Məhkəmə qərarları › İş №1(005)-347/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-347/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-347/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Hacıqabul rayonu, Atbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 17:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə təmiz çəkisi 0,270 qram kustar üsulla hazırlanmış narkotk vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 10 may 2023-cü il tarixdə saat 18:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılıb, Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmiş, polis bölməsinin xidməti otaqlarının birində hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə təmiz çəkisi 0,270 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 may 2023-cü il tarixdə saat 17:20 radələrində “Papanin” adlanan ərazidə sifətdən tanıdığı, lakin adı və soyadını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığı, həmin narkotik maddəni əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlamışdır. Həmin gün, yəni 10 may 2023-cü il tarixdə saat 18 radələrində ünvan 3 ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu 16-cı polis bölməsinə gətirmişlər. Xidməti otaqda polis əməkdaşlarının, vəkilin və xanım hal şahidlərinin iştirakları ilə üzərinə baxış keçirilməsi təklif edilmişdir. O, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə “kakos” adı ilə tanınan heroini könüllü olaraq təqdim etmişdir. İçərisində narkotik vasitə olan büküm zərfdə qablaşdırılmış, ona və iştirakçılara imza olunmasına təqdim olunmuş və imzalamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə profilaktik tədbirlər məqsədilə xidmət etdiyi ərazidə əməliyyat müvəkkili Şahid1 oğlu ilə gəzinti apararkən təqribən saat 18:00-da Ak.Həsən Əliyev küçəsi 117 ünvanda bir qadının yerişi, hərəkətləri onlarda narkotik vasitə istifadəçisi olmasında şübhələr yaratmış və həmin qadını saxlayıb özlərini təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib özünü təqdim etməyə təklif etmişlər. Həmin qadın özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onun danışıq tərzi, suallara cavab verərkən və sözləri fasilələrlə tələffüs etməsi şübhələrini daha da artırmışdır. Təqsirləndirilən şəxs yoxlanılması üçün 16-cı Polis Şöbəsinə getməyi təklif etmiş və Aytəkin razılaşmışdır. Həmin qadının üzərində narkotik vasitə və ya psixotrop maddə olmasını ehtimal edib, üzərindən atmamasma nəzarət etmişlər. Polis Şöbəsinə gələndən sonra raportla 16-cı PŞ-nin rəisinə məruzə etmişlər. Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış və araşdırna aparılması təhqiqatçıya həvalə olunduğundan Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişlər. Təqsirləndirilən şəxs üstünün qadın tərəfindən axtarış olunmasını təmin etmək üçün iki nəfər qadın hal şahidi kimi dəvət edilmiş, təhqiqatçı onun tutulmasını elan etmiş və hüquqlarırın müdafiəsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquqları izah edilmiş və bildirilmişdir ki, onun üstündə axtarış aparılacaqdır. Hal şahidlərinə də hüquqları izah edilmiş, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Şəxsi axtarışa başlanılmadan ona üstündə saxladığı qanunla dövriyyəsi qadağan olunmuş əşyaları, o cümlədən narkotik vasitələri, psixotrop maddələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bükülünün içərisinə baxış zamanı içərisində qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddə barədə soruşduqda o, “kokos” adı ilə tanıdığı heroin olmasını, həmin maddənin 10 may 2023-cü il tarixdə günorta saatlarında “Papanin” adlanan yerdən tanmadığı şəxsdən özünün istifadəsi üçün 10 manata alıb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş maddə təhqiqatçı tərəfindən dərhal zərfə qablaşdırılmış, zərf möhürlənmiş və iştirak edənlər tərəfindən imzalanmışdır. Şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 oğlu, hal şahidləri Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 oğlunun, Şahid3 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 16-17-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-29-cu vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 10 may 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən 10 may 2023-cü il tarixdə saat 18 radələrində ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs şübhəli şəxs cjsmində saxlanılaraq saat 18:20 radələrində polis bölməsinə gətirilmişdir. Nərimanov RPİ-nin 16-cı PB-də Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddənin olması, həmin əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2, CA üzrə əməliyyat müvəkkili Şahid1 oğlu, vəkil X6, hal şahidləri Şahid3 və Şahid4 iştirakları ilə əynindəki qara rəngli şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli, toz şəkilli, spesfik qoxuya malik maddə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə “kakos” adı ilə tanınan heroindir. Üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 10 may 2023-cü il tarixdə nahardan sonra “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, həmin narkotik maddəni əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığını, 10 may 2023-cü il tarixdə saat 18 radələrində ünvan 4 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə Təqsirləndirilən şəxs və digər iştirakçıların şahidliyilə zərfə qablaşdırılaraq 218 nömrəli möhürlə möhürləndi. Bununla da, şübhəli şəxsin üzərində şəxsi axtarış başa çatdı, iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı. Şəxsi axtarış aparılması otaq şəraitində süni işıqlanmada aparıldı və saat 19:30-da başlayıb saat 20:00-da başa çatdırıldı. Protokol tərtib olundu, iştirakçılara ucadan oxundu və təsdiqlənməsi üçün imzalara təqdim olundu. Cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli, 6/2711 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 218” dairəvi möhür əksi və “Şübhəli şəxs:... Təqsirləndirilən şəxs-imza, hal şahidləri: iki imza, iştirak etdilər: iki imza, Asif Qubadov – imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0.270 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Cinayət işinin 68-70-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirnin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Samir Ağayevin 12 may 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirnin seçilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 71-72-ci vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 77-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 dair xx.xx.2023-cü il tarixli, 2873 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 94-101-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsina dair” 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0.270 qram narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.220 qram narkotik vasitə olan heroinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə müvafiq olaraq narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.270 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və qadın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi keçirilmiş 6 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 21 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) iş saatına görə 126 (yüz iyirmi altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Hacıqabul rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0.220 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 21 (iyirmi bir) iş saatına görə 126 (yüz iyirmi altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar