Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-346/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Pakistan İslam Respublikası, Azad Kəşmir vilayəti, Müzəffərabad şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Pakistan İslam Respublikası, Azad Kəşmir vilayəti, Balağam kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Kamil Balakişiyev küçəsi, ev 49- da kirayədə yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 aprel 2024-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən «Royal Hotel» otel kompleksinin beşinci mərtəbəsindəki müştəri qismində qaldığı 504 nömrəli otaqda X5 Respublikasının vətəndaşı olan tanışı Zərərçəkmiş şəxs asılqandan asdığı gödəkcəsinin cibindən sonuncuya məxsus 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 27 sentyabr 2023-cü il tarixdə işləmək üçün Pakistan İslam Respublikasının Lahor şəhərindən aviareys vasitəsilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra kirayədə yaşamağa başlamış, çörəkpulu qazanmaq üçün bir müddət qeyri-rəsmi olaraq zəhmət haqqı müqabilində əsasən Pakistandan gələn turistlər üçün bələdçilik edərək onlara Bakı şəhərində müvəqqəti qalmaq üçün otellər tapmağa köməklik etmişdir. X4 Respubikasının vətəndaşı Zərərçəkmiş şəxs ilə 2024-cü ilin mart ayının sonlarında Bakı şəhərində təsadüfən tanış olmuşlar. Tanşlıqdan bir neçə gün sonra Zərərçəkmiş şəxs Albaniya Respublikasına getmək istədiyini bildirib bu məqsədlə onun üçün viza düzəltməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs 3500 (üç min beş yüz) ABŞ dolları verəcəyi təqdirdə onun üçün Albaniya Respublikasına viza təşkil edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs onunla razılaşaraq bu məqsədlə 01 aprel 2024-cü il tarixdə ona 1700 (bir min yeddi yüz) manat, 12 aprel 2024-cü il tarixdə 200 (iki yüz) manat, sonuncu dəfə 16 aprel 2024-cü il tarixdə günorta saatlarında isə ünvan 1 ünvanında yerləşən «Royal Hotel» otel kompleksində 2000 (iki min) mana pul vermişdir. Beləcə, Albaniya Resblikasına viza təşkil etmək üçün Zərərçəkmiş şəxs ona ümumilikdə 3900 (üç min doqquz yüz) manat məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs viza üçün ona verdiyi pulun 540 (beş yüz qırx) manatına özü üçün «X17 13» markalı mobil telefon almışdır. Əldə etdiyi məbləğin 820 (səkkiz yüz iyirmi) manatını yaşadığı evə görə kirayə haqqı kimi ödəmiş, yerdə qalan məbləği isə yeyib-içməyə sərf edib xərcləmişdir. Aralarında olan razılaşmaya əsasən viza təşkil etməsi üçün Zərərçəkmiş şəxs ona ümumilikdə 6600 (altı min altı yüz) manat məbləğində pul verməli olsa da, bu məbləği təşkil edə bilməmişdir. Zərərçəkmiş şəxs pulunu öz ehtiyaclarına sərf edib xərclədiyi üçün qaytara bilməmiş və bu səbəbdən onunla aralarında narazılıq yaranmışdır. Zərərçəkmiş şəxs hər hansı məbləğdə pulunu oğurlamamışdır. 16 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onun üçün müvəqqəti qalmaq məqsədi ilə otel tapmasını xahiş etmişdir. Bu məqsədlə onu Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 12 ünvanında yerləşən «Royal Hotel» otel kompleksinə aparmış və Zərərçəkmiş şəxs orada özünə otaq tutmuşdur. O, törətdiyi əməlin cinayət olduğunu bilir və etdiyi əmələ görə də səmimi peşmanlıq hissi keçirir. Zərərçəkmiş şəxs dəymiş zərəri tam ödədiyini, onunla barışdığını, Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir şikayət və tələbinini olmadığını, himayəsində 4 övladının olduğunu bildirmiş, eyni zamanda ölkəsi Pakistan Respublikasına qayıtmaq istəyir. İrfan Arif Məhkəmədən arəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 1987-ci ildə X5 Respublikasında anadan olmuşdur. 2023-cü ilin noyabr ayında ali təhsil almaq üçün X5 Respublikasından Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində yerləşən Odlar Yurdu universitetinin Azərbaycan dili hazırlığı kursunda təhsil alır. Pakistan islam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsla 01 aprel 2024-cü il tarixdə Bakı şəhərində təsadüfən tanış olmuşdur. Tanış olarkən İrfan Arif Bakı şəhərində əcnəbi vətəndaşlar üçün Avropa ölkələrinə viza təşkil etməklə məşğul olduğunu bildirmişdir. 2024-cü ilin aprel ayının ortalarında Bakı şəhərində yaşayan həmyerlisi, ondan bir ay qabaq X5 Respublikasından Bakı şəhərinə gəlmiş Şahid1 söhbət əsnasında ona Albaniya Respublikasına getmək istədiyini, lakin bununla əlaqədar viza əldə etmək üçün hara müraciət etmək lazım olduğunu bilmədiyini demişdir. Şahid1a Pakistan İslam Respublikasının vətəndaşı İrfan Arif barəsində danışıb həmin şəxsin viza işləri ilə məşğul olduğunu demişdir. Bundan sonra Şahid1 viza ilə bağlı danışmaq üçün birlikdə İrfan Ariflə görüşüb danışmağı xahiş etmişdir. Etiraz etməyib 16 aprel 2024-cü il tarixdə günorta saatlarında «WhatsApp» vasitəsilə İrfan Arifə zəng vuraraq Albaniya Respublikasına səfər etmək üçün tanışına viza lazım olduğunu bildirib köməklik göstərməsini xahiş etmişdir. İrfan Arif cavabında ünvan 1 ünvanında yerləşən «Royal Hotel» otel kompleksində olduğunu bildirib bu barədə söhbət etmək üçün onları həmin otelə dəvət etmişdir. O, həmyerlisi Şahid1 ilə birlikdə taksi avtomobili ilə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 12 ünvanında yerləşən «Royal Hotel» otel kompleksinə getmişdir. İrfan Arif onları otelin qarşısında qarşılayıb içəri dəvət etmişdir, içəri daxil olduqdan sonra İrfan Arifin dəvəti ilə onunla birlikdə 5-ci mərtəbəyə qalxıb 504 nömrəli otağa daxil olmuşlar. İrfan Arif həmin otaqda qaldığını bildirmişdir. Həmin otaqda Albaniyaya səfər etmək üçnü İrfan Ariflə təxminən 1-2 saat söhbət etmişlər və X10 viza əldə etmək üçün lazımi köməklik göstərəcəyini vəd etmişdir. Saat 15 radələrində həmyerlisi Şahid1 kofe içmək üçün otağı tərk edib birinci mərtəbəyə düşmüşdür. Bu zaman o, təbii ehtiyacını ödəmək üçün əynindəki gödəkcəsini çıxarıb İrfan Arifin qaldığı 504 nömrəli otaqda asılqandan asaraq həmin otağın sanitar qovşağına daxil olmuşdur. Həmin vaxt İrfan Arif otaqda əyləşib öz mobil telefonuna baxırmış. Təxminən 10 dəqiqə sonra sanitar qovşağından çıxan zaman İrfan Arifin otaqda olmadığını görüb təəccüblənmişdir. Otaqda asılqandan asdığı gödəkcəsini götürüb geyinən zaman gödəkcənin sağ iç cibinə qoyduğu 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin yerində olmadığını görüb həmin pulu İrfan Arifin oğurladığını başa düşmüşdür. Pulunun oğurlandığını aşkar etdikdən sonra cəld birinci mərtəbəyə düşmüş, lakin İrfan Arifin orada olmadığını görmüşdür. Bir neçə dəqiqə sonra İrfan Arif «WhatsApp» vasitəsilə ona mesaj yazaraq Litvaya gedəcəyini və ehtiyacı olduğu üçün onun pulunu götürdüyünü bildirmişdir. Pulunu geri qaytarmaq üçün həmin gün İrfan Arifi axtarsa da, tapa bilməmişdir. Ona görə də, növbəti gün, yəni 17 aprel 2024-cü il tarixdə İrfan Arifin barəsində polisə şikayət etmişdir. Heç vaxt İrfan Arifdən onun üçün Albaniyaya və ya digər ölkəyə səfər etmək üçün viza təşkil etməsini xahiş etməmiş və bu məqsədlə ona hər hansı məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam ödədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və onunla barışdığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən «Royal Hotel» otel kompleksidir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə saat 14:37-də Zərərçəkmiş şəxs və Şahid1 ilə birlikdə ünvan 2 ünvanında yerləşən «Royal Hotel» otel kompleksinə daxil olmuş, həmin gün saat 15:43-də isə təkcə qeyd olunan otel kompleksini tərk etmişdir. “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir; “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 8.000 (səkkiz min) manat maddi ziyanı tam həcmdə ödəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, hazırda ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi alınmış 09 avqust 2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, ibtidai istintaq zamanı şahidlərin ifaələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmişə dəymiş zərəri tam ödədiyini, onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda, müəyyən olunmuş hallar isə təqsirləndirilən şəxsə daha ağır növ cəzanın təyin edilməsinə əsas vermədikdə, həmin hallar cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində əcnəbilərə və Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olmayan şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qadağan edilir. İş materillarından da göründüyü kimi Təqsirləndirilən şəxs Pakistan Respublikasının vətəndaşıdır və onun Azərbaycan Respublikasında daimi yaşayış yeri yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cinayət qanununda nəzərdə tutulmuş prinsiplərin pozulması və təqsirləndirilən şəxsin hüquqlarının pozulması ilə nəticələ bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunvericilik cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmənin üç formasını müəyyənləşdirir: 1. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi; 2. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi; 3. təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməməsi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi yalnız işin müstəsna vəziyyəti və təqsirkarın şəxsiyyətinə aid olan məlumatlar birlikdə nəzərə alınmaqla təyin edilə bilər. Bu zaman cinayətin ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan hallar (o cümlədən qanunda nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar) müstəsna hal kimi qəbul edilə bilər “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına əsasən CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmişə dəymiş zərəri tam ödədiyini, onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Pakistan Respublikasının vətəndaşı olmağı və onun Azərbaycan Respublikasında daimi yaşayış yerinin olmamasını müstəsna hallar kimi nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməklə islah olunması mümkündür, buna görə də onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 177.2.4-cü maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalı və cəzası yüngülləşdirilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq edilməklə ona 3.500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün nəzərə alınmaqla üzərində qəti olaraq 3.200 (üç min iki yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-346/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-346/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver