Məhkəmə qərarları › İş №1(005)-352/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-352/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-352/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yusif Allahverdiyev və Partnyorları vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 5,706 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:00-da ünvan 2 ünvanında yerləşən “103” adlı yeməkxananın qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən DİN-in BMCMİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 5,706 qram psixotrop maddə metamfetamin əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda 2,915 qram və 2,791 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, dostları ilə birlikdə 28 fevral 2022-ci il tarixdə “103” saylı kafedə oturub çay içirdi, 15 dəqiqə sonda kafeyə polis əməkdaşları gəlmiş və onları polis idarəsinə gətirmişlər. O namaz qılır, içkidən və narkotikdən istifadə etmir. Onun üzərində narkotik vasitə olmayıb. Ona qarşı göstərilmiş təzyiq nəticəsində istintaq zamanı özünü təqsirli bilmiş və verilən bütün sənədlərə imza etmişdir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini inandırıcı saymır, özünümüdafiə xarakteri daşıdığını və məsuləyyətdən boyun qaçırmaq məqsədinin olmasını bildirir. Halbuki Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittiham üzrə dindirilərkən özünü təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, mobil telefon alveri ilə məşğul olur. 28 fevral 2022-ci il tarixdə saat 17-18 radələrində yaşadığı evin yaxınlığında olan zaman yerdə iki sellofan büküm görmüş, həmin bükümlər diqqətini çəkdiyi üçün yerdən götürmüş və onların içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Əvvəllər psixotrop maddə istifadə etməmiş, lakin onu gördüyü üçün tanıyır. Həmin maddəni götürüb sonra polis əməkdaşlarına təhvil vermək və ya istifadə etmək barədə düşünmüş və bu məqsədlə cibinə qoyub üzərində saxlamışdır. X7, X4, X10 əvvəllər tanımış, onlarla yaxşı münasibətləri olmuş, aralarında düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. 28 fevral 2022-ci il tarixdə təxminən axşam saatlarında işlərini qurtarıb evə getmək istəyərkən tanışları ona zəng edib birlikdə çay içmək təklif etmiş, onlarla razılaşmış və Günəşli qəsəbəsində yerləşən “103” adlanan kafeyə getmişdir. Orada adlarını qeyd etdiyi X7, X4, X12 ilə bir masa arxasında əyləşib çay içmişlər. Həmin zaman tapdığı psixotrop maddə metamfetamin də üzərində olmuş, bundan başqa orada əvvəllər tandığı Şahid13 Cəlal oğlu, Şahid12 və Şahid14 da olmuşlar. Birlikdə çay içib küçəyə, yəni yeməkxananın qarşısına çıxıb söhbət etdikləri zaman saat təxminən 22:00 radələrində bir neçə mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış, və özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun, Çingizin, Raufun və Nizaminin narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatlarının olmasını deyərək onları Baş İdarəyə dəvət etdilər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarəyə gətirildikdən sonra o, Çingiz, Rauf və Nizami müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri izah olunmuş və üzərilərinə şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Daha sonra ona üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuş, ondan da üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilən əşya olub-olmaması soruşulmuş, müsbət halda təqdim etməyi təklif edilmişdir. Bundan sonra üzərində narkotik vasitə olduğunu bildirib əynindəki şalvarın sol yan cibində olan iki ədəd sellofan bükümü, mobil telefonları, sürücülük vəsiqəsini masanın üzərinə qoymaqla təqdim etmişdir. Başqa üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmiş, təqdim etdiyi iki bükümdə psixotrop maddə olduğunu bildirmiş, həmin maddələri isə 28 fevral 2022-ci il tarixdə saat 17-18 radələrində Bakı şəhəri Ramana qəsəbəsi ərazisində təsadüfən tapıb üzərində saxlayıb gəzdirdiyini demişdir. Sonra şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığı üçün protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 28 fevral 2022-ci il tarixdə X5, X3, Təqsirləndirilən şəxs və X8 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Baş İdarənin əməliyyat müvəkkilləri Şahid16, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid11, Şahid9, Şahid15 və Şahid10 daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Həmin şəxlərin ünvan 2 ünvanında yerləşən “103” adlı yeməkxanada olmaları barədə məlumat daxil olduqdan sonra həmin gün qeyd olunan ünvana yola düşmüşlər. Oraya çatan zaman saat 22:00 radələrində sözü gedən yeməkxananın qarşısında xarici görünüşləri Rauf Salehova, Nizami Musayevə, Təqsirləndirilən şəxs və Çingiz Xudiyevə oxşar şəxslərin olmaları müəyyən olunmuş və həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyərək özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən Rauf Salehova, Nizami Musayevə, Təqsirləndirilən şəxs və Çingiz Xudiyevə üzərilərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmələri, özlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirib yanlarında olan digər şəxslərlə birlikdə BMCMİ-nə getmələrini xahiş etmişlər. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə BMCMİ-nin inzibati binasına gəlmişlər. Baş İdarədə Rauf Salehovun, Nizami Musayevin, Təqsirləndirilən şəxs və Çingiz Xudiyevin üzərilərində narkotik vasitələr və psixotrop maddələr saxlamaları, qəbul etmələri və satışı ilə məşğul olmalarında şübhəli olmaları ehtimal edildiyindən onların üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişdir. Həmin raportun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xmiü baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmiş, bundan sonra Rauf Salehovu, Nizami Musayevi, Təqsirləndirilən şəxs, Çingiz Xudiyevi, Şahid13, Şahid12 və Şahid14 Baş İdarənin akt zalına aparmışlar. Orada təhqiqatçı Rauf Salehova, Nizami Musayevə, Təqsirləndirilən şəxs və Çingiz Xudiyevə hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, həmin şəxslərin hər biri siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilmələrinə etiraz etmədiklərini bildirmiş, bundan sonra vəkillər dəvət edilmiş və həmin şəxslərə təqdim olunaraq etirazlarının olub-olmaması soruşulmuşdur. Bu zaman həmin şəxslər vəkillərə etiraz etmədiklərini bildirmiş, üzərilərinə baxış keçiriləcəyi və bu zaman video çəkilişdən iatifadə olunacağı izah olunmuşdur. Həmin şəxslər etiraz etməmiş, bundan sonra video çəkiliş başlanılmış və sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış bu zaman sonuncuya üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirərək əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 02 bükümü, mobil telefonları, özünə məxsus sürücülük vəsiqəsini çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildimiş və bükümlər açıldıqda psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar olunmamış, sorğu zamanı sonuncu üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 28 fevral 2022-ci il tarixdə təxminən saat 17:00-18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisindən təsadüfən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan psixotrop maddə metamfetamin qablaşdırılıb götürülmüş, həmçinin mobil telefonlar və sürücülük vəsiqəsi də götürülmüşdür. Olanlar barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid6, Şahid15, Şahid10 və Şahid11 Əlibala oğlu şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasına dəvət edilmələrinə baxmayaraq şahidlər X2, Şahid5, Şahid7, Şahid8, Şahid9, Şahid16 və Şahid13 oglu məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda şahidlər Şahid12 Zakir oğlu və Şahid14 Rüstəm oğlu məhkəməyə teleqram göndərərək istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. Cinayət prosesi iştirakçılarının razılığı ilə onların məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2022-ci il tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və bıçaq olduğunu bildirib əynində olan boz rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü və şalvarının sağ arxa cibində olan İpone markalı telefon çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içərisində narkotik maddə olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edildi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Elvin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələri və 01 ədəd bıçağa bənzər predmeti 28 fevral 2022-ci il tarixdə, təxminən saat 17:00-18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində təsadüfən tapdığını, psixotrop maddəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirdi. Bundan sonra onun üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2022-ci il tarixli, 6/1242 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikasi DiN Zərflər ügün №6” dairəvi möhür əksləri olan dörd ədəd zərfdə: - üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun üzərindən aşkar olunmuş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdiqda içərisində 2 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,915 qram, 2,791 qram, ümumi təmiz gəkisi 5,706 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahisına (Siyahi İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi - 5,706 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 5,606 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bəxtiyar oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-289/2022 saylı, 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Bəxtiyar oğlu barəsində həbsetmənin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Ramana qəsəbə ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1868 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bəxtiyar oğlu anası və bacısı ilə birlikdə Bakı şəhəri, Ramana qəsəbəsi 11-ci Mədən küç.11/1 saylı mənzilində yaşayır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Ramana qəsəbə ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bəxtiyar oğlu həmin ərazidə yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 14 mart 2022-ci il tarixli 809/K nömrəli rəyində aşağıdakılar göstərilmişdir: Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik hesab edilən kannabinoid aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X9 X1 01 mart 2022-ci il tarixli, 1039 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olam metamfetaminin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, inoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” 11 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsnə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,606 qram qalmış psixtorop maddə metamfetamin DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 5,706 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən ilk dəfə cinayət törətməsini yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitəsinin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - DİN BCMCİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 5,606 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin. Maddi sübut -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar