Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-350/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Bərdə rayonu, Xanxanımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, Bərdə rayonu, Xanxanımlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 5,45x39 mm kalibrli patron vasitəsilə atəş açmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş dizel traktorunun farsunkası və əlavə hissələri ilə birlikdə odlu silah əlamətlərini təsvir edən, texniki cəhətdən saz, atəş üçün yararlı bir ədəd odlu yivsiz silahı, 5,45x39 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərə tutulmuş və atəş üçün yararlı olan iki ədəd döyüş sursatı - patronları, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 4,288 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 11/31 ünvanının yaxınlığına qanunsuz daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 12 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 15:10-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarının arxa bel hissəsindən 5,45x39 mm kalibrli patron vasitəsilə atəş açmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş dizel traktorunun farsunkası və əlavə hissələri ilə birlikdə odlu silah əlamətlərini təsvir edən, texniki cəhətdən saz, atəş üçün yararlı bir ədəd odlu yivsiz silah, əynində olan qara rəngli dəri gödəkcəsinin sağ yan cibindən 5.45x39 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərə tutulmuş və atəş üçün yararlı olan iki ədəd döyüş sursatı - patronlar, həmçinin, əynindəki gödəkcəsinin üst sağ yan cibindən satış məqsədi olmadan qanunsuz, olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 4,288 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tapançanı və iki ədəd patronu təxminən iki ay əvvəl yaşadığı Binəqədi qəsəbəsinin ərazisində yerləşən gölün yaxınlığında piyada gəzərkən tapmışdır. Tapançanı və patronları yaşadığı evdə gizlətmişdir. Lakin ailə üzvlərinə bu barədə məlumat verməmişdir. Tapançanı hər zaman üzərində gizlədirmiş ki, heç kimin bu barədə məlumatı olmasın. Daha sonra bildirmişdir ki, həbs olunmamışdan iki gün əvvəl şəxsi işləri ilə əlaqədar Keşlə qəsəbəsində olan zaman yerdə bir ədəd şəffaf sellofan büküm görmüş və götürəndə görmüşdür ki, içərisində kristal maddələr vardır. Ara-bir psixotrop maddə metamfetamin istifadə elədiyinə görə bükümdəki maddəni zahiri əlamətlərinə görə tanımışdır. Həmin maddəni götürüb üzərində saxlamışdır ki, sonra istifadə etsin. 12 yanvar 2021-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanın yaxınlığında olduğu zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı, o cümlədən qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu və həmin maddələri əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər Bundan sonra polis əməkdaşları onu Baş idarəyə dəvət etmişlər. Baş İdarədə vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində gəzdirdiyi tapançanı, patronları və içərisində metamfetamin olan bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 12 yanvar 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması, habelə, qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edərək üzərində saxlamaqla gəzdirməsi bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyataxtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmişdir və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. 12 yanvar 2021-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 13:30-da Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs tərəflərindən saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və həmin şəxs özünü onlara təqdim edərək bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr, həmçinin də, odlu silah və döyüş sursatının qanunsuz olaraq əldə edilməsi, üzərində daşımasında və dövriyyəsində şübhəli olduğu üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş İdarənin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən vəkil dəvət edilərək həmin şəxsə təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 12 yanvar 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə üzərinə yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya, predmetləri və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində odlu silah və döyüş sursatı, həmçinin də “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının arxa bel hissəsindən bir ədəd tapançaya oxşar metal predmet, əynində olan qara rəngli dəri gödəkcəsinin sağ yan cibindən iki ədəd patron, gödəkcənin üst sağ cibindən bir ədəd şəffaf sellofan büküm, şalvarın sol yan cibindən iki ədəd mobil telefon, sağ yan cibindən isə nağd pulu çıxarıb təqdim etmişdir. Üzərinə əlavə olaraq keçirilmiş şəxsi axtarış nəticəsində əlavə heç bir əşya və ya predmet aşkarlanmamışdır. Aşkar edilmiş maddə və predmetlər barədə sorğu edilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etmiş olduğu dəmirdən istehsal edilmiş predmet tapançadır, iki ədəd sursat olan isə patrondur. Həmin əşyaları təxminən iki ay əvvəl yaşadığı Binəqədi rayonu ərazisində yerləşən gölün yanında taparaq üzərində saxladığını, bir ədəd bükümdə olan “şüşə” kimi tanıdığı maddəni isə Nizami rayonu ərazisində yerləşən Keşlə qəsəbəsində yerdən tapdığını və üzərində saxladığını bildirmişdir Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış tapançaya oxşar dəmir predmet və iki ədəd patron və ayrıca olaraq bir ədəd şəffaf sellofan bükümdə olan maddə zərflərə qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. Onlar hamısı da həmin zərfləri imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, nağd pulu isə özünə geri qaytarılmışdır. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır, Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin əməliyyat müvəkkili Nəcəfov X2 Fərid Qadir oğlu ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 yanvar 2021-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar əsasında Təqsirləndirilən şəxs barəsində AR CMnin 228.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 12 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. "Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 yanvar 2021-cİ il tarixdə protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 yanvar 2021-ci il tarixdə saat 13:30-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 11/31 ünvanın yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş və İdarədə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa bel hissəsindən 01 ədəd tapançaya oxşar dəmir predmet, əynində olan qara rəngli dəri gödəkcəsinin sağ yan cibindən 02 ədəd patron, gödəkcəsinin üst sağ cibindən 01 ədəd şəffaf sellofan bükümü aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2021-cİ il tarixli 6/142 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N.6” möhür əksi və şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” və s. yazılar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 4.288 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi-4,288 qram, tədqiqata sərf edildi -0,05 qr, qalıq-4,238 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109 manat 90 qəpik təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21/23R nömrəli, 12.01.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu İlə istehsal olunmuş dizel traktorunun farsunkasıdır və odlu silah hesab edilmir. Lakin hal-hazırda həmin farsunka əlavə hissələri ilə birlikdə odlu silahın əlamətlərini təsvir edir, 5,45x39 mm kalibrli patron vasitəsilə alış açmaq üçün nəzərdə tutulmuş odlu yivsiz silahdır, texniki cəhətdən şaxdır və atəş üçün yararlıdır. 2. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar, zavod üsulu İlə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Qeyd: Tədqiqata təqdim edilmiş 02 ədəd 5.45x39 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olundu. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Maddi sübut hesab edilməsi haqqında 15 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumilikdə 4,288 qram çəkidə psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 4,238 qramı, bir ədəd əlavə hissələri ilə birlikdə odlu silahın əlamətlərini təsvir edən və atəş üçün yararlı olan odlu silah və ekspertiza tədqiqatından sonra qalıq qalan 01 ədəd 5,45x39 mm kalibrli patron iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 28 yanvar 2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə hər hansı məlumat yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli qərarı ilə əməliyyataxtarış tədbirinin aparılması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 12 yanvar 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü ailədə və ictimaiyyət arasında nümunəvi aparmış, onun barəsində kənd icra nümayəndəliyinə heç bir yazılı və şifahi məlumat daxil olmamışdır. AZ-İİİ № 814224 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04.08.2016-cı il təvəllüdlü X1 olmaqla bir azyaşlı övladı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Narkoloji Tibb, Yoxlamasının 12.04.2021-ci il tarixli 1056 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 ay, yəni 12 avqust 2021-ci il tarixədək uzadılmışdır. Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında 27 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin AR CM-nin 228.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 228.1 və 234.1-ci maddəsinə tövsif edilməsi, ona həmin maddələrlə ittiham elan edilməsi, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis baş leytenantı Babək Haqverdiyev tərəfindən şəxsi axtarış və götürülmə aparılması haqqında protokol tərtib edilərkən “Sony” markalı videokamera ilə videoçəkiliş aparılmış və həmin videoçəkilişin əlavə edildiyi disk maddi sübut kimi tanınması və cinayət işinə əlavə olunması, "xxxx" MMC-dən daxil olmuş məlumatların köçürüldüyü bir ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 01.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə-iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və həmin halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 12.01.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12.01.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan psixotrop maddənin qalığı 4,238 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd əlavə hissələri ilə birlikdə odlu silahın əlamətlərini təsvir edən və atəş üçün yararlı olan odlu silah və ekspertiza tədqiqatından sonra qalıq qalan 01 ədəd 5,45x39 mm kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri-109 manat 90 qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan psixotrop maddənin qalığı 4,238 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut- bir ədəd əlavə hissələri ilə birlikdə odlu silahın əlamətlərini təsvir edən farsunka və 01 ədəd 5,45x39 mm kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 109 manat 90 qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-350/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-350/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver