Məhkəmə qərarları › İş №1(005)-351/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-351/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-351/2025 21.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X5 Bəhram oğlunun sədrliyi, Məmmədov Aygün Fəhrad qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri “PRAYM LEGAL” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi “LCG” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" MMC-də kargüzar işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs pulunu qısa vaxt ərzində ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 2024-cü ilin iyun ayının əvvəllərindən 2024-cü ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində Gəncə şəhər ərazisində hissə-hissə olmaqla, müxtəlif çəkidə və əyarda olan ümumilikdə 8300 manat dəyərində qızıl pirsinqləri alıb ələ keçirərək, həmçinin cinayət əməlini davam etdirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya “şər qüvvələr” tərəfindən cadular edildiyini bildirib, işlərinin daha yaxşı olması, sevdiyi oğlanla münasibətlərinin düzəlməsi, bacısının həyat yoldaşının başqa qadınlarla gəzməsinin qarşısının alınması üçün falçılıq yolu ilə həmin caduları təmizləyəcəyinə dair yalan vəd verib aldadaraq, 17 avqust 2024-cü il tarixdən 01 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində 16.250 manat, sonuncu dəfə isə 01 oktyabr 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən Metropark Ticarət Mərkəzinin 1-ci mərtəbəsindəki “Rahat Market” adlı ərzaq mağazasından ödəmə terminalı vasitəsilə 5411 2498 1309 8220 nömrəli kart hesabına köçürmə yolu ilə 450 manat olmaqla, cəmi 16.700 manat pulu alıb, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 25.000 manat dəyərində əmlakı ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2024-cü ilin iyun ayında “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Zərərçəkmiş şəxs qulaq üçün qızıl pirsinqlər satırdı, o, isə Mərziyyədən özü üçün pirsinq istədiyindən Mərziyyə ona təklif etmişdir ki, istədiyi pirsinqləri onun üçün Gəncə şəhərinə göndərə bilər, pulunu isə hissə-hissə olmaqla verə biləcəyini demişdir. O sonuncu ilə razılaşdıqdan sonra Mərziyyədən özü üçün bir neçə ay müddət ərzində hissə-hissə olmaqla, ümumilikdə 8.300 manat dəyərində qızıl pirsinqlər almışdır. Həmin pirsinqlərin pulundan Mərziyyəyə hissəhissə olmaqla, ümumilikdə 4.740 manat pul vermişdir. Həmin puldan sonuncu dəfə 1900 manat pulu 2024-cü ilin oktyabr ayında vermişdir. Qeyd olunan pulu verdikdən sonra Mərziyyə ona dedi ki, onu bir neçə ay gözlədiyi üçün verdiyi ümumilikdə 4.740 manat pulu silir, hazırda yenə də ona 8.300 manat borcu qalır. Həmin vaxtdan sonra onların aralarında daha sıx münasibətlər yaranmış, bundan sonra isə Mərziyyə ondan 8.300 manat pulunu tələb etməyə başlamış, o, isə ona həmin puldan 4.740 manat pul ödədiyini desə də, Mərziyyə demişdir ki, həmin pulu məni gözlədiyi üçün silmişdir. Bu səbəbdən də, aralarında pul mübahisəsi yaranmışdır. Mərziyyə ondan pulunu istədikdə həmin pirsinqləri MUM ticarət mərkəzinin yaxınlığındakı qızıl mağazasına satıb yuxarıda qeyd etdiyi kimi ona ümumilikdə 4.740 manat pul vermişdir. Mərziyyədən fala baxmaq, dua cadu etmək adı ilə pullar alsa da, lakin nə qədər pul aldığını xatırlamır. Qeyd olunanlarla bağlı aldığı məbləğ Mərziyyənin dediyi məbləğdən azdır. Həmçinin Mərziyyənin dediyi kimi, özü fala baxdıqdan sonra Sevda adlı qadına deyəcəyini və sonuncunun da dua cadu yolu ilə həmin məsələləri həll edəcəyi barədə Mərziyyəyə heç nə deməmişdir. Mərziyyədən fala baxmaq adı ilə aldığı pullardan hər hansı şəxsə pul verməmişdir. Həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, şəxsən Zərərçəkmiş şəxs tanışları Səbinə və Nərgizi tanımır, ola bilsin ki, həmin şəxsləri Mərziyyənin əvvəl işlədiyi qeyd olunan gözəllik salonunda olarkən, onları orada görmüşdür. O, Səbinə və Nərgiz adlı xanımlardan fala baxmaq üçün hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Hazırda Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsdən üzr istədiyini, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını göstərən ərizə məhkəməyə təqdim etməsini, həmçinin xx.xx.2025-ci il tarixli amnistiyanın tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2024-cü ilin iyun ayında “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Onlayn qaydada “İnstagram” sosial şəbəkəsində qızıl pirsinqlərin satışı ilə məşğul olmuşdur. 2024-cü ilin iyun ayının əvvəllərində Telli ona “İnstagram” sosial şəbəkəsində yazıb bir neçə ədəd pirsinq istədiyini və Gəncə şəhərində yaşadığı üçün həmin pirsinqləri Gəncə şəhərinə göndərməyini söyləmişdir. Telli ilə aralarındakı olan razılaşmaya əsasən pirsinqlərin pulunun bir hissəsini əvvəlcədən onun kart hesabına göndərməli, bir hissəsini isə nisyə olaraq bir neçə gün ərzində verməli idi. Beləliklə, Telliyə inanıb ona 2024-cü ilin iyun ayının əvvəllərindən 2024-cü ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində hissə-hissə olmaqla, ümumilikdə 8.300 manat dəyərində qızıl pirsinqlər vermişdir. Telli həmin pirsinqlərin bir hissəsini bir başa gəlib onun özündən götürmüşdür. Həmçinin 2024-cü ilin avqust ayının ortalarında Telli ona bildirmişdir ki, fala baxır, atası anasına başqa bir qadınla xəyanət edirdi, özünün və tanışı Sevda adlı qadının etdiyi dua cadular nəticəsində atası həmin qadından ayrılıbdır, hazırda anası ilə araları çox yaxşıdır. Telli ona təklif etmişdir ki, əgər istəsə dua cadu yolu ilə onun işində çox uğurlu edə bilər, alveri daha yaxşı olar. Belə ki, özü fala baxır, müəyyən şeyləri aşkar edib tanışı Sevda adlı qadına deyir, sonuncu da dua cadu yolu ilə həmin məsələləri həll edir. O, Telliyə inanıb onunla razılaşmış, bunun üçün Telli ondan 110 manat pul istədikdə xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman Tellinin 5411 2498 1309 8220 nömrəli Leobank bank kartına 110 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə Telli onun həmin vaxtlar işlədiyi Qulu Quliyev küçəsində yerləşən “Narsella” adlı gözəllik salonuna gəlib ona bir ədəd qabda su verib həmin suyu iş yerinə səpməsini bildirmiş, həmçinin ona üzərində ərəb hərflərinə bənzər yazılar olan kağız parçası vermişdir. Daha sonra Telli ilə söhbət zamanı ona bildirmişdir ki, Türkiyədə yaşayan bacısı Günayın müəyyən qorxuluqları var. Telli onun bacısı Günayın qorxuluqlarını, həmçinin onun həyat yoldaşının başqa qadınlarla gəzməsini aradan qaldırmaq, bacısının həyat yoldaşının valideynləri ilə arasında olan münasibətlərinin yaxşı olması üçün 620 manat pul istəmişdir. Bundan başqa Telli onun həmin vaxtlar istədiyi oğlanla aralarında olan münasibətləri normallaşdırmaq, həmin vaxtlar evdə valideynlərinin aralarında olan münasibətlərin normallaşması üçün müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar istəyərək almışdır. Daha sonra Telli onun qardaşını da pislik gözlədiyini, guya gəlinləri qardaşına dua cadu etdiribdir, qardaşını ölüm gözləyir, iş yoldaşı Aysel guya ona pislik edir. Yuxarıda qeyd etdiyi adlarla Telli ondan 2024-cü ilin avqust ayının sonlarından 2024-cü ilin sentyabr ayının sonlarınadək hissə-hissə olmaqla, ümumilikdə 13.090 manat pul almışdır. Həmin pulları Tellinin 5411 2498 1309 8220 nömrəli Leobank bank kartına göndərmişdir. Sonuncu dəfə Telli ona fala baxdığını, işlədiyi salonda ona dua cadular olunduğunu, oturduğu otaqda səsyazma qurğuları olduğunu bildirmişdir. Telli ona təklif edərək ekstrasens Mehman Rəhmanoğlunu onun yanına gətirib həmin əməlləri aşkar edib təmizləyəcəyini söz verdiyini və bu məqsədlə ondan 3500 manat pul istədikdə xx.xx.2024-cü il tarixdə Nərimanov rayonunda yerləşən “Araz market” magazasındakı ödəmə terminalından Tellinin 5411 2498 1309 8220 nömrəli Leobank bank kartına 3500 manat pul göndərdiyini bildirdi. Sonradan ona məlum olmuşdur ki, Telli ondan aldığı qızıl pirsinqləri MUM ticarət mərkəzinin yaxınlığındakı qızıl mağazasına satmış. Telli onun etibarından sui-istifadə edib ümumilikdə 8300 manat dəyərində qızıl pirsinqlərini və fala baxmaq, dua cadu etmək adı ilə isə ümumilikdə 16.700 manat pulunu alıb ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələbi və iddiası olmadığı barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə təxminən 5 ildir ki, yaxın münasibəti var. Təqsirləndirilən şəxs 2024cü ilin yay aylarından Mərziyyəyə görə tanımışdır. 2024-cü ilin yay aylarında Mərziyyə ona bildirmişdir ki, Telli adlı xanımla tanış olubdur. Telli Zərərçəkmiş şəxs nisyə olaraq təxminən 8.000 manat dəyərində qızıl pirsinqlər alıb. Həmçinin Mərziyyə ona bildirmişdir ki, fala baxmaqla müəyyən şeyləri aşkar edib dua cadular nəticəsində aradan qaldırır, Telli onun sevgilisi ilə barışmağı və işində uğurlu olması üçün dua cadular edib və bunun müqabilində sonuncudan müəyyən məbləğlərdə pullar aldığını Mərziyyədən eşitmişdir. Təxminən 2024-cü ilin ilin avqust-sentyabr ayında Mərziyyənin yanında olan zaman ona bildirmişdir ki, Telli ilə danışıb fala baxdırmaq istəyir. Mərziyyə də Telli ilə əlaqə saxlamış, özü də Telli ilə danışanda ona ailə üçün fala baxdırmaq istədiyini dedikdə Telli bunun üçün 40 manat pul istəyərkən o, Telli ilə razılaşıb Mərziyyənin kartı ilə Tellinin 5411 2498 1309 8220 nömrəli Leobank bank kartına 40 manat pul göndərmişdir. Həmin 40 manat pulu isə Mərziyyənin özünə vermişdir. Bundan sonra Telli onun falına baxıb bildirmişdir ki, həyat yoldaşı başqa bir qadınla münasibətdədir, həmin qadın varlı qadındır, həyat yoldaşı onu atıb həmin qadınla xaricə gedəcəkdir. Bir neçə gün keçdikdən sonra Telli onunla əlaqə saxlayıb bildirmişdir ki, fala baxıbdır və müəyyən edib ki, həyat yoldaşının münasibətdə olduğu qadınla onu tanış edən baldızıdır, yaxın bir neçə gün ərzində həyat yoldaşı baldızı ilə onu atıb xaricə gedəcəklər, onları ayırmaq üçün baldızı ölməlidir kimi ifadələri ona demişdir. Telli ona 2.500 manat pul versə, cadu etməklə 10 gün ərzində baldızının ölüm xəbərini eşidəcəyini demişdir. Bundan sonra Telli dəfələrlə onunla əlaqə saxlayıb ondan həmin cadunu etmək üçün 2.500 manat pul istəsədə, o, həmin pulu verməklə razılaşmamışdır. 2024-cü ilin oktyabr ayında Mərziyyə ona bildirmişdir ki, Telli ondan fala baxmaq və müəyyən işlərini cadular edib həll etmək üçün müəyyən məbləğlərdə pul almışdır. Belə ki, Telli dua cadu yolu ilə onu işində çox uğurlu etmək, istədiyi oğlanla aralarında olan münasibətləri normallaşdırmaq, işlədiyi salonda ona edilmiş dua caduları aradan qaldırmaq üçün ekstrasens Mehman Rəhmanoğlunu yanına gətirib həmin əməlləri aşkar edib təmizlətdirmək adı ilə hissə-hissə olmaqla ümumilikdə təxminən 16.000 manat pulunu alıb aldadıb ələ keçirmiş, eyni zamanda ondan nisyə olaraq aldığı təxminən 8.000 manat dəyərində qızıl pirsinqləri isə MUM ticarət mərkəzinin yaxınlığındakı qızıl mağazasına dəyərindən ucuz qiymətə satıb pulu vermədiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs anasıdır. Qızı Mərziyyə əvvəllər qızıl pirsinqlərin satışı ilə məşğul olurdu. 2024-cü ilin yay aylarında qızı Mərziyyənin yaşadıqları evdə Telli adlı xanımla dəfələrlə videogörüntülü danışdığını və Tellinin ondan pul istədiyini eşitmiş, Mərziyyədən həmin xanımın kim olduğunu və nə üçün ondan pul istədiyini soruşduqda Mərziyyə bildirmişdir ki, həmin xanım Telli adlı xanımdır, Telli ondan nisyə qızıl pirsinqlər alıb, həmçinin Telli ona fala baxdığını, müəyyən şeyləri aşkar etdikdən sonra tanışı Sevda adlı qadının vasitəsilə cadular etdiyini bildirib. Telli ona dua cadu yolu ilə onu işində çox uğurlu etmək, istədiyi oğlanla aralarında olan münasibətləri normallaşdırmaq, işlədiyi salonda ona edilmiş dua caduları aradan qaldırmağı vəd verib. Bunun üçün ona müəyyən məbləğlərdə ödənişlər edib. Həmin ərəfələrdə Mərziyyə bildirmişdir ki, Telli həm də psixoloq olduğunu deyib. Onun nevrozla bağlı problemlərini həll edə biləcəyini deyib. Buna görə Telli ilə bir neçə dəfə yaşadıqları evdə videogörüntülü danışmış, guya Telli psixoloq olduğunu və bu cür seanslarla onu müalicə etdiyini demiş, lakin o, sonuncuya inanmamışdır. Daha sonra Tellinin Mərziyyədən hər gün pul istədiyini, kartına göndərməsini eşitmişdir. Aradan bir müddət keçdikdən sonra qızı Mərziyyə bildirmişdir ki, Telli həqiqətən onu bu cür vədlərlə aldadıb pullarını ələ keçirib. Telli ümumilikdə təxminən 16.000 manat pulunu alıb ələ keçirmiş, eyni zamanda ondan nisyə olaraq aldığı təxminən 8.000 manat dəyərində qızıl pirsinqləri də ucuz qiymətə satıb pulunu vermədiyini öyrənmişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş Şahid3 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, '‘Meri” adı ilə tanımışdır. Belə ki, Mərziyyə əvvəllər onun getdiyi gözəllik salonunda “pirsinq” ustası işləyirdi. Təqsirləndirilən şəxs isə təxminən 2024-cü ilin yay aylarından etibarən kartla fala baxan biri kimi tanımışdır. Təxminən 2024-cü ilin yay ayları olardı, qaşını düzəltdirmək üçün “Narsella” adlı gözəllik salonuna getmişdir. Həmin zaman Mərziyyə də həmin salonda işləyirdi və qaş ustası Aysellə bir otaqda otururdu. Salona gedəndə onların yanında əvvəllər tanımadığı, sonradan adının Telli olduğunu öyrəndiyi bir xanım var idi. Həmin zaman Telli adlı həmin xanım kartla Mərziyyənin bacısının falına baxırdı. Mərziyyə isə telefonda görüntülü şəkildə bacısına zəng edib danışırdı. Həmin vaxt Telli Mərziyyənin bacısının ailəsində problem olduğunu deyib həmin problemi həll etmək üçün ondan 200 manat pul istəyirdi. Telli də deyirdi ki, əgər Mərziyyə ona 200 manat pul ödəməsə onun bacısının evi dağılacaq. Mərziyyə isə həmin pulu Telliyə verəcəyini demişdir. Həmin vaxt Tellinin fala baxması ona da maraqlı gəlmiş və ondan xahiş etmişdir ki, özünün də falına baxsın. Lakin, Telli bunun üçün ondan 50 manat pul istəmiş, özü isə fala baxması üçün ona 50 manat verməkdən imtina etmiş və falına baxdırmamışdır. Aradan bir müddət keçdikdən sonra eşitmişdir ki, Telli müxtəlif adlarla Mərziyyəni aldadıb ondan təxminən 25.000 manata yaxın pul alıb ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD diskə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında olan “Whatsapp” yazışmaları zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istədiyi qızıl pirsinqlərin fotoşəkillərini və qiymətlərini sonuncu ona göndərir, Təqsirləndirilən şəxs da həmin qızın pirsinqlərdən bir neçəsini geyinmiş formada fotoşəkillərini göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs fala baxmaq, dua cadu etmək adı ilə Zərərçəkmiş şəxs pullar istəyir, ona fala baxıb dua cadu etməklə bağlı müxtəlif vədlər verir, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adına olan 5411 2498 1309 8220 nömrəli Leobank bank kartına müxtəlif məbləğlərdə göndərdiyi pulların qəbzlərini göndərir, həmçinin Təqsirləndirilən şəxs fala baxmaq və dua cadu etmək adı ilə kartların, şamların və müxtəlif fiqurların fotoşəkillərini Zərərçəkmiş şəxs göndərir. (Cild 1, i. v 83-85) Azərbaycan Respubikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. (Cild 1, i.v 92) Ziyanın ödənilməsi barədə 20 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi “Praym Legal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 zərərçəkmiş şəxsə ödənilməsi üçün 5000 manat pulu istintaqa təqdim etdi. (Cild 1, i.v 119) Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 20 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzəzrdə tutulan ittiham elan edilmişdir. (Cild 1, i.v 120-121) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə 20 may 2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X3 həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmiş və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi haqqında qərar” qəbul edilmişdir. (Cild 1 i.v: 134- 135) 20 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v: 136-137) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X1 adlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, ona qarşı heç bir şikayət, iddia və tələbi olmadığı barədə ərizə təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.8-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmamasının müəyyən edilməsidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir və cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X1 adlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, ona qarşı heç bir şikayət, iddia və tələbi olmadığı barədə ərizə təqdim etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qeyd olunan Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. (həmin Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Qeyd olunan Qərarın 1.12-ci bəndinə əsasən qadınlar-bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli az agır cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.12 və1.16-cı bəndinə əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri cinayət işi üzrə icraata xitam verildiyindən ləğv edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Praym Legal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 50 iş saatına görə 550 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Praym Legal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi ziyan DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin depozit hesabında saxlanılan 5000 manat ziyan qərar qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Praym Legal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 50 iş saatına görə 550 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Praym Legal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həbib Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar