Məhkəmə qərarları › İş №1(005)-35/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-35/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-35/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1969-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi qaydada usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə fiziki şəxs olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyində sahibkar kimi qeydiyyata alındıqdan sonra fərdi qaydada müxtəlif şəxsləri cəlb etməklə rəhbərlik etdiyi təmir briqadasında usta kimi işləməyə başlamış, xx.xx.2019-cu il tarixdə “X15” MMC ilə bağladı xidmət müqaviləsinin icrası ilə əlaqədar ünvan 2 ünvanında yerləşən “X15” MMC-nin ərazisində yerləşən 1-ci elektrik polad əritmə sexinin (EPƏS1) istehsalat binasının dam örtüyünün təmiri ilə əlaqədar X9 və Şahid2 yaratdığı və usta kimi rəhbərlik etdiyi təmir briqadasına cəlb etməklə xx.xx.2020-ci il tarixdən başlayaraq təmir işlərini aparmış, həmin vaxt texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət etməyərək, həmin qaydaların qorunması üçün üzərinə düşən vəzifələri lazımınca icra etməyib pozması nəticəsində «Tikintidə təhlükəsizlik texnikası» İİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.20, 2.1, 2.26, 15.2, 15.3-cü bəndlərinin, «Hündürlükdə iş zaman texniki təhlükəsizlik qaydaları»nın 2.10, 2.11, 2.12, 2, 14, 3.1-ci bəndlərinin, xx.xx.2019-cu il tarixli 10/19 nömrəli xidmət müqaviləsinin 2.4.4-cü bəndinin və həmin işlərin görülməsi ilə əlaqədar bağlanmış xx.xx.2019-cu il tarixli «Əməyin mühafizəsi haqqında» müqavilənin 1 və 2-ci bəndlərinin tələblərini pozaraq tabeliyində olan işçilərə hündürlükdə işlərin görülməsi üsullar və metodlar üzrə təlim və təlimatlar, eləcə də biliklərin yoxlanılmasını (attestasiyasını) keçirməyərək sərbəst işə buraxmış, onlara bu işlərin görülməsi qaydasını izah edən təlimatları verməmiş, istehsalat sahəsinin təmir olunan damının üzərində işçilərin təhlükəsizlik hərəkət etməsi üçün müvafiq ayaqaltıların quraşdırılmasını və təhlükəsizlik kəmərlərdən istifadə edilməsini təmin etməmiş, nəticədə xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində fəhlə işləyən X11 1-ci elektrik polad əritmə sexinin (EPƏS1) istehsalat binasının dam örtüyünün təmiri ilə əlaqədar binanın damına çıxaraq damdan yıxılaraq sexin istehsalat hissəsinə düşüb travmatik şoka səbəb olan açıq kəllə beyin travması, kəllə qapağı və kəllə əsası sümüklərinin mürəkkəb, çoxsaylı, qəlpəli sınıqları, baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və yumşaq beyin qişasına qansızmalar, boyun fəqərələrinin, döş sümüyünün, döş qəfəsinin sağ yarısının İİİ, İV, V, Vİ, Vİİ qabırğalarının yerini dəyişən sınıqları, təpə nahiyəsinin əzilmiş yarası, sol çiyin qurşağının, sağ əlin İV əl daraq falanqasının, sağ diz oynağının öz səthinin sıyrıqları, sağ qalça tininin qançır və sıyrığı olan ümumi olaraq həyat və sağlamlıq üçün ağır hesab edilən xəsarətlər alaraq ölmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, müxtəlif yerlərdə usta və briqadir kimi işləyir və bununla əlaqədar öz briqadasına fəhlə və ustaları cəlb etmişdir. Şahid2 və X12 ilə tanış olduqdan sonra birlikdə işləməyi təklif etmiş və sonuncular razılaşmışlar. O, müxtəlif yaşayış və qeyri-yaşayış sahələrinin rəhbərliyi ilə müqavilə bağlayaraq və ya şifahi razılıq əldə etdikdən sonra Nazim və Eldarla birlikdə onun rəhbərliyi ilə həmin tikinti sahələrində və ya zavodlarda müxtəlif təmir işləri aparmış, mövcud olan tikililərdə binaların dam örtüklərini və tavanlarını dəyişmişlər və ya təmir etmişlər. Bütün işlərə o, rəhbərlik etmiş, Nazim usta, Eldar isə fəhlə kimi işləmişdir. xx.xx.2019-cu il tarixdə o, «X15” MMC-nin rəhbərliyi ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən 2020-ci ilin yanvar ayının sonundan başlayaraq o, cəmiyyətin 1-ci elektrik polad əritmə sexinin istehsalat binasının dam örtüyünü dəyişdirilməli və təmir etməyi üzərinə götürmüş, cəmiyyət isə ona müvafiq ödəniş verməyi öhdəsinə götürmüşdür. 2020-ci ilin yanvar ayının sonunda cəmiyyətdən onunla ələqə saxlamışlar və fevral ayının əvəlindən işə başlaya biləcəyini ona demişlər. Bununla əlaqədar o, Nazim və Eldarla əlaqə saxlayaraq, birlikdə işləməyi təklif etmiş və sonuncular razılaşmışlar. xx.xx.2020-ci il tarixdə o, Nazim və Eldarla qabaqcadan zəngləşdikdən sonra «X15” MMCnin qarşısında görüşmüşdür. Bundan sonra o, Nazim və Eldara görəcəkləri işlər barədə məlumat vermiş və dam örtüyünü təmir edəcəklərini demiş və birlikdə cəmiyyətin ərazisinə keçmişlər. Orada onlara cəmiyyətin təhlükəsizlik texinkası üzrə mühəndislər təlimat keçmişlər, sonra isə onlara görülən işlərlə əlaqədar kəmər, dəbilgə, əlcək, qoruyucu kəmər və troslar vermişlər və onlar işə başlamışlar. İlk gün onlar istehsalat sahəsinin damına qalxmadan aşağıda müvafiq hazırlıq işləri görmüşlər, xx.xx.2020-ci il tarixdə işə gəldikdən sonra istehsalat sahəsinin damının küçə hissəsini təmir etmişlər və orada olan boşluqları şuruplarla bərkitmişlər. xx.xx.2020-ci il tarixdə külək olduğundan onlar işə çıxmamışlar. xx.xx.2020-ci il tarixdə səhər saat 08 radələrində onlar işə gəlmişlər. Onlar paltarlarını dəyişdikdən sonra o, şifahi olaraq Eldarla Nazimə təlimat keçmişdir. Həmin vaxt istehsalat sexinin qarşısında olan şüşələr digər briqada tərəfindən dəyişdirildiyindən, cəmiyyətdə təmir və tikinti işlərinə baxan Mehman onlara gözləmələrini bildirmişlər. Belə ki, Mehman sifarişlərin verilməsini və işlərin qəbulunu həyata keçirtdiyindən pəncərələrin şüşələrinin dəyişdiriliməsində istifadə edilən kabelləri şüşələr dəyişdirildikdən sonra götürüb özləri ilə dama qaldırıb orada istifadə edəcəklərini demişdir. Təxminən bir saat sonra şüşə dəyişənlər öz işlərini bitirmişlər və o, bunu görüb Nazimə Eldarla birlikdə kabeli yığmalarını və yuxarı qaldırmağa hazırlaşmalarını demişdir. Həmin vaxt Eldarı tapa bilmədiklərindən sonuncunun tualetə getdiyini fikirləşib ora getmiş, lakin Eldarı tapa bilməyərək geri qayıdaraq Eldarın onları gözləmədən yuxarı çıxdığını fikirləşmişlər. Bundan sonra Nazim və Mehman birlikdə pilləkanın yanında qalmışlar, o isə əvvəl qaldırıcı hissə ilə, sonra isə pilləkanla yuxarı qalxmış, sonra isə piyada yolla damın mərkəzi hissəsinə getmiş və orada boşluq aşkar etmişdir. Bunu görən kimi dərhal Nazim və Mehmana zəng edib bu barədə məlumat vermiş və Eldarın həmin dəlikdən yıxıldığını guman etmişdir. Bundan sonra geri qayıtmış və sexin mərkəzinə gedərək orada Eldarı aşkar etmişdir. Bundan sonra cəmiyyətin həkimləri ora gəlmiş və Eldarı müayinə edib sonuncunun öldüyünü bildirmişlər. Bir daha qeyd etmişdir ki, Eldar Hacıyev iş başlamadığı halda heç kimə demədən və heç kimdən göstəriş almadan özbaşına olaraq cəmiyyətin damına çıxmış və həmin vaxt ehtiyyatsızlıq edərək yıxılmış və bu səbəbdən də, o, baş vermiş hadisədə özünü təqsirli bilmir. Sonda Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, X11 onun əridir. Əri Eldar uzun illər müxtəlif yerlərdə usta, montajçı və qaynaqçı vəzifələrində işləmişdir. 2018-ci ilin yay alarından başlayaraq təxminən 6-7 ay müddətində Eldar Qəşəmin yanında işlədikdən sonra 2019-cu ilin fevral ayında işin bitməsi ilə əlaqədar onlar aralanmışlar. 2020-ci ilin fevral ayının əvvəlində Qəşəm Eldara zəng edərək yenidən birlikdə işləməyə dəvət etmişdir. xx.xx.2020-ci ildən başlayaraq Eldar Qəşəmlə birlikdə “X16” MMC-də işləməyə başlamışdır. İki gün işlədikdən sonra xx.xx.2020-ci il tarixdə Eldar işə çıxmayaraq, qaynaqçı və montajçı işləmək istəmədiyini demişdir. Günün ikinci yarısında Qəşəm bir-neçə dəfə zəng edərək Eldara iki günlük işləri qaldığını deyərək işə gəlməsini xahiş elmiş və Eldar razılaşmışdır. xx.xx.2020-ci il tarixdə səhər 06:30 radələrində Eldar evdən çıxmış və həmin vaxt özü ilə işləmək üçün paltar götürmüşdür. Saat 12:00 radələrində onunla telefonla əlaqə saxlanılaraq Eldarın xəsarət alaraq öldüyünü, meyitin ekspertiza birliyinin Nərimanov rayon şöbəsinə aparıldığını bildirmişlər, lakin hansı səbəbdən öldüyünü deməmişlər. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X6 onlara dəymiş zərərin Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X11 onun atasıdır. Atası Eldar uzun illər müxtəlif yerlərdə usta, montajçı və qaynaqçı işləmişdir. Təqsirləndirilən şəxslə atası əvvəllər birlikdə işləmişlər. 2020-ci il fevral ayının əvvəlində Qəşəm atası Eldara zəng edərək yenidən birlikdə işləməyə dəvət etmişdir. xx.xx.2020-ci ildən başlayaraq onun atası Qəşəmlə birlikdə “X15” MMC-də işləməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 12:00 radələrində anası onunla telefonla əlaqə saxlayaraq atası Eldarın xəsarət alaraq öldüyünü bildirmiş, meyitin ekspertiza birliyinin Nərimanov Rayon Şöbəsinə aparıldığını, lakin atasının hansı səbəbdən öldüyünü deməmişdir. Bundan sonra o, digər qohumlarına bu barədə məlumat verib atasının meyitinin olduğu yerə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş “X15” MMC-də təmir-tikinti və rekonstruksiya işləri şöbəsində baş usta işləyən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə cəmiyyət arasında 2019-cu ildə bağlanmış müqavilə əsasında Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən başlayaraq polad əritmə sexində təmir işləri apararaq sexin damını təmir etməyə başlamışdır. Bütün işlərə rəhbərliyi bilavasitə Təqsirləndirilən şəxs həyata keçirmiş, təmir işləri ilə əlaqədar cəmiyyət tərəfindən Təqsirləndirilən şəxsa, Eldar Hacıyeva və Şahid2 kəmər, dəbilgə, əlcək, qoruyucu kəmər və troslar verilmiş, “X15” MMC-nin təhlükəsizlik texnikası üzrə mühəndisləri cəmiyyətdə olma və işləmə qaydaları barədə onların hər üçünə təhlükəsizlik texnikası üzrə təlimat keçmişlər və onlar bunu jurnalda imza etmişlər. Görülən işlərlə əlaqədar Təqsirləndirilən şəxslə xidmət müqaviləsi bağlanmış və ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs və sonuncunun rəhbərlik etdiyi briqadasının üzvləri Eldar Hacıyev və Şahid2 işə gəldikdən sonra istehsalat sahəsinin damının küçə hissəsini təmir etmişlər və orada olan boşluqları şuruplarla bərkitmişlər, xx.xx.2020-ci il tarixdə isə külək olduğundan işə çıxmamışlar. xx.xx.2020-ci ildə o, səhər saat 08 radələrində işə gəlmiş və həmin ərəfədə Qəşəm öz briqadası ilə birlikdə işə gəlmişdir. O, təmir şöbəsinin baş ustası kimi cəmiyyətin ərazisində aparılan təmir-tikinti işlərini yoxlamış və nəzarət etmişdir. Onların cəmiyyəti dayanmadan 24 saat ərzində fəaliyyət göstərdiyindən cəmiyyətin ərazisində və sexlərində hər həftə təmir işləri aparılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs rəhbərlik etdiyi briqadadan başqa digər briqada istehsalat sexinin qarşısında olan şüşələri dəyişdirmişlər və o, Təqsirləndirilən şəxsa birqadasının üzvləri ilə birlikdə gözləmələrini və şüşə dəyişənlərin işləri qurtardıqdan sonra işləyə biləcəklərini demişdir. Bir müddət sonra Qəşəm və Nazim ona yaxınlaşaraq Eldarı tapa bilmədiklərini demişlər. Bundan sonra o, Nazimlə birlikdə girişdə qalmışlar, Qəşəm isə Eldarı tapmaq üçün pilləkanla yuxarı qalxmışdır. Təxminən 10 dəqiqə sonra Qəşəm telefonla onlara zəng edərək, Eldarın camın boşluğundan istehsalat sexinin mərkəzi hissəsində olan hissəyə yıxıldığını bildirmiş və aşağı onların yanına düşmüşdür. Bundan sonra onlar Eldarın olduğu yerə yaxınlaşmışlar və sonuncunu orada hərəkətsiz aşkar etmişlər. Dərhal cəmiyyətin həkimləri ora gəlmiş və Eldarı müayinə edib onun öldüyünü bildirmişlər. Onlar dərhal cəmiyyətin rəhbərliyinə və hüquq-mühafizə orqanlarına məlumat vermişlər və sonuncular gələrək müvafiq sənədləşmə işləri aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 digər Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, müxtəlif yerlərdə fəhlə kimi işləyir və Təqsirləndirilən şəxs 2011-ci ildən tanıyır. Qəşəmlə tanış olduqdan sonra Qəşəm ona briqadasında fəhlə kimi işləməyi təklif etmiş və o, Qəşəmin təklifini qəbul etmişdir. Təqsirləndirilən şəxs müxtəlif yaşayış və qeyri yaşayış sahələrinin rəhbərliyi ilə müqavilə bağlayaraq və ya şifahi razılıq əldə etdikdən sonra onlar sonuncunun rəhbərliyi ilə həmin tikinti sahələrində və ya zavodlarda müxtəlif təmir işləri aparmışlar, adətən mövcud olan tikililərdə binaların dam örtüklərini və tavanlarını dəyişmişlər və təmir etmişlər. Qəşəm daima onunla və fəhlə Eldar Hacıyevlə əlaqə saxlaravaq sifariş olduğunu demiş və bundan sonra onları götürərək işlərə cəlb etmişdir. xx.xx.2020-ci il tarixdə o, Qəşəmlə qabaqcadan zəngləşdikdən sonra “X15” MMC-nin qarşısında görüşmüşlər. Orada Qəşəm bağladığı müqavilə əsasında cəmiyyətin ərazisində yerləşən elektrik polad əritmə sahəsi 1-də olan dam örtüyünü dəyişmək və təmir etmək lazım olduğunu demişdir. Belə ki, sahənin damının şiferinin bir hissəsi yararsız hala düşmüş və onlar həmin dam örtüyünü dəyişməli və ya təmir etməli olmuşlar. Həmin gün işlərin görülməsi üçün Təqsirləndirilən şəxs Eldarıda dəvət etmişdir. Cəmiyyətin ərazisinə gəldikdən sonra onlara cəmiyyətin təhlükəsizlik texnikası üzrə mühəndislər təlimat keçmişlər, sonra isə onlara görülən işlərlə əlaqədar kəmər, dəbilgə, əlcək, qoruyucu kəmər və troslar vermişlər və onlar işə başlamışlar. İlk gün onlar istehsalat sahəsinin damına qalxmadan aşağıda müvafiq hazırlıq işləri görmüşlər. xx.xx.2020-ci il tarixdə onlar işə gəldikdən sonra istehsalat sahəsinin damının küçə hissəsinin təmir etmişlər və orada olan boşluqları bərkitmişlər. xx.xx.2020-ci il tarixdə külək olduğundan onlar işə çıxmamışlar. xx.xx.2020-ci il tarixdə səhər saat 08 radəbrində onlar işə gəlmiş, paltarlarını dəyişmiş və bundan sonra Qəşəm onlara şifahi təlimat keçmişdir. Həmin vaxt cəmiyyətdə təmir və tikinti işlərinə baxan Mehman adlı şəxs onlara gözləmələrini demişdir. Belə ki, Mehman sifarişlərin verilməsini və işlərin qəbulunu həyata keçirtdiyindən onlara bildirmişdir ki, işlədikləri sahədə hazırda şüşə dəyişənlər işləyirlər, pəncərələrin şüşələrinin dəyişdiriliməsində istifadə edilən kabelləri şüşələr dəyişdirildikdən sonra götürüb özləri ilə dama qaldırıb orada istifadə edə bilərlər. Təxminən bir saat sonra şüşə dəyişənlər öz işlərini bitirmişlər və həmin vaxt Qəşəm ona Eldarla birlikdə kabeli yığaraq yuxarı qaldırmasını demişdir. O, Eldarı səsləyib tapmadığından kabelləri tək yığmağa başlamışdır. Həmin vaxt Qəşəm Eldarın tualetə getdiyini fikirləşib sonuncunun arxasınca tualeta getmiş, lakin orada Eldarı tapmamışdır. Həmin vaxt o, və Qəşəm Eldarın onları gözləmədən yuxarı çıxdığını fikirləşmişlər. Bundan sonra o, Mehmanla birlikdə pilləkanın yanında qalmışlar, Qəşəm isə Eldarı tapmaq üçün pilləkanla yuxarı qalxmışdır. Təxminən 10 dəqiqə sonra Qəşəm telefonla onlara zəng edərək Eldarın damın boşluğundan istehsalat sexinin mərkəzi hissəsində olan hissəyə yıxıldığını demişdir. Qəşəm bunu onlara dedikdən sonra aşağı düşdükdə onlar Eldarın yıxıldığı hissəyə yaxınlaşmaq istəmişlər, lakin onlara imkan verməmişlər. Cinayət işinin 25-26-cı vərəqələrində olan “Sifarişçi” “X15” MMC-nin direktoru X3 ilə “İcraçı” Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 10/19 nömrəli Xidmət Müqaviləsindən görünür ki, bu Müqavilənin predmetini təşkil edən “İcraçı” tərəfindən müqavilə üzrə öhdəliyini özünün şəxsi və cəlb etdiyi qüvvəsi ilə Müqavilənin 1.2-ci bəndində göstərilən işləri icra etməsi, “Sifarişçi” tərəfindən isə görülən işlərin əvəzində Müqavilədə razılaşdırılmış məbləğin “İcraçı”ya ödəməsini təşkil edir. “İcraçı” bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə “X15” MMC-nin ərazisində “EPƏS1” istehsalat binasının “Dam örtüyünün dəyişdirilməsi”ni öz üzərinə götürür. Cinayət işinin 101-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X10 xx.xx.2020-ci il tarixli, 14 saylı (meyitin ekspertizası) rəyindən görünür ki, X7 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - travmatik şokla müşayiət olunan hər iki ağ ciyərin, qaraciyərin, dalağın cırılmaları, hər iki tərəfdə qabırğaların çoxsaylı sınıqları, boyun fəqərələrinin, hər iki körpücük sümüyünün, sağ bazunun yuxarı və aşığı 1/3-nin, sağ baldır yuxarı 1/3-nin qapalı, qəlpəli, sağ baldırın aşağı 1/3-nin açıq qəlpəli sınıqları, başın təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı sıyrıqları həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X1 ölümünə səbəb - almış olduğu travma kompleksi nəticəsində baş vermiş travmatik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvəllə uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. E.A.Hacıyevin meyitinin bədəni üzərində hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən başqa digər xəsarətlər aşkar edilmədi. E.A.Hacıyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqat nəticəsində etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 14 benzodiazepan törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirlli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasınına məhkum edilmişdir. Cinayət işinin 116-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 10/842 saylı rəyindən görünür ki, «X15» MMC-nə məxsus polad əritmə zavodunun 1-ci polad əritmə sahəsinin dam örtüyünün dəyişməsi və təmiri üçün cəlb edilmiş işçilər (konkret olaraq X11) ilə hündürlükdə (damın üzərində) işlərin təhlükəsizlik görülməsi üsullar və metodlar üzrə təlim və təlimatlar, eləcə də biliklərin yoxlanılması (attestasiyası) keçirilmədiyindən sərbəst işə buraxıldığına, onlara bu işlərin görülməsi qaydasını izah edən təlimatlar verilmədiyinə, istehsalat sahəsinin təmir olunan damın üzərində işçilərin təhlükəsizlik hərəkət etməsi üçün müvafiq ayaqaltılar (taplar, keçid yolları və s.) quraşdırılmadığına və təhlükəsizlik kəmərlərdən istifadə etməsi (damda onların bağlanması) təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikkinti norma və qaydaları»nın 1.20, 2.1, 2.26, 15.2, 15.3 bəndlərinin, «Hündürlükdə iş zaman texniki təhlükəsizlik qaydaları»nın 2.10, 2.11, 2.12, 2, 14, 3.1 bəndlərinin, xx.xx.2019-cu il tarixli 10/19 nömrəli xidmət müqaviləsinin 2.4 bəndinin və xx.xx.2019-cu il tarixli «Əməyin mühafizəsi haqqında müqavilə»nin 1 və 2-ci bəndlərinin tələbləri pozulmuşdur. Ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, «X15» MMC-nə məxsus polad əritmə zavodunun 1-ci polad əritmə sahəsinin dam örtüyünün dəyişməsi və təmiri üçün cəlb edilmiş işçilər (konkret olaraq Hacıyev EldarAğa oğlu) ilə hündürlükdə (damın üzərində) işlərin təhlükəsizlik görülməsi üsullar və metodlar üzrə təlim və təlimatlar, eləcə də biliklərin yoxlanılması (attestasiyası) keçirilmədiyindən sərbəst işə buraxıldığına, onlara bu işlərin görülməsi qaydasını izah edən təlimatlar verilmədiyinə, istehsalat sahəsinin təmir olunan damın üzərində işçilərin təhlükəsizlik hərəkət etməsi üçün müvafiq ayaqaltılar (taplar, keçid yolları və s.) quraşdırılmadığına və təhlükəsizlik kəmərlərdən istifadə etməsi (damda onların bağlanması) təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Tikintidə təhlükəsizlik lexnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.20, 2.1, 2.26, 15.2, 15.3 bəndlərinin, «Hündürlükdə iş zaman texniki təhlükəsizlik qaydaları»nın 2.10, 2.11, 2.12, 2, 14, 3.1 bəndlərinin, xx.xx.2019-cu il tarixli 10/19 nömrəli xidmət müqaviləsinin 2.4 bəndinin və xx.xx.2019-cu il tarixli «Əməyin müzhafizəsi haqqında müqavilə»nin 1 və 2-ci bəndlərinin tələbləri fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini, yəni zərərçəkmiş X11 ilə hündürlükdə (damın üzərində) işlərin təhlükəsizlik görülməsi üsullar və metodlar üzrə təlim təlimatların, eləcə də biliklərin yoxlanılmasının (attestasiyasının) keçirilmədiyini nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar onun tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilmir. Cinayət işinin 150-151-ci vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 163-cü vərəqində olan Suraxanı rayon MKTB-nin 63 saylı MKİS tərəfindən verilən Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 175-177-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2004-cü il tarixli, 1-152/2004 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirlli bilinib, ona həmin maddə ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmişdir. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X4 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, onlara (ona və ailə üzvlərinə) dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, o və ailə üzrləri Təqsirləndirilən şəxs ilə barışıblar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Qeyd olunanların nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/3849 saylı rəyindən görünür ki, “X15” MMC-yə məxsus polad əritmə zavodunun 1-ci polad əritmə sexinin istehsalat binasının dam örtüyünü dəyişməsi və təmiri üçün cəlb edilmş işçilər (konkret olaraq X11) ilə hündürlükdə (damın üzərində) işlərin təhlükəsiz görülməsi üsullar və metodlar üzrə təlim və təlimatlar, eləcə də biliklərin yoxlanlıması (attestasiyası) keçirilmədiyindən sərbəst işə buraxıldığına, onlara bu işlərin görülməsi qaydasını izah edən təlimatlar verilmədiyinə, istehsalat sahəsinin təmir olunan damın üzərində işçilərin təhlükəsiz hərəkət etməsi üçün müvafiq ayaqaltılar (traplar, keçid yolları və s) quraşdırılmadığına və təhlükəsizlik kəmərlərdən istifadə etməsi (damda onların bağlanması) təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.20, 2.1, 2.26, 15.2, 15,3 bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.10, 2.11, 2,12, 2.14 və 3.1 bəndlərinin, xx xxxxxxx 2019-cu il tarixli 10/19 nömrəli Xidmət müqaviləsinin 2.4 bəndinin və xx xxxxxxx 2019-cu il tarixli “Əməyin mühafizəsi haqqında müqavilə”nin 1, 2 bəndlərinin tələbləri pozulmuşdur. Hazırki ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, “X15” MMC-yə məxsus polad əritmə zavodunun 1-ci polad əritmə sexinin istehsalat binasının dam örtüyünün dəyişməsi və təmiri üçün cəlb edilmş işçilər (konkret olaraq X11) ilə hündürlükdə (damın üzərində) işlərin təhlükəsiz görülməsi üsullar və metodlar üzrə təlim və təlimatlar, eləcə də biliklərin yoxlanlıması (attestasiyası) keçirilmədiyindən sərbəst işə buraxıldığına, onlara bu işlərin görülməsi qaydasını izah edən təlimatlar verilmədiyinə, istehsalat sahəsinin təmir olunan damın üzərində işçilərin təhlükəsiz hərəkət etməsi üçün müvafiq ayaqaltılar (traplar, keçid yolları və s.) quraşdırılmadığına və təhlükəsizlik kəmərlərdən istifadə etməsi (damda onların bağlanması) təmin edilmədiyinə görə, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.20, 2.1, 2.26, 15.2, 15.3 bəndlərinin, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 2.10, 2.11, 2.12, 2.14. 3.1 bəndlərinin, xx xxxxxxx 2019-cu il tarixli 10/19 nömrəli “Xidmət müqaviləsi”nin 2.4 bəndinin və xx xxxxxxx 2019-cu il tarixli “Əməyin mühafizəsi haqqında müqavilə”nin 1, 2 bəndlərinin tələbləri fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini, yəni zərərçəkmiş X11 ilə hündürlükdə (damın üzərində) işlərin təhlükəsiz görülməsi üsullar və metodlar üzrə təlim və təlimatların, eləcə də biliklərin yoxlanlımasının (attestasiyasının) keçirilmədiyini nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar onun tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa—iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şərh edilən cinayət obyektiv cəhətdən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmasında ifadə olunur. Belə ki, şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə tövsif edilməsi üçün əməyin mühafizəsi qaydalarının pozulması ilə yanaşı, həmin pozuntunun nəticəsində ehtiyatsızlıqdan insan ölümünün baş verməsindən ibarət olan nəticə olmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunvericiliyinin təhlilindən görünür ki, şəxsin Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun törətdiyi əməldə aşağıdakı tərkib əlamətləri olmalıdır: -texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması; -həmin qaydaların pozulması nəticəsində ehtiyatsızlıdan insan ölümünün baş verməsi; -həmin pozuntunun bu qaydalara riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən törədilməsi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli, 4 nömrəli Qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiq olunub olunmaması məsələsinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab: Azərbaycan Respublikası CM-in 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiqi Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsində məhkəmənin hüququ kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə, hazırkı iş üzrə işin hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının tətbiq edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar