Məhkəmə qərarları › İş №1(005)-357/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-357/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-357/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, hal hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq və oğurluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 24 avqust 2021-ci il tarixdə, saat 05:00 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən köhnə beton zavodunun həyətində icarə götürüb qaynaqçı fəaliyyəti ilə məşğul olduğu sexin divarını fiziki güc tətbiq etməklə dağıdıb qanunsuz olaraq sexə daxil olub oradan 01 ədəd 300 (üç yüz) manat dəyərində olan “Makita” markalı laqondanı, 02 ədəd hər birinin dəyəri 50 (əlli) manat olan laqondaları, 01 ədəd 45 (qırx beş) manat dəyərində olan dreli, 01 ədəd 400 (dörd yüz) manat dəyərində olan qaynaq aparatını və 1 metrəsi 6 (altı) manata olan 40 metr uzunluğunda, 12 mm diametrli mis naqili gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1085 (min səksən beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqəsdilə 05 oktyabr 2021ci il tarixində, saat 05:00 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən köhnə beton zavodunun həyətində açıq ərazidə icarə əsasında fəaliyyət göstərən armatur sexindən 01 ədəd 350 (üç yüz əlli) manat dəyərində olan qaynaq aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqəsdilə 14 oktyabr 2021ci il tarixdə, saat 06:00 radələrində Zərərçəkmiş şəxs3 ünvan 2 ünvanında yerləşən icarə əsasında fəaliyyət göstərən “Özgüvən Elektrik” mağazasının qarşısına qoyulmuş 1 metrəsi 30 manat olan 61 metr uzunluğunda qara rəngli, mis tərkibli, üzəri izolyasiyalı, ümumi diametri 3 sm, 5 damarlı (hər damarı təminən 8 mm) naqili gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1830 (min səkkiz yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqəsdilə 17 oktyabr 2021ci il tarixdə tarixdə, saat 06:00 radələrində Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 77-B ünvanında yerləşən icarə əsasında fəaliyyət göstərən elektrik avadanlıqlarının satışı anbarının qarşısına qoyulmuş 1 metrəsi 25 manat olan 72 metr uzunluğunda qara rəngli, mis tərkibli, üzəri izolyasiyalı, ümumi diametri 2 sm, 3 damarlı (hər damarı təminən 10 mm) naqili gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 1800 (min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqəsdilə 18 oktyabr 2021ci il tarixdə tarixdə, saat 06:00 radələrində Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 77-B ünvanında yerləşən icarə əsasında fəaliyyət göstərən elektrik avadanlıqlarının satışı anbarının qarşısına qoyulmuş 1 metrəsi 22 manat olan 230 metr uzunluğunda qara rəngli, mis tərkibli, üzəri izolyasiyalı, ümumi diametri 2,5 sm, 4 damarlı (hər damarı təminən 10 mm) naqili gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 5060 (beş min altmış) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat təxminən 07:50 radələrində Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində fəaliyyət göstərən “Eurohome” ticarət mərkəzində yerləşən “Nihad Elektrik” adlı mağazanın qarşısından 1 metrəsi 22 manat olan 188 metr uzunluğunda qara rəngli, mis tərkibli, üzəri izolyasiyalı, ümumi diametri 2,1 sm, 4 damarlı(hər damarı təminən 8 mm) naqili gizli olaraq talayıb zərərçəkimiş Zərərçəkmiş şəxs5 4136 (dörd min yüz otuz altı) manat maddi ziyan vurmaqla oğurluq etmək istədiyi zaman mağazanın işçisi Şahid mağzanın qarşısına gəlməsi səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, oğurluğa cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 29,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə Nərimanov rayon məhkəməsinin hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 06 ay 24 gün vaxtından əvvəl şərti azad olmuş və xx.xx.2021-ci il tarixdə sınaq müddəti bitmişdir. Cəzadan azad olunduqdan sonra «Dərnəgül bazarı»nda tır sürücüsü kimi işləmiş, lakin sonradan işsiz qalmışdır, hazırda işləmir. İş tapa bilmədiyindən maddi vəziyyəti pisləşmiş və oğurluq etmək qərarına gəlmişdir. O, müxtəlif tarixlərdə müxtəlif ünvanlarda bir neçə oğurluq cinayəti törətmişdir. Belə ki, 2021-ci ilin avqust ayının axırlarında, saat 05:00 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evin yaxınlığında, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən köhnə Beton zavodun həyətində yerləşən qaynaq sexinin qarşısına gəlmişdir. Sexdə dəyərli alətlərin olduğunu fikirləşib oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə sexin qapısına yaxınlaşıb qapısını açmağa çalışmış, lakin bunu edə bilməmişdir. Sonra sexin ətrafına baxıb içəri keçmək üçün yer axtarmağa başlamışdır. Bu zaman divarın bir hissəsinin laxladığını görüb, həmin hissəni əlilə itələmişdir. Divarın həmin hissəsini itələməyi nəticəsində divarda çat yaranmışdır. Ona başa düşmüşdür ki, həmin hissəyə fiziki güc tətbiq etsə, divar aşar. Bu səbəbdən həmin hissəni bərkdən itələmiş və divarın bir hissəsi içəri aşmışdır. Həmin yerdən o, sexə daxil olmuşdur. Oradan 01 ədəd qaynaq aparatı, 01 ədəd drel, 03 ədəd laqonda və təxminən 30-40 metr uzunluğunda mis kabeli oğurlayıb yol kənarına daşımışdır. Yoldan keçən taksi avtomobili saxladıb, oğurladığı əşyaları avtomobilə yükləmiş və oradan dəqiq xatırlamadığı metal qəbulu sexinə getmişdir. Həmin sexdə oğurladığı əşyaları 60-70 manata satmışdır. Bundan sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində, saat 05:00 radələrində oğurluq məqsədi ilə yenə köhnə Beton zavodun ərazisində gəlmişdir. Orada açıq ərazidə işləyən Cabir adlı şəxsin yerinə gəlmişdir. Ətrafa baxıb 01 ədəd qaynaq aparatını görmüşdür. Həmin qaynaq aparatını oğurlayıb yola çıxmış və tanımadığı taksi avtomobili saxladıb Baksol yoluna getmişdir. Orada dəqiq xatırlamadığı metal qəbulu sexində qaynaq aparatını 60 manata satmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə, saat 06:00 radələrində yaşadığı evdən çıxmışdır. Yolda tanımadığı taksi avtomobilini saxladıb yükü olduğunu bildirərək Taksi avtomobili Bakı şəhəri, Nərimanov rayonu Ə.Qayıbov küçəsində yerləşən “Özgüvən” elektrik mağazasının qarşısına sürdürmüşdür. Mağazanın qarşısında avtomobildən düşüb mağazanın qarşısına yığılmış naqillərdən təxminən 40-50 metr uzunluğunda kabeli oğurlayıb saxlatdığı taksiyə yükləmişdir. Oradan Sabunçu qəsəbəsində stansiya adlanan ərazidə yerləşən metal qəbulu sexinə getmişdir. Orada oğurladığı naqilləri 45 manata satmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə, saat 06:00 radələrində evdən çıxmışdır. Yolda tanımadığı taksi avtomobilini saxladıb yükünün olduğunu bildirərək taksi avtomobilini Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən elektrik avadanlıqları anbarının qarşısına sürdürmüşdür. Anbarın qarşısında avtomobili saxladıb avtomobildən düşmüşdür. Anbarın qarşısına qoyulmuş naqillərdən təxminən 40-50 mertlik elektrik naqilini oğurlayıb saxlatdığı taksi avtomobilinə yükləmişdir. Sonra taksini Sabunçu qəsəbəsinə sürdürmüşdür. Orada xatırlamadağı metal qəbulu məntəqəsində oğurladığı naqili təhvil verib 50 manat əldə etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə, saat 06:00 radələrində evdən çıxmışdır. Yolda tanımadığı taksi avtomobilini saxladıb yükünün olduğunu bildirərək taksi avtomobilini yenidən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən elektrik avadanlıqları anbarına qarşısına sürdürmüşdür. Anbarın qarşısında avtomobili saxladıb avtomobildən düşmüşdür. Anbarın qarşısına qoyulmuş naqillərdən təxminən 100-150 mertlik elektrik naqilini oğurlayıb saxlatdığı taksi avtomobilinə yükləmişdir. Sonra taksini Sabunçu qəsəbəsinə sürdürmüşdür. Orada xatırlamadığı metal qəbulu məntəqəsində oğurladığı naqili təhvil verib 100 manat əldə etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə, saat 07:30 radələrində evdən çıxıb tanımadığı yol taksisi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qaibov küçəsində yerləşən “EVRO HOME” satış mərkəzinin qarşısına gedib “Nihad Elektrik” adlı mağazanın qarşısında avtomobildən düşmüşdür. Orada 1 topa qara rəngli kabeli taksiyə yükləyib oğurlamaq istədikdə mağazanın işçisi, sonradan adının Şahid olduğunu bildiyi şəxs ona yaxınlaşıb ondan kim olduğunu soruşmuşdur. O, Babəkə yalandan malı Ramin adlı şəxsə apardığını demişdir. Babək isə onun sözlərinə inanmayaraq həmin yerə çağırdığı polisə təhvil vermişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən köhnə beton zavodun həyətində yerləşən icarə əsasında qaynaqçı sexini işlədir. Həmin sexdə tək işləyir, sexdə olan bütün avadanlıqlar özünə məxsusdur. Sex işiq yarımstansiyasına bitişikdir. Sexin 2 qapısı var. Biri adi insan hərəkəti üçün nəzərdə tutulan qapı, digəri isə nisbətən böyükdür. Həmin qapıdan adətən əşyaları daşımaq üçün istifadə edirlər. O, hər gün saat 09:00 radələrində sexə gedib, işə başlayır. Saat 19:20 radələrinədək işləyib daha sonra yaşadığı Sumqayıt şəhərinə qayıdır. xx.xx.2021-ci il tarixdə həmişəki kimi sexə gəlib qapını açıb işə başlamış, sexdə hər şey qaydasında olmuşdur. Saat 19:30 radələrində sexdə olan hər bir şeyi yerinə qoyub qapını bağlayıb evinə getmişdir. xx.xx.2021-cil tarixdə, saat 09:30 radələrində sexə gəlib qapını açanda sexin elektrik şəbəkə ilə bitişik olan divarının dağıldığını, sexdə olan əşyaların qarışdırıldığını görmüşdür. Başa düşmüşdür ki, sexə oğru giribdir. Bundan sonra o, icarədar Xıdır müəllimə zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən 30 dəqiqə sonra Xıdır müəllim gəlmişdir. O da baxıb sexin vəziyyətini görəndən sonra o, DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Bundan sonra 17-ci PŞ-dən polis əməkdaşları gəlib hadisə yerinə sexə baxmışlar. Müəyyən olunmuşdur ki, ona məxsus olan sexdə işlətdiyi 3 ədəd laqonda, 1 ədəd drel və qaynaq aparatını həmçinin sexdə olan aparatları işlətmək üçün istifadə etdiyi 40 metr uzunluğunda içərisi misdən olan 12 mm diametr ölçüsü olan kabelini kəsib oğurlayıblar. Qeyd etdiklərindən əlavə sexdə digər əşya və mal oğurlanmayıb. Bildirir ki, qeyd olunan oğurluq nəticəsində onun 1 ədəd 2021-ci ilin əvvəlində 300 manata aldığı “Makita” markalı laqonda və 2 ədəd markasını xatırlamadığı hər birini 2021-ci il may ayında 50 manata aldığı laqondalar, markasını xatırlamadığı 2020-ci ilin dekabr ayında 45 manata aldığı 1 ədəd drel, qiyməti təxminən 3 il əvvəl 400 manata aldığı qaynaq aparatı və 1 metrəsi 6 manata olan 40 metr uzunluğunda, 12mm diametrli, rusiya istehsalı olan, içərisi misdən kabel oğurlanmışdır. Ona ümumilikdə 1085 (min səksən beş) manat maddi ziyan dəymişdir. Ona dəyən zərər ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən «Özgüven Elektrik» elektrik avadınlıqları satışı mağazasını icarə əsasında işlədir. Həmin mağazanı hər gün saat 09:00-da açır və 18:00-da bağlayır. xx.xx.2021-ci il tarixdə mağazanın qarşısına qoyulmuş dəyəri 1350 manat olan 61 metr uzunluqda 5x25mm ölçülü kabelin oğurlandığını aşkar etmişdir, lakin bu barədə polisə məlumat verməmişdir. xx.xx.2021-ci il tarixdə qonşuluqda yerləşən mağazadan oğurluq etmək istəyən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığını və Nərimanov RPİ 17-ci PŞ-nə aparıldığını öyrənmişdir. Bundan sonra o da polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Orada xx.xx.2021ci il tarixdə mağazadan oğurluq etmiş şəxsin polis əməkdaşları tərəfindən saxlanılan şəxs, yəni Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Ona dəyən zərər ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 77F ünvanında yerləşən elektrik avadınlıqları anbarını icarə əsasında işlədir. Həmin ambarı hər gün saat 09:00-da açır və 20:00-da bağlayır. xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində anbarı bağlamışdır. Lakin anbarın qarşısında təxminən 50 topa müxtəlif ölçülü və müxtəlif uzunluqda elektrik naqilləri qalmışdır. Bundan sonra evə getmişdir. xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində anbara gəldikdə anbarın qarşısında qoyulmuş 72 metr uzunluqda 3x25 mm ölçüdə elektrik naqillərinin yerində olmadığını aşkar etmişdir. Nə baş verdiyini öyrənmək məqsədi ilə heç bir orqana müraciət etməmişdir. xx.xx.2021-ci il tarixdə, saat 09:00 radələrində yenidən işə gəldiyi zaman anbarın qarşısından 230 metr uzunluqda 4x25 mm ölçüdə elektrik naqillərinin yerində olmadığını aşkar etmişdir. Bundan sonra başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər arxayın şəkildə oğurluq etmişlər və onları yerindən gələcəyini təxmin edərək onları qaçırmamaq üçün hadisə yerində polis görsənməsin deyə bu barədə müraciət etməmişdir. Bundan sonra oğurluq hadisəsi ilə bağlı Nərimanov RPİ 17-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən oğurluğu etmiş şəxs saxlanılmış və onun Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Ona dəyən zərər ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 25 il müddətdir ki, ünvan 5 ünvanında yerləşən “Elektrik Mallarının satışı” mağazasını icarə əsasında işlədir. xx.xx.2021-ci il tarixdə işçisi Şahid ona zəng edərək səhər mağazanın qarşısında oğurluq baş verdiyini bildirmişdir. Bir qədər sonra o, işlətdiyi mağazaya yaxınlaşdıqda dükanın qarşısına qoyduqları 4x16 ölçüdə 188 metr uzunluğunda ümumi dəyəri 2.632 manat olan 1 top kabelin oğurlanması ona məlum olmuşdur. İşçisi Şahid səhər saatlarında işə gələn zaman tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin mağazanın qarşısında olan 1 top kabeli oğurlayaraq taksiyə qoyaraq aparmasını görmüş və dərhal həmin şəxsə yaxınlaşıb onu saxlamışdır. Daha sonra bu barədə 17-ci PŞ-nə məlumat vermişdir. Bundan sonra 17-ci PŞ-nə yaxınlaşmış və ona məlum olmuşdur ki, oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxs ona ümumilikdə 2.632 manat məbləğində maddi ziyan vurmuşdur. Ona dəyən zərər ödənilməmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən köhnə beton zavodun həyətində açıq ərazidə icarə əsasında yer götürüb qaynağçı kimi işləyir. Bütün avadanlıqları açıqdadır, mühafizə olunmur. O, hər gün saat 09:00 radələrində işlədiyi yerə gedib işə başlayır. Saat 18:00 radələrinədək işləyib daha sonra yaşadığı ünvana qayıdır. 03 oktyabr 2021-ci il tarixdə, saat 09:00 radələrində işə gedib bütün günü qaynaq aparatı ilə işlərini görmüşdür. Saat 18:00 radələrində işi yekunlaşdırıb evə getmişdir. 04 oktyabr 2021-ci il tarixdə də eyni qaydada işdə olmuşdur. Amma qaynaq aparatından istifadə etməmişdir. 05 oktyabr 2021-ci il tarixdə, saat 09:00 radələrində işə gedib başlamışdır. Saat 10:00 radələrində qaynaq aparatı lazım olduğundan 03 oktyabr 2021-ci il tarixdə qoyduğu yerə baxarkən aparatın yerində olmadığını görmüşdür. Bundan sonra aparatı axtarmış amma tapa bilməmişdir. Başa düşmüşdür ki, aparatı oğurlayıblar. O, əvvəl polisə müraciət etmək istəmiş, amma sonra oğurluq edən şəxsin polis tərəfindən tutulduğunu biləndən sonra 27 dekabr 2021-ci il tarixdə polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İİİ № 894478 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X2 adında övladı vardır. “Tutma haqqında” 27 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2021-ci il tarixdə, saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3 və 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1344/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 29, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 dekabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-358/2022 saylı, 19 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 29, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 27 may 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 68.1-ci maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən, 06 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə şərti sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-207/2019 saylı, 03 sentyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2. və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 68.1-ci maddələrinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin tutulduğu vaxtdan, yəni 30 yanvar 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1547 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasənd 4 adda üzəri izolyasiyalı, mis əsaslı ərintidən hazırlanmış naqillərin təzə vəziyyətdə 1 metrinin 2021-ci ilin avqust-dekabr aylarına orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 23 sm uzunluğunda qara rəngli, mis tərkibli, üzəri izolyasiyalı, ümumi diametri 3 sm, F damarlı (hər damarı təxminən 8 mm) naqilin 1 metri - 30,00 manat; 21 sm uzunluğunda qara rəngli, mis tərkibli, üzəri izolyasiyalı, ümumi diametri 2,1 sm, 4 damarlı (hər damarı təxminən 8 mm) naqilin 1 metri - 22,00 manat; 11 sm uzunluğunda qara rəngli, mis tərkibli, üzəri izolyasiyalı, ümumi diametri 2,5 sm, 4 damarlı (hər damarı təxminən 10 mm) naqilin 1 metri - 22,00 manat; 12 sm uzunluğunda qara rəngli, mis tərkibli, üzəri izolyasiyalı, ümumi diametri 2 sm, 3 damarlı (hər damarı təxminən 10 mm) naqilin 1 metri - 25,00 manat. “Maddi sübut kimi tanınması haqqında” 12 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 məxsus 188 metr uzunluqda qara rəngli, mis tərkibli, üzəri izolyasiyalı, ümumi diametri 2,1 sm, 4 damarlı (hər damarı təxminən 8 mm) naqil öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən bir əşya kimi maddi sübut hesab edilmiş və naqilin saxlanması üçün Zərərçəkmiş şəxs5 qaytarılmasının nəzərə alınması qərara alınmışdır. “Toplanmış sübutlara qiymət verilməsi barədə” 13 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 29, 177.2.2 və 177.2.3cü maddələrindən CM-ni 177.2.2, 29, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 29, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan olunması və iş üzrə Zərərçəkmiş şəxs5 məxsus 188 metr uzunluqda qara rəngli, mis tərkibli, üzəri izolyasiyalı, ümumi diametri 2,1 sm, 4 damarlı (hər damarı təxminən 8 mm) naqil öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən bir əşya kimi maddi sübut hesab edilmiş və naqilin saxlanması üçün Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolları, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2. və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.2 və 68.1-ci maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən, 06 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə şərti sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs qızının əvvəl törətdiyi cinayətə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 177.2.2, 29, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxsnın əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 177.2.2, 29, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 27 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi Zərərçəkmiş şəxs5 məxsus 188 metr uzunluqda qara rəngli, mis tərkibli, üzəri izolyasiyalı, ümumi diametri 2,1 sm, 4 damarlı (hər damarı təxminən 8 mm) naqil öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən bir əşya kimi maddi sübut hesab edilmiş və naqilin saxlanması üçün Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 dekabr 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs5 məxsus 188 metr uzunluqda qara rəngli, mis tərkibli, üzəri izolyasiyalı, ümumi diametri 2,1 sm, 4 damarlı (hər damarı təxminən 8 mm) naqilin Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar