Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-354/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi ev 13A ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,587 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 01 may 2024-cü il tarixdə saat 08:30 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 2nda yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,587 qram ağ kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi ev 13A ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 ildir ki narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Narkotik vasitəni istifadə etməyə başlayanda Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə lazım olanda ondan ala bilər. O da narkotik vasitə lazım olanda Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan əraziyə gedərək həmin şəxsi tapıb sonuncudan almışdır. Narkotik vasitəni aldıqdan sonra münasib yer taparaq orada istifadə etmişdir. Təxminən 10 aprel 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerə gedərək həmin şəxsi taparaq görüşmüşdür. Orada həmin şəxsə 20 manat pul verib ona psixotrop maddə metamfetamin gətirməsini istəmişdir. Təxminən 5-10 dəqiqə sonra həmin şəxs ona 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin gətirib vermişdir. O da psixotrop maddə metamfetamini əynində olan tünd rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur ki, lazım olan zaman istifadə edər. 01 may 2024-cü il tarixdə saat 08:30 radələrində ünvan 1 ünvanının yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan tünd rəngli idman gödəkcəsinin sağ yan cibində saxladığı 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o həmin maddəni öz istifadəsi üçün 20 gün əvvəl tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan tünd rəngli idman gödəkcəsinin sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, həmin psixotrop maddə metamfetamini Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata almışdır. Heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, heç zaman narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, ümumiyyətlə belə bir niyyəti də olmamışdır. Narkotik və psixtrop maddələri yalnız şəxsi istifadəsi üçün əldə etmiş və bu əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Nərimanov RPİ-nin əməliyyat rabitə qrupunun operatoru vəzifəsində işləyir və polis serjantıdır. 01 may 2024-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət aparmışdır. Həmin gün saat 08:30 radələrində ünvan 1 ünvanının qarşısında xidmət aparan zaman bir nəfər şəxsin onları görən kimi özünü şübhəli apardığını görmüşlər. Buna görə də, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını və verdikləri suallara qeyri səmimi olaraq cavab verib yayınıb getməyə çalışdığını görüb saxlayaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin xx.xx.1990-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə məruzə etmişlər və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Elnur Məcidova həvalə edilmişdir. Sonra Şahid1 ilə birlikdə xidməti əraziyə geri qayıtmış və sonradan Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. 01 may 2024-cü il tarixdə saat 08:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün ünvan 1 ünvanının qarşısında Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gətirilmişdir. Şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin xx.xx.1990-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Elnur Məcidova həvalə edilmişdir. Elnur Məcidov da, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onun, Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru Şahid4 və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd rəngi idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olmasını, həmin maddəni öz istifadəsi üçün tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 01 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə saat 09:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 may 2024-cü il tarixli protokoldan görünür ki, 01 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 17-ci PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2397 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N219” dairəvi möhür əksi, ’’(imza) Təqsirləndirilən şəxs” sözlər, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,587 qram ağımtıl rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,587 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,537 qram. Ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 02 may 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir; “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 03 may 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,587 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası“ X4 alınmış xx.xx.2024-cü il tarixli, 6268 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi ev 13A ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini 2 nömrəli X1 alınmış xx.xx.2024-cü il tarixli, 1/2158 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanasına müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X2 dair xx.xx.2024-cü il tarixli, 2934 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “CD diskə baxış keçirilməsi haqqında” 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat 18:17:45-də ***-***-**-** saylı mobil nömrəyə “Qaqa nolar kola olsa mene 2,3 tüstü cekdir.pisem sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 13:50:59-da “5 manat verirem daw verde 5 diy, saat 13:51:07-də “Qoydugun.....tulla”, saat 13:51:35-də “5 manat vururam kartıva Daş verde draznit oldum”, saat 14:03:57-də “Cavab yazda alınar 5 diy daş”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 01:55:56-da “..... kolam vardı biraz yenədə ürəyim dözmədi gəldim sənlə çəkim amma sənə dordanda düşmürmüş yaxşılıq”, saat 12:01:39-da “Sən indi bomba oglansanda mal fırlatdın öz aləmində guya”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 09:32:41-də “10 man düzald sana 15 man kola verim əlbə-əl pul lazımdı təcili ona görə”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 12:32:02-də “10 luq daş vara istesen xeber ele”, saat 19:05:33-də “Elnur 10 mamat duzelt gedek tema goturek mende lomkadayam, xx.xx.2023-cü il tarixdə saat 19:05:51-də “Kişi ol 2 manatda sendedi qoy üstüne gedek gotürek”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 14:54:56-da “Men lox deyilem. 02 malla 35 manat pull verim” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə ilkin təmiz çəkisi 0,587 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,537 qram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İş üzrə "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (01 may 2024-02 may 2024-cü il, 1 sutkadan çox müddət), ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri tədbirinə dəyişdirilməli və məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspert tədqiqatından sonra qalan təmiz çəkisi 0,537 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq 0,537 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-354/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-354/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver