görünür ki, təqsirləndirilən şəxs azərbaycan dilində latın əlifbası ilə oxuyub yaza bilmədiyi halda onun bildiyi dildə, yəni rus dilində ifadə vermək və tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulmuşdur ki, bu halda onun iştirak etdiyi istintaq hərəkəti protokollarının mahiyyətini başa düşüb qavramaq, cinayət işinin materialları ilə şəxsən tanış olmaq imkanından məhrum olmuşdur. xx.xx.2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə ona CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edildikdən sonra dindirmə protokolunun mətnindən görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilmişdir, amma dindirmə zamanı ifadəsində zərərçəkmişin mənzilindən 20490 manat deyil, 2100 ABŞ dolları və 500 manat götürdüyünü, yəni təqsirini tam deyil qismən etiraf etmişdir. Belə olan halda 09 may 2022-cı il tarixdə saat 10:00-dan 12:30-dək müdafiəçi ilə birlikdə iş materialları ilə tanışlıq zamanı bu xüsusatı nəzərə alaraq vəsatət təqdim etməmişdir. Həmin vəsatətə əlavə olaraq bildirmək istəyir ki, iş üzrə ibtidai istintaq gedişində müstəntiq tərəfindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, cinayət hadisəsinin baş vermə anı, yəni cinayətin törədildiyi tarix və vaxt dəqiq müəyyən edilməmiş, istər təqsirləndirilən şəxsin, istər zərərçəkmişin və istərsə də şahidlərin ifadələri arasında kifayət qədər ziddiyətlər və uyğunsuzluqlar mövcud olduğu halda, bu maqəmlar aydınlaşdırılmamışdır. Belə ki, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 fevral 2022-ci il tarixli qərarda, həmçinin ittiham aktının nəticə hissəsində ittihamın mətnində Təqsirləndirilən şəxs cinayəti xx.xx.2022-ci il tarixdə törətdiyi qeyd olunur. X5-Əliyevanın xx.xx.2022-ci il tarixli sərbəst ifadəsindən və Təqsirləndirilən şəxsla həmin tarixli üzləşmə protokolundan görünür ki, o, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:05 radələrində zəng edib evinə dəvət etmiş, səhər (yəni xx.xx.2022-ci il tarixdə) saat 10 radələrə kimi söhbət etmişlər, sonra yuxusu gəldiyi üçün yatmışdır. Saat 15 radələrdə ayılıb Əlinin (yəni Allahverdinin) evdə olmadığını, mənzili tərk edib getdiyini görmüş, qapının açıq qaldığını görüb şübhələnərək dolaba baxdıqda pulunun oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs kimi ifadələrində, zərərçəkmişlə üzləşməsində xx.xx.2022-ci il tarixdə gecə yarıya kimi tanışı Çinarə adlı qadınla “Ammar” oteldə əyləndiyini, gecə saat 02 radələrində, (yəni artıq xx.xx.2022-ci il tarixdə) Kəmalə ona zəng edib mənzilinə dəvət etdikdən sonra onun yanına getdiyini bildirmişdir. “Unibank” tərəfindən istintaqa təqdim edilmiş çıxarışın mətni ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs bank hesabına xx.xx.2022-ci il tarixdə ayrı-ayrılıqda 50, 4100, 4000, 5000 və 800 manat məbləğdə pullar mədaxil olunmuş və müstəntiqin sübutların qiymətləndirməsinə dair qərarında bu xüsusatlar cinayət yolu ilə əldə edilmiş pullar kimi nəzərə alınaraq sübut kimi qiymətləndirilmişdir. Əgər zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələri həqiqət kimi qəbul edilərsə və ittiham yalnız onun göstərdiyi xüsusatlar üzərində qurulmuşdursa, o bütün ifadələrində israrla təsdiq edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:05 radələrində zəng edib mənzilinə dəvət etmiş, o gəldikdən sonra səhər saat 10 radələrə kimi söhbət etmişlər, sonra yatmışlar. Yəni Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:05 radələrində onun mənzilinə gəldikdən sonra növbəti günü, yəni xx.xx.2022-ci il tarixdə saat 12-dək mənzili tərk etməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin onun mənzilinə gələnədək, yəni xx.xx.2022-ci il tarixdə gündüz vaxtlarında banka ödədiyi pulların zərərçəkmişə hansı aidiyyəti ola bilərdi? Bununla yanaşı, iş üzrə ittihamın əsası kimi yolverilməz sübutlara istinad olunmuşdur. Belə ki, müstəntiqin xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman digər əşya və pullarla yanaşı 1 ədəd “Huavei” markalı mobil telefon da aşkar olunaraq götürülmüşdür. Halbuki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdır, hər bir halda cinayət işinin materiallarında şəxsi axtarış aparılmasına dair protokol və ya digər heç bir sənəd yoxdur. Təqsirləndirilən şəxs əşyaları könüllü təqdim etməsinə dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, o 1200 ABŞ dolları, 625 manat, 1 ədəd bank kartı, 1 ədəd açar, 5 ədəd ödəniş qəbzi və 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon təqdim etmişdir. Yəni təqdim etdiyi əşyaların içərisində “Huavei” markalı telefon olmamışdır. Eləcə də təhqiqat materiallarının istintaq aidiyyəti üzrə Nərimanov RPİ-yə göndərilməsinə dair təhqiqatçı Seymur Poladovun raportunun məzmunundan da görünür ki. həmin materiallara “Huavei” markalı mobli telefon əlavə olunmamışdır. xx.xx.2022-ci il tarixli telefonda olan məlumatlara baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Huavei” markalı mobil telefonun yaddaşına baxış keçirilmiş, şəkillər və videofraqmentlər aşkar edilərək DVD diskə köçürülmüş, disk və fotoşəkillər istintaq materiallarına əlavə olunmuşdur. Lakin, “Huavei” markalı mobil telefonun kimdən, haradan və hansı yolla əldə edilməsi, onun cinayət işinə əlavə edilməsinin təsdiq edən heç bir sənəd tərtib edilməmiş, yəni mənbəyi müəyyən olmayan telefon aparatında olan məlumatlar sübut kimi cinayət işinə əlavə olunmuşdur. Bundan başqa, cinayət işinin materialları ilə tanışlıq zamanı təqsirləndirilən şəxsin hüquqları pozulmuş, iş materiallarına əlavə olunmuş sübutların bir qismi tanış olmaqdan ötrü ona təqdim olunmamışdır. Belə ki, təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında 09 may 2022ci il tarixli protokolun mətnindən aydın olur ki, ona maddi sübutların bir qismi, iş materiallarına əlavə edilmiş əl barmaq izləri olan zərf və 3 ədəd disk tanış olma üçün təqdim edilmişdir. Halbuki, maddi sübut kimi tanıma haqqında xx.xx.3022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış pullar, telefon aparatları da təqdim edilməli, həmin sübutlarla tanışlıq üçün ona və müdafiəçisinə imkan yaradılmalı idi. Qeyd edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham olunmasına dair ********* nömrəli cinayət işinin baxılmasına xitam veriilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını zərurəti yaranmışdır. Belə ki, cinayət işinin materiallarından və məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında anadan olmasına baxmayaraq uzun illər Rusiya Federasiyasında yaşamış, orta təhsilini orada başa vuraraq müvafiq attestat almışdır. Azərbaycan dilində öz fikrini tam izah etmək iqtidarında deyil, hüquqi terminləri başa düşməkdə çətinlik çəkir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tərcüməçi ilə təmin edilməmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-in 303.3.1, 303.3.2 və 303.3.7-ci maddələrinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs Səfər-X4 və onun vəkili və nümayəndəsi Müdafiəçi1 müdafiəçi və dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətlərin təmin edilməsinə etiraz etdiklərini bildirmişlər. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən verilmiş vəsatətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılmalıdır. Məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elnar İbrahimli tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı CPM-in tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən nöqsanlara yol verilmişdir. Belə ki, məhkəmə ilk növbədə hesab edir ki, istintaq orqanı məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnu pozmaqla və təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətini verməməklə kobud pozuntu hesab edilən nöqsanlara yol vermişdir. İş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan dilində danışa bilsə də, orta məktəbi Rusiya Fedarasiyasında rus dilində bitirmişdir. Bu səbəbdən də Azərbaycan dilində olan bəzi ifadələri, xüsusilə hüquqi anlayışları başa düşmür, həmçinin Azərbaycan dilində öz fikrini ifadə etməkdə çətinlik çəkir. Belə olan halda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cinayət prosesinə cəlb edildiyi andan tərcüməçi ilə təmin edilməli olduğu halda tərcüməçi ilə təmin olunmamış, sonrakı mərhələdə, yəni təqsirləndirilən şəxsi iş materialları ilə tanış etmə və ittiham aktının təsdiq edilməsi və təqsirləndirilən şəxsə təqdim olunması mərhələsində Təqsirləndirilən şəxs cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuş və ittiham aktının, onun başa düşdüyü dilə tərcümə olunmuş nüsxəsi ona təqdim olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı 14 may 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, ittiham aktının surətinin təqsirləndirilən şəxsə təqdim edilməsindən ötrü 3 saylı İstintaq Təcridxanasına göndərilməsi barədə iş materiallarında olan məktubla müəyyən edilmişdir ki, ittiham aktı təqsirləndirilən şəxsin başa düşdüyü dilə tərcümə olunaraq ona təqdim edilməmişdir. Başqa sözlə, ibtidai istintaq orqanı tərəfindən ittiham aktının tərcümə olunmuş surətinin Təqsirləndirilən şəxs verilməsini təsdiq edən sənədlər, tərcümə olunmuş ittiham aktının təqsirləndirilən şəxs tərəfindən alınmasını təsdiq edən qəbzlər və tərcümə edilmiş ittiham aktının surəti cinayət işinin materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının öz ana dilindən istifadə etmək və ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Həmin Məcəllənin 91.5.11, 95.5.12-ci maddələrinə əsasən ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək təqsirləndirilən şəxsin hüquqları sırasına daxildir. Həmin Məcəllənin 292.4-cü maddəsinə əsasən cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ibtidai istintaq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə aparılmışdır. Belə ki, təqsirləndirilən şəxsin tərcüməçi ilə təmin edilməməsi və qətimkan tədbirinin seçilməsi barədə qərarın və digər mühüm prosessual sənədlərin təqsirləndirilən şəxsin başa düşdüyü dilə tərcümə olunmaması həmin sənədlərin formal olaraq imzalandığını təsdiq edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs iş materialları ilə formal olaraq tanış olsa da, həmin sənədlərin məzmununu başa düşmədiyi üçün müdafiə imkanından da məhrum olmuşdur. Başqa sözlə, məhkəməyədək icraat zamanı istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin mühüm prosessual hüququ olan müdafiə hüququ pozulmuşdur. Nəzərə alınmalıdır ki, müdafiə hüququ cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin sadəcə müdafiəçi ilə təmin edilməsindən ibarət deyil. Bu hüquq şəxsin müdafiə hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlara dair məlumatlanmaq, eləcə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq kimi geniş prosessual imkanları əhatə edir. Göstərilən prosessual təminatlar tərcüməçi ilə təmin olunmaq hüququ ilə əlaqəli olduğundan həmin hüququn pozulması nəticə etibarilə müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı cinayət işinin materialları ilə tanış etmə vəzifəsinə dair Cinayət-Prosessual Məcəlləsinin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cinayət işinin 182-ci vərəqində olan “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 01 cild olmaqla 181 vərəqdən ibarət olan material, iş üzrə maddi sübut olan əl barmaq izlərinin olduğu zərf, 03 ədəd DVD disk tanış olmaq üçün Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 təqdim edilmişdir. Cinayət işinin 112-113-cü vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş 1200 ABŞ dolları və 625 manat pulun, 05 ədəd online ödəniş qəbzlərinin, 01 ədəd plastik kart, 01 ədəd yəni İphone 13 Pro Max markalı mobil telefonun, 01 ədəd Huavei markalı mobil telefonun cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-in 285.1-ci maddəsinə cinayət işinin materialları ilə tanış olmaq üçün işdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də müstəntiq tərəfindən təqdim edilməlidir. Həmin Məcəllənin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Göründüyü kimi, müstəntiq tərəfindən məhkəməyədək icraat zamanı cinayət işinin materialları ilə tanış etmə qaydasına dair cinayət-prosessual qanunvericiliyin imperativ tələblərinə riayət edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş 1200 ABŞ dolları və 625 manat pul, 05 ədəd online ödəniş qəbzləri, 01 ədəd plastik kart, 01 ədəd yəni İphone 13 Pro Max markalı mobil telefonu, 01 ədəd Huavei markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınsa da, məhkəməyədək icraatın cinayət işinin materialları ilə tanış etmə mərhələsində həmin maddi sübutlar tanış olma üçün təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilməmiş, bununla bağlı cinayət işinin materialları ilə tanış etmə protokolunda müvafiq qeydlər göstərilməmişdir. Bununla da, müstəntiq tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsində nəzərdə tutulan məhkəməyədək icraatın kobud pozuntusuna yol verilmiş, təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olmaq hüququ qanunla müəyyən edilmiş qaydada təmin edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elnar İbrahimli ********* nömrəli cinayət işi üzrə “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərarla (i.v.112-113) maddi sübut kimi qiymətləndirdiyi 1200 ABŞ dollarını, 625 manat pulu və 01 ədəd İphone 13 Pro Max markalı mobil telefonu xx.xx.2022-ci il tarixli protokolla zərərçəkmiş şəxs X1 təqdim etmiş (i.v.163), bununla da maddi sübutların saxlanması, cinayət təqibi üzrə icraatın aparıldığı müddətdə əşyaların mühafizəsinin təmin edilməsi dair cinayət-prosessual qanunvericiliyin tələblərini pozmuş, maddi sübutlara məhkəmə icraatında hüquqi qiymət verilməsinə mane olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 129.1-ci maddəsinə əsasən maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır; 129.2.2-ci maddəsinə əsasən milli və ya xarici valyuta ilə nağd pullar baxış keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq cinayət prosesini həyata keçirən orqan dövlət bankına təhvil verməlidir; 129.4-cü maddəsinə əsasən maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. 131.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan aşağıdakı maddi sübutları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır: tez xarab olan əşyaları; məişətdə gündəlik tələbat əşyalarını; gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları; verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələrini. Lakin, cinayət təqibini həyata keçirən orqan qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozaraq iş üzrə maddi sübut kimi tanınmış 1200 ABŞ dollarını, 625 manat pulu və 01 ədəd İphone 13 Pro Max markalı mobil telefonu mülkiyyətçiyə (qanuni sahibinə) qaytarmışdır. Məhkəmə, qeyd edilən xüsusatları nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1, 303.3.2, 303.3.7 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (sübutların mümkünlüyü). İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125-ci maddəsi). Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı CPM-in yerinə yetirilməsi məcburi olan imperativ tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb olur (CPM-in 9.2-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində həmçinin, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir; 303.3.1, 303.3.2, 303.3.7 və 303.3.8-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud pozuntular hesab olunur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs tərcüməçinin köməyindən istifadə etmək hüququnun təmin olunmadığı və ittiham aktının tərcümə olunmuş nüsxəsinin təqdim olunmadığı, həmçinin cinayət işinin materiallarına əlavə edilmədiyi, bununla da onun ibtidai istintaq zamanı cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının, o cümlədən müdafiə hüququnun kobud şəkildə pozulduğu müəyyən edilmişdir. Həmçinin, cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiqin cinayət işinin materialları ilə tanış etmə vəzifəsinə dair CPM-in tələbləri pozulmuşdur. Bu da Azərbaycan Respublikası CPM-nin 303.3.1, 303.3.2, 303.3.7 və 303.3.8-ci maddələrinin tələbləri üzrə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsas yaratmışdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, müstəntiq tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və bu səbəbdən də cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 300.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı məhkəmə, məhkəməyədək icraat zamanı həmin məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qənaətinə gəlindiyindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş ibtidai istintaqı həyata keçirmiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. CPM-in 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-346/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdiriləmədən saxlanılması qərara alınmışdır. Məhkəmə prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanılması zərurəti aradan qalxmayıb. Ona görə də, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin müddəti 01 ay müddətinə yəni 05 avqust 2022-ci il tarixədək uzadılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.3.1, 303.3.6 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatətlər təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın; Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay olmaqla, 05 avqust 2022-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar