Məhkəmə qərarları › İş №1(005)-355/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-355/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-355/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib lotereya oynamağa dair yalan vəd verib pulu 2-ci ay götürəcəyi ilə bağlı aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi “Gold Lady” gözəllik salonunda 5.000 manat məbləğində pulu ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib lotereya oynamağa dair yalan vəd verib pulu 2-ci ay götürəcəyi ilə bağlı aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi “Gold Lady” gözəllik salonunda 5.000 manat məbləğində pulu ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib lotereya oynamağa dair yalan vəd verib pulu 2-ci ay götürəcəyi ilə bağlı aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi “Gold Lady” gözəllik salonunda 1.000 manat məbləğində pulu ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayında o, “WhatsApp” və “İnstagram” sosial şəbəkələri vasitəsi ilə müxtəlif məbləğlərdə lotereya oynamaq məqsədilə bir şəkil paylaşmışdır. Həmin vaxt lotereya oynamağa görə müxtəlif şəxslər müraciət etmişlər. Onların içərisində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 olmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 5.000 manatdan Zərərçəkmiş şəxs3 isə 1.000 manatdan lotereya oynamağa razılaşmışlar. Onların hər biri razılaşdıqları məbləği işlədiyi ünvan 3 ünvanda yerləşən “Gold Lady” gözəllik salonunda vermişlər. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə aralarında olan razılaşmaya əsasən onlar pulu 2-ci ay yəni, 6 fevralda götürəcəkmişlər. Lakin, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vaxtından öncə yəni, 1 fevralda müraciət etdiklərindən xoşagəlməz hallar olduğu üçün onları oyundan kənarlaşdırmaq qərarına gələrək pullarını isə qısa zaman ərzində qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs1 isə vaxtı tamam olduqda müraciət etmiş qrup dağıldığı üçün o, bu barədə deyərək pulunu qısa zaman ərzində qaytaracağına söz vermişdir. Həmin borcunu vaxtında tam ödəmək imkanı olmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “WhatsApp" sosial şəbəkəsi vasitəsi ilə müxtəlif məbləğlərdə lotereya oynamaq adı ilə bir şəkil paylaşmışdır. Bu onda maraq yaratdığı üçün o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb bu barədə məlumat alaraq övladını böyrək çatışmamazlığı xəstəliyindən müalicə etdirmək məqsədi ilə 5.000 manatdan lotereya oynamağa razılaşmışdır. Çünki, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 17 nəfərdən ibarət lotereya oynayacaqlar, o isə 80.000 manat pulu 2-ci ay götürəcəkdir. Səhəri gün, xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində o, Təqsirləndirilən şəxs dəvəti əsasında işlətdiyi Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Gold Lady” gözəllik salonuna gedərək orada Təqsirləndirilən şəxs 5.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs da ona bildirmişdir ki, növbəti ay yəni, xx.xx.2022-ci il tarixdə 80000 manat pulu ora gedərək götürə biləcəkdir. Təqsirləndirilən şəxs dediyi vaxt tamam olduqda ona qrupun dağılmasını deyərək 5.000 manat pulunu qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Lakin, bundan sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayan zaman sonuncu yenə də, vədinə əməl elməyərək müxtəlif bəhanələr gətirmişdir. Polisə şikayət etdikdən sonra isə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq kart hesabına 300 manat pul göndərək barəsində şikayət etməməyini xahiş etmişdir. Lakin, Təqsirləndirilən şəxs onun pulunu tam olaraq ödəmədiyi üçün o, polisə şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs1 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs "WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə müxtəlif məbləğlərdə lotereya oynamaq adı ilə bir şəkil paylaşmışdır. Bu onda maraq yaratdığı üçün o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb bu barədə məlumat alaraq 5.000 manatdan lotereya oynamağa razılaşmışdır. Çünki, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 19 nəfərdən ibarət lotereya oynayacaqlar o isə 90.000 manat pulu 2-ci ay götürəcəkdir. xx.xx.2021-ci il tarixdə o, 5.000 manat pul düzəldərək saat 19 radələrində Təqsirləndirilən şəxs dəvəti əsasında işlətdiyi Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Gold Lady” gözəllik salonuna gedərək orada Təqsirləndirilən şəxs 5.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs da, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qrup yaradılacaq və o da, növbəti ay yəni, xx.xx.2022-ci il tarixdə 90.000 manat pulu ora gedərək götürə biləcəkdir. Təqsirləndirilən şəxs dediyi vaxt tamam olduqda o, pulu götürmək məqsədi ilə əlaqə saxlamışdır. Lakin, Təqsirləndirilən şəxs telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs iş yerinə getmişdir. Orada Təqsirləndirilən şəxs ilə görüşmüş və pulu nə vaxt verəcəyini soruşduqda ona qrupun dağılmasını bildirərək 5.000 manat pulunu qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Lakin, bundan sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayan zaman sonuncu yenə də, vədinə əməl etməyərək müxtəlif bəhanələr gətirmişdir. Polisə şikayət etdikdən sonra isə Təqsirləndirilən şəxs ona ümumilikdə 2.000 manat pul verərək şikayət etməməyini xahiş etmişdir. Sonda Zərərçəkmiş şəxs2 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs "İnstagram" sosial şəbəkəsi vasitəsi ilə müxtəlif məbləğlərdə lotereya oynamaq adı ilə bir şəkil paylaşmışdır. Bu onda maraq yaratdığı üçün o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb bu barədə məlumat alaraq 1.000 manatdan lotereya oynamağa razılaşmışdır. Çünki, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, 18 nəfərdən ibarət lotereya oynayacaqlar o isə 17.000 manat pulu 2-ci ay götürəcəkdir. Həmin gün səhər saat 10 radələrində o, Təqsirləndirilən şəxs dəvəti əsasında işlətdiyi Nərimanov rayonu, Təbriz, küçəsində yerləşən “Gold Lady" gözəllik salonuna gedərək orada Təqsirləndirilən şəxs 1.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs da ona bildirmişdir ki, növbəti ay yəni, xx.xx.2022-ci il tarixdə 17.000 manat pulu onun kart hesabına göndərəcək və yaxud ora gedərək götürə biləcəkdir. Təqsirləndirilən şəxs dediyi vaxt tamam olduqda o, pulu götürmək məqsədi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs isə ona pulu 3 gün müddətində ödəyəcəyini bildirmişdir. Həmin müddət tamam olduqda o, yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs isə qrupun dağılmasını bildirərək onun 1.000 manat pulunu qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Lakin, bundan sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayan zaman sonuncu yenə də, vədinə əməl elməyərək müxtəlif bəhanələr gətirmişdir. Polisə şikayət etdikdən sonra isə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq kart hesabına 200 manat pul göndərək barəsində şikayət etməməyini xahiş etmişdir. Sonda Zərərçəkmiş şəxs3 hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir Cinayət işinin 26-cı vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış ünvan 4 ünvan Həsənoğlu küçəsi ilə kəsişmədə yerləşən 9 mərtəbəli, 8 girişli yaşayış binasındadır. Həmin yerdə “Golda Lady” gözəllik salonu vardır. Vət. Zərərçəkmiş şəxs2 həmin gözəllik salonunun daxilində Təqsirləndirilən şəxs pul verdiyini bildirmişdir. Cinayət işinin 96-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 116-117-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nurədidn qızı 13 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 171-ci vərəqində olan Ənsərova Şəfəqə məxsus AZE seriyalı 10808550 nömrəli, xx.xx.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Ənsərova Şəfəqin atası kimi Ənsərov Əsgər, anası kimi isə Təqsirləndirilən şəxs qeyd edilmişdir. Cinayət işinin 172-173-cü vərəqələrində olan “Şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 176-177-ci vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir, hazırda onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir, hazırda onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir, hazırda onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Kapital Bank”ın xx.xx.2022-ci il tarixli, 28527 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmi 2753,00 (iki min yeddi yüz əlli üç) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar