Məhkəmə qərarları › İş №1(005)-351/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-351/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-351/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi -Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22.05.2021-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4A ünvanında yerləşən “Karvansaray” restoranının qapı kilidini vintaçanla sındırıb açma yolu ilə qanunsuz olaraq restorana daxil olub oradan 170 manat dəyərində “Samsunq J5”markalı mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22.05.2021-ci il tarixdə, saat 05:30 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4A ünvanında yerləşən, direktoru olduğu "xxxx" karqo MMC-nin ofis qapı kilidini vintaçanla sındırıb açma yolu ilə qanunsuz olaraq içəri daxil olub ofisin kassasından 2 ədəd 100, 1 ədəd 50, 2 ədəd 20 manatlıq əskinaslardan və 200 manatlıq qəpik pullardan ibarət, ümumilikdə 490 manat məbləğində pulları talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-ci ilin mart ayında Xətai Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, 2021-ci ilin fevral ayında azadlığa çıxmışdır. 22 may 2021-ci il tarixdə, gecə saat 23 radələrində kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, İ.Hacıyev küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb gəzə-gəzə oğurluq edə biləcəyi yerləri axtarmış, səhərə yaxın təxminən saat 05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektinə gəlib çatmış, orada “Karvansaray” restoranını görmüşdür. Üzərində gəzdirdiyi vintaçanla “Karvansaray” restoranın qapısını sındıraraq içəri daxil olub kassanın yerləşdiyi yerə tərəf getmiş, içəridə işıqlar yanmadığından özünə məxsus telefonun fənərini yandırıb kassanın içərisində pul axtarmağa başlamışdır. Kassada pul olmadığından kassanın yanında olan rəfləri axtarmağa başlamışdır ki, bəlkə oradan pul tapa bilər. Lakin pul tapa bilmədiyindən, orada yerləşən dolabın içərisindən “Samsung” markalı telefonu götürüb oradan çıxmışdır. Daha sonra bir qədər piyada getdikdən sonra "xxxx" MMC-nin görüb oraya daxil olmaq qərarına gəlmişdir. Üzərində gəzdirdiyi vintaçanla “Fizza Exspressin” qapısını açıb içəri daxil olmuş, içəri daxil olan kimi kassanın yerləşdiyi yerə tərəfə getmiş və oradan 290 manat, həmçinin 195 manatlıq xırda qəpikləri götürüb çıxmışdır. Sonda məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 8 ay olar ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4A ünvanda yerləşən "xxxx" karqo MMC-nin direktoru vəzifəsində işləyir. 22.05.2021-ci il tarixdə səhər vaxtı işə gələrkən şirkətin qapısının sınıq vəziyyətdə olmasını aşkar etmişdir. Bununla bağlı polisə müraciət etmiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və şirkətdə olan müşahidə kamerasına baxıldıqda məlum olmuşdur ki, bir nəfər şəxs şirkətin qapısını əlində olan alətlə sındıraraq içəri daxil olur və oradan oğurluq edir. Ümumilikdə ona 490 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4A ünvanda yerləşən «Karvansaray» restoranını 6 ildir ki, icarəyə götürüb işlədir. 22.05.2021-ci il tarixdə, səhər saat 08 radələrində restorana işə gələrkən restoranın giriş qapısının sındırıldığını aşkar etmişdir. İçəriyə daxil olaraq baxış keçirdikdə kassa bölməsində olan dolabdan özünə məxsus «Samsunq J5» markalı mobil telefonunun oğurlandığını aşkar eləmişdir. Daha sonra bu barədə polisə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 26 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 26 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Diskin baxışının aparılması haqqında 28 may 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 22.05.2021-ci il saat 05:13-də bir nəfər qara şalvar, boz uzunqol köynəkdə olan Təqsirləndirilən şəxs oxşar şəxs "xxxx" MMC-nin qarşısında gəzişməsi, daha sonra şalvarın arxa sol cibindən alət çıxararaq giriş qapısına yaxınlaşması, qapıya güc tətbiq etməklə açıb içəriyə daxil olması, bundan sonra obyektin içərisində olan üzərində nootbuk və printer olan rəfin arxasına keçib daxılı açır içərisindən 3 dəfəyə nə isə götürməsi, daha sonra görüntüdən itməsi və bir neçə saniyə sonra əlində qutu olmaqla girişdən birinci otağa keçib üzərində elektron tərəzi olan dolabın alt hissəsindən rəngli sellofan torba götürərək əlində olan qutunu həmin torbaya qoyaraq cəld qapıya tərəf yaxınlaşıb oradan çıxması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs etiraf edərək görüntüdə əks olunan şəxsin özü olması təsdiq etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 may 2021-ci il tarixli, 4(005)- 517/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 may 2021-ci il tarixdən hesablanmışdır. AR DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Xətai Rayon Məhkəməsinin 02.03.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 və 185.2.2-ci maddələri ilə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, hökmdən “xeyli miqdar” ifadəsi, eləcə də, AR CM-nin 185.2.4-cü maddəsi xaric edilmiş, AR CM-nin 66.3-cü maddəsi həmin Məcəllənin 66.2-ci maddəsi ilə əvəz edilmiş, Bakı şəhər Qaradağ Rayon məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə 01.05.2020-ci il tarixli Qanun tətbiq edilərək cəzası 04 il 11 ay cəzası saxlanılmış, 11.02.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 27 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 4A ünvanında yerləşən "xxxx" karqo MMC-nin müşahidə kamerasından götürülüb baxış protokoluna əlavə edilmiş, Təqsirləndirilən şəxs hadisə vaxtı qeydə alınmış videogörüntüləri olan 1 ədəd DVD fomatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışıq əldə etmiş və ona vurulmuş zərər ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolu, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərdən biri ilə barışıq əldə etməklə ona dəymiş zərərin əvəzini ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət səciyyələndirən halın olmasını, habelə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələbinin olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan AR CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 26 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 517/2021 saylı nömrəli, 28 may 2021-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 may 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar