Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-348/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 89 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 27 may 2025-ci il tarixdə, istintaqa məlum olmayan mənbədən günorta saatlarında Nərimanov rayonu, Montin qəsəbəsində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olmaqla - 01 ədəd bükümdə təmiz çəkisi 0,352 qram təşkil edən kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə 0,024 qram təşkil edən narkotik vasitə olan heroini və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,03 qram və 0,2 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,23 qram təşkil edən narkotik vasitə marixuananı əldə edib saxlamaqla 27 may 2025-ci il tarixdə ünvan 2 ünvanına daşımış və 27 may 2025-ci il tarixdə saat 18:00-da Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən həmin ünvanın qarşısında saxlanılaraq, ünvan 4 yerləşən, Nərimanov RPİ-nin, 17-ci PŞ-nə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,352 qram təşkil edən kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,024 qram təşkil edən narkotik vasitə olan heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,03 qram və 0,2 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,23 qram olan narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitə olan heroindən, marixuanadan və psixotrop maddə olan metamfetamindən istifadə edir. X1 adlı 5 yaşında qızı var. 27 may 2025-ci il tarixdə günorta saatlararında Nərimanov rayonu Montin qəsəbəsində qarşısında gəzərkən yerdən bir ədəd göy siqaret qutusu tapmışdır. İçərisinə nəzər yetirdikdə “nəşə” deyilən marixuana görmüş və şalvarının sağ yan cibinə qoymuşdur ki, istifadə etsin. Həmin tarixdə saat 18:00 radələrində o, Nərimanov rayonu, Arif Heydərov 89 ünvanında olarkən polis formasında əməkdaşları gördükdən sonra üzərində olan siqaret qutusunu atmış, bu zaman polis əməkdaşları onu görüb yaxınlaşaraq nə olduğunu soruşmuşlar. Daha sonra ondan özü barədə məlumat verməsini xahiş etmişlər. Həmin vaxt həmin maddələrin narkotik vasitə olduğunu bildiyindən həyəcanlanmış və polis əməkdaşlarının suallarına cavab verməkdən yayınmışdır. Daha sonra həmin qutunu götürüb cibinə qoymuş və polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Şöbədə şübhəli şəxs qismində tutulmuş və vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, sonra isə onların iştirakı üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əldə edərək üzərində saxladığı siqaret qutusunu əynində olan şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həmin qutunun daxilinə baxış keçirilən zaman 4 ayrı-ayrı büküm aşkar edilmişdir. Həmin bükümlər marixuana, patı və kakos olmuşdur. Həmin bükümlər götürülərək ekspertiza təqdqiqatına göndərilmişdir. Sonda əməlindən peşman olduğunu, 1 azyaşlı uşağının olduğunu nəzərə alaraq məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 27 may 2025-ci il tarixdə saat 18:00 radələrində Montin adlanan ərazidə Nərimanov RPİ-nin PPXB-nün polis nəfəri Şahid1 ilə birlikdə xidmət apararkən Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov 89 ünvanın qarşısında bir nəfər şəxsin onları gördükdən sonra yerə bir şey atdığını görmüşdür. Həmin şəxsin özünü şübhəli aparmasından şübhələnib ona yaxınlaşıb özlərini təqdim etmiş, ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin danışarkən suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışdığını görüb, onu saxlamışlar və həmin qutunun nə olduğunu soruşmuşlar. Daha sonra həmin xanım onlarla birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gəlmişdir. Şəxsiyyətini müəyyən edən zaman onun xx.xx.2002-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 89 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, onun üzərində narkotik vasitə olması şübhəsi olduğundan onun barəsində araşdırma aparılması üçün raportla şöbə rəisinə müraciət etmişlər. Barəsində araşdırmanın aparılması Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Mahmud Mirzəyevə tapşırılmışdır. X5 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirməyə başlamazdan əvvəl ona hüquq və vəzifələrini izah etmiş, vəkil X7 dəvət etmiş və şəxsi axtarışın videoçəkiliş vasitəsilə keçiriləcəyini ona izah etmişdir. Şəxsi axtarış keçirilməyə başlamazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin. Bundan sonra o, əynində olan şalvarının sağ yan cibindən üzərində "Black Compact” yazıları olan göy rəngli siqaret qutusunu təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində 01 ədəd sellofan və 03 ədəd gümüşü rəngli bükümlər aşkar edilmiş və hər bükümə ayrı-ayrılıqda baxış keçirilmişdir. 02 bükümdə ota bənzər maddə, 01 ədəd bükümdə kristal şəkilli maddə, 01 bükümdə isə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri 27 may 2025-ci il tarixdə saat 17 radələrində Nərimanov rayonu, Arif Heydərov küçəsinin yaxınlığında tapdığını bildirmişdir. Fatma Rəcəbovdan aşkar edilmiş bükülülər zərflə qoyularaq iştirak edən polis əməkdaşlarının və onun özünün iştirakı ilə möhürlənmiş və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin hansı narkotik vasitələrə aid olmasını və dəqiq çəkisini müəyyən etmək məqsədilə təhqiqatçı tərəfindən qərarla ekspertiza təyin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 27 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibibndən üzərində “Black Compact” yazıları olan göy rəngli siqaret qutusunu təqdim etmişdir. Bükümün içərisi açılaraq baxış keçirilmişdir. Həmin bükümün içərisində 1 ədəd sellofan və 3 ədəd gümüşü rəngli bükümlər aşkar edildi. 2 bükümdə ot şəkilli maddə, 1 ədəd bükümdə kristal şəkilli maddə, 1 bükümdə isə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr büküm zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 may 2025-ci il tarixli, 3-16/16/2-7/786/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “1.imza Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan 1 ədəd ağ rəngli kağız zərfdə 2 ədəd kağız kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,03 qram və 0,2 qram olmaqla, ümumi çəkisi 3,23 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 may 2025-ci il tarixli, 3-16/16/2-6/2003/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №219” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,024 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,352 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir “DVD diskə baxış keçirilməsi haqqında” 04 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibibndən üzərində “Black Compact” yazıları olan göy rəngli siqaret qutusunu təqdim etmişdir. Bükümün içərisi açılaraq baxış keçirilmişdir. Həmin bükümün içərisində 1 ədəd sellofan və 3 ədəd gümüşü rəngli bükümlər aşkar edildi. 2 bükümdə ot şəkilli maddə, 1 ədəd bükümdə kristal şəkilli maddə, 1 bükümdə isə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr büküm zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanır. Məhkəmə iclasında həmin DVD diskə baxış keçiriləkən, protokolda qeyd olunan xüsusatlar öz təsdiqini tapmışdır. 29 may 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” və “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 11 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin 30 may 2025-ci il tarixli, 3226 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 14 iyul 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmənin videogörüntülərin əks olunduğu bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,352 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,302 qram metamfetamin, təmiz çəkisi 3,23 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana və tədqiqatdan sonra qalıq qalan 3,13 qram marixuana, təmiz çəkisi 0,024 qram narkotik vasitə hesab olunan heroin və tədqiqatdan sonra qalıq qalan 0,004 qram heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 52-1: Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. Heroinin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. Qurudulmuş marixuananın 5 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ: “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 iyul 1988-ci il, § 45-46): Sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir. Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Polis əməkdaşlarının ifadələri, digər sübutlar kimi, milli qanunvericiliyə uyğun əldə edildiyi və müdafiə tərəfinə onlara etiraz etmək və onların etibarlılığını şübhə altına almaq üçün kifayət qədər imkan verildiyi təqdirdə, AİHM tərəfindən qəbul edilən sübut hesab oluna bilər. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona irəli sürülmüş ittiham yalnız satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma hissəsində öz təsdiqini tapmışdır. İttiham orqanı tərəfində ittiham aktında əks etdirilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni və xeyli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 27 may 2025-ci il tarixdə, istintaqa məlum olmayan mənbədən günorta saatlarında Nərimanov rayonu, Montin qəsəbəsində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olmaqla - 01 ədəd bükümdə təmiz çəkisi 0,352 qram təşkil edən kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə 0,024 qram təşkil edən narkotik vasitə olan heroini və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,03 qram və 0,2 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,23 qram təşkil edən narkotik vasitə marixuananı əldə edib saxlamaqla 27 may 2025-ci il tarixdə ünvan 2 ünvanına daşımış və 27 may 2025-ci il tarixdə saat 18:00-da Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən həmin ünvanın qarşısında saxlanılaraq, ünvan 4 yerləşən, Nərimanov RPİ-nin, 17-ci PŞ-nə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,352 qram təşkil edən kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,024 qram təşkil edən narkotik vasitə olan heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,03 qram və 0,2 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,23 qram olan narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. İttiham aktının nəticə hissəsində Təqsirləndirilən şəxs həmçinin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə edib, saxlayıb, daşıması da göstərilsə də, məhkəmə bu hissə üzrə ittihamı əsassız hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, heroin üçün xeyli miqdar 0,15 qramdan, qurudulmuş marixuana üçün isə 5 qramdan artıq miqdar hesab olunur. Məhkəmə-kimyəvi ekspertizalarının 28 may 2025-ci il tarixli rəyləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş heroinin təmiz çəkisi 0,024 qram, marixuananın ümumi təmiz çəkisi isə 3,23 qram olmuşdur. Hər iki göstərici qanunla müəyyən edilmiş "xeyli miqdar" həddindən aşağı olduğundan, bu maddələrə münasibətdə onun əməlində CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi mövcud deyildir. Bu səbəbdən, məhkəmə ittihamın bu hissəsinin əsassız olduğunu hesab edir. Bununla belə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması əməli, onun bu əməlin törədilməsindəki təqsiri məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Cinayətin obyektiv cəhəti, yəni cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edən konkret hərəkət, Təqsirləndirilən şəxs üzərində aparılmış və CPM-nin tələblərinə uyğun sənədləşdirilmiş şəxsi axtarış və götürmə zamanı şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,352 qram təşkil edən kustar üsulla hazırlanan psixotrop maddə metamfetaminin aşkar edilməsi faktı ilə təsdiqlənir. Azərbaycan Respublikasının "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. Məhkəmə kimyəvi ekspertizasının 28 may 2025-ci il tarixli, 3-16/16/2-6/2003/2025 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs götürülmüş maddənin təmiz çəkisi 0,352 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olması sübuta yetirilmişdir. Bu, qanunla müəyyən edilmiş "xeyli miqdar" həddini əhəmiyyətli dərəcədə üstələyir və cinayət tərkibinin predmetinin və miqdarının mövcudluğunu sübut edir. Şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid1 və Şahid3 ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 may 2025-ci il tarixli protokol və həmin istintaq hərəkətinin videoçəkilişini əks etdirən DVD diskin məzmunu təqsirləndirilən şəxsin etirafı ilə birlikdə bu faktı tam təsdiq edir. Cinayətin subyektiv cəhəti, yəni təqsirkarın törətdiyi əmələ psixi münasibəti birbaşa qəsdlə xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, narkotik vasitə istifadəçisi olduğunu və tapdığı siqaret qutusundakı maddələri gələcəkdə şəxsən istifadə etmək məqsədilə özündə saxlamaq niyyətini səmimi şəkildə etiraf etmişdir. Bu etiraf, onun törətdiyi əməlin ictimai təhlükəli xarakterini tam dərk etdiyini və onun nəticələrini arzu etdiyini, yəni birbaşa qəsdin mövcudluğunu təkzibedilməz şəkildə sübuta yetirir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs sadəcə həmin qutudakı marixuanadan məlumatlı olması, digər maddələrdən məlumatlı olmaması dair göstərdiyi xüsusatına tənqidi yanaşaraq müdafiə xarakteri kimi qiymətləndirib rədd edir. Belə ki, onun özü həmin qutunu tapdığını və daxilinə açıb baxdığını qeyd etmişdir. Bununla da, həmin maddələrdən məlumatlı olduğunu könüllü şəkildə etiraf etmiş, törətdiyi əməlin ictimai təhlükəli nəticələrini görüb arzu etməklə, həmin maddələri saxlamaqla daşımışdır. Həmçinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 30 may 2025-ci il tarixli, 3226 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs "Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu"nun aşkar edilməsi və onun məcburi müalicəyə ehtiyacının olması faktı, onun psixotrop maddələri şəxsi istehlak məqsədilə əldə etməkdə və saxlamaqda motivini dolayısı ilə təsdiq edən hal kimi qiymətləndirilir. Bütün yuxarıda göstərilənləri məcmu halında nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətləri mövcuddur və onun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və əməli düzgün tövsif edilmişdir. Buna görə də, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası CM-nin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallara xüsusi diqqət yetirir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi onun törətdiyi əməldən səmimi peşmançılığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində azyaşlı uşağının olmasını (əsas: portaldan çıxarış) cəlb edilməsini nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Bütün göstərilən halları – bir tərəfdən, törədilmiş əməlin ictimai təhlükəliliyinin yüksək olmamasını və cəzanı yüngülləşdirən halın mövcudluğunu, təqsirləndirilən şəxsin islah olunmağa meylli olmasını nəzərə alaraq, məhkəmə onun islah olunmasının cəmiyyətdən tam təcrid olunmadan mümkün olduğu qənaətinə gəlir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmiş, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil. Habelə, bu fundamental prinsiplər olan ədalət və humanizm prinsiplərinin tələblərinə ziddir. Bu səbəbdən, məhkəmə ona CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun və ədalətli hesab edir. Azadlıqdan məhrum etmə cəzasının təyini bu konkret halda CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün həddən artıq sərt tədbir olardı. Azadlığın məhdudlaşdırılması cəzasının müddəti və onun icrası ilə bağlı məhdudiyyətlər CM-nin 52-1-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilir. Məhkəmə, CM-nin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmasını zəruri hesab edir. Bu səbəbdən, məhkəmə ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və azadlıqdan məhrum etməyə alternativ olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli, mütənasib və qanunauyğun hesab edir. Məhkəmə qeyd edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından CM-nin 69.3.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (xx.xx.2025-xx.xx.2025-ci il tarixlər) çıxılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, cəmi 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulduğu vaxt, CM-nin 69.3-cü maddəsinə uyğun olaraq, həbsdə saxlamanın hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin ediləcək cəzadan çıxılmalı (cəza müddətinə hesablanmalı), islah olunmasının təmin edilməsi və üzərində effektiv nəzarətin həyata keçirilməsi məqsədilə, CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq vəzifələr – yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, (51-2.1.) barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və bundan əlavə, narkotik asılılığın gələcəkdə törədə biləcəyi əlavə fəsadların və yeni cinayətlərin qarşısının alınması üçün təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X2 saxlanılan psixotrop maddənin və narkotik vasitələrin qalığı – 0,302 qram metamfetamin, 3,13 qram qurudulmuş marixuana və 0,004 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 184 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu hər gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla (cəmi 04 (dörd) gün), təyin edilmiş 02 (iki) il 03 (üç) ay azadlığın məhdudlaşdırılması cəzasına hesablansın (təyin edilmiş cəzadan çıxılsın) və üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində aşağıdakı vəzifələr qoyulsun: yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək; gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cəzanın icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün və profilaktik nəzarətdə saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X2 saxlanılan psixotrop maddənin və narkotik vasitələrin qalığı – 0,302 qram metamfetamin, 3,13 qram qurudulmuş marixuana və 0,004 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübutlar - 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 184 manat vəsait Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddia olmaması nəzərə alınsın. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 220 manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-348/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-348/2025
10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver