Məhkəmə qərarları › İş №1(005)-349/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-349/2025

24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-349/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 mart 2025-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan İran vətəndaşının “Ulduz” metro-stansiyası yaxınlığında gizlətdiyi yerdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olmaqla təmiz çəkisi 0,667 qram olan psixotrop maddə-metamfetamin əldə edib özündə saxlamaqla həmin tarixdə ünvan 2 ünvanına daşımış, 28 mart 2025-ci il tarixdə saat 01:30-da ünvan 2 ünvanında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb ünvan 3 ünvanında yerləşən, Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd yaşıl rəngli gödəkcənin sol yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda olmaqla təmiz çəkisi 0,667 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, arada bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. O, sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşından şəxsi istifadə üçün “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin almaq qərarına gəlmiş və pulunu sonradan verəcəyini bildirib, “Ulduz” metrostansiyasının yaxınlığına gəlmiş, orada əvvəlcədən İranlının ona dediyi yerdə gizlədilmiş bir ədəd şəffaf rəngli sellofanda olan metamfetamini götürüb şəxsi istifadə üçün əynindəki gödəkcənin sol yan cibinə qoymuşdur. Bundan sonra o, Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsində yol gedərkən iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyərək ondan özünü təqdim etməsini istəmişlər. O, həmin vaxt üzərində psixotrop maddə olduğuna görə cavab verməkdən yayınmış və qaçmaq istəmiş, bu zaman həmin şəxslər onu saxlayaraq avtomobilə əyləşdirmişlər və şəxsiyyətini müəyyən etmək məqsədi ilə polis şöbəsinə apardıqlarını bildirmişlər. Yol gedərkən o, artıq qaça bilməyəcəyini başa düşüb söhbət zamanı etiraf etmişdir ki, üzərində psixotrop maddə vardır. Daha sonra polis şöbəsində vəkilin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan tünd yaşıl rəngli gödəkcənin sol yan cibində saxladığı bir ədəd bükümdə olan metamfetamini təqdim etmiş və həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra zərfdə qablaşdırılmaqla götürülmüşdür. Evlidir, himayəsində xx.xx.2019-cu il təvəllüdlü Validə Xəlilova adında azyaşlı qızı vardır. “Suraxanı OYL Opereyşn Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində neft və qa quyularının qazmaçısı vəzifəsində işləyir. Ailəni dolandıran yeganə şəxs odur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 28 mart 2025-ci il saat 01:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-də əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 2 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasına görə ona yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Bu şəxsin danışarkən suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışdığını görüb onu saxlayaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirib şəxsiyyətini müəyyən edən zaman xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olmasına şübhə olduğuna görə barəsində araşdırma aparılması üçün raportla rəhbərliyə müraciət etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmış, əvvəlcə təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf sellofandan olan bükümü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi bükümün içərisindəki “patı” adı ilə tanıdığı psixotrop maddəni tanımadığı İran İslam Respublikasının vətəndaşı tərəfindən telefonuna göndərilmiş məkan üzrə “Ulduz” Metrostansiyasına gələrək orada maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümün içərisinə baxış keçirildikdən sonra büküm zərfə qoyularaq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak etməyən şahid - Şahid2 ibtidai istintaq orqanına verdiyi Şahid1 ifadəsi ilə oxşar məzmunlu olan ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 28 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofanı çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümdə “patı” olduğunu bildirmişdir. Həmin bükümün içərisində ağ rəngli kristal şəkilli maddələrin olduğu aşkar edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni tanımadığı İran vətəndaşı tərəfindən telefonuna göndərilmiş məkan üzrə “Ulduz” metrostansiyasının yanına gələrək şəxsi istifadəsi üçün əldə etmişdir. Aşkar edilmiş bir ədəd büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 219 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2025-ci il tarixli 6/1198 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N" 219” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm; İştirak etdi: ə/m Şahid1 “imza”; ə/m Şahid2 “imza”; Şübhəli şəxs: Təqsirləndirilən şəxs “imza”; Müdafiəçi: K.Əliyev “imza”; Təhqiqatçı F.Osmanov “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,667 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 89 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 28 mart 2025-ci il tarixli 1748 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,667 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatına sərf edilən edilən hissə çıxmaqla qalmış 0,627 qram metamfetamin Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Həmçinin iş üzrə şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Psixotrop maddələr” adlı İİ siyahısına əsasən metamfetaminin aşağı həddi 0,15 qram olduqda xeyli, aşağı həddi 2 qram olduqda külli, aşağı həddi 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə həmin gün saat 01:30-da tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. Həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə Azərbaycan Respubikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qanunvericiliyin tələblərini, Avropa Məhkəməsinin tövsiyələrini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs kimi tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə köçürülməlidir (CPM-198.1.). Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatına görə 11 manat olmaqla 30 iş saatı üçün 330 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 mart 2025-ci ildən 29 mart 2025-ci ilədək tutulduğu 2 (iki) gün müddət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,627 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 89 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatına görə 11 manat olmaqla 30 iş saatı üçün 330 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar