Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-348/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci ildə Tərtər rayonunun Qaynax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tərtər rayonunun Qaynaq kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış sahəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissəsini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, OM-8164 N-li, yivli odlu silah hesab edilən Makarov konstruksiyalı tapançanı və 08 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz olan, «Makarov» konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 01 ədəd darağı qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə ünvan 1 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 20 may 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 17:40da həmin ünvanda saxlanılaraq ünvan 2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib üzərinə şəxsi axtarış keçirilərkən şalvarının arxa sol bel nahiyyəsinə keçirilmiş halda bir ədəd odlu silah hesab edilən Makarov konstruksiyalı tapança və odlu silah hesab edilən Makarov modelli silahların komplekt hissəsi olan bir ədəd darağ aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verməkdən imtina etmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir. Belə ki, təxminən bir ay öncə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən qəbristanlığın yaxınlığında yerdən qara rəngli sellofan paketdə bir ədəd Makarov tipli tapança və bir ədəd tapançanın darağını tapmışdır. Maraq üçün həmin odlu silahı arada-bir üzərində gəzdirmişdir. Lakin silahdan istifadə etmək və yaxud kiməsə satmaq niyyəti olmamışdır. Bundan ailə üzvlərinin də xəbəri olmamışdır. 20 may 2024-cü il tarixdə saat 17:40-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 451 ünvanının qarşısında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib saxlamaqda, daşımaqla üstündə gəzdirməkdə şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, üstündə tapança və içərisində daraq vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə getmişdir. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, o, sol əli ilə bel nahiyəsinin sol tərəfini göstərib silahı orada saxladığını göstərmiş və həmin tapança aşkar edilərək polis əməkdaşı tərəfindən götürülmüşdür. Həmin silaha baxış keçirilən zaman içərisində 01 ədəd darağ olması, darağ tapançanın içərisindən çıxarılan zaman həm darağın içərisində, həm də tapançanın içərisində patronun olmaması aşkar edilərək silah yoxlanılmışdır. Bundan sonra əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonunu, həmin şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan şalvarının sağ arxa cibindən özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsini və 15 manat pulunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra onun üstündən aşkar olunub götürülmüş tapançaya baxış zamanı metal korpusunun olması, üstündə “OM 8164”, “1975’’ yazılarının qeyd olunması müəyyən edilmişdir. Daha sonra üstündən aşkar olunmuş həmin 01 ədəd tapança və 01 ədəd daraq cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra aşkar edilmiş 01 ədəd “İphone” markalı, 01 ədəd “Samsung” markalı mobil telefonları və 01 ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra üstündən aşkar edilmiş 15 manat pulu hər hansı qanunsuz yolla əldə etmədiyini bildirdikdə həmin pul ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd tapançanı və 01 ədəd darağı təxminən bir ay bundan öncə, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qəbristanlığın yaxınlığında qara rəngli sellofan paketdə tapdığını, həmin predmetləri silaha marağı olduğu üçün götürüb saxladığını, həmin predmetlərdən indiyə qədər olan müddət ərzində istifadə etmədiyini, predmetləri tapdığı zaman yanında hər hansı patron və digər predmetlər olmadığını, bu predmetlərin onda olmasından heç kimin məlumatının olmadığını, həmin predmetləri marağı olduğu üçün üstümdə gəzdirməklə daşıdığını və saxladığını bildirmişdir. Həmçinin həmin dəmir prdemetləri satmaq niyyətinin olmadığını, başqa hər hansı bir yerdə odlu silah və ya onun komplekt hissəsini saxlamadığını bildirmişdir. Şifahi sorğu zamanı o, özünə məxsus olan “iphone” markalı mobil telefonunun içərisində ***-***-**-** saylı və “Samsung” markalı mobil telefonunun içərisində isə ***-***- **-** saylı mobil nömrələrinin olmasını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əmələ göeə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş silahın ona aidiyyəti yoxdur. Düşünür ki, kiminsə xətrinə dəydiyi üçün ona qarşı belə ittiham vermiş ola bilərlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 20 may 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 17:40-da ünvan 3 ünvanın yaxınlığında saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxslə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. Şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində odlu silahın, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan "Şəxsi axtarış və götürmə aparılması haqqında" qərara əsasən 20 may 2024cü il tarixdə, saat 19:48-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs bel nahiyyəsinin sol tərəfindən 01 ədəd tapançaya bənzər dəmir predmeti çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi “İphone" və “Samsung" markalı mobil telefonları, şəxsiyyət vəsiqəsini və 15 manat pulu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi tapançaya oxşar predmetə və darağa baxış keçirilmiş, üzərindəki nömrə və digər yazıların olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetləri təxminən 1 ay əvvəl Abşeron rayonu Masazır qəsəbəsindəki qəbirstanlığın yaxınlığından tapdığını və marağı olduğu üçün özündə saxladığını, istifadə etmədiyini, heç kimə vermədiyini, özündə saxlamasında heç bir məqsədinin olmamasını və heç kimin məlumatının olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 iş üzrə digər Şahid ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahid X1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 may 2024-cü il tarixdə saat 17.40-da ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib üzərinə şəxsi axtarış keçirilərkən şalvarının arxa sol bel nahiyyəsinə keçirilmiş halda bir ədəd tapança və bir ədəd darağa bənzər predmetlər edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 21 may 2024-cü il tarixli, 24/954 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş edilmiş 01 ədəd OM-8164 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın hissə-mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 21 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş 01 ədəd odlu silah hesab edilən “Makarov” konstruksiyalı tapança və odlu silah hesab edilən “Makarov” modelli silahların komplekt hissəsi olan bir ədəd daraq maddi sübut kimi tanınmış və saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 4(005)- 700/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 may 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən 01 ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı övladının olmasını (iş materiallarına əlavə edilmiş AZ-İV 236974 nömrəli şəhadətnamənin surəti) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 20 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd odlu silah hesab edilən “Makarov” konstruksiyalı tapança və odlu silah hesab edilən “Makarov” modelli silahların komplekt hissəsi olan bir ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 20 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd odlu silah hesab edilən “Makarov” konstruksiyalı tapança və odlu silah hesab edilən “Makarov” modelli silahların komplekt hissəsi olan bir ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-348/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-348/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver