Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-355/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-ci ildə Mingəçevir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etmiş, gəzdirmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş, MИ-0483 №-li, 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu döyüş silahını, 08 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, istifadəyə və atəş üçün yararlı olan patronu və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan, texniki cəhətdən saz, bircəgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə Bakı şəhəri, Yasamal rayonu ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 24 may 2024-cü il tarixdə saat 14:25-də ünvan 3 ünvanında saxlanılaraq ünvan 4 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra həmin gün saat 16:22-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan hissəsindən zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş, MИ-0483 №-li, 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş 01 ədəd yivli odlu döyüş silahı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, istifadəyə və atəş üçün yararlı olan 08 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan, texniki cəhətdən saz, bircəgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd daraq aşkar edilərək götürülmüşdür . Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində saxlanılmazdan təxminən 01 ay əvvəl yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən zibil tullantıları olan sahələrinin birinin yanında axşam saatlarında 01 ədəd sellofan torba gördüyünü, onun diqqətini çəkdiyi üçün açdığını və içərisində 01 ədəd tapança, 01 ədəd daraq və 08 ədəd patronun olduğunu gördüyünü, silahlara qarşı olan xüsusi marağından irəli gələrək saxlamaq qərarına gəldiyini, götürərək yaşadığı ünvana gətirdiyini və saxlanılan gün isə heç bir cinayətkar niyyəti olmadan üzərində gəzdirdiyini bildirmişdir. İmran Cavadov həmin silahın onda olması barədə heç kimin məlumatının olmadığını, heç bir cinayətdə istifadə etmədiyini, atəş açmadığını, heç kimə satmaq və ya hədiyyə etmək niyyətinin olmadığını bildirmişdir. 24 may 2024-cü il tarixdə saat 14:25-də ünvan 5 ünvanında idarə etdiyi “X13” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxsin yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək anket məlumatlarını soruşduqlarını, o, özünü təqdim etdikdən sonra polis əməkdaşlarının onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməyi və saxlamağı barədə qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etdiklərini, bundan sonra polis əməkdaşlarının onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdiklərini, onun buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Baş İdarəyə gəldiyini, baş idarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, hüquq və vəzifələrinin izah olunduğunu və sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirildiyini bildirmişdir. Şəxsi axtarış keçirilməzdən öncə ona üzərində qanunsuz əşya və ya predmet, eyni zamanda odlu silah və döyüş sursatı varsa könüllü olaraq təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd içərisində olan mobil nömrəni əzbərə bilmədiyi “Redmi” markalı mobil telefonu, sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 110 manat pulu, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd “X13” markalı **-GV-*** qeydiyyat nişanlı avtomobilə aid açarı masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra əynində olan cins şalvarın belinin sağ yan hissəsindən 01 ədəd tapançanın olduğunu bildirib əli ilə göstərdikdən sonra polis əməkdaşları tərəfindən həmin tapançanın götürülərək içərisində olan 01 ədəd daraq çıxarılmaqla masanın üzərinə qoyulduğunu, bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən əşya və predmetin aşkar edilmədiyini bildirmişdir. İmran Cavadov üzərindən aşkar edilmiş ümumilikdə 110 manat pul və 01 ədəd avtomobil açarın ona geri qaytarıldığını, təqdim etdiyi 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsinin isə iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tapaçaya baxış keçirilən zaman üzərində rus hərfləri ilə qoruyucusu açılaraq yoxlanıldığını və içərisində patronun olmadığını bildirmişdir. Daha sonra 01 ədəd darağa baxış keçirilən zaman içərisində 08 ədəd patronun olması müəyyən edilmiş, aşkar olunmuş 01 ədəd tapança, 01 ədəd daraq və 08 ədəd patron polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra çəkiliş prosesi yekunlaşmış, müvafiq protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığına görə iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra İmran Cavadov idarə etdiyi “X13” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmiş və avtomobilə baxış keçirilmiş, baxış zaman avtomobildən heç bir qanunsuz əşya və predmet aşkar edilməmiş, qeyd olunan proses də video kamera vasitəsilə qeydiyyata alınmış, bu barədə müvafiq protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır.Himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid ifadəsində bildirmişdir ki, 24 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X2, X8 və o daxil edilmişlər. 24 may 2024cü il tarixdə saat 14:30 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında olması müəyyən edildikdən sonra qrup üzvləri həmin ünvana getmiş, saat 14:25 radələrində həmin ünvanda Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi “X13” markalı, **-GV-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğunu müəyyən etmiş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, onun da özünü təqdim etməsini xahiş etmiş və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. İmran Cavadov da buna etiraz etməyərək polis əməkdaşları ilə idarə etdiyi avtomobillə birlikdə baş polis idarəsinə gəlmiş, baş polis idarəsinin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində tapança olduğunu bildirərək əynində olan şalvarın ciblərindən 02 ədəd mobil telefonu, müəyyən məbləğdə pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini və avtomobilin açarını, daha sonra əynində olan şalvarın belinin sağ yan hissəsindən 01 ədəd tapança tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra tapançadan 01 ədəd daraq çıxarılaraq ayrılıqda masanın üzərinə qoyulmuş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 02 ədəd mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi, təhqiqatçı tərəfindən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş, müəyyən məbləğdə pul və avtomobilin açarı isə sübut əhəmiyyəti kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tapança tipli dəmir predmetə baxış keçirilən zaman üzərində rus hərfləri ilə “MU 0483” və 1968 yazılarının həkk olunduğu müəyyən edilmiş, tapança tipli dəmir predmetin darağına baxış keçirlən zaman içərisində 08 ədəd patrona oxşar dəmir predmetin olması müəyyən edilmiş, aşkar edilmiş 01 ədəd tapança tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmet və 08 ədəd patron tipli dəmir predmet aşkar edilərək götürülmüşdür. Daha sonra həmin əşya və predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılıb üzəri möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd tapança tipli dəmir predmeti, 01 ədəd daraq tipli dəmir predmeti və 08 ədəd patron tipli dəmir predmeti saxlanılmazdan təxminən 01 ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində məişət tullantılarının olduğu yerdən tapdığını, silahlara olan xüsusi marağından irəli gələrək onu götürərək saxladığını, heç bir cinayətdə istifadə etmədiyini, atəş açmadığını, heç kimə satmaq və ya pay vermək niyyətinin olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış və əşyaların götürülməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Bundan sonra İmran Cavadov idarə etdiyi avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bununla bağlı ərizə yazmış, daha sonra polis əməkdaşları baş idarənin inzibati ərazisində olan Təqsirləndirilən şəxs idarə etdiyi “X13” markalı, **-GV-*** qeydiyyat nişanlı avtomobilin yanma gəlmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs avtomobildə qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatı saxlayıb-saxlamaması soruşulduqda o, avtomobildə odlu silah olmadığını bildirərək avtomobili baxışa təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə baxış keçirilməyə başlanılmış, lakin sübut əhəmiyyəti kəsb edəcək heç bir şey aşkarlanmamışdır. Daha sonra baxış keçirilməsi və əşyaların götürülməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 24 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:25-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 may 2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 may 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 14:25-də ünvan 3 ünvanında idarə etdiyi “X13” markalı, **-GV-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan hissəsindən 01 ədəd tapança tipli dəmir predmet, 01 ədəd daraq tipli dəmir predmet və 08 ədəd patron tipli dəmir predmet aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 25 may 2024-cü il tarixli 24/983 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində aşağıdakılar qeyd edilmiş: Tədqiqata təqdim edilmiş 01 ədəd MИ-0483 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 08 ədəd patron zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircəgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 08 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-716/2024 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)-1460/2024 nömrəli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 24 may 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd Makarov konstruksiyalı tapança, 01 ədəd daraq və 05 ədəd patron maddi sübut hesab edilərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd Makarov konstruksiyalı tapança, 01 ədəd daraq və 05 ədəd patron maddi sübut kimi tanınmış və saxlanması üçün DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə verilmiş, “Baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında 01 ədəd DVD formatlı disk və “Şəxsi axtarış və götürmə aparılması” haqqında 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli X1 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, 06 may 2023-cü il təvəllüdlü X4 anası X5, atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 06 iyun 2024-cü il tarixli məktububdan görünür ki, keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş, MИ-0483 №-li, 9 mm kalibrli, Makarov konstruksiyalı tapança Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Makarov markalı, 9 mm kalibrli, 1968-ci ildə istehsallı, MИ-0483 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİdə məlumat yoxdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 11 iyun 2024-cü il tarixli məktubundan görünür ki, keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş, MИ-0483 №-li, 9 mm kalibrli, Makarov tipli tapança Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket- Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən onun etirafedici ifadəsi, şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hal kimi nəzərə alır: cinayəti etiraf etməsi, əməlindən peşman olmasını, himayəsində 03 azyaşlı uşaq olmasını Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cinayət işi üzrə maddi sübut – DİN BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd Makarov konstruksiyalı tapança, 01 ədəd daraq və 05 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, “Baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında 01 ədəd DVD formatlı disk və “Şəxsi axtarış və götürmə aparılması” haqqında 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur.Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 24 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd Makarov konstruksiyalı tapança, 01 ədəd daraq və 05 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. “Baxış keçirilməsi və əşyaların götürülməsi” haqqında 01 ədəd DVD formatlı disk və “Şəxsi axtarış və götürmə aparılması” haqqında 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxılanılsın. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-355/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-355/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver