Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-348/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu, Musalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 2 saylı ünvanda əvvəllər tanımaqla yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə söhbət edərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun onun mobil telefonuna cavab verməməsini əsas gətirib qəsdən Zərərçəkmiş şəxs sağ dirsək oynağını əllə sıxaraq Zərərçəkmiş şəxs sağ dirsək oynağının hərəkət məhdudluğu və ağrı sindromu ilə müşayət olunan hematoması kimi xəsarətlər yetirib dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2021-ci ildən tanıyır və tanımağına səbəb onunla ailə qurmaq olmuşdur. Lakin 2022-ci ilin dekabr ayından münasibətləri yaxşı deyildir, aralarında mübahisələr olmuş və polisə şikayətlər etmişdirlər. 08 aprel 2023-cü il tarixdə saat təxminən 01 radələrində Qəmər ona cavab vermədiyindən və mobil nömrəsini qara siyahıya saldığından əlaqə saxlaya bilməmişdir. Ona görə də, Qəmərin qonşuluğunda yaşayan Elvin adlı şəxsin yanına gələrək Elvindən xahiş etmişdir ki, Qəmərlə əlaqə saxlasın. Elvin ondan niyə görə özünün yığmadğını soruşduqda bildirmişdir ki, onun nömrəsini qara siyahıya atmışdır, ona görə də əlaqə saxlaya bilmir. Bundan sonra Elvin özünə məxsus telefonla Qəmərə zəng vurduqda eşitmişdir ki, Qəmər gəlir “Spar” mağazasının qarşısında olacaqdır. Bundan sonra o, Elvinin idarə etdiyi avtomobillə Koroğlu Rəhimov küçəsində yerləşən “Spar” mağazasının qarşısına gəlmişdirlər. Orada bir neçə dəqiqə gözlədikdən sonra Qəmər oraya gələrək mağazaya daxil olmuşdur. O, Qəmərin ardınca mağazaya getsə də Qəmər ona irad bildirmişdir ki, niyə görə gəlmisən, çıx get burdan. Bu səbəbdən ani mübahisə olsada daha sonra mağazadan çıxmışdırlar. Bundan sonra Qəmər yaşadığı ünvana tərəf ara küçə ilə getməyə başladıqda, ara küçə olduğundan Elvin avtomobili ilə getmiş, o isə Qəmərin ardınca getmişdir. Həmin vaxt o, Qəmərə irad bildirmişdir ki, niyə görə ona cavab vermir, mobil nömrəni qara siyahıya salmışdır. Bu səbəbdən aralarında sözlə mübahisə olsa da, Qəmər getmişdir. O isə bundan sonra Qəmərin ardınca yaşadığı ünvana getmişdir. Qapını döydükdə Qəmər evdən qapını açaraq çıxmış və onu təhqir edərək ona stəkan tullamışdır. Stəkan ona dəyməmiş və bundan sonra oranı tərk edərək getmişdir. Daha sonra isə məlum olmuşdur ki, barəsində polisə şikayət etmişdir. O qeyd etmişdir ki, həmin vaxt Qəməri vurmamış, ola bilər ki, qolundan sıxarkən xəsarət almışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. Belə ki, ilk əvvəldə görmüşdür ki, Həmzağa ilə onun heç münasibətləri uyğun gəlmir. Ona görədə onunla əlaqə saxlamamağı qərarlaşdırmış və ona kənar durmasını bildirmişdir. Lakin buna baxmayaraq Həmzağa onu bu illər ərzində narahat etmiş, barəsində sosial şəbəkədə nalayiq sözlər yazmış, tanışlarına zəng vuraraq barəsində nalayiq sözlər demişdir. Ona görədə o, Həmzağa barəsində 2022 və 2023-cü illərdə dəfələrlə Nərimanov RPİ-nin 18-ci PŞ-nə ərizə ilə müraciət etmiş, lakin polis tərəfindən Təqsirləndirilən şəxs xəbərdar olunsa da, daha da ona qarşı hədə qorxular olunur və onu tanıdığı şəxslərin qarşısında təhqir edir. Onun bacısı X6 rayonunda azyaşlı uşaqları ilə birlikdə yaşayır. Həmzağa bacısının yaşadığı ünvana gedib qapısını tanımasa da, qonşuların qapısını döyüb narahatçılıq yaratmış, az yaşlı qızının istifadəsində olan mobil nömrəyə “whatsapp” vasitəsilə yazaraq barəsində təhqiredici sözlər demişdir. Bacısı bu barədə Xətai polisinə müraciət etmişdir. Belə ki, 08 aprel 2023-cü il tarixdə saat təxminən 01 radələrində o, yaşadığı evə gedərkən 24 saat fəaliyyət göstərən “Spar” mağazasına alış veriş etmək qərarına gəlmiş və Həmzağanın orada olduğunu görmüşdür. O, mağazaya gəlməmişdən az əvvəl qonşuluqda yaşayan Elvin adlı şəxs ona zəng vurub harada olduğunu soruşmuş, o isə Elvinə evə gedəcəyini bildirmişdir. Belə başa düşmüşdür ki, Həmzağaya Elvin onun evə gedəcəyini demişdir. Daha sonra isə o, yolu əks istiqamətə keçib piyada gedərkən Həmzağa arxadan qaçaraq gəlib ona yaxınlaşıb, sağ qolundan tutub dartışdırmağa və əli ilə vurmağa başlamışdır. O isə bundan sonra yaşadığı evə getsə də Həmzağa ardınca gəlib yaşadığı evin qapısını döymüşdür. Anası isə həmin vaxt işdə olmuşdur. Lakin qapının döyülməsinə evdə olan bacısı Arzu səsə yuxudan oyanmışdır. O, görmüşdür ki, qonşular içərisində narahatçılıq olacaq, ona görədə qapını açmış və Həmzağadan çıxıb getməsini xahiş etsə də, Həmzağa onu hədələmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və ailəsini tanıyır, onlarla qonşuluqda yaşayır. Həmçinin də Təqsirləndirilən şəxs da təxminən 10 aydır ki, tanıyır. Tanışlığına səbəb Həmzağa bir neçə dəfə Qəmərə görə məhəlləyə gəlmiş və buna görə də tanışlıqları olmuşdur. Bu səbəbdən Həmzağanın mobil nömrəsi onda olmuşdur. 08 aprel 2023-cü il tarixdə gecə saatlarında Həmzağa ona zəng vurub harada olduğunu soruşduqda demişdir ki, məhəllədədir. Həmzağa oraya gəldikdə ondan xahiş etmişdir ki, Qəmərin harada olduğunu öz telefonu ilə zəng edib maraqlansın. Səbəbini Məmzağadan soruşduqda demişdir ki, Qəmər onun telefon nömrəsini qara siyahıya salmışdır və bu səbəbdən əlaqə saxlaya bilmir. Bundan sonra o, istifadəsində olan mobil nömrəsindən Qəmər ilə əlaqə saxladıqda bildirmişdir ki, yoldadır “Spar” marketin qarşısına gəlir. Bundan sonra o, saat təxminən 01 radələrində idarə etdiyi “Mercedes Benz” markalı avtomobilə əyləşib Həmzağa ilə birlikdə Koroğlu Rəhimov küçəsində yerləşən “Spar” mağazasının qarşısına gəlib orada Qəmərin gəlməsini gözləmişlər. Bir neçə dəqiqədən sonra Qəmər oraya gəlmiş və mağazaya daxil olmuşdur. Həmzağada Qəmərin ardınca mağazaya daxil olsa da, bir neçə dəqiqədən sonra bayıra küçəyə çıxmışlar. Onlar arasında mübahisə olmuş və dartışmışdırlar. O isə Həmzağaya iradlarını bildirmişdir ki, dalaşmasınlar. Bundan sonra Qəmər piyada yolu evlərinə tərəf keçib getməyə başladıqda, Həmzağada onun ardınca getmişdir. O isə idarə etdiyi avtomobilə əyləşib məhləyə gəlmişdir. Məhəlləyə gəldikdə görmüşdür ki, Qəmərin yaşadığı evə yaxın yerdə küçədə onlar dalaşırlar. O, yenə Həmzağaya irad bildirib getmiş və daha sonra ona məlum olmuşdur ki, Həmzağa Qəmərin yaşadığı evə gedərək səs küy salmış və narahatçılıq olmuşdur. Bu barədə Qəmər ona zəng vurub demişdir. Cinayət işinin 15-18-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X4 tərəfindən hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 3 ünvan ara küçə olmaqla digər sol tərəfdə 6 saylı uşaq xəstəxanası və qarşıda isə 5 mərtəbəli bina yerləşir. Baxış vaxtı Zərərçəkmiş şəxs qeyd etdi ki, 08 aprel 2023-cü il tarixdə saat 01 radələrində evə gələrkən əvvəllər tanıdığı Həmzə adlı şəxs onunla mübahisə yaratmış və nəticədə onun sağ qol nahiyyəsinə əllə vuraraq xəsarət yetirmişdir. Cinayət işinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 372 nömrəli, xx.xx.2023-cü il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: sağ dirsək oynağının hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan hematoması küt şyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə və əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 93-cü vərəqində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 123-cü vərəqində olan “Təqsirləndirilən şəxsin saxlanıldığı MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmalı, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilməli və üzərində qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilsin və üzərində qəti olaraq 900 (doqquz yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “A.İ.M” Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-348/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-348/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver